Ziya Bünyadov haqqında xatirələrim - Etibar Əbilov
Yazıçı Ədəbiyyat Portalı Etibar Əbilovun görkəmli tarixçi alim Ziya Bünyadov haqqında xatirələrini təqdim edir.
Ziya Bünyadovun ölüm xəbərini eşidəndə sarsılmışdım.Və hər dəfə həmin müdhiş dəqiqələri xatırlayanda yenə sarsılıram. Şübhəsiz ki, bu ömrümün axırına qədər belə olacaq.Tarıxı şəxsiyyət olan Ziya Bünyadov canlı bir əfsanə idi.Görkəmli alim, ictimai -siyası xadim kimi bütün ölkə onunla fəxr edirdi.Əsl qəhrəman idi. Sözü üzə şax deyər,heç kimdən çəkinməzdi.Onu belə tanıyır və hamı onunla fəxr edirdi.Sovet İttifaqı Qəhrəmanı ,Azərbaycan tarıxının ən məşhur tədqiqatçısı, müqəddəs kitabımız "Qurani Kərim"in mütərcimlərindən biri və elmi şərhçisi olan Ziya Bünyadova qıymaq mümkünsüz idi.Amma qıydılar.Bu xalqımızın tarixində ən ağrıdıcı bir hadisə kimi qalacaq.
Mən Ziya Bünyadovu tanıyırdım.Onu cəmi iki dəfə görmüşəm.Amma bu görüşlərin biri qeyri- adi,taleyimə yazılan gün olub.1993- cü il idi.Xalqımız ən mürəkkəb, qarmaqarışıq günlərini yaşayırdı. Bir tərəfdən ermənilərin öz havadarları ilə ölkəmizə qarşı apardığı müharibə, digər tərəfdən ölkə daxilindəki qarmaqarışıqlıq... Bütün bunlarla bərabər hamımızın yaxşı yadımdadır ki,o vaxtlar xalqın öz qaranlıq,az öyrənilmiş,hətta öyrənilməmiş tarixinə olan marağı necə artmışdı Həmin ərəfədə böyük mütəfəkkir Əli bəy Hüseynzadənin 130 illiyi tamam olurdu.Atam Əli bəyə bağlı adam idi.Və bu bağlılıq bizə- onun övladlarına da sirayət etmişdi.Əli bəyin məşhur "Ucundadır dilimin..." başlığı ilə başlayan "Hali- Vətən" şeirini uşaqlıqdan əzbər bilirdim.O vaxtlar tək- tək adamın bildiyi o məşhur şeiri 60-cı illərdə atamın blaknotuna professor Mirzağa Quluzadə yazmışdı . Sonra 1969- cü ildə görkəmli ədəbiyyatşünas alim Məsud Əlioğlu unudulmaz Xudu Məmmədov və Bəxtiyar Vahabzadə ilə evimizdə qonaq olarkən o şeiri maqnitafonumuza söyləmişdi.Bu sətirləri yazıram,o da yadıma düşür ki,80-cı illərin əvvəllərində qardaşım Azərlə rəhmətlik Xəlil Rza Ulutürkün Bakıdakı evində qonaq olarkən,Xəlil Rza əzbərdən,özünə məxsus vüqarla, eyni zamanda ona yad olan nisgil dolu səslə ölməz Əli bəyin həmişəyaşar şeirini deyirdi:
Ucundadır dilimin
Həqiqətin böyüyü.
Nə qoydular deyəlum-
Nə kəsdilər dilimi...
