Günel Natiqin güzgüsündəki gerçəklər... - Fuad Biləsuvarlı

Avq 17, 2026 - 18:53
 0  23
Günel Natiqin güzgüsündəki gerçəklər... - Fuad Biləsuvarlı

Babam ixtisasca filoloq olduğundan uşaqlıqdan mütaliəyə böyük həvəsim olub. Kənddə onun zəngin kitabxanası vardı. Uşaqlıq illərim həmin kitabların arasında keçib. O kitabların təxminən 90 faizi bu gün də Xırdalanda evimdə qorunub saxlanılır. Təəssüf ki, qalan hissəsi zamanın və müxtəlif səbəblərin təsirindən yararsız hala düşüb.

Bəlkə də kitaba olan sevgim elə həmin illərdə formalaşıb. Kitab mənim üçün heç vaxt sadəcə kağız üzərindəki sözlər olmayıb. Kitab həm də insanın özünü, həyatı və ətrafındakı insanları daha yaxşı anlamasına aparan bir yol olub.

Çoxları yay aylarında istirahət edir, müxtəlif yerlərə gedir, dincəlməyə çalışır. Mən isə sadəcə istirahət etməyi bacarmıram. Həm həyatın maddi şərtləri, həm də içimdəki daim işləmək və yaratmaq ehtiyacı buna imkan vermir. Maddi imkansızlıq səbəbindən yay tətilimi doğulub boya-başa çatdığım Biləsuvar rayonunun Bağbanlar kəndində keçirirəm. Bir tərəfdən Odlar.media saytımı işlədib jurnalist fəaliyyətimi davam etdirirəm, digər tərəfdən isə özümlə kəndə apardığım kitabları oxuyuram.

Mənim üçün kənddə yay tətilinin mənası bir qədər də budur: sakitlik, kitab və düşünmək...

Bu günlərdə dəyərli, istiqanlı həmkarım, yazıçı, ssenarist və jurnalist Günel Natiqin “Kişilərə dur deyin!” romanını oxudum.

Romanın adı ilk baxışdan adamı bir qədər sərt qarşılaşmaya hazırlayır. Sanki müəllif kişilərə qarşı mövqe tutur. Amma əsəri oxuduqca anlayırsan ki, məsələ o qədər də sadə deyil. Burada “kişi” yalnız bir cinsin nümayəndəsi deyil, həm də cəmiyyətdə ona verilmiş gücün, üstünlüyün, qərar vermək haqqının və bəzən həmin gücdən sui-istifadənin simvoluna çevrilir.

Əsərin detektiv xətti oxucunu ilk səhifələrdən hadisələrin içinə çəkir. Qaradivarda öldürülən Dilavər, qətlin araşdırılması, şübhələr, qadınlarla bağlı versiyalar və hadisələrin arxasındakı münasibətlər romanın zahiri süjetini formalaşdırır. Lakin məncə, romanın əsas məsələsi qatili tapmaqdan daha çox, insanı həmin nöqtəyə gətirib çıxaran münasibətlərin səbəblərini axtarmaqdır.

Bu baxımdan Nihal obrazı mənim üçün xüsusilə düşündürücüdür.

Nihalın evlilik həyatına baxanda görürsən ki, ailədə zorakılıq həmişə yumruq və şillə ilə başlamır. Bəzən geyimə qarışmaqla başlayır, sonra qadının kimlə işləyəcəyinə, hara gedəcəyinə, necə davranacağına qərar verməklə davam edir. Dilavərin “mənim qadınım kişilərlə yan-yana işləyə bilməz” düşüncəsi əslində ailə qayğısı adı altında qadının azadlığının məhdudlaşdırılmasıdır.

Burada müəllifin mühüm bir məqamı göstərdiyini düşünürəm: zorakılıq yalnız fiziki hərəkət deyil, həm də insanın iradəsini tədricən əlindən almaqdır.

Məni kişi oxucu kimi ən çox düşündürən məqam da elə budur. Çünki bizdə bəzən “kişi ailəsini qoruyur”, “kişi arvadına sahib çıxır”, “kişi qadınının geyiminə qarışa bilər”, “qısqanclıq sevgidəndir” kimi fikirlər o qədər adiləşib ki, onların harada qayğıdan çıxıb nəzarətə çevrildiyini belə hiss etmirik.

Günel Natiq bu sərhədi kifayət qədər sərt göstərir.

Amma romanın maraqlı tərəfi ondadır ki, müəllif Dilavəri doğulduğu gündən pis adam kimi təqdim etmir. Əksinə, onun Nihalla münasibətinin ilk illərində sevgi, diqqət və romantika var. Sonralar isə sevginin yerini eqo tutur. Dilavərin öz etirafında dediyi kimi, zaman keçdikcə onun eqosu sevgisini üstələyir.

Bu, məncə, romanın ən mühüm psixoloji qatlarından biridir.

İnsan birdən-birə dəyişmir. Bəzən insanın içindəki bir xüsusiyyət yavaş-yavaş böyüyür və münasibətin bütün mənzərəsini dəyişir. Dünən sevdiyi insanı bu gün idarə etmək istəyir. Dünən onun fikrinə hörmət edən adam bu gün onun geyiminə, dostlarına, işinə, həyatına müdaxilə etməyə başlayır. Və ən təhlükəlisi odur ki, bunu sevgi adı ilə edir.

