Beş roman – tək qəhrəman

Apr 5, 2026 - 19:46
Apr 5, 2026 - 20:46
 0  48
Beş roman – tək qəhrəman

Beş roman – tək qəhrəman

“Altmışlarda ömrə şair doğulan
Elə altmışıncı uçuşunda da
Gözü görə-görə buluda doldu,
Qatardan ayrılan durnalar kimi
Bu tənha uçuşdan bezdi, yoruldu.
Elə yoruldu ki, geri boylanıb
Baxmağa nə heyi, nə nə səsi qaldı...”
ARİF ABDULLAZADƏ

Bu öncəgörmə altmışlarda ədəbiyyata gələn, 62 yaşında dünyadan köçən, tənhalığı orijinal tonlarla təsvir edən Arif Abdullazadənin (1940-2002) özünü, yaradıcılığını, şəxsiyyətini oxucusuna qısa şəkildə təqdimetməsidir. Abdullazadənin bədii yaradıcılığı çoxşaxəli olub, poeziya, nəsr, dramaturgiya kimi istiqamətləri özündə birləşdirir. Lakin nədənsə müəllif daha çox şair kimi tanınmış, yaradıcılığına münasibət əksər hallarda poeziyasına əsasən formalaşdırılmışdır. Bəlkə də buna səbəb ədibin roman yaradıcılığına qədəm qoyanadək iyirmi illik şairlik təcrübəsinin olması, daha öncə şair kimi tanınması, şeir kitablarınınb işıq üzü görməsidir. Buna baxmayaraq, Abdullazadənin roman yaradıcılığı dağınıq da olsa tədiqata cəlb olunmuş, romanları haqqında ümumilikdə onun yaradıcılığından bəhs olunan məqalələrdə və romanların ayrılıqda təhlili verilmişdir. Təbii ki, bu yazı daxilində Arif Abdullazadənin romanlarının tam təhlilini verməyin mümkün olmadığı qənaətində olsaq da, qismən də olsa yazıçının romanlarının hər birinə aid qısa izahat vermək niyyətindəyik.

Arif Abdullazadənin roman yaradıcılılğı 1980-2000-ci illərdə çap olunmuş beş romanı əhatə edir: “Bir ovuc torpaq”, “Duyum”, “İşıq zolağı”, “Sınaq kürəsi”, “Qanlı yaddaş”. Demək olar ki, heç bir mənbədə qeyd olunmasa da, müəllifin tədqiqatçıların diqqətini cəlb etməyən az sayda hekayələri də var (“Ağ yaylıq”, “Toy”, “İçərişəhər yuxusu” və b.). Ümumilikdə, romanlarla tanışılıq zamanı diqqəti çəkən aparıcı iki məqamdan söz açmağımız yerinə düşərdi ki, bunlardan birincisi, ədibin roman yaradıcılığında yer alan bütün mövzuların onun poeziyasında dəfələrlə müraciət etdiyi məsələlərlə bağlı olması, poeziyasını nəsrə daşımasıdır. İkinci diqqəti çəkən məqam isə bundan ibarətdir ki, mövzusunun nə ilə bağlı olmasından asılı olmayaraq, romanlarda ana xətti tənha qəhrəmanın taleyi – insan təkliyi təşkil edir. 

A.Abdullazdənin romanlarında tez-tez onun poeziyası üçün xarakterik olan lirik-psixoloji məqamlar yer almaqdadır. Məs, “Bu tərddüdlər, fikir qarışıqlığı içində bir də gözünü açıb gördü ki, yenidən yay gəlib, lakin nədənsə günlər ikiqat uzanmayıb, gecələr ikiqat qısalmayıb, dünya ikiqat isinməyib, ayılar hələ yuxudan oyanmayıb. Uzun gündüzlər, qısa gecələr, yuxusuz aylar axtarmaq niyyətiylə məzuniyyətə çıxdı”..; “Axı kimin, nə vaxt, haradan ağlına gəlib və bəşəriyyət üçün belə bir adət, qayda yaradıb ki, gecələr yatmaq üçündür?”; “...Bu qayğısız, qarşılıqlı anlayışsız kimləsə birlikdə eyni tavan altında yaşamaq özünü də, başqalarını da aldatmaq deməkdir”...kimi fikirlər Abdullazadənin poeziyasının mövzuları, ümumi ruhu ilə həmahəngdir.

