Özümü kağızdan ayırammıram - Əkbər Qoşalının şeirləri

Özümü kağızdan ayırammıram - Əkbər Qoşalının şeirləri

Yazıçı Ədəbiyyat Portalı tanınmış şair-publisist Əkbər Qoşalının şeirlərini təqdim edir.

BİLMİRƏM

Mən ona hər gün aşiqəm,
O mənə… – bilə bilmirəm.
Xəyalıyla dərdləşirəm,
Özünə… dinə bilmirəm.

"Can” deyirəm, canım olmur,
Sevirəm, sultanım olmur;
Olmur, bə, ay canım, olmur,
Könlümdən silə bilmirəm.

Desin Əkbər – bu nə haldı..?
– Ağ üzə qara sevdadı…
Unutdum, doğmanı-yadı,
Dil-əzəbərim olan adı,
gələrmi dinə? – bilmirəm…

DİVANİ

Gah coşardın, gah susardın – halların hal deyildi,
Tək səndinmi bu dünyada əhdi-peyman eyləyən?..
Hər sözündən tük çəkirsən, günah çıxır birbəbir –
Sən deyildin yardan gələn sözü fərman eyləyən?..

Yenə də sevgidi sevgi, yenə dünyadı dünya...
Yalan səsdi, gəlir hərdən: yeni dünyadı dünya...
Axır gedib bir yar sevdin – adı Dünyadı, Dünya,
O da dedi nə gec gəldin, a canı can eyləyən..?

Get, get, ey əli qələmli, dərdini faş eyləmə,
Hər gələnçün, hər gedənçün gözünü yaş eyləmə...
Tanrıya bağla qəlbini, qəlbini daş eyləmə,
Yenə odur, yalnız odur dərdə dərman eyləyən.

* * *
yolunu azarsan yol səni səslər,
nəsə itirərsən ol səni səslər
hər səsi çevirib söz etmək olmur
qəlb kədəri gəzər, dil qəmi səslər.

eyni yerdən gələr, başqadı adı,
başqadı səs dadı, başqa söz dadı,
səslərin gözəli qara sazdadı
Kərəmi çağırar, Dilqəmi səslər.

deyir, söz ölməyir, deyir, səs ölmür.
bəs öləndən sonra nə üçün gəlmir?-
gəlməyinə gəlir e,
eşidilməyir,
yoxsa keçəmməyir kəfəni səslər?!.

* * *
göy üzündə dövran Aya keçibdi,
köhnə dərdlər təzə aya keçibdi,
elə bil qələmə ayə keçibdi,
gözümü kağızdan ayırammıram.

bir olub iki can – bir doğulmuşuq,
«sıfır» - «ölüm» demək, «bir» - «doğulmuşuq»!
elə bil anadan bir doğulmuşuq,
özümü kağızdan ayırammıram.

mən «ölüm» yerinə - «özüm» yazmışam,
çölümə qış demə, özüm – yazmışam,
baxma ki, indicə özüm yazmışam,
sözümü kağızdan ayırammıram…

Günəş batıb, dövran Aya keçibdi,
köhnə dərdlər təzə aya keçibdi,
elə bil qələmə ayə keçibdi,
gözümü kağızdan ayırammıram.

* * *
Dindən əvvəl Sevgi özü Din idi,
Onda aşiq-yardı, onda yar – aşiq.
Əvvəl sözün susma idi, din idi,
İndi isə susmaq olub yaraşıq.

Zaman keçdi, dedik son söz dinindi,
Eşq yolunu kəsib durub din indi.
Ağılda din, ürəkdə eşq. –Din indi!
Bir addım at, bu sərhəddi yar, aşiq!

Əkbər, deyir, odur, bitməz qeylü-qal,
Dilimdə get, ürəyimdə «qal» ki, «qal»…
Qəlb-fərmandar, mən -icraçı, qərar-qal!
Nə deyirsən, həmdəm aşıq, yar, aşıq!?.

Gəl

Torpağı sərinəm, gəl,
Kədəri dərinəm, gəl;
Yüz ildən anrıdasan,
Min ildən bərinəm, gəl…

Gəl, quş qonan budağıq,
İlk iz düşən yolağıq;
Sabahlardan sorağıq,
Sən mənsən, mən sənəm, gəl…

Dənizəm – gəmin üçün,
Bütöv ol – kəmim üçün;
Sən bayraq ol, səninçün
Yel olub əsənəm, gəl!..

Qarışıq texnikalı ağ şeir

Dağ başına yağdı qar,
Yamacda gül üşüdü…
Bu dünyada hər nə var,
Qar işi, gül işidi…

Deyirlər, bütün ilklər –
Həm sevincdi həm kədər…
Sizə, ey, ilk çiçəklər,
Qar çiçəyi demişdik…

Özgə kimi var qışın?
O Günəşi batmışın…
Hər qış ilk qış sayılsın,
Ocaqları yandırın,
Yandırın, kül üşüdü…

Dağ başına düşdü qar,
Ətəkdə gül üşüdü…
Bu dünyada hər nə var,
Qar işidi, gül işi…
Qar qışın gülüşüdü…

Tural Adışirinin təqdimatında..