Alnıma iz düşdü xatirələrdən - Nurafizin şeirləri
Yazıçı Ədəbiyyat Portalı Nurafizin şeirlərini təqdim edir.
***
Bəxtəvər başına, ana,
Oğluna bax, fərli çıxıb;
Dərdnən qumar oynayıram,
Əlim çox düşərli çıxıb.
Bu qəm çoxdan əkiləndi,
Çəkən varsa çəkiləndi.
Bir əkmişdim ikiləndi,
Yaman bar-bəhərli çıxıb.
Bu yol yoldu, bu bənd deyil,
Baxışlarım rübənd deyil.
Ürək elə hey...kənd deyir,
Ayağım şəhərli çıxıb.
Səsim ağrı geyəli
Səsim ağrı geyəli
İçim ayaqyalındı.
Gümanlar sığal çəkdi,
Çölüm yaman alındı.
Yenə tərsə inadla
Öz üstümə yeridim.
Fikrin ayağı altda
Sükut kimi əridim.
Güvənc yerləri çat-çat,
Tanrı niyə görmədi.
Yeyib doydum ömrümü,
...nağıl dadı vermədi.
Əllərim düyün tutub
Əllərim düyün tutub
Ciblərimin ahından.
Düşmən daha mərd imiş
Məni yıxan yaxından.
Fikrim ocaq söndürsə...
Vaxt ehtiyac qoxuyur.
Gümanımın daş üzü
Soyuq nəğmə oxuyur.
Sükutuma çat salıb
Ağrının yaddaşıyla,
Əllərimi ovutdum
Gözlərimin yaşıyla.
Yaddaşım oxumur durna səsini
Beləmi demişdim?... Sındı gümanım,
Sınıqçı sağaltmaz ümid sınanda.
Üzü göyüzünə, ağzı dualım,
Könül nə diləsin ümidsiz anda?
Ağ günə gün salmaz qara sevdalar,
Aşılmaz yolları qarlı, qovğalı.
Ağaran saçlarım nağıl dilidi,
Susmağı öyrədir baxtı-yığvalı.
Ağ saç kəfəndimi illəri bükəm?
Anam da sağ deyil, bələk yollasın.
Dağlar götürməsə, ahımı yandır, -
Deyin durnalara, lələk yollasın!
Hələ ki, payızı nəmişlik sıxır,
Bəxtim quraqlıqdı - dərd çiçək-çiçək.
Yaddaşım oxumur durna səsini,
Yolüstü gözümə sərçə şəkli çək.
Başmı günahkardı...
Yuxusuz gecələr gözüm qanadı,
Yalvardım, ləlidim, sözüm qanadı.
Yüyürdüm, yıxıldım, dizim qanadı,
Daşmı günahkardı? Daşda günah yox.
Özünə dönməsə öz suyu arxın,
Pərləri paslanar dincələn çarxın.
İyirmi ötübdü, səhvi nə qırxın?
Yaşmı günahkardı? Yaşda günah yox.
Gözlədim, hər ilim, ayım an oldu,
Geri qayıtmadın, bağrım qan oldu.
Ürək eşqə düşdü, baş qurban oldu,
Başmı günahkardı? Başda günah yox.
Yağış islanırdı göz yaşı altda
Arada bir ömür boyu hasar var,
Fikirlər yayaqdı, güman didərgin.
Düşüb yedəyinə bir lal istəyin,
Ərinməz-ərinməz yol yorur ərkim.
Umduğum yerlərə gələn payıznan
Ovuda bilmirəm ağrılarımı.
Arzumun bir ömür uzaqlığında
Kor nisgil oxudur könül tarımı.
Səsimdən bir azca anrı tərəfdə
Yelləncək yelləyir Göy nəm buludda.
Kimsə ağlayırdı dərdə söykənib,
Yağış islanırdı göz yaşı altda.
Daha dost sözündən yaman qorxuram
Çıxıb ürəyimin üstünə hərdən,
Yayındım nə qədər xatadan, şərdən.
Alnıma iz düşdü xatirələrdən,
Yol saldı saçımda duman, qorxuram.
Cavabım sirr qaldı neçə sualda,
Əliylə danışdı dözməyib lal da.
Piyadə yol gedir daha xəyal da,
Ərp tutub dildə ah, aman, qorxuram.
Könül şah olamaz, lələm, əmrnən,
Qorxunun gözündən keçdim ömürnən.
Yaman doğmalaşdım daşnan, dəmirnən,
Daha dost sözündən yaman qorxuram.
Nağıl
Getdin...
Sükuta bələdin minalanmış səbrimi-
səsinin şəkli qaldı yadımda.
Daha
yaddaşımı diksindirir
hər gələn xəbər
ayrılıq adında.
Hər gün
ömrümün qapısını döyür
ayrılığın ərklə.
Söylə,
necə nağıl qoşum sənə
ayağı yalın ürəklə?
Diri şəklimi gördüm
Unutduğum günlərin
Xatırladım adını.
Xatirələr dəyişdi
Ayrılığın dadını.
Susub kilidləsəm də
Könül adlı odamı,
Darıxanda susmaq da
Sındırarmış adamı.
Diri şəklimi gördüm
Səbrimin aynasında.
Ha yüyürdüm, çatmadım,
Özüm özümə sonda.
Ömürdü, bilmək olmaz
Ömürdü, bilmək olmaz...
Soyuğu , istisi var.
Çatmadığın ocağın
Çat verən tüstüsü var.
Olur, uzaq düşürsən
Bəzən dostdan, tanışdan.
Darıxmaq pay umdurur
Bir şirin aldanışdan.
Bir də gördün zəng gəlir
Günün, ayın birində.
Bir dualıq yer saxla
Dilinin əzbərində.
Gözümdən düşdüm aşağı
Sözümün babı qalmadı,
Yığmağa qabı qalmadı.
Dizimin tabı qalmadı,
İzimdən düşdüm aşağı.
Duam güldü Göy-ritmdə,
Dərs öyrəndim öyrətimdə.
Vaxt üşüdü heyrətimdə,
Dözümdən düşdüm aşağı.
Harda yad oldum sözümə,
Sutək çiləndim közümə.
Qalxa bilmədim özümə,
Gözümdən düşdüm aşağı.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0