“Bir ovuc torpaq”  və ya bir qəribin taleyi

“Bir ovuc torpaq” müəllifin yazıçı kimi oxucusunun görüşünə gəldiyi ilk irihəcmli əsərdir. Roman 70-80-ci illərdə qələmə alınmış, 1982-ci ildə əvvəlcə “Azərbaycan” jurnalında hissələrlə, sonra “Gənclik” nəşriyyatında kitab şəklində işıq üzü görmüşdür. Prof. Vaqif Yusiflinin dediyi kimi, “bir qürbətkeşin həyatını əks etdirən” romanda İkinci Dünya Müharibəsində sovet ordusu tərkibində vuruşan, yaralanaraq almanlara əsir düşən və o zamanın yazılmayan qanunlarına əsasən vətənə qayıdarkən təqib olunacağını bildiyinə görə Türkiyəyə pənah gətirən İsmət Kərimov obrazı yaradılmışdır. Roman “Sevimli şairim Nazim Hikmətin xatirəsinə ithaf olunmuşdur” qeydi ilə başlanır. Qeyd etmək yerinə düşərdi ki, Arif Abdullazadə 1970-72-ci illərdə Türkiyədə türk-sovet birgə müəssisəsində tərcüməçi kimi çalışmışdı, təbii ki, burada gördükləri - Türkiyənin təbiəti, mədəniyyəti, yaşam səviyyəsi, ortaq dəyərlər, ən əsası isə müxtəlif səbəblərdən Türkiyəyə pənah gətirmiş azərbaycanlıların – “bir ovuc torpağa həsrət qalan” həmvətənlərimizin həyatı və düşüncələri roman üçün xeyli material vermişdi. 
Romanın adına gəlincə, roman daxilində adın fərqli şəkildə yozumu üçün işarələr var. Daha əvvəl də qeyd etdiyimiz kimi, yazıçı Türkiyənin müxtəlif şəhərlərində yaşayan vaxtilə Azərbaycandan köçən mühacirlərin həyatını təsvir edir. Onların arasında hansısa yolla turist kimi Azərbaycana getməyə imkan tapan Leyla xanım adlı bir qadın Vətəndən torpaq gətirmişdir və mühacirlər həyatdan köçəndə qəbrlərinə həmin torpaqdan bir ovuc səpilməsinə ümid edərək yaşayırlar ki, bu da hamıya nəsib olmur. Romanın başqa bir hissəsində məşhur türk şairi Nazim Hikmətin qəriblikdə - Moskvada “Novodeviçi” qəbristanlığında olan məzarından söz açılır. Və qeyd olunur ki, Türkiyəyə səfər etmiş rus şairi Lev Oşanin İstanbuldan torpaq gətirərək həmin məzara səpmişdir. Müəllif oxucusuna çatdırmğa çalışır ki, müxtəlif səbəblərdən insanlar Vətəndən didərgin düşsələr də, torpağa bağlılıqlarını itirmir, daim bətnə qayıtmaq, tamlaşmaq arzusunu qoruyurlar. Ola bilər ki, ədib Türkiyə və Azərbaycanın uzun müddət ərzində bir-birindən uzaq qalmasını, qəriblik və həsrəti “bir ovuc torpaq”la simvolik olaraq ifadə etməyə çalışmışdır (Türkiyə böyük Vətən, Azərbaycan isə ondan iraq qalmış “bir ovuc torpaq”).

Romanın adını Abdullazadə yaradıcılığına müraciət edən əksər tədqiqatçılar çəksə də, A.Məmmədova aid “Bir ovuc torpağın istisi” məqalə-resenziya üzərində dayanmağı lazım bilirik. 1983-cü ildə - romanın çapından sonra yayımlanan həmin yazıda dövrün tələblərindən irəli gələn sosialist tənqidi nəzərlərimizi çəkir.  Məqalədə romanın bədii məziyyətlərindən bəhs edilsə də, fikrimizcə, romanın əsas qayəsinin sanki “kapitalizmin “işgüzar” dünyasının ziddiyyətləri və sadə zəhmətkeşlərin acınacaqlı taleyi”nin əksi olması ilə bağlı fikirlər səsləndirilməklə romanın ideyası təhrif olunur.  Bütün yaradıcılığı boyunca kommunizmə, qırmızı bayraqlar və kommunist liderlərinə heç bir şeir həsr etməyən, prof. B.Əhmədovun dediyi kimi “bütün qəlbi ilə mayısçı olan” müəllifin qayəsi, böyük ehtimalla bu deyildi. Romanda Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi və digər hadisələrdən sonra Vətəndən getməyə məcbur olan bir neçə mühacir nəslinin təsviri Sovet ideologiyasına qarşı bir çıxış idi. Heç şübhəsiz, Arif Abdullazadə romanda İbrahim bəy, Valeh, İsmət bəy kimi azərbaycanlılarla yanaşı, repressiyanın soyuq əlindən qaçan tatar Cəlal bəyin obrazını yaratmaqla faciənin miqyasının böyüklüyünü, o zamankı sovet məkanında bir çox xalqların, xüsusilə türkdilli xalqların həyatına təsir etdiyini göstərməyə çalışmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, yazıçı Türkiyə həyatını da ideallaşdırmır: «Qəribə şəhərdir bu İstambul. Küçələri elə bil bir-birinin içinə girib. Elə İstambullular da belədir. Bir-birinin içinə girmiş bu küçələrdə hamı özü üçün yaşayır».