Əli bəy əslən Salyanlıdır və Salyan ərazi cəhətdən bizə- Neftçalaya yaxın olduğu üçün biz Əli bəyi öz həmyerlimiz hesab edirdik.Ona görə də atam,Əli bəyin 130 illiyini Neftçalada qeyd etmək istəyirdi.Bu məqsədlə o respublikanın bir sıra görkəmli şəxslərini bu yubileyə dəvət etməyi düşünürdü.Ən əvvəl isə Ziya Bünyadovu.Bu məqsədlə o,Bakıya getdi,Ziya müəllimlə görüşdü.Ziya müəllim məmnuniyyətlə razılıq vermişdi.Ziya müəllimdən başqa atam Yazıçılar İttifaqında, Elmlər Akademiyasında və Əli bəyin ikinci vətəni olan Türkiyənin ölkəmizdəki səfirliyində də olmuşdu Əli bəyin yubileyində iştirak etmək istəyənlər çox idi.
Atam rayon rəhbərliyi ilə də danışdı və rayonda Əli bəyin yubileyinə hazırlıq başlandı.Qərara alındı ki,qonaqlar çox olduğundan onları gətirmək üçün Bakıya "RAF" avtomobili göndərilsin.Qonaqları gətirmək üçün Bakıya mən gedəcək idim.
1993-cü ilin 21 mayında,sübh tezdən təzə bir "RAF" maşını ilə ( sürücünün adı Ağamirzə idi) Bakıya yola düşdüm.Artıq səhər saat 8-də Elmlər Akademiyasının "İstiqlal" küçəsindəki Rəyasət Heyətinin əzəmətli binasının- İsmailliyənin qarşısında idim.Neftçalaya gedəcək qonaqların ikisi artıq Akademiyanın qarşısında idi.Nizami adına Ədəbiyyat institutunun direktoru Yaşar Qarayev və şair İsa İsmayılzadə.Mən onlarla görüşdüm və bir azdan digər qonaqlar da gəlməyə başladılar: Bəkir Nəbiyev,Qabil, Əzizə Əhmədova, Gülhüseyn Hüseynoğlu, Səyavuş Sərxanlı...Doğrusu,mənim gözüm Ziya müəllimi axtarırdı.O isə yox idi.Mən Bəkir Nəbiyevdən soruşdum ki,bəs Ziya müəllim niyə gəlməyib? Bəkir müəllim dedi ki,o,bizi evinin qarşısında gözləyəcək.Bir azdan Türk səfirliyinin məsul işçisi də gəldi.O özü ilə bir bağlama- 20 ədəd Türkiyədə çap olunan çox nəfis tərtibatlı,qızılı vərəqli,özü ərəbcə olan və Türkcə anlamı verilən "Quranı Kərim" də gətirmişdi (O vaxt "Quranı Kərim" əldə etmək bir qədər çətin idi və indi birini də mən əzizləyib qoruduğum o müqəddəs kitabımızı biz sonralar dindarlara payladıq)...
Biz "RAF"a əyləşdik və Bəkir müəllimin bələdçiliyi ilə Ziya müəllimin, şəhərin mərkəzi hissələrindən biri olsa da, sakit, yaşıllıqla əhatə olunmuş evinin qarşısına gəldik.
Mən, pencəyinin yaxasında "Qızıl Ulduz" nişanı parlayan Ziya müəllimi uzaqdan görərkən qeyri- ixtiyarı sevindim.Nə gizlədim, qorxurdum ki, Ziya müəllim səfərdən imtina edər, axı onun haqqında o qədər qeyri-adi sözlər eşitmişdim... Ziya müəllimi bir nəfərlə- geyimi də,görkəmi də qəribə olan,cavan olsa da,saçları tamam tökülmüş,sıx, uzun sarı saqqallı bir şəxslə söhbət edirdi.Maşım dayandı.Bəkir Nəbiyevlə Qabil düşdülər.Mən də düşdüm.Catıb Ziya müəllimlə görüşdük.Onun əlində içərisində kitablar olan- parçadan,əl ilə tikilmiş bir zənbil var idi.Mən zənbili ondan almaq istədim.Amma -Özüm götürərəm- deyib vermədi.Söhbət etdiyi adamla görüşüb ayrıldı.Bu zaman Qabil müəllim ondan soruşdu ki,təzə kitabını Ziya müəllimə göndərib, Ziya müəllim kitabı alıb ya yox (Həmin kitabda Qabilin Ziya Bünyadova həsr etdiyi "Təndir" şeiri də çap olunmuşdu)? Ziya müəllim dedi ki,kitabı hələ ona verməyiblər.Sonra Bəkir müəllim məni Ziya müəllimlə tanış elədi.
