Məni qürur yıxır, onu naz yıxır - Vasif Süleymanın şeirləri
Yazıçı Ədəbiyyat Portalı tanınmış şair Vasif Süleymanın şeirlərini təqdim edir.
…YAXŞI UNUTDUN
Nə sevdin sevən tək, nə üz çevirdin,
Adi təsəlliydin, adi umuddun.
Mən səni hamıdan yaxşı sevirdim,
Sən məni hamıdan yaxşı unutdun.
Neyniyər dodağım şəkəri, qəndi,
Ürəyim payıza, bahara yatmaz.
Daha nə əllərim tumar çəkəndi,
Nə də ki, tellərim tumara yatmaz.
Nə sözün üstündən söz deyəsiyəm,
Nə də bacarmaram, nəyisə danam.
Ömrün sonunacan gözləyəsiyəm,
Məni tanıyırsan, həmin oğlanam.
Dünyanın yolları sevinc qarışıq,
Yolların dünyası müsibətiymiş.
Bir gün məhəbbətdən biz yaranmışıq,
Bizi öldürən də məhəbbətiymiş.
Nə sevdin sevən tək, nə üz çevirdin,
Adi təsəlliydin, adi umuddun.
Mən səni hamıdan yaxşı sevirdim,
Sən məni hamıdan yaxşı unutdun.
SƏYYAH
Hər gün ürəyimdən gəlib-gedirsən,
Yaxşı yol tapmısan gəlib-getməyə.
Elə yaxşısını sən eləyirsən,
Qorxuram, başqası gələ, getməyə.
Birdən səsə düşər, qulağın səsə,
Dinlə o sözləri bir yalan kimi.
Hələ harasıdır, ürəyim üstə,
Dünyanı gəzəcən Magellan kimi.
Elə sənsizlikmiş ümid, pənahım,
Hər şeyi yazıram qəmin boynuna,
Heç qubar eyləmə mənim səyyahım,
Dəmir çarığın da mənim boynuma.
Tələsmə, bu yolda, astaca, aram,
Gör neçə gecəmiz, səhərimiz var.
İndidən deməyə bir az qorxuram,
Hələ o dünyaya səfərimiz var.
Tələsmə, adına biçilib bu yol,
Tələsmə, bu yolla tən gedənin yox.
Mənim ürəyimdə sən arxayın ol,
Qapıdan çıxanda ləngidənin yox.
Bu yol nə uzundu, nə də ki, qısa,
Bu yol ömür ilə ölüm arası.
Qəlbimə yol saldın, amma…
Hardasa,
Yolunu gözləyir kimsə, qadası.
Hər gün ürəyimdən gəlib-gedirsən,
Yaxşı yol tapmısan gəlib-getməyə.
Elə yaxşısını sən eləyirsən,
Qorxuram, başqası gələ, getməyə.
GƏLSİN
Eşqin ayrılıqdan keçən yolu var,
Keçimmi… ayrılıq havası gəlsin.
Bu eşqə göylərdən fərman verilib,
Tanrım, aç sirrini, mənası gəlsin.
Bu ömrün sonudu – bu eşqin sonu,
Əllərim alovun içində donur.
Yerlərmi, göylərmi yaratmış onu,
İnsan yaradıbsa, anası gəlsin.
Gecə gördüyümü danışdım suya,
Gözümə gəlməkdən usandı röya.
Yandıra-yandıra gəlib dünyaya,
Varmı məndən gözəl yanası, gəlsin.
BOYUNCA
Çox şey istəmədim, Tanrı adından,
Tək səni istədim qədər boyunca.
Gecənin zülməti yaxır adamı,
Elə hər açılan səhər boyunca.
Mələksən, imansan, pirsən, bilirsən,
Mənə möcüzəsən, sirsən, bilirsən.
Səni yazdığımı bir sən bilirsən,
Sevinc axtarıram kədər boyunca.
Dondurub ruhumu, donu görünmür,
Dərdin biri üzdə, onu görünmür.
Eşqə aşinayıq sonu görünmür,
Sonsuzluq gəzirəm səfər boyunca.
Bu ömrü bu eşqin yolunda sərəm,
Ağrıdan usanmaz, dərddən küsmərəm.
Göydə quşlara da nəmər verərəm,
Adını gətirən xəbər boyunca.