 Və ya, «....burada hamı özü üçün daşdan-daşa vurur, çox pul qazanmaq üçün müxtəlif yollar arayır. Çünki bu şəhərdə pulla nə istəsən edə bilərsən: onmərtəbəli ev də tikdirib kirayə verərsən, böyük bir gəmi də alıb lap elə Amerikanın özü ilə alver edə bilərsən. Qəribə şəhərdir. Metro bu şəhərə hava-su kimi lazımdır. İçməli suyu da çatışmır. Su da pulla satılır. Adamlar varlandıqca ölkə yoxsullaşır» 
Təbii ki, bu təsvirlər müəyyən qədər ekzotika və əlçatmazlıq görüntüsü yaratdığını düşünənlər ola bilər. Lakin romanın yazıldığı zamanda sosializmin hökm sürdüyü bir ölkədə insanlar hətta halal zəhmətləri ilə qazandqlarını da rahat şəkildə bahalı evlərə, maşınlara, zinət əşyaları, texnika və s. xərcləməkdən çəkinirdilər. Az qala hər əldə etdikləri maddi dəyəri çox olan əşyaya və ya mülkə görə insanlar hesabat verməli olurdular. Deməli, sovet vətəndaşının gördükləri və müşahidələrindən heyrətlənməsi təbiidir. 

Arif Abdullazadə romanda bir neçə məqamda Türkiyənin tarixi, türklərin Anadoluya necə gəlməsi, şanlı keçmişlə bağlı fikirlərini də qələmə alır. Məsələn: “Türklər bu yerlərə onuncu əsrdə gəliblər. Bundan əvvəl isə yunanların, romalıların... məskəni olub bu yerlər. Görəsən, türklər niyə məhz bura, Anadolu yarmadasına axışıblar. Axı onlar başqa yerlərdə də əbədi məskən sala bilərdilər. Müxtəsər Türkiyə tarixində oxumuşdu ki, bu yarımadada yunanlardan və romalılardan əvvəl Eti adlanan ən qədim türk tayfaları yaşayıblarmış. Və türklər yalnız öz əcdadlarının vətəninə dönmək üçün bu yerlərə gəliblər. Yaxşı, bəs onda bu Etilərdən niyə bir nişanə qalmayıb? Hara baxırsan yunan, Roma...Burda da, İzmir yaxınlığındakı Efes xərabəliklərində də, Bursada da, Ankarada da Etilərdən bir nişanə görünmür....” Təbii ki, tarixçi olmadığımıza görə bu mülahizə və fikirlərin nə dərəcədə doğru və məntiqli olduğu barədə fikir söyləməkdən uzağıq. Ancaq bizə məsələnin maraqlı olan tərəfi müəllifin Türkiyənin tarixi keçmişinə də yer ayırmasıdır.

İsmət bəyi tale türk-sovet müəssisəsinə tərcüməçi olaraq gətirib çıxarmaqla həmvətənləri ilə qarşılaşdırır, illərlə içini didən nisgil, həsrət daha da qubarlanır. O, romanda 50 yaşında bir adam kimi təsvir olunsa da, həyatının müxtəlif məqamları ilə bağlı xatirələrində dönə-dönə vətənə qayıdır. Romanda bir neçə dəfə “Hər səhər dünya yenidən qurulur. Hər sabah yeni bir başlanğıcdır” fikri səslənir. “Ömründəki belə başlanğıcları saymağa başladı: uşaqlıq – bir, Bakı həyatı – iki, dava – üç, Ukraynadakı düşərgə - dörd, Avstriyadakı – beş, İstanbul – altı, Ankara – yeddi, Mersin – səkkiz, Bursa qalası – doqquz, toxucu fabriki – on, Seydişehir – on bir, nəhayət, Bandırma – on iki. On iki həyat...” Öz həyatı haqqında roman yazmağı düşünən, ona ad fikirləşən (“Yoxa çıxmış ömür”) İsmət bəy bir səhər o romanı yazmağa macal tapmadan bu dünyadan köçüb gedir. Çünki “Təkliyə ancaq insan dözə bilər”. Təklik isə bütün “on iki həyatı” boyunca İsmətin ruh halı idi.

