Sevgidən od varsa ürək diridi - Ağacəfər Həsənlinin şeirləri
Yazıçı Ədəbiyyat Portalı tanınmış şair Ağacəfər Həsənlinin şeirlərini təqdim edir.
SEVGİDƏN OD VARSA...
Sən mənim ağlımla rəftar eləmə,
bir az hərdəmxəyal, bir az dalğınam.
Qayğımı artırma, tüstümə gəlmə,
qorxuram qazantək daşam, dağılam.
Yanıb, alovunda sönə bilməyəm,
Səngiyən külümlə öyünəm, sonra.
Məcburi gedişdən dönə bilməyəm,
yanar ürək kimi döyünəm, sonra.
Alışan közərən od gülləridi,–
sifətimdə açan tər damcıları.
Cəhənnəm odunda canım əridi,
isti kürəyimi dərd qamçılayır.
Nə bilim od ilə oynamaq olmur,
ovcumun içini iyləməmişdim?
Özgə ocağında qaynamaq olmur,
mən öz bədənimin yağında bişdim.
Od saçsın meydanda misri qılıncım,
göyə qaldırdığım eşq şəmşiridi.
Atəşfəşanlığa bəsdir qığılcım,
sevgidən od varsa, ürək diridi.
***
Qoxusundan hiss elə, otların duyumu var,
ağacların hamısı torpağın can ağrısı.
Çuxurlar şimşək izi, zirvələr qurd basmış qar,
yarpaqlar budaqların sarı-yaşıl sarğısı.
Həkim ağacdələnin düzdür müayinəsi:
nədir qoca palıdın gövdəsində düyünü?
Uzunboğaz durnatək dimdiyidir iynəsi
ağacdan əl götürmür, çıxarmamış suyunu...
Çinar Günəşə tərəf qarış-qarış ucalır,
görən qulluq edirmi nəsə məzhəbə, dinə?
Çiçək-çiçək soluxan arzum-murazım qalır,
gözümün damcılanan yaşının ümidinə.
Susuz dəyirmanımda buludları sağdırıb,
dən-dən alışıb-yanır bərəkətin çırağı.
Üstümü unnu görüb, nifrinini yağdırıb,
ilan dili çıxaran tütünün yaş yarpağı.
Zəncəfilin rəngini güney çəkir daşına,
yaddaşım biçənəkdə pişiyini azdırıb.
Şalğamın tünd suyunu axşam tökür aşına,
qara tütün bəhməzi damağını qızdırıb.
***
Atam Hüseynin xatirəsinə
Xasiyyəti tünd idi, at belindən düşməzdi,
gözünün düşməniydi avaragor, dələduz.
Qırmancı qıvrılmazdı, qamçısı büzüşməzdi–
kölgəsindən hürkərdi qorxunc gədik, dərə, düz.
Qəmər dik atılardı, bircə göz ağartmaqla,
arpası tökülərdi burnunun dəliyindən.
Zəmi boy göstərərdi sünbül-sünbül artmaqla,
buğdanı tanıyardı sütül-sütül iyindən.
Sədr idi, mən heç zaman yatdığını görmədim,
eləcə səhər erkən haçan oyandığını.
Başının altındakı yastığını görmədim–
bəyazqulaq kəhərin yana boylandığını.
Alman-rus savaşında hamıya söz verərmiş,
anbarda el malına quş da səkə bilməsin.
çiynini çətin işin altına tez verərmiş–
qəhqəhə çəkmək nəydi, üzü qəti gülməsin.
Nənəmi dinləyərkən papağını götürər–
qara üçkünc məktublar qoltuğunda gəzərmiş.
Qardaşının kağızı yalnız xiffət gətirər,
rəngini vəfatının solduğundan sezərmiş.
Məğrur idi–başına bəlaydı düz durmağı,
sərt baxışı hampanın gözünə sancılırdı.
Sevgiylə öyrənmişdi yaratmağı, qurmağı
məsciddə xəlvət-xəlvət namazını qılırdı.
Kənddə kim nə yuvanın quşuydu, oxuyurdu,
yəhərdən enə-enə fəhmi evə dönərdi.
Nə baş verdiyini o, qabaqcadan duyurdu–
özü gəlməzdən əvvəl zəhmi evə dönərdi.
PAYIZIN SON AYI
Əsəbi ağaclar dişlədi yeri,
yaxşı şagird kimi əl qaldırdılar.
Yola vermək üçün çətin dərsləri–
yarpaq dəftərləri qaraladılar.
