Aşıq Hüseyn Saraclı: Minillərin Kişisi

Apr 18, 2026 - 15:13
Apr 18, 2026 - 15:50
 0  19
Aşıq Hüseyn Saraclı: Minillərin Kişisi

Yazıçı Ədəbiyyat Portalı Nəriman Əbdülrəhmanlının "Aşıq Hüseyn Saraclı: Minillərin Kişisi" yazısını təqdim edir.

“Ustadnamə” əvəzi

...Bəlkə, bu da təsadüfi deyil, uşaqlıq çağlarımdan yadımda qalan ilk aşıq nəfəsi Ustadın məşhur “Minaya”sı olub....

Qazaxlı valsatan kişi hər dəfə yolunu Qaraçöpdən salanda o valın, ən azı, əllisini satır, üstəlik də bir ətək sifariş alırdı. O çağların toy-mağarlarında məclis aparan aşıqlar Ustad Aşıq Hüseyn Saraclının adını sonsuz hörmətlə çəkirdilər.

Sonralar Ustadın özünü görəndə, çalğısını-oxusunu, şirin, koloritli söhbətini, baməzə şəbədələrini eşidəndə “Minaya”sının doğurduğu ovqatın yaşarılığına heyrət elədim: elə bil, o çalğının, o səsin, o danışığın üstündən zaman ötməmişdi. Qəlbimdə belə bir hiss yarandı ki, Aşıq Hüseyn Saraclı zaman ölçülərindən kənarda yaşayır – Ustad bütün görkəmi və sənətiylə MİNİLLƏRİN KİŞİSİydi...

 

I. Dörd Hüseyndən biri

         “Hər şeydə, Ələddin çırağıydı, Simurq lələyiydi. Elləri oba-oba, oymaq-oymaq, payi-piyada, at belində dolaşdı, bir ömürdə dədəmizin dədəsindən qalan yurdu əriş-arğac elədi. Heç kəsə yekəlik satmadı, Hamının könlünü almağa çalışdı. Beləcə-beləcə də Hüseyn Saraclı şöhrət taxtına oturdu. Ad aldı, ağır məclislər yola verdi, elin gözündə ucaldıqca ucaldı...”

Osman Əhmədoğlu

 

...Ağırtaxtalı, sallama kişiydi. Yerişi-duruşu, danışığı, məclis aparması təkrarsızıydı, hamısı minillərin o üzündən gəlirdi. Sözünün də, sazının da çəkisini-dəyərini bilirdi. Çalğılarında, söyləmələrində qosqoca ozan sənətinin dadını-duzunu, sehrini-qüdrətini yaşadırdı...

         Şöhrətə, ad-sana can atmazdı, amma bəlkə də qəlbinin lap dərinliklərində sağ vaxtı el-sənət yolunda xidmətlərinin bir parça kağızla, bir quru adla urvata mindirilməsinin xiffətini yaşadırdı...

         Araşdırıcı Azad Ozanın qənaətinə görə, son iki yüz il ərzində aşıq sənətimizdə ən mühüm rol və yer Ağ Aşıq (Allahverdi), Aşıq Alı və Aşıq Ələsgərlə yanaşı, “dörd Hüseyn”ə  Aşıq Hüseyn Bozalqanlıya, Aşıq Hüseyn Şəmkirliyə, Aşıq Hüseyn Cavana və Aşıq Hüseyn Saraclıya məxusdu.

Saraclı Hüseyn aşıq ifaçılığı mədəniyyətimizin Borçalı qolunun da sütunlarından, sağlığında klassiklər sırasına qatılan ustadlarından idi...

Qismətinə Tanrı vergisi düşmüşdü, simasında Tanrı işığı vardı, barmaqlarından Tanrı sevgisi süzülürdü...

 

II. Oxuyub molla olmalıydı...

Məni ulu dərgahına çağıranda ol Xuda,

Dedi, gərək qonağını dilləndirə, oxuda,

Ağam gəldi, mətləb aldım, mətləb verdim yuxuda,

Məhəbbətin dəftəriyəm, sevginin kitabıyam.