Ziya müəllim maşına minməmişdən əvvəl içəridəki olanlara xeyli baxdı.Hətta onlardan birini tanımadı da.Həmin adam özünü nişan verdi.Yalnız bundan sonra maşına əyləşdi.Maşın yola düşdü.Mən Türkiyəli qonaqla yanaşı əyləşmişdim.Hamı söhbət edirdi- nədənsə Türkiyə səfirliyində məsul vəzifədə işləyən qonağımız söhbətə qarışmışdı.Mənim gözüm sürücününün yanında əyləşmiş Ziya müəllimdə idi.O,elə hey sürücüyə suallar verirdi.Özü də elə suallar ki... Elə bil bu Neftçalalı sadə sürücü ilə neçə illərdir tanışdır.Arada arxaya da çevrilir,arxada əyləşənlərlə də söhbət edirdi.Ən çox da Qabil müəllimlə.Həmişə olduğu kimi, Qabil müəllim şux, maraqlı söhbətlər edirdi.
Salyana necə gəlib çatdığımızdan xəbərimiz olmadı.Salyanı keçib Neftçalaya tərəf yol başlayanda Ziya müəllim məni irəli çağırdı:
-Gəl yaxın otur,burdan o yana sən bizə bələdçilik edəcəksən- dedi.
Mən yaxın gəlib irəlidəki kiçik taxta kətilin üstündə əyləşdim.Kəndlər haqqında bir- bir ona məlumat verirdim.Yadımdadır,Kürqarabucaq kəndində maşınımız bir motosikli keçdi (mən motosiklin sürücüsünü tanıyırdım: müəllim idi).Ziya müəllim maşının qapısını açdı.Sağ əlinin baş barmağını şax tutaraq, artıq arxada qalmış motosikletçiyə göstərdi; yəni əla! Sonra maşının qapısını örtüb elə irəli baxa- baxa:
-Bildiniz mən niyə belə etdin?- soruşdu.Sonra sürücüdən soruşdu ki, "RAF"ən sürətli neçədir?Sürücü əqrəbə baxıb sürəti dedi.Ziya müəllim motosiklin sürəti ilə maraqlandı.Sürücü müvafiq cavabı verəndən sonra:
-Bax,görürsüz,o sürətlə gedir, amma başındakı tor şlyapa heç dəbərmir də... -Sonra bayaqdan bəri tez- tez işlətdiyi ifadəni bu dəfə motosikl sürənin ünvanına işlətdi:
-Eşq olsun!
Dördlər kəndinə çatanda dedim ki,bura Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun kəndidir.
Ziya müəllim bildirdi ki,"Qafqaz dağları ətəyindən Berlinədəki" kitabında Ağaşirin Cəfərov haqqında yazıb.
-Çox yaxşı adam idi- Ziya müəllim Ağaşirin Cəfərov haqqında danışmağa başladı-Saf,hər şeyə inanan.Gözü- könlü tox.O qədər sadə adam idi ki, Sovet İttifaqı Qəhrəmanı ola-ola ömrünün sonuna qədər traktorist işlədi- mənə baxdı- Elədir? Düz deyirəm?
Ağaşirin Cəfərov bizimlə qohum idi.Ziya müəllimin dediklərinin hamısı həqiqət idi.
...Bir azdan Neftçala şəhərinə çatdıq.Sürücüyə dedim ki, bir qədər yavaş sürsün.Yol kənarındakı binaları bir- bir həm Ziya müəllimə,həm də o biri qonaqlara göstərirdim:
-Bura köhnə komsomol binasıdır, bura bankdır,bura kitabxanadır,İcra hakimiyyəti, prokurorluq binası, diyarşünaslıq muzeyi, məhkəmə, yaşayış binaları,orta məktəb, əzəmətli mədəniyyət sarayı...
