İstedadı və İşıqlı gələcəyi ilə seçilən gənc sənətçi - Ziya Sadıxlı
Cəmiyyətlərin mənəvi simasını formalaşdıran ən mühüm sahələrdən biri mədəniyyət və incəsənətdir. Bu sahədə yetişən istedadlı gənclər milli ruhun, estetik düşüncənin və yaradıcı potensialın gələcək daşıyıcıları kimi xüsusi dəyər daşıyırlar. Belə işıqlı gənclərdən biri də Ziya Sadıxlıdır.
O, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili Teatr Aktyorluğu ixtisası üzrə IV kurs tələbəsi olaraq sənət yolunda inamla və uğurla irəliləyir.
Ziya Sadıxlının sənətə bağlılığı, səhnəyə sevgisi və peşəsinə münasibəti onu yaşıdları arasında fərqləndirən əsas cəhətlərdəndir. Onun ixtisas müəllimi tanınmış sənət adamı Qurban Məsimov, səhnə danışığı müəllimi isə Azad Şükürovdur. Belə peşəkar müəllimlərin rəhbərliyi altında formalaşan bu işıqlı gənc zəhmətkeşliyi, nizam-intizamı və yüksək məsuliyyət hissi ilə seçilir.
Ziya Sadıxlı tələbəlik illərindən etibarən müxtəlif yaradıcılıq layihələrində iştirak edərək öz istedadını nümayiş etdirmişdir. O, Azercell reklam layihəsində yer almış, eyni zamanda 44 günlük Vətən müharibəsinə həsr olunmuş ekran işində, Mikrorayon serialında, Mənə bənzər adam filmində rol almışdır. Bundan əlavə, Oğlum filmində iştirakı onun kino sahəsində də gələcək vəd edən simalardan biri olduğunu göstərir.
Teatr səhnəsində qazandığı uğurlar da xüsusi qeyd olunmalıdır. Paris Notr-Dam tamaşasında qaraçı obrazını canlandırması onun obraz yaratmaq bacarığını, səhnə plastikasını və aktyor təfəkkürünü aydın şəkildə nümayiş etdirmişdir. Bu isə gənc yaşda sənətkar məsuliyyətini dərk edən aktyor üçün mühüm göstəricidir.
Müəllim üçün ən böyük xoşbəxtlik yetirməsini zirvəyə doğru yüksələrkən görməkdir. Uzun illər gənclərə elm və tərbiyə yolu göstərmiş bir müəllim, bir ana kimi Ziya kimi tələbələrin uğurlarını izləmək mənim üçün sonsuz qürur mənbəyidir. Onların hər nailiyyəti mənim sevincim, hər uğuru mənim mənəvi qazancımdır. Çünki müəllim üçün tələbə sadəcə tələbə deyil, qəlbdə böyüyən mənəvi övladdır.
Bu gün Ziya Sadıxlı kimi işıqlı gənclərin sənət aləmində inamla addımlaması gələcəyə böyük ümid yaradır. Mən onun timsalında yalnız zəhmətkeş bir tələbəni deyil, sabahın parlaq sənətkarını görürəm. Onun sənətə olan sevgisinə, səhnədəki enerjisinə, yaradıcı axtarışlarına və daxili mədəniyyətinə heyranam. İnanıram ki, Ziya Sadıxlı yaxın gələcəkdə Azərbaycan teatrı və kinosunun seçilən, sevilən və böyük rəğbət qazanan simalarından birinə çevriləcəkdir. O, bizim qürurumuz, sənətimizin ümidverici sabahı və gələcəyin parlaq adıdır.
Zenfira Nusalova
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru, 225 N-li orta məktəbin direktor müavini
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0