Sevinc də, sevgi də bir imtahandır - Sərraf Talıbın şeirləri
Yazici.az ədəbiyyat portalı tanınmış şair Sərraf Talıbın 70 illik yubileyi münasibətilə yeni şeirlərini təqdim edir.
MƏN HƏLƏ DİRİYƏM
Mən hələ diriyəm, ölü deyiləm,
Özünü üstümə sallayan, qadın!
Adəmi cənnətdən, məni özümdən,
Bu fani dünyaya yollayan, qadın!
Elə baxarsan ki, dolaşar ağlım,
Həsrətdən olubdur dərə, dağ bağrım,
İçimdə qövr edər dərd verən ağrım,
Bəzən də dərdimi ovlayan, qadın!
Sən mənə öyrətdin, hər gəliş köçdür,
Qovuşmaqmı suçdur, köçməkmi suçdur?
Bəzən öz içində insan da heçdir,
Məndə varlığını axtaran, qadın!
Nə sən günahkarsan, nə mən məsumam,
Hərəmiz bir qədim hekayə, röman.
Tanrının insana verdiyi zaman-,
Zamanı mənimlə paylaşan, qadın!
Bəlkə bir cavabsan, bəlkə bir sual,
Varlığım içində gizlənən bir hal,
Səni həqiqətim sanarkən daha,
Məndən də dərinə boylanan, qadın!
İnsan bir yolçudur özünə sarı,
Ömür - daş yaddaşı, zaman - divarı.
Hərdən bir baxışın zamanı qırıb,
Məni mənə qarşı tovlayan, qadın!
Sənəmi vuruldum, yoxsa özümə,
Səninlə aramda varmı bir kimsə?
Hər sevgi özgəyə deyil, bəlkə də,
Mənə əksim kimi qayıdan, qadın!
Nə eşq son mənzildir, nə hicran sonluq,
Hər sonun sonu da gəlir bir anlıq!
Həyat bir günlükdür, cəmi bir günlük,
Məni öz yuxumdan oyadan, qadın!
Bəlkə ilk işıqsan qaranlıq üstə,
Adın yazılıbmı hər ötən kəsdə?
Ulduzlar dilində danışıb pəsdən,
Göylərin sirrini söyləyən, qadın!
Dünya hələ duman, zaman körpəykən,
Dağlar qaya-qaya, daş-daş bitərkən,
Taledən əvvəl də mövcudmuş bəlkə,
Ömrün ilməsini əyirən, qadın!
Ney kimi içimdən oyuldum səs-səs,
Mənə bir səs qaldı, bir də ki, nəfəs.
Sənin səssizliyin dərin bir qəfəs,
Məni o qəfəsə haylayan, qadın!
Səsinmi, hissinmi Simurqa yetdi,
Sanırdım ömrüm də bununla bitdi!
Bitmədim, külümdən qalxıb əl etdim,
Könlümə qanadlar bağlayan, qadın!
Nə eşq son dayanacaq, nə vüsal son söz,
Hər görüş dalınca boylanır bir göz.
Biz iki kölgəyik,- bir tənha ulduz,
Bezib tənhalıqdan ağlayan, qadın!
İndi anlayıram, sən də bəhanə,
Dünya şəhanəmi, sənmi şəhanə?..
Məni məndən alıb Tanrı şəhrinə,
Səssizcə yol alıb bağlayan, qadın...
Mən hələ diriyəm, demə ölüyəm,
Bir az sayğı göstər, dəli, doluyam.
Məndən sənə gələn Tanrı yoluyam,
Cəbrayıl, Əzrayil doğulan, qadın!
30.05.2026
İNSAN HÖRMƏTƏ MİNİR
ÖLƏNDƏN SONRA
I
Hörmətlə çəkilir adı
gecikmiş sevgi kimi
Ölülərin.
Sanki belə də olmalıymış,
İnsan hörmətə minərmiş,
Sevgiylə çəkilərmiş adı,
İnsanın əsl həyatı
sanki başlayırmış öləndən sonra.
II
Qəbir daşları durur hər insanın
yaddaş kitabı kimi,
Bir “kaş” sözü yazılıb sanki
hər daşın üstündə,
heç kim oxumamış keçmir onları,
Bunu bilir
qəbir üstündəki çiçəklər də -
heyrətdən donub qalan daşlar da,-
bulud-bulud gəzən ruhlar da,
Yalnız daşın, çiçəyin altında yatan
sahiblərindən savayı.
III
Dirilər isə...
tənha qalıblar göz-gözə baxa-baxa-,
Hərdən qəhqəhə çəkərək-,
Sözlərin içində boşluq,
Gözlərin içində donuqluq,
Qucaqlaşmalarda soyuqluq,-
işləyib sümüyünədək, iliyinədək.
Bu saxta həyatın arxasında gizlənib
yapyalançı bir ömür
uzanıb bələkdən qəbirədək...
IV
Bunu hamı görür,
hamı anlayır,
Onunçün
Sevgi də sevgi deyil ki,
Yalançı yağış kimi,
Yazda anidən gələn qış kimi,
Ürəkdən gəlməyən qarğış kimi
hədəfə çatmır,
Bayağı mahnı kimi qulaqlardan keçib
ürəyə yatmır.
V
Qəbir üstündə güllər əkilir
topa-topa,
amma talan edilir bağlar, bağçalar,-
hörmətlə keçirlər yanından qəbirlərin,
amma rəhm görmür uşaqlar, qadınlar,
qocalar.