Görüşün başlanmasına hələ xeyli qalsa da, artıq sarayın qarşısında bir xeyli adam vardı.Böyük binanın qarşısında Əli bəy Hüseynzadənin portretini qoymuşdular.Şəhərimizin yaşıllığı,təmizliyi və səliqəsi qonaqların xoşuma gəlmişdi. "RAF" bizim qapıya çatıb dayandı.Mən cəld maşından düşdüm.Atam qapıya çıxdı.Gələn qonaqlarla,daha doğrusu,köhnə dostları ilə bir- bir görüşdü.Onları həyətə dəvət etdi.Yazın ən gözəl çağı idi.Həyətimizdəki qızıl gül kolları bir- birinə qarışmışdı.Ətirləri həyəti başına götürmüşdü.Qonaqlar yuxarı çıxmağa tələsmirdilər.Bir müddət həyəti gəzdilər.Ziya müəllimin kefi kök idi,gülləri iyləyir,həyətdəki kiçik uşaqları söhbətə tutur,cibindən konkret çıxarıb onlara paylayır,adlarını soruşurdu.Sonra əlindəki zənbildə olan kitabları atama verdi:
-Al - dedi- Sənin üçün hədiyyə gətirmişəm.
Bu Türkiyədə çap olunmuş, 3 cilddən ibarət,nəfis tərtibatlı,yaşıl cildli "Türkiyə tarixi", həmçinin Ziya Bünyadovun redaktəsi, qeydləri ilə çap olunmuş A.Bakıxanovin "Gülüstana İrəm" əsəri,bir də Moisey Kolonkotlinin "Alban tarixi" kitabı ( Ziya Bünyadov bu kitabı rus və ingilis dillərinə tərcümə etmiş və kitaba müqəddimə yazmışdı) idi.
O, üstündə "Soyuz Apollon" yazılmış parçadan tikilmiş boş zınbili əlində saxlamışdı.Mən zənbili ondan istədim.Bakıda olduğu kimi,bu dəfə də zənbili mənə vermədi:
-Mənə lazım olacaq- dedi.
- Gedəndə verərəm- dedim.
-Bura bax, sən elə Bakıdan bu zənbili qaralamısan- bilmək olmurdu zarafat edir,ya ciddi deyir.
-Ziya müəllim, deyirəm zənbil əlinizdə qalmasın.Siz zənbili verin mənə, gedəndə zənbilinizi qaytararam - dedim.
-Birdən yadından çıxdı -bu dəfə mənimlə zarafat elədi.
-Çıxmaz - dedim.
-Bax,zənbili sənə verirəm,amma gedəndə hökmən özümə qaytaracaqsan.
Qonaqlardan kimsə yaxında idi.Soruşdu ki,Ziya müəllim bu zənbili nə çox istəyir belə?
-Bunu mənə Tahirə xanım ( Ziya müəllimin həyat yoldaşı) öz əlləri ilə tikib- dedi- bir yerə kitab,jurnal aparanda bu zənbildən istifadə edirəm....
-Bura bax- Ziya müəllim bir anda ciddiləşdi - Gedəndə zənbilimi hökmən qaytararsan... Eşitdin?
-Oldu!
Atam xudmani bir süfrə açmışdı.Məclisin ağsaqqalı Ziya müəllim idi.Məçlisi o aparırdı.Müxtəlif mövzularda söhbətlər edir,sağlıq deyir,hər bir qonağa söz verirdi.
Mən kitabxananızdan Ziya müəllimin "Azərbaycan VII- IX əsrlərdə" adlı kitabını gətirib ona verdim ki,mənə avtoqraf yazsın.Ziya müəllim kitabı alıb:
-Yaxşı,Etibar bəy yazım,ya Etibar müəllim?- deyə soruşdu və sonra da mənim cavabımı gözləməyib - Etibar müəllim yaxşıdır - dedi və kitaba avtoqraf yazdı.