Romanın qələmə alındığı vaxtda Türkiyəyə “yaxın, uzaq” diyar idi və müəllifin canlı müşahidələri əsasında Türkiyə həyat tərzi, oradakı ictimai-siyasi hadisələr, mədəniyyət, yəni bir çox şeylər Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanmışdı. Həmin illərə aid mətbuatı nəzərdən keçirməklə belə bir qənaətə gəldik ki, roman haqqında mətbuatda və ədəbi tənqiddə ciddi tənqidi fikirlər səslənməmiş və əsasən “nəzərdən qaçmışdı”. 

“Duyum” və ya duymaq hissi tənhalaşdırır

Müəllifin növbəti romanları çox qısa zaman kəsiyində ərsəyə gətirdiyi, 1986-cı ildə bir kitab halında çap olunan “Duyum” (1982) və “İşıq zolağı” (1983) əsərləridir. “Duyum” romanı 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin  sifarişi və vəsaiti hesabına Xalq yazıçısı Elçinin ön sözü ilə təkrar nəşr olunmuşdur. Zamanına görə psixoloji nəsrin samballı nümunələri olan bu əsərlərdə də diqqətimizi tənha ziyalı qəhrəmanın taleyi çəkir. Hər iki romanda qəhrəmanların həyatlarının müxtəlif mərhələləri, fərqli insanlarla ünsiyyətdən yaranan təəssüratların təsviri vasitəsilə müəllif zəmanəsinə, insan taleyinə münasibətini əks etdirir. 

“Duyum” Arif Abdullazadənin romanları içərisində daha çox tədqiqata cəlb olunmuş əsərdir. Həmin araşdırmalar içərisində Prof V.Yusiflinin “Döngələr, dayanacaqlar” məqalə-resenziyası və  H.Nəsibovanın “1970-1980-ci illər Azərbaycan romanında insan və cəmiyyət” məqaləsi xüsusilə diqqət çəkir. Prof. V.Yusifli romanların hər ikisini “psixoloji roman” kimi dəyərləndirir.  Romanlardan birində psixoloji vasitə səs, digərində isə işıq zolağıdır.

“Duyum” romanı adsız qəhrəmanın 4 gecəsi, 4 yuxusu və 4 günü şəklində qurulsa da, bütün roman sadəcə həmin zaman kəsiyi ilə məhdudlaşmır, qəhrəman uşaqlığından başlamış, hadisələrin baş verdiyi zamanadək yaşadıqlarını, duyğularını xatırlayır, yuxusunda SƏSə danışır. Qəhrəmanın uşaqlığı təqribən əvvəlki romanı xatırladır, soyuqqanlı ata, valideyn itkisi, övlad həsrəti, Bakıda tələbəlik illəri, gənclik sevgisi və s. arasında oxşarlıq və avtobioqrafik məqamlar oxucunun diqqətindən yayınmır. Romanda Akademiyada elmi fəaliyyətə qatılan bir ziyalının elm mühiti, oradakı qeyri-peşəkar durum, teatrda baş verənlər və s. barədə dərin müşahidələrə söykənən fikirləri yer almaqdadır. Düşünürük ki, qəhrəmanın teatrda oynadığı ilk rolun məhz Cəlil Məmmədquluzadənin “Ölülər” faciəsindəki Kefli İsgəndər olaraq seçilməsi heç də təsadüfi deyil. Çünki qəhrəman sonrakı həyatında elə İsgəndər kimi tək, anlaşılmaz, qəribə olaraq qalır. 

Romanda diqqəti cəlb edən qəhrəmanın xüsusi fəhm və daxili duyum – intuisiya ilə bəzi şeyləri baş vermədən öncə hiss etməsidir ki, bu xüsusi qabiliyyətinə görə də məhz başqa planetdən gələn Səslə əlaqə yarada bilir. Doğrudur, bəzi məqamlarda qəhrəmanın Səslə dialoqu, xüsusilə, SƏSin insan kimi düşünməsi, müəyyən hisslərinin insanı xatırlatması inandırıcı səslənmir. Diqqət çəkən məqamlardan biri həmin dialoqlardan birində insan nəslinin nə vaxtsa başqa planetdən gəlməsi və ya gətirilməsi barədə fikirlərdir ki, A.Abdullazadənin “Sınaq kürəsi” adlı digər bir romanı eyni ideya üzərində qurulmuşdur. 

