Gecikmiş ismarış - Adilə Aslanovanın hekayəsi

Apr 11, 2026 - 08:24
 0  35
Gecikmiş ismarış - Adilə Aslanovanın hekayəsi

Yazıçı Ədəbiyyat Portalı Adilə Aslanovanın "Gecikmiş ismarış" hekayəsini təqdim edir.

9- cü mərtəbədən atılmış 15 yaşlı qızın cəsədi, az qaldı ki, növbətçi polisin ayaqları altına düşsün. Bir gözqırpımında polis özünü ona çatdırsa da, artıq gec idi. Yeniyetmə qızın cılız bədəni bir anda param- parça olmuşdu. Əlindəki kiçik çanta 6- 7 metr uzaqlığa düşmüşdü.

Polis çantanı götürüb, içindən qızın telefonunu tapdı. Ekranı çilik- çilik olmuş telefondan nömrəni çıxarıb öz telefonuna saldı. "Ana" yazılmış nömrəyə zəng etmək istədi. Nömrə bloka atılmışdı. Sonra sonuncu danışıq nömrəsinə zəng elədi. Səsindən orta yaş sahibinə oxşayan bir qadın açdı telefonu. Qadının:

-Gör saat neçədir, hardasan ay qız?- sorğusuna polis cavab verdi:

-Xanım, polisdəndir. Siz kimsiniz, Büllur sizin nəyinizdir?

Qadının səsi titrədi:

 -Mən...mən...evlərində qulluqçuyam, dedi. Hanı Büllur, niyə özü cavab vermir?

-Xanım, onun yaxınlarına deyin, zəhmət olmasa, Nizami rayonu 26 - ci polis bölməsinə yaxınlaşsınlar, - dedi və qeydiyyat şöbəsinə daxil oldu. Qısa məruzədən beş dəqiqə sonra, hadisə yerinə aidiyyatı üzrə toplanan polis və ekspert komissiyası yeniyetmə qızın meyidini morqa təhvil verdi.

 - Davudova Billur Mahal qızı- Rusiya Federasiyasının Voronej şəhərində doğulmuş, Nizami rayonunda müvəqqəti yaşayış qeydiyyatına alınmışdı.

 ...Müstəntiq Qarayev müəmmalı intiharın səbəbini araşdırmaq üçün burdan başladı:

-Vətəndaş Davudova, qızınızın intihar xəbərini harda və necə aldınız?

Pırtlaşıq saçlarından üzünün yalnız bir hissəsi görünən qadın uzun fasilədən sonra, cavab əvəzinə əlləri ilə üzünü qapayıb ucadan hönkürdü.

-İndi ağlamaq lazım deyil, - deyib, müstəntiq əvvəlki sualı hirslə təkrar elədi. 

Qadın güclə eşidiləcək səslə:

-Burda deyildim- dedi.

Cavabdan bir qədər də əsəbləşən müstəntiq:

-Yerini de, burda olduğunu bilsəydim, bu sualı verməzdim yəqin...

-Türkiyədə...bir tanışım zəng edib dedi ...

-Getmə səbəbini açıqla.

Qadın eşitmirmiş kimi sualın təkrar verilməsini gözlədi.Müstəntiqi od götürdü:

-Vaxtımı alırsan, vətəndaş Davudova...

Müstəntiq uzun -uzadı suallardan ibarət izahat vərəqini qadının qabağına qoydu:

-Sualları diqqətlə oxu və cavablarını da çalış doğru - dürüst yaz. Nə özünə, nə də bizə problem yarat,- dedi.

Sualları oxuduqca qadının rəngi ağarırdı. Müstəntiq özünü etinasız kimi göstərsə də, fikri halbahal olan qadında idi. Onun izahatı bitirməsi çox uzun çəkdi.

Müstəntiq Qarayev Billurun çantasından tapılan məktub barədə hələlik ona bir söz demədi. O, nifrət dolu baxışlarla qadına qapını göstərərək:

-Hələlik gedə bilərsən, bir də çağıranda vaxtında gəl, dedi.

  Mahal Səlimə ilə evlənəcəyini deyəndə, ailədə hamı bir- birinə dəydi.

