Bilirəm dilini çiçəklərin də - Ramiz Qusarçaylının şeirləri
Yazıçı Ədəbiyyat Portalı tanınmış şair, Yazıçılar Birliyinin Quba bölməsinin sədri Ramiz Qusarçaylının seçmə şeirlərini təqdim edir.
AZƏRBAYCAN BAYRAĞI
Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər öpər,
Hər rəngində “ya qazı, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı !
Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı!
Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı !
Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı !
Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı !
Azərbaycan bayrağı !
SƏNİN İŞIĞINDAN KEÇİR BU YOLLAR
Sənin işığından keçir bu yollar,
Sənin işığından keçirəm mən də.
Səni işıq-işıq içir bu yollar,
Öz işıq payımı içirəm mən də.
Sənin işığına köklənib hər yer,
İşığa yüklənib əlim, ayağım.
İşıq dirəkləri saxlaya bilmir,
Bu qədər işığı necə saxlayım…
Gecəni şəhərdən yuyur işığın,
Gecəyə gözündən yol çəkəcəklər.
İşıqdan işığa qonur arılar
Arılar işıqdan bal çəkəcəklər…
Baxıb işıl-işıl işarır adam,
Hardandı bu qədər boya, bilmirəm.
İşığa bulaşır dilim, dodağım
Üzümdən işığı yuya bilmirəm.
Bu qədər işığı hardan yığmısan,
İşıqdan od tutub yanır bu şəhər.
Gözləri qamaşır göy üzünün də
Çıxmağa utanır Günəş bu səhər.
Yenə də keçirəm sizin şəhərdən,
Yenə də qarşıma işığın çıxır.
Qapını gizlicə döyür gözlərim,
Qapının ağzına uşağın çıxır…
HARDASAN
Hardasan, öldürür bu təklik məni,
Ovutmur bu güllük, çiçəklik məni…
Sənsiz göyüm – göyüm göynəyirəm mən,
Sənsiz bu dünyanı neynəyirəm mən…
Pirdi, övliyadı, nədi, bilmirəm,
Eşqə bax, imana, dinə gəlirəm.
Mən səndən ayrılıb gedə bilmirəm,
Mən səndən ayrılıb sənə gəlirəm.
Bir bəyaz duyğutək gəlləm yuxuna,
Durub şirin – şirin səslərəm səni.
Büküb qarasına, büküb ağına,
Gözümün içində bəslərəm səni.
Gözümdə nə qədər gecə ağarıb,
Özüm də bilmirəm necə ağarıb,
Nazın bu sevginin göz dağı olub,
Sinəm bu sevginin dustağı olub…
İki göz dolusu ağlaram səni,
İki dodaq boyu gülləm səninlə.
Gizlicə yolundan saxlaram səni,
Dünyanı ikiyə bölləm səninlə.
Hardasan, öldürür bu təklik məni,
Ovutmur bu güllük, çiçəklik məni…
Sənsiz göyüm – göyüm göynəyirəm mən,
Sənsiz bu dünyanı neynəyirəm mən…
GEDİRSƏN
Sən indi gedirsən, üzügülər, şən,
Söylə, ötən günlər yada düşdümü.
Qaya ürəyimin zəlzələsindən,
Dərə ürəyinə səda düşdümü.
Gedirsən, bəmbəyaz duvaq başında,
Əllərin dizində nə titrək gedir.
Qışqıra-qışqıra gedən maşında
İkiyə bölünmüş bir ürək gedir.
Güman yox, təzədən sevilim, sevim,
Sinəm ağrıların dustağı olub.
Sənə bu sevginin ömrü bir sevim,
Mənə bir ömürlük göz dağı olub.
Gah yağış çiləyir, gah döyür külək,
Nədən yollarımın çəni ötməyir.
Ağacda tutmayan calaq yeri tək,
Gözümdən həsrətin izi getməyir.
Səsimə səs verər daş da, qaya da,
Bilirəm dilini çiçəklərin də.
Bir də sənli günlər çətin qayıdar,
Səmtini dəyişsəm küləklərin də.
Nisgilin könlümdə kök atıb dərin,
Göyərir hər sözün hər gileyimdə.
Çoxalıb qat kəsən xatirələrin
Çürüyür həsrətin nəmişliyində.