Fikirdən-zikirdən bağban əriyib,
körpə qələmləri didib böcəklər.
Budaqlar torpağa sarı əyilib,
yəqin qulağına söz deyəcəklər.
Rəqs edən yağışı qovub şimala,
xəzri qarışdırıb payızı, yazı...
Qayanın başından hürkən şəlalə–
hərbi orkestrin xor kapellası.
Öskürəyi boğur sulu dərəni,
beçənin-fərənin kəsmir him-cimi.
Sıx duman bağlayıb bəndi-bərəni,
yamacda kor atın nalbəndi kimi.
Gözə kül üfürən üfüq odlanır,
tamaşası xoşdur narıncı göyün.
Qızarır baxışdan rəngi otların,
gürzə ilanıtək qızılıdır gün.
QARANLIQ, İŞIQ
Əslində axşam düşmür,
havanın qanı qaralır,
qatı açılır.
Səhərin tox gözü açılmır,
qorxudan gündüzün rəngi ağarır...
Uzun-uzun qara kirpiklərim
tökülür ovcuma.
Minnətdaram, şikarımın başının
üstünü kəsən
mahir ovçuma.
Qaranlığın girovunda,
sözlər boğazımdan keçmir...
Gecənin nəm qırovunda,
gözlər boğazımdan keçmir.
Məzar – qaranlığın baş qərargahı,
soyuqdan üşüyər küncü-bucağı.
Titrəyən hər canın naləsi, ahı,
qəflətən çəkilən sinənin dağı.
Çevrilir təbəssüm gecə şamına,
torpağın səthində süqutu itir.
Səpilir qaranlıq gecə şumuna,
əvəzində gündüz işığı bitir.
İŞĞAL ƏRAZİN
Son günlər könlümə yaman dəyirsən,
xəncər yarasıdır sözünün izi...
Sən yer kürəsinə çox bənzəyirsən,
yəqin ürəyindir işğal ərazin.
Doğma yurd yerini kim qarət edib,
sınıq-salxaq, əzgin budaq kimisən?
İkicə kəlməni nəqarət edib,
zorla pıçıldayan dodaq kimisən.
Sərt dağa söykənib dedim kürəyim–
yoxmuş mən yazıqda o tale, o baxt.
Yaşayış məkanı – sənin ürəyin
orda qeydiyyata düşmüşdüm o vaxt.
Xəyal məskən salıb burda yaxında–
kölgə yaddaşımda zühuru qalıb.
Kağıztək ağaran bal yanağında,
bir məmur dodağın möhürü qalıb.
Alıb ağuşundan üşüdür zaman,
su üstündə üzən yarpaq kimi tək.
Ta qaysaq bağlanmış könül yaramdan,
qara gözlərini birdəfəlik çək.
ÖMRÜN QÜSSƏ ÇAĞI
Dərində gizlətdi ömür barını,
bəs hansı məqamda hazırdı yerim?
Niyə vaxtsız tökdü yarpaqlarımı,
indi payızıma nə cavab verim?
Erkən ulduzlarla oyanacaqdım,
kimsə bu eyhamı tutdu dilimdən.
Yarpaqlarla "Beşdaş" oynayacaqdım,
onu sərt rüzgarlar aldı əlimdən.
Vaxt var həzinliyin qüssə çağına,
damcılı buludlar not köçürdəcək.
Qonuram göylərin şah budağına,
nəfəsi təngimiş durna köçütək.
SUYU TƏSLİM OLA AĞRILARINA
Əsir düşüncələr dərbədər düşüb,
bulud sükutuna dalıb xəyalım.
Sözümün alnına yenə tər düşüb,
ta nəfəs almağa yoxdur macalım.
Hansı düşərgədə qoyum canımı,
görəsən, olarmı sahib çıxanım?
Yoxsa təlatümlü həyəcanımı,
hamıdan səssizcə gizlədim, danım?!
Həsrətim–dilbilməz südəmər çağa,
sürətlə döyünür nazik nəbzim də.
Mən səfil halıma gün ağlamağa,
gəzim, vaxt tapmayım həftə ərzində.
Başı daşdan-daşa dəysin könlümün,
səbr etsin doyunca məyusluğuma.
Yolçusuna dönüm çarəsiz yolun
toy tutum kiminsə dəyyusluğuna...
Onda varlığımı tamam danasan,
sızlamaq, kövrəlmək gələ arına.
Gərək ağlayanda elə yanasan–
suyu təslim ola ağrılarına.
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0