Əslində romanda baş verən bütün hadisələr, qəhrəmanın fərqli situasiyalarda fərqli adamlarla, hətta SƏSlə də danışdıqları onun təkliyinin sərhədlərini göstərmək üçün fon rolunu oynayır, çünki müəllifə görə, insan nə qədər çox insanla ünsiyyətdə olursa, içindəki tənhalıq bir az da dərinləşir. Həyatı həyat kimi yaşamaq, hamı kimi olmamaq, adətlərə, cəmiyyət tərəfindən qoyulan qaydalara kor-koranə tabe olmamaq qəhrəmanın düşüncələrini həmişə məşğul edir. “Özün öz diri gözlərinlə, öz əllərinlə qapısını açıb qarşılamadığın səhər sənin deyil” qənaəti müəllifi anlamağımıza yardımçı olur.  Digər bir məqamda qəhrəmanımız dostu, iş yoldaşı Eminin intihar xəbərini alarkən qəbul olunmuş saxta əxlaq normalarına etiraz etməyin ən bariz nümunəsi kimi intihardan söz açır: “...çoxları bu həyatı daha çox, hamıdan çox sevdikləri və ondan daha çox şey umduqları üçün intihar etmişlər – ya bütöv həyat, ya da heç nə...Bəlkə iradəsi zəifləmişdi Eminin? Yalnız iradəsizlər intihar edə bilər. Bu da yalandır, kökündən yalandır – intihar iradənin zirvəsidir! Həyatdan öz xoşunla ayrılmaq üçün necə də güclü iradə lazımdır insanda!”. Qəhrəmanın SƏSə uyaraq ölüm eksperimenti etməsi, ölümünü imitasiya eləməsi də maraqlıdır.

“İşıq zolağı” və ya Robinzonlar

İlk səhifələrindən “Tənhalar o kəslərdir ki, onların öz-özüylə danışmağa sözləri yoxdur” fikri səslənən “İşıq zolağı” romanında iki xətt diqqətimizi çəkir. Bunlardan biri dostları tərəfindən qəribəliyi və tənhalığa meylinə görə “Robinzon” ləqəbi ilə çağırılan qəhrəmanın xəttidir ki, onun monoton yaşam tərzi belə təsvir olunur: “Pərdəsi çoxdan salınmış, səhnəsi qaralmış, salonu boşalmış teatr kimi. Dünənki tamaşada səsi salonu titrədən böyük bir sərkərdə, kral, bu gün isə teatrın kiçik bufetinin küncündə ciblərini eşələyən aktyor kimi”. Roman boyunca bir zamanlar sevdiyi deyingən arvadının bir addımlığında öz dünyasına çəkilməyi bacaran və ya bunda çıxış yolu tapan, gerçəklərdə qaçan Robinzonun halına həm oxucunun qəlbi ağrıyır, həm də haradasa ətrafında sərhəd yaratmağı bacardığına görə həsəd aparır.

Əsərin digər xəttini isə Sirac və Nərgiz xətti təşkil edir. Sirac şəxsi səadətini tapmaq üçün mübarizə aparır, cəmiyyətin əksinə gedərək “ona uyğun olmayan” Nərgizlə həyat yolunu birləşdirməkdən çəkinmir. Təbii ki, bu, Siracın cəsarət nümayiş etdirdiyi tək məqam deyil. O,  öz taleyinə boyun əyən, tək təsəllisi öz aləminə qapılıb düşünmək və mütaliə etmək olan Robinzondan tamamilə fərqlənir. Əsərdə onların dialoqlarından birinə baxaq:
“Robinzon düşünmədən cavab vermişdi:
- Pis adamdılar, ona görə. Pislik iliklərinə işləyib.
Sirac bir az susduqdan sonra yaşlı adamlara məxsus müdrik ahənglə etiraz etmişdi:
- Pis adam yoxdur dünyada.
- Necə yəni, bəs...
- Bunun necəsi yoxdur ki, pis adam yoxdur dünyada, vəssalam, bədbəxt adam var”.
Dialoqdan göründüyü kimi, Robinzon qəbul olunmuş hazır etalonlarla düşünür, insanları yaxşılara və pislərə bölür, Siraca görə isə, əgər insanın davranışında nəsə bir pis şey varsa, bu onun bədbəxt olduğuna görədir. Çünki özü bədbəxt olanlar başqalarına xoşbəxtlik arzulamır. Bədbəxtlər yeni bədbəxtliklərin səbəbkarlarına çevrilir. 