SOLANDI YANAĞIN YAŞ OLAN YERİ
Ömrümdən ehtiyac keçdi, səngidi,
Qapandı dərdimin boşalan yeri.
Göz dağı dağların ən nəhəngidi,
Bir də talelərin qış olan yeri.
Gördüm ağlamamış ürək kiridi,
Onda yerin-göyün dərdi biriydi.
İlahi, dünyanın xoş bəxt yeridi.
İlk eşqin ürəyə tuş olan yeri.
Həsrəti özümə gərək bilmişəm,
Onu duz bilmişəm, çörək bilmişəm.
Yanmaya-yanmaya ürək bilmişəm,
Sinənin altında daş olan yeri.
Sevincdən daşındım, qəmdən daşındım,
Göz yumub-açınca yandım, yaşandım.
Torpağa su düşsə, yaşıllaşandı,
Solandı yanağın yaş olan yeri.
ÇATINCA
Bir ömrə dəyərdi tək səni sevmək,
Sevərdim imana, dinə çatınca.
Uzaqdan baxanda mələksən-mələk,
Misraya dönürsən mənə çatınca.
O dünya varımdır, bu dünya yoxum,
Yanımda nə qardaş, nə bacı, qohum…
Bəlkə harayını eşidər ruhum,
Halımı sorarsan yenə, çatınca.
Birdən sən gəlincə çiçəklər solar,
Barı, son anımda ləngimə, nolar…
Onsuz da mələklər aparmış olar,
Sən gəlib mən adda qəmə çatınca.
YIXIR
Havalı ürəyin istisi, hanı?..
Məni gözlədiyim bir muraz yıxır.
Özümüz yıxmışıq bu xanimanı,
Fələk dediyimiz, vallah, az yıxır.
Beləmi yaradır insanın ağlı,
Səltənəti uçuq, taxtı dağılı.
Olan ürəyimdir - qolları bağlı,
Olmayan küməmi nə taraz yıxır.
Dili yox, "neyçün"süz, "niyə"siz qalıb,
Bəlkə Yaradana deyəsiz...qalıb.
Bir halal sevgidir, yiyəsiz qalıb,
Məni qürur yıxır, onu naz yıxır.
OLURSAN
Elə sən boydadı, dünya dediyin,
Gözümdə-könlümdə hər an olursan.
Adın çəkiləndə dönərgəm dönür,
Adım çəkiləndə viran olursan.
Tanrı yazdığına neyniyəsiyəm,
Bu boyda saflığın divanəsiyəm.
Mən bu məhəbbətin azan səsiyəm,
And içmək istəsəm, Quran olursan.
Haqqın dərgahından keçdi, ələndi,
Canım bu sevdaya çoxdan bələndi.
Vədəsiz bu sevgi haqdan gələndi,
Bəs niyə, sən mənə haram olursan?..
AYRILIB TƏZƏDƏN QONŞU OLMUŞUQ
Bu necə həsrətdi, gözləri duyuq,
Ürəkdə kədərmi, qəmmi, bilmirəm.
İş elə gətirib od qonşusuyuq,
Sənmi köçməlisən, mənmi, bilmirəm.
Ürəyim ovcumun içində hər gün,
Xəyalım göylərin qatından keçir.
İşə baxırsanmı, sənin yolların,
Mənim pəncərəmin altından keçir.
Bizi mənziləmi gətirdi yollar,
Bura havasızdı, yer nə, göy nədir…
Səni qucağına açılan qollar,
Məni üz qoyduğum balınc göynədir.
Ləngiyən vüsala tuşmu olmuşuq,
Yoxsa bu, taleyin çaşdığı yoldu.
Ayrılıb təzədən qonşu olmuşuq,
Ta bunun harası ayrılıq oldu…
Sevgisən, həsrətsən, gəlmirsən dilə,
Ürəkdən yüz hissin təlaşı keçir.
Hər səhər, hər axşam yanımdan belə,
Sevgim həsrətimnən yanaşı keçir.
Bu necə həsrətdi, gözləri duyuq,
Ürəkdə kədərmi, qəmmi, bilmirəm.
İş elə gətirib od qonşusuyuq,
Sənmi köçməlisən, mənmi, bilmirəm.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0