Sevə-sevə uzaq durmaq necədi - Tərlan Əbilovun şeirləri

Apr 17, 2026 - 11:15
 0  45
Sevə-sevə uzaq durmaq necədi - Tərlan Əbilovun şeirləri

Yazıçı Ədəbiyyat Portalı Tərlan Əbilovun şeirlərini təqdim edir.

Xəritə

Üzü dərdin, qəmin xəritəsidi,
qırışlar hərəsi iri bir ölkə.
Gəzirəm üzünün qırışlarını,
deyirəm, gəzməyə dəyməz heç bəlkə?!

Gözləri adadı, yaşıl bir ada,
yaşılı qurudu, ağı tamam su.
Onun gözlərində yaşamaq mənə
indi bir əlçatmaz arzudu, arzu.

Dikilib sükutun gözləri yerə,
gəl indi onun da damarını tut.
Bəlkə mən bilmirdim, bu yer üzündə
insan şəklindəymiş ən böyük sükut?!

Onun gözlərində, onun üzündə
eh, neçə dənizin fırtınası var.
Onun ürəyinin sərhədlərini
insan yox, tanısa, bir O tanıyar.

Gəzirəm, gəzirəm bu xəritəni,
barmağım elə bil daşa toxunur,
Bilmirəm nə günah sahibiyəm ki,
əlim daşdan axan yaşa toxunur.

Ya bu xəritədi daşlaşan mənsiz,
ya mən daşlaşmışam, daşa dönmüşəm.
Ya da elə bir vaxt ata dediyim
o daşın gözündə yaşa dönmüşəm?!

Asmışam gözümdən bu xəritəni,
bəlkə bir qırışı məni də öyə.
Başıma dəyəydi bu şairliyim,
düşməyəcəkdimsə bu xəritəyə!.

Ürəyim

Çox dedim ki, ürəksizəm,
guya ki, daşdı ürəyim.
Sənə qanım çox qaynadı,
əridi, daşdı ürəyim.

Özümə yuva qursam da...
Sənəcən yüzün qırsam da
Sən getdin, özüm dursam da,
ardınca qaçdı ürəyim.

Yolunu yora bilmədim,
Yıxıldım, dura bilmədim...
Bir kimsə qıra bilmədi, -
bir səndə çaşdı ürəyim...

Məndə

Sirlərini saxladığım
Bir sevda kiriyir məndə.
Min illərdi yüz-yüz mələk
Bir adam sürüyür məndə.

Qopub işindən-gücündən,
Dünyanın sənsiz küncündə,
Bir qucaq torpaq içində,
Bir adam cürüyür məndə.

Yıxılsa da addımbaşı,
Tökmür ətəyindən daşı,
Özü-özünə başdaşı,
Bir məzar yeriyir məndə.

Bitdi

Payız saçlarından əlimi çəkdim,
Sənə bir əl kimi uzanmaq bitdi.
Daha səndən ötrü alışmaq yoxdu,
Daha səndən ötrü bu yanmaq bitdi.

Yaman ağrılıdı hisslərlə solmaq,
Hisslərin içində boşluqla dolmaq.
Bizdə alınmadı bir yerdə olmaq,
Şükür, bu yorulmaq, usanmaq bitdi.

Daha bu yaşanan gün deyil, köçdü,
İndən belə neyləsən puçdu, heçdi.
Sevgidə nəyisə itirmək keçdi,
Sevgidə nəyisə qazanmaq bitdi...

***
Sənə nə var, səni qıran olmayıb,
sən bilmirsən ürək qırmaq necədi.
Çox çətindi çıxıb getmək birindən,
mən bilirəm başa vurmaq necədi.

Biləndə ki, özün boyda bir sirsən,
Ağrın artır, artır acın, gülmürsən.
Sən bilmirsən, sən bilmirsən, bilmirsən,
sevə-sevə uzaq durmaq necədi.

Yaşayırsan belə, yanıb tökülüb,
Gözlərinlə uzaqlara dikilib.
Sən bilmirsən adamlardan çəkilib,
özünə cəhənnəm qurmaq necədi...

Sevdim

Mən səni ölməməyimçin
çalışdığım qədər sevdim.
Tez-tez öz-özümdən küsüb,
barışdığım qədər sevdim.

Sevdim səni kölgəm kimi,
Sevdim səni ölkəm kimi,
Öz haqqımda özgə kimi
danışdığım qədər sevdim...

Ancaq səni, səni bir tək
Bu günümtək, keçmişimtək,
Tanrı işinə işimtək
qarışdığım qədər sevdim...

Salam deyərək soluma,
Salam deyərək sağıma,
Səni öz tənhalığıma
alışdığım qədər sevdim...

Keçdi

Keçmədim səndən, könlümdən
nə keçdisə yalnış keçdi.
Dolu gəlmədin ömrümə,
sən də bu ömrü boş keçdin.

Düşdü sevgin iş qapımda,
Dedim göydən düş qapımda.
Duan keçməmiş qapımdan,
canımdan yüz qarğış keçdi.

Hürdü, adamlar hürüşdü,
Baxtın ayağı sürüşdü.
Ovcumda quraqlıq düşdü,
gözlərimdən yağış keçdi.

Qırıldım, səni qırmadım,
Bir addım geri durmadım.
Məni özgələr vurmadı,
üstümdən dost-tanış keçdi.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0