Aşıq Hüseyn Saraclı

 

1916-cı ildə (ayını-gününü nə dəftər-kitaba yazmışdılar, nə də özü bilirdi, “Həsənov” soyadı da, az qala, unudulub) adıbəlli Saraclılar tayfasının Koxalılar qövmündən Qurban kişinin ailəsində dünyaya gəlmişdi. Koxaların Qurbanı saz-söz bilicisiymiş, hər aşıq onun yanında söz deyib, dastan danışmazmış. Oğlunu da altı yaşında mollaxanaya qoyur ki, yazı-pozu öyrənib molla olsun.

İki il sinifdə qaldım, - deyirdi. – Qurandakı başa düşmədiyim sözləri əzbərləyəmmirdim. Fikrim hey sazın-sözün yanındaydı. Sazım da yoxudu. Kimiydi mana saz alan? Elə deyirdilər, oxu, molla ol...”

Onda Borçalıya azman aşıqlar – Aşıq Şennik, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı gəlir, ağır yığnaqlar keçirirdilər. Qırx gün-qırx gecə, yeddi gün-yeddi gecə, üç gün-üç gecə davam eləyən o yığnaqlar da Hüseynsiz keçməzdi.

“Qırıx taxtıya sim bağlıyıf orda-burda dınqıldadırdım. Harda aşıq olurdu, özümü ora salırdım. Atam gördü ki, taxta qırığınnan əl çəkən döyləm, birtəhər pul yığıf köhnə cürə saz aldı. Bunnan da baxtım gətirdi...”

Yeniyetmə Hüseyn 1929-cu ildən yeni tipli məktəndə oxumağa başlayıb. 1931-ci ildə XDİK-ə daraşmış daşnak tör-töküntüləri kolxozlaşmaya qarşı çıxan Qurban kişini kəndin ortasındaca güllələyəndən, sonra on beş yaşlı oğlan oxumağın daşını atıb, başsız ailələrini (anası Fatma arvad ağlamaqdan dünya işığından da, aləmin səsindən məhrum olub)  dolandırmaq üçün aşıqlıq yolunu tutub. Yeddi il Şair Hüseynə, Şair İsmayıla, Şair Nəbiyə, Quşçu İbrahimə, sarvanlı Aşıq Bayrama şəyirdlik eləyib, arada irəvanlı, Aşıq Alının şəyirdi Aşıq Sadıq Sultanovdan dərs almaq niyyətilə Tiflisə üz tutub, yükünü bacardığı qədər tutandan sonra Borçalıya qayıdıb.

1937-ci ildə nəsli-kökü türk olduğuna görə, az qala, amansız repressiya maşınının tırtılları altına düşəcəkmiş, Allah üzünə baxıb, XDİK cəlladlarını güc-bəlayla düzəltdirdiyi sənədə inandıra bilib...

O illərin ağrı-acılarını yaşayan Aşıq Hüseyn Saraclını Tanrı sanki sazımız-sözümüz üçün qoruyub...

 

III. Ustad məqamına vaxtından qabaq çatmışdı...

“Aşıxlığın yüz şərti varsa, yarısı mərifət, yarısı sənətlə bağlıdı. Əlinə saz götürən kəs gərək hazırrıxlı olsun. Aşıx dediyin bəzzaz dükəni kimi bir şeydi,  hamının istədiyini tapıf verməlidi. Aşıx gərək yığnaxda sazı oynatmasın, atılıf-çüşməsin, camahatı sazınnan-sözünnən oysunnasın. Vaxt varıdı, aşıxlar üç-büş gün dalvadal yığnax aparardılar, özdəri də büyün dedihləri sözü savax dillərinə gətirməzdilər...”