Romanın digər mühüm xətti isə Aylanın timsalında feminist düşüncənin təqdim edilməsidir. Ayla kişilərə nifrət edən biri kimi yox, qadın və kişi arasında bərabərlik tələb edən bir obraz kimi qurulur. Onun “mən kişilərə nifrət etmirəm” mövqeyi əslində əsərin ideyasını daha aydınlaşdırır: mübarizə kişinin özü ilə deyil, cinsi ayrı-seçkilik və zorakılıqla aparılır.

Ayla üçün ailə də mübahisə predmetidir. O, ənənəvi ailə modelinin qadını özünü qurban verməyə məcbur etdiyini düşünür. Evin yığışdırılması, uşağın böyüdülməsi, qadının özünü ərinə həsr etməsi kimi işlərin “qadının borcu” kimi təqdim edilməsinə etiraz edir. Onun “yarı-yarıya” düşüncəsi də məhz bu etirazdan doğur.

Burada mən Aylanın bütün fikirləri ilə razılaşdığımı deyə bilmərəm. Əksinə, bəzi məqamlarda onun düşüncələri mənə həddindən artıq sərt və radikal göründü. Amma ədəbiyyatın işi də həmişə oxucunu özünə razı salmaq deyil. Bəzən müəllif bir obraz yaradır və həmin obrazın fikirləri ilə səni mübahisəyə çəkir.

Mən də romanı oxuyarkən Aylanın bəzi fikirləri ilə daxilən mübahisə etdim. Amma bu mübahisə mənim üçün əsərin zəifliyi yox, gücüdür. Çünki düşünməyə məcbur edən ədəbiyyat yadda qalır.

Romanda məni düşündürən başqa bir məqam da qadınların öz aralarındakı fikir ayrılığıdır. Sahilənin ölümündən sonra qadınların bir qismi zorakılığa qarşı çıxır, digərləri isə bunun nəyi dəyişəcəyinə şübhə edir. Nihalın düşündüyü kimi, hamı öz həqiqətini bağırır, amma heç kim digərini dinləmir.

Bu, məncə, romanın ən güclü sosial mesajlarından biridir.

Çünki təkcə kişilərin dəyişməsi kifayət deyil. Cəmiyyətin dəyişməsi üçün insanların bir-birini dinləməyi də öyrənməsi lazımdır. Qadın qadını, kişi qadını, kişi kişini dinləməlidir. Əks halda hər kəs öz həqiqətini qışqıracaq, amma heç kim qarşı tərəfin ağrısını eşitməyəcək.

Romanın ən mürəkkəb məqamlarından biri isə Aylanın hamiləliyi ilə bağlı yaşadığı daxili qarşıdurmadır. O, bir tərəfdən öz bədəni və həyatı haqqında qərar vermək istəyir, digər tərəfdən bətnindəki uşağın taleyi qarşısında mənəvi məsuliyyət hiss edir.

Müəllif burada feminist ideyanı daha mürəkkəb bir müstəviyə keçirir: qadının azadlığı ilə analıq, şəxsi seçimlə həyat qarşısındakı məsuliyyət bir-biri ilə toqquşur. Məhz burada roman yalnız gender mövzusundan çıxaraq insanın vicdanı və seçimi haqqında əsərə çevrilir.

Mən bir kişi olaraq bu kitabı oxuyarkən özümə bir neçə dəfə sual verdim:

Kişi olmaq nə deməkdir?

Güclü olmaq? Qərar vermək? Ailədə son sözü demək?

Yoxsa qarşındakı insanın azadlığını qəbul etmək, onun “yox”unu eşitmək, seçimlərinə hörmət etmək?

Məncə, Günel Natiqin romanı bu suallara hazır cavab vermir. Cavabı oxucunun özünə buraxır.

Və bəlkə də romanın adı da elə buradan gəlir: “Kişilərə dur deyin!”

Bəlkə bu çağırış bütün kişilərə deyil. Bəlkə bu çağırış kişinin içindəki zorakılığa, eqoya, hökmranlıq istəyinə, qadını öz mülkü hesab edən düşüncəyədir.

Bəlkə “dur” deyilməsi lazım olan kişi yox, kişiyə aid olduğu düşünülən bəzi yanlış davranışlardır.

Günel Natiqi uzun illərdir jurnalist, yazıçı və həmkar kimi tanıyıram. Onun istiqanlılığı və insani münasibəti mənə hər zaman xoş təsir bağışlayıb. Amma müəlliflə şəxsi münasibət başqa, onun yaratdığı əsərə oxucu kimi münasibət tamam başqadır.

Mən bu romanı məhz oxucu gözü ilə oxudum.

Bəzi yerlərdə razılaşdım, bəzi yerlərdə etiraz etdim, bəzi məqamlarda isə sadəcə dayanıb düşündüm.

Mənim üçün yaxşı romanın ölçüsü də budur.

Səni razı salan kitabı oxumaq asandır. Amma səni öz fikirlərinlə mübahisəyə məcbur edən kitabı unutmaq çətindir.

“Kişilərə dur deyin!” mənim üçün belə kitablardan biri oldu.

Kitabı bitirdim. Amma suallar bitmədi.

Bəlkə də yaxşı kitabın ən böyük üstünlüyü budur: son səhifəni oxuyandan sonra belə səninlə söhbətini davam etdirir.

Kimisi yayda dənizə gedir, kimisi səyahət edir. Mən isə kənddə, babamdan qalan kitab sevgisinin davamı olaraq kitab oxuyur, yazır, düşünürəm.

Və bir daha anlayıram ki, insanın ən uzun səfərlərindən biri bəzən bir kitabın səhifələri arasında başlayır.

Fuad Biləsuvarlı

AYB və AJB üzvü, Prezident və Həsən bəy Zərdabi mükafatçısı

Mənbə: Odlar.media

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru