Dünya sənin nəyindi ki? – Akif Səmədin şeirləri

Mar 26, 2026 - 13:22
 0  9
Dünya sənin nəyindi ki? – Akif Səmədin şeirləri

Yazıçı Ədəbiyyat Portalı unudulmaz şair Akif Səmədin şeirlərini təqdim edir.

***
A bəxtəvər, elə bilmə
Yadam mən Akif Səmədə.
Dərd ha deyil, düşmür çiçək
Badamdan Akif Səmədə.

Anam məni daş doğmadı,
Gözlərində yaş doğmadı.
Ağac yaxın, daş doğmadı
Adamdan Akif Səmədə.

Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış.
Bircə qarış yol varıymış,
Adəmdən Akif Səmədə.

     

    * * *
    Könlümə baxdım, görmədim,
    Əfəndim, xocam, hardasan?
    Ömür binama hörmədim,
    Yüksəyim, ucam, hardasan?

    Bir dağı aşıb qalmışam,
    Eşqə yanaşıb qalmışam,
    Yollarda çaşıb qalmışam,
    Ələməm, xaçam, hardasan?

    Eşqlə sərsəri gəzirəm,
    “Mən”dən içəri gəzirəm,
    Adəmdən bəri gəzirəm,
    Buddayam, hacam, hardasan?

    Akifəm, qəlbimdə ahım,
    Qoy ahım olsun pənahım,
    Bilmirəm nədi günahım,
    Ay məndən qaçan, hardasan?

     

    * * *
    Nizama bax, düzgüyə bax,
    Üzün üzə salamı var.
    İnanmırsan – güzgüyə bax,
    Gözün gözə salamı var.

    Sağa enər, sola çıxar,
    Dar dərədən yala çıxar.
    İz deyilən yola çıxar,
    İzin izə salamı var.

    Hərə bir cür üsul bildi,
    Hər üsulda qüsur bildi.
    Allah dedi, Rəsul bildi,
    Sözün sözə salamı var.

    Xatirəmdə o çağ yanar,
    Qoçaq ölər, qorxaq yanar.
    Alovlanıb ocaq yanar,
    Közün közə salamı var.

    Akif ölər söz üstündə,
    Muzd-babalı öz üstündə.
    Qəbul edək göz üstündə,
    Kimin bizə salamı var!

    * * *
    Sən kövrəlmə, ay atam,
    Dözümə yol gedirəm.
    Nə vaxtdı itib-batan
    İzimə yol gedirəm.

    Yanmaq yaraşır ömrə,
    Qulam Allahdan əmrə.
    Nəsimi, Yunus Əmrə
    Sözümə yol gedirəm.

    Daşda bitən kolmuşam,
    Öz-özümü yolmuşam.
    Özümdən yol almışam,
    Özümə yol gedirəm.

    * * *
    Ömrün boyu umdun küsdün,
    Dünya sənin nəyindi ki?
    Arxasınca asdın-kəsdin
    Dünya sənin nəyindi ki?

    Yan, oduna yanan deyil
    Bir dərdini qanan deyil
    Atan deyil, anan deyil
    Dünya sənin nəyindi ki?

    Dağlarda qara bax oğlan
    Qəlbimdə yara bax oğlan
    Ağlama qarabığ oğlan
    Dünya sənin nəyindi ki?

     

    * * *
    Hacı Məhəmməd Astanbəyliyə

    Biz deyəni demir, neynək,
    Bu çərxi-gərdiş, gəl gedək.
    Üzə dayanıb durmaqdan,
    Getməkdi mərd iş, gəl gedək.

    Qəm yüngül – könlünə götür,
    Dəm ağır – könlündən ötür.
    Heybəni çiyninə götür,
    Oxuma, dərviş, gəl gedək.

    Dərdimiz niyə söz oldu?
    Söz oldu, saza düzüldü.
    Allah, Allah, nə tez oldu
    Yaşamaq vərdiş, gəl gedək.

    Könül harda, Akif orda,
    Yolu olan qalmaz darda.
    Nə tapıbsan adamlarda,
    Məhəmməd, dərdiş, gəl gedək.

     

    * * *
    Uzanıb sübhə qədər,
    Çəkirəm ah gecələr.
    Gedir yenə qayıdır
    Mənə sabah gecələr.

    Gecəyə yiyə durmur,
    Sabahın sağ sahibi.
    Qaralar ağı yedi
    Hardadı ağ sahibi.

    Ulduzlar ulduz deyil,
    Səbrim dara çəkilir.
    Neçə bəyaz duyğunun
    Üstündən qara çəkilir.

    Görsəniz yoxam, deyin
    Ay tək batmağa getdi.
    Öldü deməyin, dostlar
    Akif yatmağa getdi.

     

    * * *
    Məni dostlarım öldürdü,
    Düşmən dirildər, inşallah!
    Baxma, ölüb gedib pələng,
    Bir də nərildər, inşallah!

    Azadlıq — dam dolu toyum,
    Uyu, könlüm, rahat uyu.
    Uzanar bir arpa boyum,
    Ötən hər ildə, inşallah!

    İzsiz-tozsuz öləcəyəm,
    Elə demə, çiyələyim.
    Uçub gedər kəpənəyim,
    Qalar zər əldə, inşallah!

     

    * * *
    Namərdinsən, mərdinsən,
    Mənim döyülsən, ömrüm.
    Ya quşunsan, qurdunsan,
    Mənim döyülsən, ömrüm.

    Sultansan, qulun hanı?
    Yolçusan, yolun hanı?
    Bülbülsən, gülün hanı?
    Mənim döyülsən, ömrüm.

    Sərkərsən, qoşun hanı?
    Atansan, daşın hanı?
    Ağlarsan, yaşın hanı?
    Mənim döyülsən, ömrüm.

    Çölləri gəzəmmədim,
    Gülləri üzəmmədim,
    Əyildin, dözəmmmədin
    Mənim döyülsən, ömrüm.

    Akif Səməd qocadı,
    Haqqı görən xocadı,
    Haqqın yeri ucadı,
    Mənim döyülsən, ömrüm.

    Əylən

    Bu nə yeriş, bu nə nazdı,
    Amandı, ay gedən, əylən.
    Bu günlər yoxsa, sabahlar
    Gümandı, ay gedən, əylən.

    Gülə can verən arıyıq,
    Yönü sevdaya sarıyıq,
    Ölüm heç nədi, ayrılıq
    Yamandı, ay gedən, əylən.

    Açıb yasəmən kolları,
    Açılıb bizə qolları,
    Tanı getdiyin yolları,
    Dumandı, ay gedən, əylən.

     

    * * *
    Yarəb, adamam adıma —
    Sanıma yazığın gəlsin.
    Bu dünya xandı, mən qulu,
    Xanına yazığın gəlsin.

    Bir ulu, bir qədim səsdim,
    Bilmirəm niyə tələsdim.
    Qılıncam, qınımı kəsdim,
    Qınıma yazığın gəlsin.

    Ay qarannıqdı, qar işıq,
    Gecə-gündüzə yaraşıq,
    Qanım qannara qarışır,
    Qanıma yazığın gəlsin.

    Nə oxuyur bu saz, bu tar?
    Canımda qoymadı tutar.
    Canımdan canımı qurtar,
    Canıma yazığın gəlsin.

     

    * * *
    Elə divarlar aşmışıq,
    Qardaş, ölüm nəmənədi?
    Elə yüklər daşımışıq,
    Qardaş, ölüm nəmənədi?

    Ölüm nədi? — Adi divar,
    Həllac Mənsur var, Hadi var.
    Fağır ölümün adı var,
    Qardaş, ölüm nəmənədi?

    Sevənlər aşıq olmasa,
    Qan bircə qaşıq olmasa,
    Bu arvad-uşaq olmasa,
    Qardaş, ölüm nəmənədi?

    Güllər, çiçəklər dərmişik,
    Guya pünhana sərmişik.
    Məqbəri bizlər hörmüşük,
    Qardaş, ölüm nəmənədi?

