Sevgi qalib gələ, sən uduzasan - Allahşükür Ağanın şeirləri
Yazıçı Ədəbiyyat Portalı Allahşükür Ağanın şeirlərini təqdim edir.
Ləpir
Axşam qoyub gəldiyim ayaq izlərimi
Səhər qarşılayıram,
Demək yaşayıram.
Bir ayaq ləpirim
Axşam yağan yaz yağışından
Bir ovuc su saxlamış içində...
Bir alagöz sərçə su içir
Ayaq ləpirimdən.
Başını yuxarı qaldırdıqca
Sərçənin duasını eşidirəm:
"Allah, sabahımız üçün də
Bir ayaq saxla."
Elə sevinirəm ki,
əyilib baxıram
ayaqlarıma...
Bayıl türməsi
Bu asfaltın altında
Bayıl türməsi olub bir vaxt.
Bizdə ürəyə bax, gör hardan keçirik?
Ayağımı yerə bərk vururam
Burda, bax burda,
Müşfiqin dodağının qanı var.
Burda, bax burda,
Müşfiqin bir şeiri var, divara yazılan,
Hecası cızılan.
Gərək o divar parçasını götürüb saxlayaydıq.
Burda, bax burda,
Torpağın altında
Sızıltılı bir ah var.
Burda, bax burda,
Bir günah var...
Yanımdakı qoca bir qadın deyir mənə
Türməni çoxdan köçürüblər.
Deyirəm: qanı da?
***
Bir quş qanadı qədər sevinmək istəyirəm.
Hanı qanadlar, qırıldı ki...
Quşları güllələr yamsıladı,
Güllələr quşlara vuruldu ki...
Fikir kimi şütüyən bir arı qədər sevinmək istəyirəm,
Hanı, arılar şəkərlə aldadıldı ki...
Balıqlar dənizin xəyallarıdı,
Bir balıq qədər atılıb düşmək istəyirəm,
Hanı, bütün balıqlar tordadı ki...
Yarpaqlar çiçək olanda
Qırmızı bir alma kimi gülmək istəyirəm,
Hanı, bu il meyvələr olmadı ki...
Kədər haqqında sevinc şeiri
Etibarsız sevinc, vəfasız sevinc,
Dünən məndə idin, bu gün kimdəsən?
Gör kimə qoşulub çıxdın aradan,
Bəlkə ağladırlar səni hardasa?
Bəlkə çilik – çilik olub pəncərən,
Divarın uçuqdu, evin uçuqdu.
Bəlkə aldanmısan zərə, gümüşə,
Səni çağıran kəs bəlkə qaçıbdı.
Başına yağışlar döyəcləyir bax,
İçində sonuncu közü söndürür.
Dünyanın işinə fikir ver, sevinc,
Səni qəm soruşur, kədər dindirir.
Sən kimdə böyüdün, kimdə yaşadın,
Qədrini bildimi o soyuq ürək?
Sevincin qədrini bilməkdən ötrü,
Kədərin qədrini biləsən gərək.
Eyləyəsən
Deyirəm, sevdiyin bir gözəl ola,
Hərdən yola salıb əl eyləyəsən.
Başdan ayağacan yol küçəsini
Çiçək eyləyəsən, gül eyləyəsən.
Eşqin dənizində itib azasan,
Sevgi qalib gələ, sən uduzasan,
Oturub bir dəftər məktub yazasan,
Durub saatlarla tel eyləyəsən.
Küləktək güdəsən qapılarını,
Yığasan belinə qışın qarını,
Uc-uca bağlayıb misralarını,
Burdan onlaracan yol eyləyəsən.
Ağac
Görürәm başında payız qocalıb,
Bu ağac bahara açıb әlini.
Görürәm budaqlar tamam sınıxıb,
Üzüyünü salmış barmaqlar kimi.
Başında qaranquş ümidi qalıb,
Yarpağı yerinә bitib inamı.
Budaqlar necә dә ağappaq olub,
Şümşad bilәyinә oxşar anamın.
Açılıb ağaca budaq qollarım,
Nәğmә oxuyuram yenә ucadan.
Uzaqdan tökülüb gәlәn yollarım
Nәdәnsә özünü asır ağacdan.
İstәrәm quş olub başına uçam,
Körpә qönçәlәrdәn qalayım ocaq.
Ağacı gözümdәn uzaq qoymuram,
O ağac gözümdә yarpaqlayacaq.
Qapı açaram işığa
Divara qurban olum,
Sirr yaşayır daşında.
Bir vaxt türmə divarıydı,
Müşfiq var yaddaşında.
Divarın o üzündə,
Adam gəzir gün işığı.
Bir çiçək boy atıbdı,
Boynunda sarmaşığı.
Suvağının altında,
Gizli şeirlər yazılıb.
Şipşirin arzuların,
Qəbri divarda qazılıb.
Əlimi sürtdüm divara,
Döndüm qərib aşığa.
Dırnağımla qazaram,
Qapı açaram işığa.
Qalıb
Payız keçib buradan,
Yolunda yarpaq qalıb.
Bu ağacın başında
Bircә yarpaq sağ qalıb.
Bir quş hәlә budaqda
Civildәyir sazaqda.
Stolumda bu haqda
Ağappaq varaq qalıb.
Sinәm dönübdü saca,
Bilmir dәrd hara qaça.
Baharın bu ağaca
Yolu bir barmaq qalıb.
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0