“Sınaq kürəsi” və ya tənhalaşan səslər

Yazıçının 1984-1986-cı illərdə qələmə aldığı “Sınaq kürəsi” romanı müəllifin izahına görə, uzun müddət nəşriyyatların diqqətini cəlb etməmiş, əsərdə səsləndirilən fikirlər redaktorlar tərəfindən birmənalı qarşılanmamışdır. Bu səbəbdən də roman ilk dəfə 2000-ci ildə “Azərbaycan” jurnalında işıq üzü görmüşdür. “Azərbaycan” jurnalında romanın ilk hissələri çap olunarkən verilmiş “Müəllifdən” hissəsində oxuyuruq: “Oxucuların müzakirəsinə təqdim edilən bu roman 1984-86-cı illərdə qələmə alınıb. Burada müzakirə sözünü mən təsadüfən işlətmirəm. Çünki janr baxımından ənənəvi roman kanonları qəliblərinə o qədər də uyuşmayan  bu əsərdə bir neçə ədəbi meyil və formaların müəyyən elementləri yanaşı şəkildə təzahür olunur”. Həqiqətən də, əsərlə tanış olduqda elmi-bədii fantastika, psixoloji roman kimi bir neçə roman tipinin təzahürlərinə rast gəlirik. Eyni zamanda, Sınaq kürəsinin əhalisinin məskunlaşması, zaman-zaman daha təkmil həyat tərzinə nail olması, çoxsaylı savaşlar, hakimiyyət iddiaları, dinlərə və fəlsəfəyə münasibət və zamanla kürə sakinlərinin yarılarını axtarmaq uğrunda çabalarının tükənməsi, tənhalaşma kimi məsələlər sanki Yer kürəsində bəşəriyyətin keçdiyi “təkamül” prosesini xatırladır. Bu romanda Səs yenə qarşımıza çıxır, lakin artıq fərqli şəkildə və tək yox. Diqqət çəkən məqamlardan biri də küləkdən doğulan səslərdir ki, sanki dini ədəbiyyatda Adəmə verilən nəfəsi, ruhu yadımıza salır. Ümumiyyətlə, roman müəllifin də qeyd etdiyi kimi, olduqca mürəkkəb struktura və məzmuna malikdir. Min illər ərzində səslərin eksperimentləri nəticəsində formalaşmış Sınaq kürəsinin məhv olma səbəbi isə tənhalaşmadır. Əvvəlki romanda qeyd etdiyimiz kimi, xoşbəxt olmayan, öz içinə qapanıb tənha qalanların nifrəti günü-gündən artır və Sınaq kürsəi məhv olur. Roman bu fikirlərlə tamamlanır: “Və yenicə partlayıb son zərrələri kainatın boşluqlarına səpələnən Sınaq kürəsi özünün şüurlu-şüursuz canlıları, məskənləri, topluları, kəşfləri, ixtiraları, tapıntıları, tarixi və bu tarixin yollarında səpələnmiş ömür taleləri, insan, heyvan, təbiət adları, uğurları, uğursuzluqları, sevgiləri, həsrətləri, sevincləri, qüssələri...ilə necə də bizim ana yer kürrəmizə bənzəyirdi...” Deməli, müəllif Yer kürəsini də məhvə aparacaq tək şeyin tənhalaşma, yadlaşma olduğuna əmindir. Əvvəldə də qeyd etdiyimiz kimi, Abdullazadə romanı “müzakirəyə açıq” bir layihə kimi təqdim etsə də, dövri mətbuatda belə bir müzakirənin getdiyini görə bilmədik. (“Sınaq kürəsi” romanı son dövr Azərbaycan nəsrinin inkişaf xüsusiyyətlərinə nəzərən ayrıca yazımızda təhlil olunmuşdur) 

“Qanlı yaddaş” və ya təklənən millət

Arif Abdullazadənin son romanı “Qanlı yaddaş” ilk variantda “Azərbaycan” jurnalında hissələrlə 1992-ci ildə çap olunmuş, müəllifin vəfatından sonra 2010-cu ildə ayrıca kitab halında yenidən oxucuların ixtiyarına verilmişdir. Romanın yazıldığı vaxtda 20 Yanvar hadisələrindən hələ az müddət keçirdi və Azərbaycanın müstəqillik mübarizəsi hələ tamamlanmamışdı. Ümumiyyətlə, roman bu mövzulara Azərbaycan nəsrində ilk müraciət olunmuş əsərlərdən biridir. Və bu səbəbdən 20 Yanvar hadisələrinin ədəbiyyatımızda əksinə həsr olunmuş bir çox məqalə və araşdırmalarda ona isnad olunmuşdur. 
Roman özlüyündə müəllifin əvvəlki romanlarında ötəri, epizodik halda müraciət etdiyi bütün mövzuların küll halında əks olunduğu əsərdir. Əsərdə Qarbağ hadisələri, həmvətənlərimizin dədə-baba yurdları olan Qərbi Azərbaycan torpaqlarından qovulması, Meydan hərəkatı, müstəqillik uğrunda mübarizə, qanlı 20 Yanvar hadisəsilərinə yer verilmişdir. Məlumdur ki, ədəbiyyatımızda sonuncu hadisələrin əks olunduğu xeyli sayda bədii əsər yazılmışdır, A.Abdullazadənin romanını həmin əsərlərdən fərqləndirən burada hadisələrin birbaşa təsvirindən daha çox, həmin qanlı hadisələr üçün zəmin olan tarixi hadisələr, tarixin saxtalaşdırılması və s. məsələlərə önəm verilməsidir. Romanın qəhərəmanı Adilə (və təbii ki, yazıçıya da) elə gəlir ki, baş verən hər bir bəla və müsibətin kökündə illərlə düşünülmüş şəkildə tarixin saxtalaşdırılması durur, milli kimliyin təsdiqi meydanlara çıxmaqla bərabər, gerçək tarixin yazılması ilə mümkün ola bilər. Çünki əsərdəki Adil obrazı əsil ziyalı kimi faciəni çox-çox əvvəlcədən duya bilən, lakin ətrafdakıların nadanlığı ucbatından səsini kimsələrə çatdıra bilməyən tənha qəhrəmandır. 