-Ay bala, gül kimi qızlar durmuşkən,...tanıyan- bilən bizə nə deyər,... ağlını başına yığ..., anası çox dedi, Mahal eşitmədi ki, eşitmədi. 

Bir səhər evdən çıxanda :

-Ana, mən getdim, işim alınsa uzağa gedəcəm, - deyib, anasının nəsə soruşmağına belə imkan vermədən həyət qapısına çatdı. Yazıq arvad dizi üstə çöküb zülüm- zülüm ağladı.

Altı aydan sonra Mahalın sorağı Voroneydən gəldi. Dedilər Səlimə "yarımçıq" uşaq dünyaya gətirib, uşağın yaşama şansı çox azdı...amma , uşaq həyatda qaldı...

Mahalla Səlimə yola getmirdi.Kirayə qaldıqları evi tez- tez dəyişməli olurdular. Mahalın qazancı ailəni təmin etmirdi, kirayə haqqını güclə ödəyirdi. Hər gün evlərində dava- dalaş idi. Son vaxtlar Mahal evə içkili gəlirdi.

Billurun üç yaşı olanda Mahalın etirazına baxmayaraq, Səlimə Bakıya qayıtmaq qərarına gəldi. Ata evinin qapıları üzünə bağlı idi. Çünki, o, qohum- qonşu yanında ailənin papağını yerə vurmuşdu. Səlimə Mahala qoşulub gedəndə də, qardaşı aylarla dost- tanış içinə çıxa bilməmişdi. 

  Səlimə keçmiş rəfiqəsinin köməkliyi ilə heç bir şəraiti olmayan, çox ucuz kirayə ev tapıb ora yerləşdi. Mahal az da olsa, hərdən pul göndərirdi. Səlimə bu pulla heç nə edə bilmirdi. Ona görə mütləq işləməli idi. Bəs Billur necə olsun, onu kimə tapşırsın?

Anasına söz deməyə üzü olmasa da, Mahal uşağın ortalıqda qaldığını bilib ona zəng etdi. Səlimə işdən gələnə qədər onu saxlamağı xahiş elədi. 

-A bala, mənə qalsa baxaram, nə də olsa, mənim nəvəmdir. Amma, atan, qardaşın bir ölümə razı olmaz, - dedi anası.

Uşağa yazığı gələn ev sahibəsi, özü də şəkər xəstəsi olmasına baxmayaraq, Səliməyə " sən gələnə qədər mən baxaram", - dedi.

Rəfiqəsi ona bir mağazada xidmətçi işi tapdı.

Səlimə orta boy, dolu bədənli, qarayanız bir qız idi. Gözəl olmasa da, suyuşirin idi. Yeriyəndə bədəninin bütün əzaları tərpənirdi. Onun, işdə hərdən özünü qəribə aparması, uyğunsuz geyim- keçimi müdirin gözündən yayınmadı. Həm də Səliməyə iş axtaran rəfiqəsininin kimliyini də, müdir yaxşı bilirdi.

 İşdən sonra yanına çağırıb ailə vəziyyəti ilə maraqlandı. Və... beləliklə, Səlimənin həyatında yeni "mərhələ" başladı...

 Kirayə evini dəyişdi, Billuru bağçaya qoydu. Evinə xüsusi baxıcı tapdı. Mahal hərdən zəng edəndə Səlimə hər işinin qaydasında olmasından ağızdolusu danışırdı. Qız atasını görən kimi ağlayıb özünü öldürürdü ki, gəlsin onu aparsın. Artıq məktəb yaşına çatırdı. Çox şeyi dərk etməyə başlamışdı. Ən əsası da, evində anasının " Saleh müəllim" kimi qəbul edib, yola saldığı adamdan heç xoşu gəlmirdi. Hər gün Səlimə ona tapşırırdı ki, atası ilə danışanda, onlara gələn "qonaq"dan heç nə deməsin.  

Səlimənin əyin- başındakı pal-paltar, boyun- boğazındakı qır-qızıl rəfiqəsində qısqanclıq yaratmışdı. Həm də çoxdan idi ki, Səlimə mağazada xidmətçi yox, nəzarətçi idi. Onu işə düzəldən rəfiqəsini, indi görən gözü yox idi.

 Evə gələndə sevincindən üstünə qaçan Billur, ondan heç vaxt istədiyi qədər sevgi, qayğı görməmişdi.