Aşıq Hüseyn Saraclı

 

Bu, aşıq sənətinin yazılmamış qaydalarından biriydi: əlinə saz götürən kəs kamillik həddinə yetməmiş, yəni, 40 yaşına yetməmiş ustad adlanmaz, şəyird götürməzdi. 1937-ci ildən peşəkar aşıq kimi məclislər aparan Aşıq Hüseyn Saraclı isə Ustad məqamına vaxtından xeyli tez – təxminən otuz yaşlarında – yetişib, özünəxas ləmsi, mükəmməl çalğısı, şirin danışığı, urvatlı məclis mədəniyyətiylə Borçalıdan Gəncəbasaracan tanınıb, ağır ad-san qazanıb.

O çağlarda Şair Nəbi, Aşıq Sadıq, Xındı Məmməd, Aşıq Əmrah, Quşçu İbrahim, Şair Ağacan kimi azman saz-söz ustaları görən Borçalı məclislərində at oynatmaq hər oğulun işi deyildi. Bu cəsarəti özündə, olsa-olsa, Hüseyn Saraclı kimi Haqq aşıqları eləyərdi.

Aşıq Hüseyn Saraclı könül verdiyi sənətdə tapdanmış yollarla getmir, ozan sənətinə xas olan dəyərləri qoruyur, havacatı dirildib yaşadır, Tanrının bəxş elədiyi vergi sayəsində çalğısına da, ifasına da təzə-tər xallarla naxış vururdu. Neçə aşıq havası bildiyini soruşanda da deyirdi, “vallah, havaları saymamışam, əmbə kim hansı havanı istədisə, onu çalıb-oxudum...”

Həmin havalar da - “Mansırı”, “Gulabı”, “Dol hicranı”, “Çıldırgölü”, “Bəhmanı”, “Sultanı”, “Sarvanı”, Sallama Kərəmi”, “Göy Alı”, “Ovşarı”... xallarıyla, ifa tərziylə minillərin o üzündən gəlirdi. “Bağdad dübeytisi” havası da elə Ustadın öz adıyla bağlıydı. “Buna oxşar bir havanı vaxtıynan kirmanşahlı bir aşıxdan eşitmişdim, - deyirdi, - sonra yadımda qalan xallardan bir hava düzəltdim, adını da elə o cür saxladım...”

Aşıq Hüseyn Saraclının məclislərdəki ədəb-ərkanı dildə-ağızda söylənirdi. Qədimi, koloritli, şirin ləhcəsi, dadlı-duzlu söyləmələri, məzəli şəbədələri qulaq asanları ovsunlayırdı. Aşıq Hüseyn Cavan demiş, elə bil, məclis aparmaq, çalıb-oxumaq, dastan danışmaq boyuna biçilmişdi. Başqa aşıqlar onun möhür vurduğu dastanlara yaxın düşməyə ürək eləməzdilər, illah da “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm” dastanlarını Hüseyn Saraclıdan sonra dilinə gətirməyə cəsarət eləyən aşıq çox çətin tapılardı...

 

IV. “On dörd şəyirdi işlər hər yana...”

“Nəyi vardısa, şəyirdlərinə verdi. Ustad heç kəsdən heç nə əsirgəmədi. Sinəsinə nə yığmışdısa, dağda dağa, bağda bağ söylədi. Borçalıda özündən əvvəl də, sonra da gələn sənət adamlarının hamısına ehtiram bəslədi...”

                                                                                           Osman Əhmədoğlu

 

Ustad Aşıq Hüseyn Saraclıdan şəyirdlərinin sayını xəbər alanda deyirmiş, “xırım-xırdasınnan savayı on dörd nəfər oluf...” “Xırım-xırda”nın mənasını da arayanda cavab verirmiş ki, “eləsi var, ancaq öz öyünün aşığıdı...”

O on dörd şəyirdin arasında da Ustadın adını ucaltmış sənətçilər olub: Aşıq Əmir Sarallar, Aşıq Murad Dəllər, Aşıq Əhməd Sadaxlı, Aşıq Məhəmməd Sadaxlı, Aşıq Nurəddin Qasımlı, Aşıq Sədi Ulaşlı, Aşıq Paşa İncəli, Aşıq Məhəmməd Nalbənd, Aşıq Qulamhüseyn Arıxlı, Aşıq Mürsəl Faxralı, Aşıq Oruc Quşçulu, Aşıq Dəmirçi Abbas Kəlbəcərli... Həm də ustadları sayaq hər yanına gələni şəyird götürməyib, uzun-uzadı imtahana çəkib, ayarını dəqiqləşdirib, qərarını sonra verib. Üstəlik, şəyird seçimində özünəxas yolu-yolağası varmış.