Həmin gün,süfrə arxasında Qabil müəllim də "Adsız bulaqlar" kitabına mənim üçün şeir şəklində belə bir avtoqraf yazmışdı:
"Gül fəslində
Qovuşduq ilk bahara,
Eşq olsun Qardaşoğlu
Etibara.
Qabil
21 may 1993. Neftçala"
Atam evimizə başqa qonaqlar gələndə etdiyi kimi,bu dəfə də fotoqraf çağırmışdı.Fotoqraf müxtəlif şəkillər çəkirdi.Mən öz uşaqlarıma bir gün əvvəl demişdim ki,Sizin Ziya Bünyadovla şəklimizi çəkdirəcəm.Və istəyirdim ki,bu şəkil həyətimizdə çəkilsin.
Ziya müəllimə yaxınlaşıb:
-Ziya müəllim -dedim -- beş dəqiqəliyə həyətə düşə bilərsiniz, uşaqlarla şəkil çəkdirmək üçün.
Şuxluqla:
-Niyə düşmürəm- dedi və ayağa qalxdı.Bayaq evə keçəndə pencəyini çıxarıb asılqandan asmışdı- O pencəyi mənə ver- dedi- qoy Ulduz da (Sovet İttifaqı Qəhrəmanı nişanını deyirdi) düşsün.
Pencəyini əyninə geyindi.Həyətə düşdük.Uşaqları- Əbil və Türkanəni çağırdım.
-Atanı da çağır- dedi.
Atam da həyətə düşdü.Ziya müəllim atama:
-Gəl əvvəl səninlə şəkil çəkdirək-; dedi.
Ağaşirin Cəfərovun yaxın qohumu olan fotoqraf Mirhadi əvvəlcə Ziya müəllimlə atamın şəklini çəkdi.Sonra isə Ziya müəllim uşaqları yanına çağırıb onların qucaqladı və fotoqrafa:
-Hə,indi çəkə bilərsən- dedi.
Sonra təzədən yuxarı qalxdıq və qonaqlar ailəmizin bəzi üzvləri ilə ilə birlikdə şəkil çəkdirdilər.Bu zaman Ziya müəllim mənim qızımTürkanəni yanına çağırdı.6 yaşlı Türkanəni qucaqlayıb fotoqrafa:
-Bizim şəklimizi belə çək- dedi.
Bir azdan rayon rəhbərləri gəldilər.
Artıq iclasın başlanmasına yarım saatdan da az qalırdı.Ayağa qalxdılar.Amma hələ də tələsmirdilər.Həyətimizdə də bir neçə şəkil çəkdirdilər.Bir də gördün Ziya müəllim məni axtarır.
-Tez zənbili gətir.
-Ziya müəllim.İclasa zınbillə getməyəcəksiniz ki?
-Zənbili gətir deyirəm sənə.Sənin borcuna qalmayıb iclasa zənbillə,ya zənbilsiz getməyim.
-Ziya müəllim...İclasdan sonra...
- Dayan görüm...-hiss edirdim ki, Ziya müəllim əsəbiləşməyib- Yaxşı,indi necə olsun?...Bakıda sən zənbili mənim əlimdən almaq istəyəndə mənim səndən gözüm su içməmişdi.Bayaq da zənbili məndən zorla alanda ürəyimə damdı ki,o zənbili mənə qaytarmayacaqsan.Axır ki,istədiyini elədin.Kişi kimi zənbilimə sahib durdun...- Ziya müəllim gülümsədi- eybi yox,qoy o zənbil səndə qalsın.
Ziya müəllim düz təxmin etmişdi.Mənim o vaxtlar qəribə bir şakərim var idi.İstıyirdim ki,evimizə gələn məşhur adamlardan nəsə bir yadigar alım.Əsasın qələm alardım onlardan.Amma bu dəfə,necə deyərlər gözüm Ziya müəllimin zənbilini tutmuşdu ( Həmin zənbili Ziya müəllimdən qiymətli bir yadigar kimi indiyə qədər də saxlayıram).
