Məsləklə manipulyasiya edənlər.. - Mehman Qaraxanoğlu
Yazıçı Ədəbiyyat Portalı Mehman Qaraxanoğlunun yeni yazısını təqdim edir.
Dahi Cəlil Məmmədquluzadənin “Məslək” felyetonunda (essesində) qaldırdığı problemlər günümüzlə elə səsləşir ki... Hətta obrazlı desək, günümüz, sadəcə, geriləyib, geriləyib, gedib məcburən onunla səsləşir, bax, bu çox ağır milli-mənəvi çöküşdür, adam hec cür barışa bilmir. Həqiqətənmi biz öz irəliləyişimizi geriləyişimizlə ölçməliyik?! Və ya “fikir zadəganı” (Kamal Abdulla) Hüseyn Cavidin bizə təqdim etdiyi fundamental, semantik, praqmatik və çox dəhşətli fəryadla barışmalıyıq?!
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq. (H.Cavid)
Bildiyiniz kimi, “məslək” mənşəcə ərəb sözü olub məfkurə, amal, prinsip, əqidə anlamını verir. Şəxsən mən “əqidə” kəlməsini daha çox eşitmişəm, yəni, bu kəlmə ictimai-sosial həyatımızın müxtəlif ərazilərinə gedib çıxa bilib. Hətta tərəzidə aldadan adama da deyirlər ki, əqidəsiz olma. Amma “əqidə” dar ərazilərlə kifayətlənməyib daha geniş milli-mənəvi areallarda işlənə bilir. İş o yerə gəlib çıxır ki, adam öz-özünə sual verir: İnsan əqidəsiz yaşaya bilərmi? Bu yerdə fikir haçalanır; yaşayar da, hələ o tərəfə də keçər. Madam fikir haçalanırsa, deməli, monofonik akkordlardan polifonikliyə keçmək olar, daha konkret desək, “əqidə”nin özünə də geniş spektrdən baxmaq üçün müəyyən kultural müqayisələrə ehtiyac duyulur. Amma biz bunu etməyəcəyik...
Yaşadığımız coğrafiyada əqidə adına qəbullanan gözəl nəsnələr mümkündür ki, fərqli məkanlarda əqidəsizlik kimi dəyərləndirilsin. Ona görə də yeganə dürüst çıxış yolunu bizə dahi Mirzə Cəlil göstərir; o dahi sübutlayır ki, milli şüur və əqidəyə malik olmayan nə varsa gec-tez hər yerdə - ailədə, siyasətdə, ümumən, sosial-tarixi sferada disharmoniyaya səbəb olaraq anlaşılmaz suxurlar - neqativ yaruslar yaradır və bu da təbəqələrin bir-birindən aralanmasına gətirib çıxarır. Məsələn, “Anamın kitabı”ndakı üç qardaş kimi...
Qardaşları birləşdirən yeganə “ip” isə ata Əbdüləzimin onların doğum tarixçələrini qeyd etdiyi dəftərçədir. Həmin ipin qırıldığı anda bacı Gülbahar səhnəyə atılır və əsərin sonunda onun öz başı üzərinə qaldırdığı kitab isə Mirzə Cəlilin arzusudur...
Simvoldur!!!
Hələ də orta və ali məktəblərdə pyesin ideyasının şagird və tələbələrə düzgün çatdırılmaması təəssüf hissi doğurur. Və bu hal əsərin ideyasına da uyğun gəlir: Zərərsiz alimlər - akademiklər ölkəsində yaşamaq müsibətdir! Çünki onların ictimai şüura verdiyi “xeyir”dən zərərli dünyada heç nə yoxdur!
Bu gün Vətənçi əqidə, amal və məfkurəyə xidmət edən ziyalıları barmaqla saymaq olar. Korporativ əqidə çoxuna hakim kəsilib:
Millət necə tərac olursa olsun, nə işim var?!
Düşmənlərə möhtac olursa olsun, nə işim var?! (Sabir)
Və ya “Məslək” felyetonunda (essesində) deyildiyi kimi, nə borcuma?
“Məslək”də nələr yoxdur?! Zənnimizcə, bu esseni bütün yazarlar; şairlər, yazıçılar, jurnalistlər, xüsusən, tənqidçilər və gənclər başı üstündən asmalıdırlar:
1. Əgər səndən inciyəcəklər - deyə həqiqəti demirsənsə, yazma!