Əhdini itirib tapdılar səni,
Günəşdin, gedirsən Ay olmaq üçün.
Özgə təndirinə yapdılar səni,
Özgə süfrəsinə qoyulmaq üçün.
Boylanıb bu eşqin ötən yazına,
Daha payız-payız soyuyasıyam.
Yıxılıb kədərin çarpayısına
Sərxoş adam kimi uyuyasıyam.
MƏN KƏNDDƏN ÇIXANDA GECƏ YARIYDI
Mən kənddən çıxanda gecə yarıydı,
Söyüdlər yol üstdə tellənirdilər.
Coşan ürəyimin duyğularıydı,
Sinəmdən süzülüb sellənirdilər.
Enib dərələrin, düzlərin üstə
Gecə öz diliylə layla deyirdi.
Baş qoyub dağların dizləri üstə
Yollar şirin-şirin mürgüləyirdi.
Mehlə sığallanıb nazilən otlar
Şehli nəvazişə bükülürdülər.
Ayağım altında əzilən otlar
Torpaqdan yapışıb dikəlirdilər.
Qönçələr çəmənə pıçıltı salıb
Yuxulu-yuxulu çiçəkləyirdi.
Yumru evlərini çiyninə alıb
İlbizlər izimlə iməkləyirdi.
Gedirdim, gecənin haysız-haraysız,
Həzin nəğməsindən doyammamışdım.
Qəlbimdə sübhədək oyaq qalan qız
Hələ yuxusundan oyanmamışdı…
Mən kənddən çıxanda gecə yarıydı,
Ay örpək çəkmişdi çöllərin üstə.
Heyrətim yolunu azan arıydı –
Uyuyub qalmışdı güllərin üstə …
QOCA XALİD
Qoca Xalid, bu havanın ritmi nə,-
Bəm birinin, zil birinin əlində.
Könül yatmır bu dövranın ritminə
Şah birinin, qul birinin əlində...
Göyün pəri, Yerin oxu yeyilmiş,
İki dünya bir bəlaya əyilmiş,
Can hər kəsin öz əlində deyilmiş
Ol birinin, öl birinin əlində.
Bir qalada gül daşıdı daş gülü,
Bir talada meh qurudur yaş gülü,
Kim qoyacaq baş daşıma beş gülü,-
Daş birinin, gül birinin əlində...
ANAMA
Ürəyim üstündə şam bənövşəsi,
Ayrı nəyim var ki, yanası, anam.
Sənsən gülşənimin qəm bənövşəsi
Sənsən göz yaşımın sonası, anam.
Ovunmaz bu dərdim hər simin üstə,
Qar üstdən qar yağır səbrimin üstə,
Elə ağlayardım qəbrinin üstə,
Qorxdum ki, uçular binası, anam…
Bu zalım fələyin üzü ağ olsun,
Dağı düzdə qalsın, düzü dağ olsun,
Sevməyən kim varsa canı sağ olsun
Məni sevənlərin anası, anam…
QURUDUB GÖNDƏRMƏ BƏNÖVŞƏLƏRI
Əlimə alınca əlim qurudu.
Qurudub göndərmə bənövşələri.
Nəfəsim qurudu, dilim qurudu
Qurudub göndərmə bənövşələri.
Çatmadım bu il də yaza bilirəm,
Darıxa bilirəm, susa bilirəm,
Özüm quruyanda dözə bilirəm
Qurudub göndərmə bənövşələri.
Əl saxla, dər saxla, təzə-tər saxla,
Çıxart ürəyimi, üstə sər, saxla,
Mənə də ölməyə bir az yer saxla
Qurudub göndərmə bənövşələri.
***
Bir ölüm günüdü hər doğum günü,
dünyaya gəlmək də özünə qəsddi.
Beşik də məzardı, ana bətni də,
Dünya ömür-ömür qırılan səsdi…
Nə ürəyim təzə, nə ağlım təzə,
ağlın adı ağır, ürəyin yükü.
Ürəyə, ağıla işığa bənzər
bir-iki misranın sarısı çöküb.
Daha bu yollara nə sirr düşəcək,
nə də heyrətimi yol aparacaq.
Ürəyim bir sözə əsir düşəcək,
bir söz ürəyimi qul aparacaq..
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0