“Həməşə deyərdi, mən ağalıxdan şəyird götürmürəm, şəyirdim gərəh nökərrikdən olsun, - Aşıq Əhməd Sadaxlı söyləyir. – Şəyirddik nökərrikdi, nökər olmalısan ki, ağalığa çatasan. Məni şəyird götürəndə üç sual verdi. Dedi, oğul, şəyird ustadın nəyi olmalıdı, dedim nökəri. Kişi bığaltı qımışıf qayıtdı ki, eyvalah, oğul, düz deyirsən, səni buyuruf-çağırajam, bunu özünə əysiklik sayma. Sonra soruşdu ki, eldə-obada, məclisdə-yığnaxda görüf-eşitdiyini danışmalısan, ya danışmamalısan? Dedim, danışmamalıyam, belə şeynən də aram yoxdu. Razı qalıf üçüncü sualını verdi ki, gəldin bizə, gördün baş yoldaşım yatıf, üstü də açılıf, neynərsən? Cavab verdim ki, dinməzcə çıxıf gedərəm. Ustad qayıtdı ki, sənnən sonra da qapı-qap gəzənin biri gəldi, qadın xeylağını naqolay, vəziyyətdə yatmış gördü, bə onda nolsun? Dedi, oğul, daha sən bu ailənin öyladısan, sirr dağarcığısan, örtüyüsən, namusuna da yiyə durmalısan... O qalan qaldım yanında, iyirmi beş il şəyirtdik elədim, həm ata-oğul, həm də üzəngi yoldaşı olduq...”

Aşıq Hüseyn Saraclı o vaxtdan ustadlar cərgəsində oldu, Azərbaycan aşıqlarının II və III qurultaylarında, 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə iştirak elədi. Xalq şairi Bəxtiyar Vahabzadə  yazırdı ki, “…Hüseyn Saraçlının söylədiyi dastanları dinləmişəm. Xüsusilə Aşıq Ələsgərin Gəncə səfərini ustad elə bədii, elə obrazlı danışır ki, vəziyyət teatr tamaşası kimi gözümüzün qarşısında canlanır. Elə bil, gözəl bir operaya baxırsan. Həmin operanın rejissoru da o özüdür, dirijoru da, ifaçısı da, müşayiət edəni də. Eyni zamanda, o, həm libretto müəllifidir, həm də bəstəkar”.

Bu sözlər Aşıq Hüseyn Saraclının Ustad məqamına çatdığına sənətkar şəhadəti kimi səslənir...

 

V. “Girəndə meydana mərdi- mərdana...”

Oxşa taleyimin yalınlığını,

Odundan-külündən mənə çəpər çək,

Mənim ürəyimin çalındığını,

Çalına-çalına ellərə car çək.

                                    Səməd Qaraçöp

 

Aşıq Hüseyn Saraclının məclislərində olanlar, Ustadın çalğısını-oxusunu, söyləmələrini, şəbədələrini eşidənlər, onunla ünsiyyətdə olanlar yaşadıqları ovqatı ömrü boyu unuda bilməyiblər.

Aşıq Hüseyn Saraclı hər bir Allah bəndəsi kimi, dünyanın gəldi-gedəriliyinə inanır, könül verdiyi sənətə borcunu layiqincə, Ustadsayağı verməyə can atırdı. Deyirdi, “sənətkarı el yetişdirir, sənətkar yetkinnik məqamına çatanda da verilmiş ömür möhləti başa çatır; gərək sənət adamı xalxdan aldığını xalxa qaytarsın, həməşə elin arasında olsun, dərdindən-sərinnən xavar tutsun, yeri gələndə hoyuna yetsin”. Özü də ömrünün axırınacan bu amalına sadiq qaldı, eldən aralanmadı, ellə ürək-ürəyə yaşadı...