...Çətin,ağır vaxt olsa da bu görüşə xeyli adam gəlmişdi.Hətta qonşu Salyan rayonundan gələnlər də var idi.Salondakı bütün yerlər tutulduğu üçün bir xeyli adam ayaq üstündə qalmışdı Bu maraq bir tərəfdən Əli bəy Hüseynzadəyə görə idisə,digər səbəb,heç şübhəsiz qonaqlara- respublikanın tanınmış şəxslərinə,ən çox da Ziya Bünyadova görə idi...Həm də Ziya müəllimin rayona gələcəyi camaata bir neçə gün əvvəldən məlum idi.
O da yadımdan çıxmır ki, Mədəniyyət sarayının qarşısında olan polislər Ziya Bünyadovu görərkən necə rəsmiləşdilər. Komanda alıbmışlar kimi tarım dayanıb Ziya Bünyadovu heyrət dolu maraqla izləmələri həqiqətən də maraqlı an idi.Onu da xatırlayıram ki,iclas salonuna keçərkən,xeyli adam məndən soruşurdu ki, Ziya Bünyadov gəlib,ya yox?
Həqiqətən də Ziya Bünyadov xalqın əyilməzlik rəmzi, qürur yeri idi.O günləri- 1993- cü ilin may ayını xatırlayan çoxlu adamlar var.Qəddar,biç,arxasında havadarları olan,hər cür silahlarla təmin edilmiş düşmənlə vuruşurduq.Həmin düşmənlə- ermənilərlə eyni səngərdə vuruşan başqa,həm də güclü dövlət də bizimlə vuruşurdu.Çoxlu itkilər verirdik.Cəbhədə məğlubiyyətimiz bir- birini əvəz edirdi.Hə qədər şəhidlərimiz var idi.Amma xalqımızın Vətən sevgisi çox güclü idi.Bu sevgi onları həm də qürurlu edirdi.Tam şübhəsiz deyirəm ki,bu qürur hissini xalqın ürəyində saxlayanlardan biri də Ziya Bünyadov idi.
Qonaqlar səhnədə göründülər.Hamı ayağa qalxdı.Alqış sədaları uzun zaman kəsilmədi.Çoxunun gözü Ziya Bünyadovda idi.
Sonra İcra başçısı qonaqları bir- bir təqdim elədi...Təbii ki,ən çox alqışlanan Ziya müəllim oldu.
Əli bəy Hüseynzadə haqqında məruzəni atam elədi.Sonra Bəkir Nəbiyev danışdı.O, Elmlər Akademiyasında, Nizami İnstitutunda Əli bəylə bağlı görülən işlərdən, onun irsi, əsərlərinin nəşri barədə görüləcək işlər haqqında məlumat verdi.
Sonraki natiqlər isə Əli bəydən danışsalar da,ən çox müasir günümüzdən,çətinliklərdən,erməni silahlı qüvvələrinin öz havadarları ilə xalqımızın başına gətirdikləri faciələrdən danışdılar.Onlar,bu ağır günlərdə hamını birliyə,bir amal uğrunda birləşməyə səsləyirdilər.Qabil bu mövzuda bir şeir oxudu və salon Qabil müəllimi o qədər alqışladl ki, Qabil müəllim məcbur olub digər şeirlərini də oxudu.Türkiyəli qonağa söz verirdi.Xalqın ürəyində Türk xalqına qarşı olan sonsuz məhəbbət bu salonda da özünü göstərdi.Türk qonağımız maraqlı çıxış etsə də bir qədər çox danışdı.Mən bu zaman Ziya Bünyadovun necə dilxor olduğunu görürdüm.Özü də bu dilxorçuluğunu o açıq-aydın biruzə verirdi.Atam Ziya müəllimlə yanaşı əyləşmişdi.Onu necə sakitləşdirmək istədiyini bütün salondakılar kimi mən də görürdüm... Sonra gördük ki,Ziya müəllim əsəbi şəkildə qarşısındakı kağıza nə isə yazıb Bəkir Nəbiyevə verdi ki,onu xitabət kürsüsündə olan qonağa ötürsün Bəkir müəllim kağızı oxuyub tərəddüd içində çiynini çəkərək Ziya müəllimə baxdı ki,bu kağızı ona verə bilmərəm Amma Ziya müəllim təkid etdi. Bəkir müəllim naəlac qalıb kağızı İsa İsmayılzadəyə,İsa İsmayılzadə də öz növbəsində xitabət kürsüsünə yaxın oturan Qabilə verdi.Qabil müəllim kağızı oxuyub qətiyyətli şəkildə Ziya müəllim tərəfə baxdı ki,verə bilmərəm.
