Şəklinə səndən yaxınam - Emin Pirinin şeirləri
Yazıçı Ədəbiyyat Portalı qazi şair Emin Pirinin şeirlərini təqdim edir.
Sağ qalan varmı?!...
Əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.
hər əsgər tabutu
bir ağ gəlinliklə köçər...
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər
hər atılan güllə.
soba yanında
gecə yarısı bir qız
məktub yazır səngərə.
anasının yarıyuxulu
“qızım yatmamısan?”
sualına diksinib
“üşüyürəm, ana
odun atıram sobaya” ...
Daha
gecələri oyaq qalmağa
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə
sobaya odun atmağa
ehtiyac yoxdu...
tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir:
kimsə sağdı?!
Can borcu
Gəl,
döy qapımı...
yolun uzaqdı bilirəm,
əziyyət çəkmə,
sizə gətirrəm
qapımı,
döy,
ürəyin döyünən qədər.
Yaşayıb güldürmədim
səni doyunca.
Qoy
ölüm...
Doyunca ağladım səni.
Tanrım,
sənin də yanında
yalançı oldum,
göndərə bilmədim əmanətini.
Sənə də can borcum qalıb,
nisyə dəftərinə yazarsan məni.
Belə
Məndən baş çıxara bilmir
Öz doğmaca anam belə…
Sənə də qəribə gəlir?
Nə təhər insanam belə…
Vurub öldürsən də buyam
Bir az atəş , bir az suyam
Bir az da qütb soyuğuyam
Şaxta,
Sazaq ,
Donam belə!
Dönüb sənə baxır hamı
Donub…
Sənə baxır hamı
Saçlarında buz salxımı
Nə qırılam, sınam belə.
Şəklinə səndən yaxınam
Mən öz evimi yıxanam …
Belə-belə işlər sonam
Get,
Yaxşı yol ,sonam
-…
Belə!
Nə qədər, neçəsən?!
Səni sevməyin yanında
Yaşamaq heç nədi, heç nə!
Gərək səni sevəm,
Sevəm
Ürəyi şüşə qabda yox
Elə səndə olan divəm.
Adın da mürəkkəbdi,
adın dilimə dəyməz.
Özün demişdin axı,
Adam bəxtindən qaçıb
Gülləyə gələnə dəyməz.
Qırmızı şərab kimi
Ölümcül dodaqların,
içkiyə tövbəliyəm
mən yazıq yenə.
əynində dodaqlarımın
qarışqa yerişləri,
yer altında metro kimi
dərd altından barmaqlarımın
“stansiya” gedişləri...
hesablaya bildinmi,
bu gediş-gəlişləri?!
Sərhədləri itirilmiş
Məmləkətin küncündəyəm.
Daha bu kağız ölkədə
Kiməm ki, kimdən inciyəm.
Sağımda sən,
Solumda sən.
De, nə qədərsən,
Neçəsən?!
Bəlkə o qədər sənlərdən
Birin mənimçün keçəsən?
İtirilmiş əllər
Görüşəndə
Sevgilisinin əlində
gözü axtarardı
ona veriləcək gülləri.
İndi
kitabları arasında qurutduğu
Gül ləçəklərində axtarır
Sevgilisinin cəbhədə itirdiyi əlləri.
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
1
Vay
0