Romanda Adilin xatirələri içərisində ona heç cür dinclik verməyən bir məqam var. Hardasa Qarabağ hadisələri başlamamışdan bir az öncə Şuşada ezamiyyədə olarkən o, güclü müşahidəsi ilə doğma torpaqlarda ayrı küləklərin əsdiyini, kimlərinsə artıq qədərindən artıq oralara sahiblənmə hallarını hiss edir: “...sən bir işə bax ki, heç Cıdır düzünə də qalxmadım, İsa bulağına da getmədim. Bəlkə şəhərə girər-girməz birbaşa üz tutduğum turbazada qarşımı kəsən ilk qadağan, ordenli qapıçının üzümə bağladığı qapı? Bəlkə də Adillə Rüstəmin turbazada (bəlkə də elə bütün Şuşada – Dağlıq Qarabağda) müdirdən də böyük sayılan sestra-xozyayka adı ilə əsil xozeyinlik eləyən Asyanın murdar sifəti, mənə öz doğma yurdumda bir-iki gecəlik yer verməyən acı dili, mənə qapını göstərən dəmir əlləri!” Romanın müxtəlif yerlərində qəhrəman uşaqlıqdan bu yana yaşadıqlarını xatırlayarkən dəfələrlə yurdun qədim tarixinə aid çoxsaylı nişanələri gördüyünü söyləyir. Bütün ömrü boyu həmin tarixin yazılması üçün can atır. 

Adil (hardasa müəllifin özü) vətənini, millətini, onun tarixini sözün həqiqi mənasında sevən bir alimdir. Hamıya öz rəftarı ilə qəribə görünən bu “əhlikef” adam çiyinlərində bir millətin dərdini gəzdirən bir ziyalıdır. Onun ətrafında olan Səfər, Dəmir, Qorxmaz, Əsgər və başqaları isə  böyük bir elmi müəssisədə çalışsalar da, əsil ziyalı keyfiyyətlərindən məhrumdurlar. Onlar nə millət dərdi, nə xalq dərdi çəkirlər, əksinə Adilin tariximizlə bağlı üzə çıxarmaq istədiyi faktlara nəinki inanmır, hətta ona “başını salamat saxlamaq üçün dərinə getməməyi” məsləhət bilirlər. Buna Adilin cavabı belə olur: “Bəs kim getsin dərinə? Mən getməyim, sən getmə, o getməsin, kim getsin, kim? Kənardan gəlib yazacaqlar sənin tarixini? Odeyy, yazırlar da. Ağızlarına gələni deyirlər haqqımızda, vururlar, söyürlər, üzümüzə tüpürürlər. Sənsə susursan. Buna görə də gündən-günə qudururlar, həyasızlaşırlar. Fikirləşirlər ki, balam, bunlar susursa, bizə cavab vermirsə, deməli, sözləri yoxdur da, deməli, biz düz deyirik...” Özünə həmfikir tapmayan Adil tənhalıqdan əziyyət çəkir. Onu dünyanın ən qayğısız adamı hesab edənlərdən fərqli olaraq, Adilin dilindən verilmiş hissələrdə necə tənha olduğu göstərilir, şəxsi planda olan uğursuzluqlar isə əsla onu yolundan döndərmir, amalı, əqidəsi yolunda inamı və əzmini sarsıtmır. 

Qeyd etdiyimiz kimi, Adil əsər boyunca kitabın çap olunması üçün qarşısına çıxan maneələri yıxmağa çalışır. Lakin vətənpərvərlikdən uzaq vəzifəpərəstlər öz havadarlarına sədaqətlərini göstərmək üçün kitabın çapına imkan vermir. Gerçək tarixin əks olunduğu həmin kitab çap olunana qədər düşmən tərəf öz saxta tarixini yazmağa imkan tapır və orada Azərbaycan torpaqlarına olan iddialarını səsləndirir. Və gerçək tarix qanlı tarixə - qanlı yaddaşa çevrilir. Müəllif müxtəlif məqamlarda qanlı faciənin baş vermədinə qalan qalan vaxtı qeyd etməklə oxucuya sanki xəbərdarlıq edir, millətin ziyalısının faciəni əvvəlcədən necə duyduğunu göstərməyə çalışır. Adil üçün düşmən anlayışı bir deyil. Təbii ki, həmin anlayış daxilində sadəcə torpaqlarımıza soxulan, meydandakı əliyalın insanlara atəş açan, onları tanklar altında əzən sovet əsgəri və onun komandanı ilə bərabər öz içimizdən olan xain və ruhunu satmış, mənəviyyatını itirmiş kəslər də var. Başının salamat olmasından, qarnının tox, əyninin qalın olmasından başqa dərdi olmayan bu “ziyalılar” Adilin (yəqin elə müəllifin də) gözündə düşmənin ən pisidir. 