Sanki bu həyat gerçək deyil-
sanki bu həyat əsas deyil,-
Hamı köklənib başqa bir həyata.
Bir tərəfdə ölülər yatan torpağa qayğı,
Digər tərəfdə torpaq üstündə
unudulur, hörmətdən salınır
canlı insan.
Yaşayırıq belə bir dünyada,
ölmək - sevilməyə səbəb olur,
yaşamaq - unudulmağa.
VI
Ən böyük faciə budur bəlkə də,
Hamı bunu anlaya-anlaya
davam edir yaşamağa.
Kömək umuruq Tanrıdan, Allahdan, Krişnadan,
Ağacdan, günəşdən, aydan,
Dünyanın əşrəfi deyilən insan
başqa insanın böğazına ayaq basıb
keçir hüzurla, hörmət və sevgiylə
qəbristanlıqdan.
04.05.2026
DAHA AĞLAMIRAM ƏVVƏLKİ KİMİ
Daha ağlamıram,
Şikayət etmirəm Allaha
canım ağrıyır deyə.
Heç kəsin vecinə də deyil,
Üzü Allaha çevrilən bir kəs
ağlayır deyə.
Bu günədək nələr,nələr,
kimlər,kimlər
itirmədim...
Əvvəlcə anamı itirdim,
sonra atamı itirdim,
sonra qardaşımı...
Sonra itirdim dostumu-
sirdaşımı...
Demədim, Allah, niyə belə etdin,
Niyə qıydın əzizlərimə,
Üsyan etmədim,
saxlaya bilmədim onları
bu geridonməz gedişdən,
Ağladım sadəcə,
Ağladım gücsüz əllərimə görə -,
əllərimə ağladım,
hamı kimi əzizlərimə.
Təəssüf edənlərə-əlimizdən nə gəlir ki,-
söylədim sadəcə,
Ağladım sadəcə.
Bu gün ağrıyanda, xəstələnəndə
daha ağlamıram hönkür-hönkür əvvəlkitək,
Daha şikayət etmirəm Allaha,
soruşmuram,
niyə tez-tez ağrıyırsan, ay ürək?
Daha şikayətim özümə olur,
Daha ağlamağım özümdə olur,
Narahat etmək istəmirəm Allahı,
Narahat etmək istəmirəm Allahın yanında,
ağrısız ruhları göylərdə dolaşan
atamı, anamı, qardaşımı,dostlarımı!
24.02.2026
SUAL
Saçların —
zamanın barmaqları kimi
toxunur hisslərimə.
Hər telində cazibə,-
Vallah, beləymiş, demə.
hər telində uzanır upuzun bir yol,
Mən isə çoxdan yolçu deyiləm,-
Sadəcə yarandı ürəyimdə
qəfil ötüb keçən bu sual.
Gülüşün
işığın səsi kimidir —
eşidilmir, görünmür,
Amma içimdə qartmış dağları
diyirlədir yerindən.
Bəzən anlayıram ki,
sevinc də, sevgi də
bir imtahandır,
Ümman kimi sonsuz,
qəm kimi,
kədər kimi
gəlir dərindən.
Sənə baxdığım zaman
sənin üzünü deyil,
öz içimdə gizlənən
sonsuzluğu görürəm.
Adın bir kəlmə deyil artıq,
Qəlbimin nəfəsidir —
varla yox arasında
asılıb qalan,
İki od arasında alışıb qalan,-
Sən Əsli, mən isə Kərəm!
Sevgi…
bəlkə iki insan arasında deyil,
iki səssizlik arasındadır,
burda günəş yanır, orda ay yanır.
Birində mən susuram,
digərində Kainat.
Birdən anlayıram ki, -
saç, gülüş, baxış və sevgi…
bunlar sadəcə pərdələrdir,
Arxasındasa adı bilinməyən
bir həqiqət dayanır;
Nə sənə məxsusdur o,
nə də ki, mənə, əzizim,
Sadəcə O var,
bu kainatın içində -,
Sən o kainatın içində,
Mən o kainatın içində.
11.02.2026
KİN VƏ NƏFS HAQQINDA BALLADA
Daş kimidir kin —
nəfsin qaranlığa bürünmüş şəklidir,
dil susar, boğular ürək,
içdə hisslər boğular daşa dönərək,
bağlı qapılar arxasında
boğulan insan kimi.
Kin –
insanın özünə qazdığı səssiz quyudur,
nə qədər dərin olsa,
bir o qədər gec anlayar
düşdüyünü.
Qəlblər var,
qaralığı gecədən yox,
niyyətdən alır.
Orda sevgi yox,
yalnız daşın yaddaşı yatır.
Qəlblər var,
nur üçün yaradılıb,
lakin qapısı içəridən bağlıdır.
İşıq gəlir,
amma içəri girə bilmir.
Sinədə döyünən bəzən ürək deyil,
daşın min ildən gələn səbridir —
nə qırılar,
nə də sevər.
Daş ağır olduğundan deyil ki,
ruhsuz olduğundan batır yerə.
Çünki insanı yerə gömən
çəkisi yox,
eşqsizliyidir bəlkə də.
Və bir gün —
nəfs susanda,
kin öz sahibini buraxanda,
Bağlı qapılar taybatay açılanda,
Büt insana dönəcək yəqin ki.
Daş ya işıqlı qəlbə dönər,
ya da yolun üstündə qalacaq
Kinin, nəfsin doğduğu
ibrət daşı kimi.
31.01.2026
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0