Billuru təkcə sentyabrda, dərs başlayan günü məktəbə özü apardı Səlimə. Nə uşağın müəllimləri onu tanıdı, nə də bir valideyn iclasında onu görən oldu.

 Artıq Billur yeniyetmə qız idi. Dərslərini də pis oxumurdu. Ucaboyu, qapqara qaş- gözü , mülayim, şirin sifəti vardı. Sinifdə uşaqların çoxu ilə mehriban idi, dil tapırdı, yalnız iki qızdan başqa. Valideynlərini tanımasa belə, sinif rəhbəri Aynur müəllim, ona daim diqqət edir, dərsləri ilə, ailə vəziyyəti ilə maraqlanırdı. Qızların atmacaları onu sıxsa da, onlara baş qoşmurdu, cavab qaytarmırdı. Son vaxtlar artıq qızlar onun canını boğazına yığmışdılar. Neçə dəfə sinif rəhbərinə qızlar barədə şikayət etmək istəyib, son anda fikrindən vaz keçmişdi. Yanından keçdikcə Billura valideynləri ilə bağlı söz atırdılar. Özünü gücsüz və tənha hiss edirdi Billur. Bu üzdən səbirsizliklə tətilin başlanmasını gözləyirdi.

Havalar hədsiz isti keçirdi. Artıq dərslər başa çatmış, uşaqlar Billurun arzuladığı yay tətilinə buraxılmışdı. Səlimə işdən məzuniyyət götürmüşdü. Dediyinə görə Türkiyəyə müalicəyə gedəcəkdi.

Həmin gecə Səlimə evə yenə " Saleh müəllim" lə gəldi. Billur hiss elədi ki, hər ikisi içkilidir. Daha bir içki şüşəsini Səlimə stola qoyanda, ilk dəfə olaraq Billur anasının üstünə getdi:

-Ana, sən nə edirsən, atama deyəcəm.

Səlimə qızın yaxasından çəkib üzünə sərt bir şillə vurdu, itələyib divana yıxdı. 

-Atasına deyənə bax.. öldürərəm səni...

"Qonaq" olanları görmürmüş kimi vanna otağına keçdi.

Üz- gözünə soyuq su vurub, Səliməyə astadan nəsə dedi və qapıdan çıxdı. 

 Səlimə üst paltarını soyunmadan yatağa sərildi. Billur gecəni Səlimənin itələyib yıxdığı divanda keçirdi. 

 Səlimə səhər obaşdan çamadanını yığışdırıb evdən çıxanda Billura:

-Ağıllı ol, on günə qayıdacam, - dedi. 

Billur telefonunu söndürüb qulluqçunun yalvarışlarına baxmayaraq, bütün günü ac- susuz, divandan qalxmadı.

Axşama yaxın telefonu açıb atasına mesaj yazdı:

-Ata, daha sənə zəng edib "məni yanına apar" deyən qızın olmayacaq. Səni çox sevirdim, ata.

  Telefonu yenidən söndürüb çantasına qoydu və həyətə düşdü. Havanın qaralmasına baxmayaraq, yaxındakı küçələri, marketləri boş- boşuna xeyli gəzdi. Aldığı təkcə bir şüşə su oldu. Onu yanırmış kimi başına çəkdi. Artıq gecə idi. Ətrafı xeyli nəzərdən keçirib binaya daxil oldu. Liftdən çıxıb əlindəki açarla ev qapısını açdı. Qulluqçu onu görənə qədər cəld balkona çıxdı və bir anda quş kimi ordan uçdu...

Mahal telefonuna gəlmiş ismarışı Büllürun intiharından sonra oxudu.

  Xətai rayonundakı 4 saylı qadın həbsxanasının dəmir barmaqları arasından bir qadın baxırdı. Saçları vaxtsız ağarmış, bir daha ana olmaq şansı olmayan, azadlıq gününü gözləməyən bu qadın, çuxura düşmüş gözlərini qeyri- müəyyən nöqtəyə zilləmişdi. İndi o, çəkilməmiş cəzasının qalmış altı ilinə görə deyil, məhbus analara baş çəkməyə gələn övladları gördükcə, qan- yaş tökürdü...

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0