Arif Abdullazadənin “Qanlı yaddaş” romanı bütövlükdə meydan hərəklatı və 20 Yanvar hadisələrinin təsvirindən ibarət deyil, lakin əsər boyunca hadisələrə qədər qalan zaman azalan ardıcıllıqla vaxtaşırı xatırlanır. Bu çox uğurlu seçilmiş bir ədəbi priyomdur. Belə ki, həmin qanlı tarixin yaşanmasına qədər çox hadisələr baş verirdi, lakin çoxluq onların nəticələrinin nə ola biləcəyini ya anlamır, ya anlamazdan gəlirdi, tək-tək anlayanlar isə susdurulurdu. Meydan hərəkatının təsviri zamanı Azərbaycanın dövlət müstəqilliyi uğrunda günlərlə soyuq havada meydanda gecələyən, yoldaşlarını qoyub getməyən insanlar, onlara evlərdən isti çay və ərzaq aparan digər vətəndaşlar və basqın gecəsi qorxmayaraq küçələrə çıxan əhalinin fədakarlığının təsviri zamanı müəllifin bir qürur hiss etdiyi duyulur. Bununla bərabər, yaşına, silahsız olmasına, nə istəməsinə məhəl qoymadan hamıya atəş açan sovet ordusuna qarşı yönələn kin və nifrət də təsvir olunur. Təbii ki, müəllif hadisələrin iştirakçısı olmasa da, şahidi olmuşdu və təsvirlərin canlılığına bu da təsir etməyə bilməzdi. (20 Yanvar hadisələrinə aid müəllifin bir neçə şeiri də vardır ki, onların içərisində dəyərli bəstəkarımız Cavanşir Quliyevin müsiqi bəstələdiyi “Şəhidlik andımız” xüsusi seçilir). Ümumiyyətlə, roman həm təhkiyə üsulu, həm obrazlılığı, həm də ayrı-ayrı məqamlarda tarixi həqiqətlərə sədaqət duyğusunun gücü ilə 90-cı illərdə yazılmış ən yaxşı romanlardandır.

Əvvəldə də qeyd etdiyimiz kimi, haqqında bəhs etdiyimiz romanlar yetərincə dərin məzmuna malikdir və ədəbi fakt olaraq təhlil üçün xeyli material verir. Bu yazıda  fikirlərimizi yekunlaşdıraraq bildirmək istərdik ki, Arif Abdullazadə nəsri onun poeziyası ilə birbaşa bağlıdır, ədibin poeziyasındakı əhval-ruhiyyə dəyişkənliyi, zamanla tənhalıq və təklik mövzusunun önə çıxması nəsrində daha qabarıqdır. Romanların beşinin də qəhrəmanının ortaq xətlərini tapsaq, hər birində ilk növbədə kökünə - ayrı yaşadığı valideynlərinə, doğma elinə bağlı olan tənha ziyalını görərik. Demək olar ki, qəhrəmanların hamısı yaradıcı adamlardır, roman, dissertasiya və ya xatirələrini yazır, hamısında keçmişə qarşı nostalgiya duyğusu var, qadınlara və sevgiyə münasibətdə həssas, çox hallarda məişətlə və gündəlik həyatla düşkünlükdən və şərtiliklərdən uzaqdırlar. Bu sətirləri oxuyanlar düşünə bilərlər ki, müəllif yeni obraz yatarmaqda səriştəsi olmadığına görə təkrarən oxşar obrazlara qayıdır. Tamamilə razı deyilik. Onun yaratdığı obrazlar – İsmət, Sirac, Adil “tənha uçuşdan bezmiş” olsalar da, uçmaqda davam edən qəhrəmanlardır və onları yaradarkən Arif Abdullazadənin qələmi rəngarəng boyalardan istifadə etməklə hər dəfəsində tək qəhrəmanın fərqli bir portretini yaratmağa müvəffəq olmuşdur və heç şübhəsiz, onlarda avtobioqrafik cizgilər aydınca sezilir. 

Pakizə Əliyeva 
ADPU-nun Şəki filialı

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0