Aşıq Hüseyn Saraclı yaşamında da, söz-söhbətində də, sənətində də öz abrını-urvatını gözləyirdi. Özü də qoşqular yazır, məqamı düşəndə dilinə gətirirdi, amma daha çox ustadlardan deyib-oxuyardı. Deyirdi, “ustaddarın sözü-söhbəti o qədərdi ki... Hərə öz uydurduğunu oxusa, onda bə ustaddardan miras qalannarı kim yaşadar?”

Məncə, Ustad heç ömrünün axır vədələrində belə, işıq üzü görməyən kitablarının da xiffətini çəkməmişdi...

 

VI. Taleyinə düşən ömür

Doğma elim Borçalıdı, Saraçlı kəndim mənim,

İtməz huşum, çaşmaz ağlım, pozulmaz zəndim mənim,

Telli sazdı uçmaz qalam, dağılmaz bəndim mənim,

Özüm ulu, yaşım qədim, min ilin hesabıyam.

                                             Aşıq Hüseyn Saraclı

 

Aşıq Hüseyn Saraclı taleyinə düşən ömrü yaşadı: ağır yığnaqlar keçirdi,  Borçalıdan İrəvanacan ellər dolaşdı, layiqli davamçılarını yetişdirdi, böyük çətinliklər hesabına olsa da, ulu saz-söz sənətimizin urvatını layiqincə saxladı.

Amma sənətə və xalqa təmənnasız xidmətləri müqabilində ana saydığı Azərbaycandan haqqını tələb eləmədi, təltif-filan, şan-şöhrət dalınca düşmədi. Bakıya çağrılandan-çağrılana gəldi, tədbirlərdə çıxış elədi, çalıb-oxuduğu havaları, danışdığı dastanları lentə köçürdülər, radio-televiziyanın qızıl fonduna daxil elədilər, amma xidmətini dəyərləndirmək kimsənin yadına düşmədi. Ustad buna da darılmadı, taleyinə şükür elədi. Özüylə apardıqlarının çəkisini-sanbalınısa indi, onu itirəndən sonra bilirik.

Gürcüstandasa, el sevgisi bir yana, Aşıq Hüseyn Saraclının sənətinə və yaradıcılığına ölkə rəhbərliyi səviyyəsində diqqət göstərildi. Dövlət tədbirlərində səhnəyə çıxdı, medallara, fəxri fərmanlara layiq görüldü, 65 illik yubileyi qeyd olunanda Gürcüstan televiziyası Ustad haqqında sənədli film çəkdi, respublika Ali Soveti ona “Əməkdar mədəniyyət işçisi” fəxri adı baş verdi. Beşilliyin uğurları haqqında səfsəfələrə kilometrlərlə lent sərf eləyən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında isə iki-üç hissəli sənədli filmin çəkilişinə “vəsait tapılmadı”...

Yaxşı ki, sağlığında ona ehtiyac duyanlar olub: Ustad çalğısıyla Gürcüstanda “İlk baxışdan məhəbbət”, Azərbaycandasa “Tütək səsi”, “Firəngiz”, “Nəğməkar torpaq”, “Aşıq Ələsgər”... bədii və sənədli filmlərində iz qoyub...

Aşıq Hüseyn Saraclı fenomeninin geniş elmi araşdırma mövzusu olduğuna heç şübhə eləmirik... Zəlimxan Yaqub demiş, Aşıq Hüseyn Saraclı “...məhlə aşığı deyil, yurd-mahal aşığıydı, bal dilli millətimin dili bal aşığı, meydanda Qoç Koroğlu, Rüstəm Zal aşığıydı. Onun varlığından nə qazandısa sazın ömrü qazandı, yoxluğundan isə nə itirdisə, Azərbaycan itirdi”.