Və yaxşı ki,bu vaxt Türkiyəli qonaq öz çıxışını bitirdi və bütün bunlardan xəbəri olmadı.Ziya müəllim üzünü acıqla yana çevirdi və yerinə əylənməyə gələn qonağımızın ünvanına nəsə deyinməyə başladı.
Sonra Əzizə xanıma danışdı.Bu vaxt ərzində Ziya müəllimin hirsi soyudu.Sonralar, Ziya müəllimin faciəli vəfatından sonra, Ziya müəllimin həyat yoldaşı Tahirə xanımın xatirələrini oxuyurdum.Orada Tahirə xanım yazırdı ki,Ziya müəllimin hirsi on dəqiqədın artıq çəkməzdi.
Ziya müəllimə söz veriləndə onda bayaqki hirsdən əsər-əlamət qalmamışdı.Hamı onu-bu böyük şəxsiyyəti alqışlayırdı.Əlini bir neçə dəfə yuxarı qaldırandan sonra nəhayət salon sakitləşdi.O,Əli bəy haqqında qısa danışdı.Ən çox indiki günümüzdən, hiyləgər, qorxulu düşmənlərimizdən danışdı.Ayıq olmalıyıq- dedi.Bir-birimizi dinləməyi bacarmalıyıq.Yaşlı adam özünü yaşlı kimi,gənc də gınc kimi aparmalıdır.Cıbhədən yayınan gəncləri mən rəzil hesab edirəm.Keçmişimizi öyrənməliyik.Tariximiz bərbad vəziyyətdədir.Bilə- bilə, düşünərəkdən tariximizi saxtalaşdırlblar.Lenin şizofrenik olub.Amma rus tarixçiləri,elə öz tarixçilərimiz də onu bizə dahi kimi təqdim ediblər.Başımıza nə gəlibsə,tarlxımızi bilməməkdən gəlib .Biz bura Əli bəy Hüseynzadənin yubileyinə toplaşmışıq.Əli bəy qeyri-adi zəka sahibi olub- ensiklopedik bilik sahibi olan Əli bəyin ruhu bu gün çox təəssüf ki, narahatdır.Nə vaxta qədər ki,biz düşməni susdurmamışıq,müstəqilliyimizi tam qazanmamışıü,düşmənə öz böyüklüyümüzü ,yenilməzliyimizi anlatmamışıq,qolumuzun zorunlu erməni alçaqlarlna göstərməmişik...o vaxta qədər Əli bəyin ruhu aram olmayacaq...Biz həm də Əli bəyin ruhu naminə birləşməliyik.Mən xalqımızın müdrikliyinə inanıram Tale bizi əsrlər boyu çox sınaqlara çəkib ...Yenə də sınağa çəkilmişik və əminəm ki,bu sınaqdan da alnı açıq çıxacağıq.
Sonra Ziya müəllim Neftçala haqqında danışdı.
