Qəlbim xatirənə bağlı yaşayır - Elməddin Nicatın şeirləri

Apr 8, 2026 - 14:21
Apr 8, 2026 - 14:22
 0  59
Qəlbim xatirənə bağlı yaşayır - Elməddin Nicatın şeirləri

Yazıçı Ədəbiyyat Portalı Elməddin Nicatın şeirlərini təqdim edir

...YAŞAYIR

Bircə an ayrılsa ömrü tükənər,
Qəlbim xatirənə bağlı yaşayır.
Mənim o qız adlı məhəbbətim var,
O qızın mən adlı oğlu yaşayır.

Dəyəri bir ömür yaşantılarım,
Yarı yolda qaldı yaşandı yarım.
Düşdü aramıza yaş andı, yarım
O vaxtdan qəlbimdə ağrı yaşayır.

Yenə xəyallara dalıb bu axşam,
Keçən günlərimə cığır tapmışam.
Elməddin adında əritdiyin şam,
Taleyi qaralı, ağlı yaşayır...

ON İL QAYIT

On il tələsdiyin ağlıma gəlsə
Bir an gecikməzdim səni görməyə.
Belə tələsməklər sənlik deyilsə
Niyə gecikmirdin məni görməyə?!

Tələsib, gecikib hara çatdıq ki,
Bir ömrün yarısı boşuna keçdi.
Bizi sevindirən bir yaz günüydü
O da ümüdlərin qışına keçdi.

Deyirsən gecikdik, nəsə alınmaz
Araya çəkdiyin bu nə səddi ki?!
Bir dəli sevdayla əl-ələ tutub
Qaçıb keçməliydik bu sərhəddi ki!

Gəl daşı, qayanı tök ətəyindən
Sən mənsiz gedəsi deyilsən qayıt.
Bizi ayrı salan yol ayrıcına,
On il mən gələcəm, on il sən qayıt.

MƏNİM ÜRƏYİM DƏ QƏLBİ YUXADI

Ovcumun içində bir telin qalıb,
Əlim sevincindən göylə oynayır.
Eşqini şərabtək çəkib başına,
Bu sevda sərxoşu meylə oynayır.

Gözündən yoluma nur,işıq düşüb
Gecəmlə gündüzüm qarışıq düşüb
Əllərim saçında dolaşıq düşüb
Daraqla dərdləşir, tellə oynayır...

Ağrılar sevinclə əlbəyaxadı,
Gözlərim üzümü qanla yaxadı
Mənim ürəyim də qəlbiyuxadı
Doldumu, kamanla, neylə oynayır.

***
Bitmir acıların çiçək mövsümü,
Dərddən xatirələr tumurcuqlayır.
Gəlmir gözlərimin göyçək mövsümü,
Lalə yanaqları yaş qucaqlayır...

Tanrı ünvanıdı adının izi,
Mələklər yol salıb üzü sevgiyə.
Yaradıb bir belə sevinməmişdi,
İlahi sirr qalıb özü sevgiyə...

Bir çiçək ömrüymüş, bir arı eşqi,
Bir udum şirəymiş bal bükümündə.
Bütün sevdalardan yuxarı eşqin,
Gözləri mahirdi yolçəkimində...

Qəm yelləncəyidir xatirələrim,
Acısı boyumdan bir addım yekə.
Məni ağrıların yolayrıcında,
Döz deyib gözlədən, sən idin bəlkə...

...Nə boyda ağrılar, nə boyda dərdlər,
Donan gülüşümə büküb gizlədim.
Elə nə yaxşı ki, gözlətdin məni,
Elə nə yaxşı ki, səni gözlədim...

AY ÜRƏYİ ŞÜŞƏ…

Daş ev deyil, şüşəbəndsən
Bir yuxuya, düşə bəndsən.
Ay ürəyi şüşə, bəndsən
Daş dəysə pul-pul eyləyər.

Tanrı yazmaz suçlarımı,
Qorur, bəxti puçlarını.
Barmaqlarım saçlarını
Dən tutmuş sünbül eyləyər!

Sən yüz deyil, yüzdə təksən,
Bir adınla yüz mələksən.
Orda dərin bir ah çəksən
Burda məni kül eyləyər.
10.03.2026

DARIXMAQ

Darıxmaq necə gözəl,
Necə sevməli şeymiş…
Darıxan adamların
Dili naləli neymiş…

Darıxmaq bir baxışlıq
Oduymuş ürək üçün.
Adamçün darıxanlar,
Darıxmaz çörək üçün.

Ömür darıxmaq üstə,
Səpələnib yol boyu..
Darıxmağın içində
Sevinc, kədər qol-boyun.

Darıxmaq tanrı lütfü,
Bir ilahi sevdadı.
Darıxmağın varsa da,
Səhralar da ev dadır…

ÖMÜR OLMUR…

Adamlar ayrılanda,
Daş olur, dəmir olmur.
Günü günə calayır
Yaşayır, ömür olmur…

Xəyal dönür əlçimə
Qoşulur qu köçünə.
Ciliklənir içinə
Ayrı səs-səmir olmur…

Hər varaq bir lələyə
Az qalır ki, ləliyə…
Sındırılmış ürəyə
Yüz çalış təmir olmur…
28.10.2023

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0