2. Yazarın hamını razı salmaq kimi bir öhdəliyi yoxdur!
3. Əgər qələmi əlinə alan yazarın şüurunda nəsə maddi bir maraq varsa, heç zad... Onun mətnə uduzmağı labüdləşir.
4. Yazıçının dünyagörüşü üniversial və ya vokal olmalıdır; yəni, təkcə yaşadığı arealı əhatə etməməlidir. Dünyada baş verən hadisələrə analitik və sinkretik yanaşaraq, onları dartıb aranjman eləməyi bacarmalıdır.
5. Ən əsası, zəli kimi həqiqətdən yapışıb qopmamalısan! Göründüyü kimi,
“Məslək” essesinin “Zəli” təxəllüsü ilə yazılması da təsadüfi deyildir...
Və bir də o dahi özü yazır ki, “hələ qurtarmadı...” Çünki bilirdi ki, milli məslək, milli əqidə, milli amal, milli məfkurə olmasa, Vətən əllərdə qalacaq...
Ruhun şad olsun, Mirzə Cəlil!
MƏSLƏK
“Təzə həyat” deyir ki, qəzetçi qəzetəsini elə yaza ki, hər kəsi özündən incitməyə. Dəxi bundan da aşkar söz ola bilməz. Əgər qəzetçi camaatı özündən incirtsə, dəxi kimə lazım olacaq onun qəzeti? Biz bunu çoxdan bilirik. Doğrudan da, biz qəzetimizi təzə başlayanda xəyalımızda qoymuşduq ki, heç kəsi özümüzdən incitməyək. Bacardığımız yerə kimi hamını özümüzə rağib eləyək ki, qəzetimizi çox oxusunlar və bizə çox abunə yazılsınlar.
Amma allah şeytana lənət eləsin, qoymadı düz yolumuznan gedək. elə əvvəlinci nömrədən başladıq bic-bic sözlər yazmağa. Ona sataşmağa, buna dolaşmağa. Demək ki, “açmamış qapı” qoymadıq. Və axırda hamını özümüzdən incitdik. Əvvəlllər genə az-çox müştərimiz var idi, amma indi getdikcə azalır.
Amma biz bu gündən məsləkimimiz dəyişirik və “Təzə həyat”ın sözünə baxıb dəxi bundan sonra elə yazacağıq ki, müsəlmanların əfkarına müvafiq olsun, yəni, onların keyfincə olsun, onların rəyi ilə düz gəlsin və elə mətləblər yazacağıq ki, hamı bizdən razı qalsın. Yəni, doğrudan da bu da bir işdi ki, qələmi al əlinə yetənə yet, yetməyənə də bir daş at?
Və bir də bunun axırı nə olacaq? Bir gün ona sataşarsan, sabah bunun üstünə gülərsən, o birisi gün ayrısına dolaşarsan və lap axırda da dünyanı özünə düşmən edərsən və lap axırda da bircə nəfər müştəri tapmazsan və milyonçu da olsan, axırda qəzetini bağlarsan.
Doğrudan da belədir; görürsən ki, bir tərəfdən nuxalılar bizdən inciyir ki, niyə yazırsan “nuxalıların qiraətxanası açılandan qiraətxananın qəzetləri və stolları hambalların dalından yerə düşür – Bir ay bura köçür, o bir ay o biri evə köçür.” Doğrudan da bizə deyən gərək ki, axır sənə nə dəxli var? Nuxa hara, biz hara, bizə nə borcdu ki, Nuxa cəmiyyəti-xeyriyyəsinin nə qədər pulu var, bizə nə borcdu ki, cəmiyyətin iki yüz manatı necə oldu?!
Aşkardı ki, nuxalıların hamısı indi biznən olublar düşmən. İndi, məsələn, götürüb yazaq ki, Bakıda müsəlman bazarında yol ilə gedənləri “hal-huya” basırlar, söz yox ki, bakılılar bunu oxuyanda bizdən inciyəcəklər.
Doğrudan da bizə deyən gərək ki, Tiflisdə otura-otura Bakı ilə nə işimiz var? Məslən, biz hara sərdar Mənsur hara ki, yazırıq “iki eşşəyin arpasını bölə bilməyə-bilməyə Rəştdən qaçıb gedib Tehranda postların rəisi olub.”
Cəhənnmə olub, gora olub, bizə nə dəxli var?!
(Hələ qurtarmadı)
Zəli
“Molla Nəsrəddin”, 14 aprel 1907, №15
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0