-Neftçalada gördüklərim məni sevindirdi- Sonra üzünü atama tutdu -;eşq olsun mənim köhnə dostuma,Sizin müəllimə ki,belə bir görüşü təşkil edib və məni də bu görüşə dəvət edib.Bu adicə görüş deyil,bu tarixi bir görüşdür.Həm Sizin üçün,həm də biz qonaqlar üçün.Qollarını çırmayıb belə iş görənləri mən çox yüksək qiymətləndirirəm.Onlara böyük hörmət bəsləyirəm.Ona görə Sizin müəllimə bir daha eşq olsun deyirəm ( Ziya müəllimin çıxışından yadımda qalanları həmin iclas olan gün gündəliyimə qeyd eləmişdim.Ziya Bünyadovun çıxışını da həmin gündəlik qeydlərimə əsasən yazdım,).
İclas qurtardı.Amma salon uzun müddət boşalmadı.Adamlar dəstə- dəstə qonaqların başına toplaşıb söhbət edirdilər.Ən çox adam Ziya müəllimin ətrafına toplaşmışdı.Univrsitetin tarix fakultəsində oxuyan bir qız yazdığı elmi işi ilə bağlı Ziya müəllimə nə isə danışırdı Mövzusu çətin olduğu üçün tələbə qız çətinlik çəkdiyini dedi.Ziya müəllim:
-Mən sənə kömək edərəm- dedi- Bakıda hökmən mənə dəy.Akadrmiyada oluram Həm kömək edərəm,həm də lazım olan ədəbiyyatı sənin üçün taparam.
Ziya müəllimin bu sadəliyi qarşısında tələbə qız özünü o qədər itirmişdi ki... həyəcanından təşəkkür belə edə bilmədi.
Ziya müəllim əlini döş cibinə salıb iki vizit vərəqi çıxardı.Birini qıza verib:
-Al,bu da vizit vərəqəm.Burada telefon nömrəm də var.
İkinci vizit vərəqini isə mənə uzatdı:
-Bunu da sənə verirəm - dedi- məndən yadigar qalsın.
Ziya müəllim salonu böyük bir izdihamın əhatəsində tərk etdi.
...Həmin gün qonaqlar atamla birlikdə dəniz gəzintisində oldular.
Atam sonralar danışırdı ki,Ziya Bünyadov gəmi gəzintisi zamanı olduqca şən,gümrah, qayğısız imiş.
...O görüşdən sonra Ziya Bünyadovu cəmi bir dəfə gördüm.Akademiyanın Rəyasət Heyətinin yerləşdiyi İsmayilliyyə binasında.Birinci mərtəbənin pilləkənlərinin başlanğıcında bir nəfərlə dayanıb söhbət edirdi.Həmişə sinısində qürurla gəzdirdiyi "Qızıl Ulduz" bu dəfə də yaxasında idi...Böyük adamlar həm də əzəmətli olurlar..Mən kənarda dayanıb bu əzəmətli kişiyə,böyük vətəndaşa,nəhəng alimə xeyli müddət tamaşa elədim...
Mənim Ziya Bünyadov haqqında xatirələrim bu qədərdir.İndi Ziya müəllimin uşaqlarımla -Əbil və Türkanə ilə çəkdirdiyi şəkli çərçivəyə salmışam,evimin divarlarından asmışam.Verdiyi vizit vərəqini də şəklin bir küncünə qoymuşam ... Həmin şəkildə Ziya müəllimin üzündə nurlu bir təbəssüm var.O,mənim yadımda elə brlə də qalıb.
Şəkillər:
1.Ziya Bünyadov oğlum Əbil və qızımTürkanə ilə.
2-3.Ziya Bünyadovun avtoqrafla mənə bağışladığı kitab.
4.Qonaqlar ailəmizin üzvləri ilə.
5.Qabilin həmin gün yazdığı avtoqraf.
6.Ziya Bünyadovdan yadigar saxladığım zənbil.
7.Ziya Bünyadovla atam iclasda.
8.Ziya Bünyadovun mənə bağışladığı vizit vərəqəsi.
9.Ziya müəllim və atamın bu şəkli həmin gün həyətimizdə çəkilib.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0