 

VII. “Teldən ayrı təzanələr nəm çəkər...”

Teldən ayrı təzanələr nəm çəkər,

Duyan ürək dərd danışar, qəm çəkər.

Səndən ötrü minbir nazı kim çəkər,

Pərdə ağla, sədəf ağla, saz ağla.

Zəlimxan Yaqub

 

Ustad Aşıq Hüseyn Saraclı dünyadan da MİNİLLƏRİN KİŞİSİ kimi köçüb: oğlu Abbas cavanca yaşında dünyadan köç eləyəndən sonra ömür möhlətinin başa çatdığını hiss eləyib, yaxından tanıdığı, xətrini istədiyi, güvəndiyi adamlara, sənət dostlarına, şəyirlərinə xəbər göndərib ki, köç vaxtım çatıb, gəlin halallaşaq. Son məqamda da şəyirdi Aşıq Əhməd Sadaxlını çağırıb, ona buyurub ki, “kağız-qələm götür, söylədiklərimi yaz”, sonra da Aşıq Şenniyin üç bəndlik qoşmasını deyib. Aşıq Əhməd soruşub ki, “ay Ustad, iyirmi beş ildi ki, yanındayam, bu qoşqunu mana niyə demiyifsən?”  Ustad da deyib ki, “elə indicə yadışma çüşdü, özümnən aparsam, günaha bataram”. Sonra sazını istəyib, heydən düşmüş barmaqlarıyla “Borçalı dübeytisi” başlayıb, amma çalğısını axıra çatdıra bilməyib...

Həmin gün 1987-ci il yazın ortaları, daha dəqiqi, aprelin 16-sıydı...

Aşıq Hüseyn Saraclının çalğısı, söyləmələri yaddaşlara yazılmış, qoşquları, qəzet-jurnallarda, “Çeşmə”, “Dan ulduzu”, “Ağır elli Borçalı”, “Aşıqlar. El şairləri” toplularında işıq üzü görmüşdü, məzarının üstündə büstü ucaldılmışdı, 1992-ci ildə isə “Yazıçı” nəşriyyatında Süleyman Əfəndinin hazırladığı “Şeirlər, söyləmələr” adlı ilk kitabı çap edildi. Ustadın irsinə sahib çıxanlardan biri də Saraclı yurdunun yetirməsi, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Fikrət Süleymanoğlu oldu, 2009-cu ildı “Borçalı Saraclısı” kitabıyla Ustadın xatirəsini yaşatdı.

Unudulmaz söz ustadı, Xalq şairi Zəlimxan Yaqubsa aşıq sənətinin zirvələrinin bir saydığı Ustada “Hüseyn Saraçlı dastanı” kimi sanballı poetik əsər ad elədi, üstəlik, Aşıqlar İttifaqının sədri kimi, 2016-cı ildə onun 100 illik yubileyini “Hüseyn Saraclı”, “Nəğməli sinəmdə yüz dastan yatır” kitabları və yubiley tədbiriylə əbədiləşdirdi...

2018-ci ildə Ustadın Türkiyədə qoşmaları, gəraylıları, yedəkləmələri, bayatıları, müxəmməsləri, deyişmələrindən ibarət “Mən fələyi axtarıram” (“Ben feleği arıyorum”) şeirlər toplusu da işıq üzü gördü...

 

“Duvaqqapma” yerinə

...1991-ci ildə Azərbaycan televiziyasının xəttiylə Borçalıda veriliş çəkəndə Aşıq Hüseyn Saraclı haqqında daha bir Ustaddan – Aşıq Kamandar Əfəndiyevdən yüksər əyarlı sözlər eşitdim.

O çəkiliş məqamında da Aşıq Əhməd Sadaxlı Ustadın məzarı başında “Mansırı” oxudu...

Axşamın qürub çağında havalanan o səsin göynərtisini hələ də unuda bilmirəm...

O səslə MİNİLLƏRİN KİŞİSİnin bu dünyada yaşadığı urvatlı bir ömrün hekayəti söylənirdi...

Aprel 2001 – fevral 2024

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0