    Doğru-düzünə yaşasan,
    Halal sözünə yaşasan,
    Ömrü özünə yaşasan,
    Qardaş, ölüm nəmənədi?

     

    * * *
    Qurban yazıma, baxtıma,
    Yayda da boran, qar eylər.
    Qaldırar sultan taxtına,
    Saldırar eldə xar eylər.

    Odu çarə, odu naçar,
    Aşiqlər çarədən qaçar,
    İstər gülüşü gül açar,
    İstər, zülfünü mar eylər.

    Eşq gəlib neçə sənədi,
    Eşqdi könlün sənədi,
    Əğyar? Nə əğyar? O nədi?
    Akifə neylər, yar eylər.

     

    * * *
    Su kimi çəkilib getdim,
    Nə fərqi yerə, ya göyə.
    Dərdimi tapşırıb getdim,
    Saza, kamana ya neyə.

    Ağlamaynan mən öləndə,
    Elə bil olmamışam heç.
    Sevgi kimi, duyğu kimi,
    Qəlbinə dolmamışam heç.

    Mənli günləri yuxu bil,
    Bir yuxuydu gəldi, getdi.
    Nərgizdən gələn qoxu bil,
    Bir qoxuydu gəldi, getdi.

    Atilayım, Çilənayım,
    Sorsalar atamız hanı?
    Çaşma, ləngimə, təngimə,
    Göstər beş-altı qoşmamı.

    Dünyaya sözü olmadı,
    Söylə ki, ürəkdən getdi.
    Heç nədə gözü olmadı,
    Gəlmişdi, ürəknən getdi.

     

    * * *
    Zər ilə qoşa atıldım,
    Nərdi başa düşmədim.
    Namərdi başa düşdüm,
    Mərdi başa düşmədim.

    Nə ağırmış söz işi,
    Söz işindən göz işi,
    Sevinc qaçdı öz işi,
    Dərdi başa düşmədim.

    Yolları daşa düşdüm,
    Bir ömür qışa düşdüm,
    Eh… birdə başa düşdüm,
    Birdə başa düşmədim.

     

    * * *
    Yataram yuxum ağrımaz,
    Bir misra duyğum ağrımaz,
    Sevinmə, ruhum ağrımaz,
    Mənimki can ağrısıdı.

    Səyyad sayılan söz ovlar,
    Kimi çox, kimi az ovlar,
    Çəkilən cümlə əzablar,
    Bir qaşıq qan ağrısıdı.

    Bir sözün var yüz ağrısı,
    Hər ağrının öz ağrısı,
    Şair kəsin söz ağrısı,
    Dünyanın son ağrısıdı.

    Mən Bakıya oxumağa gəlmişdim

    Məni görüb yaxın ağlar, yad ağlar,
    Ağıl ağlar, yaddaş ağlar, yad ağlar,
    Ya bərələr, ya dərələr, ya dağlar.
    Mən Bakıya oxumağa gəlmişdim.

    Köç-ulaqlı aran yolu, dağ yolu,
    Oğru yolu, doğru yolu, haqq yolu,
    Kəhkəşanda unutduğum ağ yolum,
    Mən Bakıya oxumağa gəlmişdim.

    Ay qatarçı, ay maşınçı, ay adam,
    Bu şəhərə siz doğmasız, mən yadam.
    Burax gedim, ay gözəlim, ay qadam,
    Mən Bakıya oxumağa gəlmişdim.

    Genişiydim səma boyda, çöl boyda,
    Ürək verdim, diplom aldım əl boyda,
    Ürəyimdə yara açdı gül boyda –
    Mən Bakıya oxumağa gəlmişdim.
    Mən Bakıya oxumağa gəlmişdim.

    Tural Adışirinin təqdimatında

    Sizin reaksiyanız nədir?

    Bəyən Bəyən 0
    Bəyənmədim Bəyənmədim 0
    Sevgi Sevgi 0
    Əyləncəli Əyləncəli 0
    Əsəbi Əsəbi 0
    Kədərli Kədərli 0
    Vay Vay 0