Bakıda 9-cu Beynəlxalq Animasiya Festivalı keçiriləcək

Apr 7, 2026 - 14:08
 0  5
Bakıda 9-cu Beynəlxalq Animasiya Festivalı keçiriləcək

Azərbaycan Animasiya Assosiasiyası və “ANİMAFİLM” MMC-nin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzi və Suraxanı gəmi-muzeyində mayın 13-dən 17-dək 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Assosiasiyadan YAZİCİ.AZ-a bildirilib ki, Azərbaycanın ilk və yeganə animasiya festivalı olan ANİMAFİLM-ə dünyanın 60-dan çox ölkəsindən iştirak üçün 437 animasiya filmi göndərilib.

Genişmiqyaslı baxış və qiymətləndirmə prosesindən sonra festivalın seçim komissiyası tərəfindən müxtəlif kateqoriyalar üzrə müsabiqədə yarışacaq filmlərin siyahısı müəyyənləşdirilib və festivalın seçim komitəsinin qərarına əsasən, bu il rəsmi seçim proqramına 21 müxtəlif ölkəni təmsil edən ümumilikdə 34 film daxil edilib. Seçilmiş filmlər həm vizual zənginliyi, istifadə olunan innovativ animasiya texnikaları, həm də toxunduğu qlobal və lokal mövzuların dərinliyi ilə fərqlənir.

Festivalın direktoru Rəşid Ağamalıyev builki rəsmi proqram və festivala olan maraq haqqında öz fikirlərini belə ifadə edib: “Bu il 60-dan çox ölkədən 450-ə yaxın filmin göndərilməsi ANİMAFİLM festivalının qlobal animasiya xəritəsində tutduğu mövqeyin və artan beynəlxalq nüfuzunun əyani sübutudur. Festival çərçivəsində təkcə yerli və xarici film nümayişləri deyil, eyni zamanda sənayenin inkişafına təkan verən 2-ci ANİMAFİLM Beynəlxalq Pitçinq Müsabiqəsi, xarici mütəxəssislərin iştirakı ilə ustad dərsləri, peşəkarlarla görüşlər və müxtəlif müzakirə panelləri də olacaq. Festival yerli animasiya sənayesi nümayəndələrini beynəlxalq təcrübə ilə tanış etmək missiyasını bu il də uğurla davam etdirir”.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0