Bir mən vardır, məndə məndən içəri - Yunus Əmrənin şeirləri

May 24, 2026 - 23:09
May 24, 2026 - 23:11
 0  11
Bir mən vardır, məndə məndən içəri - Yunus Əmrənin şeirləri

Yazıçı Ədəbiyyat Portalı Yunus Əmrənin şeirlərini təqdim edir.

SALAM OLSUN

Biz dünyadan gedər olduq,

qalanlara salam olsun,

Bizim üçün xeyir-dua

qılanlara salam olsun.

Əcəl bükə belimizi,

söylətməyə dilimizi,

Xəstə ikən halımızı

soranlara salam olsun.

Tənim ortaya açıla,

yaxasız köynək biçilə,

Bizi bir asan vəchilə

yuyanlara salam olsun.

Əzrayil alır canımız,

qurur damarda qanımız,

Yuyacağ ağ kəfənimiz

saranlara salam olsun.

Gedər olduq dostumuza,

İrəmədik qəsdimizə,

Namaz üçün üstümüzə

duranlara salam olsun.

Sözdür söyləmir araya,

kimsə döyməz bu yaraya,

İltib bizi məqbərəyə

qoyanlara salam olsun.

Bu qaydadı, gələn gedər,

Əcəl ki var bizi güdər,

Bizim halımızdan xəbər

soranlara salam olsun.

Aşiq odur Haqqı sevə,

Haqq dərdinə qıla dəva,

Bizüm üçün xeyir-dua

qılanlara salam olsun.

Aşiq Yunus söylər sözü,

qan-yaş ilə doldu gözü,

Bilməyən nə bilsin bizi,

bilənlərə salam olsun.

MƏNDƏN İÇƏRİ

Sevərəm mən səni candan içəri,

Yolum ötməz bu ərkandan içəri.

Nərəyə baxarsam könlüm dolusu,

Səni harda qoyam bəndən içəri?!

O bir dilbərdi ki, yoxdur nişanı,

Nişan yoxdur binişandan içəri.

Məni sorma mənə, məndə deyiləm,

Bir mən vardır məndə məndən içəri

Məni məndən alana irməz əlim,

Qədəm kim basa sultandan içəri?!

Təcəllidən nəsib erdi kiminə,

Kiminin məqsudi bundan içəri.

Kimə dəydi isə ol dost nəzəri,

Anın şöləsi var gündən içəri.

Sənin eşqin məni məndən alıbdır,

Nə şirin dərd bu dərmandan içəri.

Şəriət, təriqət yoldur varana,

Həqiqət, mərifət andan içəri.

Süleyman quş dilin bilir dedilər,

Süleyman var Süleymandan içəri.

Unutdum din, diyanət qaldı məndən,

Bu nə məzhəbdürür dindən içəri?!

Dinin tərk edənin küfürdür işi,

Bu nə küfrdür imandan içəri?!

Keçər ikən Yunus səs oldu dosta,

Ki qaldı qapıda andan içəri.

GƏL GÖR MƏNİ EŞQ NEYLƏDİ

Mən yürürüm yana-yana,

Eşq boyadı məni qana.

Nə aşiqəm, nə divana,

Gəl gör məni eşq neynədi.

Gah əsərəm yellər kimi,

Gah tozaram yollar kimi,

Gah coşaram sellər kimi

Gəl gör məni eşq neynədi.

Axar su kimi çağlaram,

Dərdli ciyərim dağlaram.

Şeyxim anuban ağlaram,

Gəl gör məni eşq neynədi.

Ya əlim tut, qaldır məni,

Ya vəslinə yetir məni.

Çox ağladım, güldür məni,

Gəl gör məni eşq neynədi.

Mən yürürəm eldən-elə,

Şeyx anarım dildən-dilə.

Qürbətdə halım kim bilə,

Gəl gör məni eşq neynədi.

Məcnun oluban yürürüm,

Yarı yuxuda görürüm,

Oyanıb məlul olurum,

Gəl gör məni eşq neynədi.

Miskin Yunus, biçarəyəm,

Başdan-ayağa yarəyəm.

Dost əlindən avarəyəm,

Gəl gör məni eşq neynədi.

MƏNƏM

Əvvəl mənəm, axır mənəm, canlara can olan mənəm,

Azıb yolda qalmışlara hazır mədəd qılan mənəm.

Bir qərara tutdum qərar, sirrimi mənim kim duyar,

Sözsüz məni qanda görər, könüldə gizlənən mənəm.

Düz döşədim bu yerləri, çöksü urdum bu tağları,

Sayəvan etdim göyləri, geri tutub duran mənəm.

Dəxi əcəb aşiqlərə iqrarü din, iman oldum,

Xəlqin könlündə küfr ilə, islam ilə iman mənəm.

Xəlq içində dirlik düzən, dörd kitabı doğru yazan,

Ağ üstünə qara düzən o yazılan Quran mənəm.

Həmzəni Qafdan aşıran, əlin-ayağın şeşirən,

Simürği-Qaf ardındağı o ağulu ilan mənəm.

Yunus deyil bunu deyən, kəndüligidür söyləyən,

Kafər olur inanmayan, əvvəl axır haman mənəm.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0