Söhbət tərcümədən gedir - Yəhya Abbasov yazır..

Apr 17, 2026 - 11:51
Apr 17, 2026 - 12:11
 0  12
Söhbət tərcümədən gedir - Yəhya Abbasov yazır..

(Qoa Xalidin  “Seçmə şeirlər”

tərcümə kitabı  əsasında) 

Hər hansı orijinal bədii mətndə söz sənətkarı malik olduğu xalqın  milli bədii düşüncəsinin  təmsilçisi  kimi çıxış edir. Tərcümə əsərində  isə sənətkar “ikiləşir”. Həm tərcümə  elədiyi  xalqın bədii təfəkkürünün özünəməxsusluğunu , həm də öz xalqının poetik sözünün  möhtəşəmliyini, qüdrətini və  imkanlarını  göstərməli olur.

 Təbii ki,  söhbət professional  tərcümədən gedir.

Masamın üstündə  bir kitab var.  Yenicə işıq üzü görmüş sanballı bir kitab.  Kitabın baş qəhrəmanı – klassik və  müasir rus poeziyası, ikinci əsas  qəhrəmanı  - şair-tərcüməçi Qoca Xaliddir.

Kitabı vərəqlədikcə  ilk qənaətim bu oldu ki, bədii tərcümə  bir tərəfdən  zəruri  ehtiyacdan doğursa,  digər tərəfdən  ədəbiyyata və  xalqa təmənnasız xidmətin  bir növüdür.

Adamın ağlına batmır ki, şair öz  şeirini yazarkən  “Mən xalqa xidmət edirəm” kimi qulağımızı  döyənək  eləyən  şablon  bir düşüncə  qəlbinə hakim olsun. Şeir ruhun  təlatümüdür,  şair onu  yazır və  təlatümdən  qurtulur.

Tərcümə isə  bütün  əzmini , inadını və  bacarığını səfərbər edib başqa xalqın  ədəbi-bədii  nümunələrini doğma dilə çevirməklə ədəbiyyata xidmət etməkdir.

Kitabın adı “Seçmə şeirlər”, içindəki şeirlər isə  seçmə şairlərin  seçmə şeirləridir.  Rus klassik və  çağdaş  şairlərinin seçmə nümunələri.

Tərcüməçi klassik  rus poeziyasının Fyodor Tütçev, Afanasi Fet, Nekrasov, Sergey Yesenin  kimi söz  ustaları ilə  yanaşı,  çağdaş poeziyanın Vladimir Sokolov, Anatoli Jiqulin, Anatoli Peredreyev, Vladimir Kostrov, Vasili Kazantsev, Nikolay Rubtsov, Yuri Kuznetsov, Vladimir Vısotski kimi  müasir klassiklərindən seçmə  nümunələr verməklə oxucuya rus şeirinin görünən mümkün mənzərəsini  təqdim etmişdir.  Şeirlər  sistemli şəkildə tərcümə olunduğundan kitabda rus şeirinin bütün  meylləri  qabarıq şəkildə görünür.

Bu poeziyanın  məntiqi  dərinliyi və  əlvanlığı,  bədii  emosionallığı, müdrikliyi və aydınlığı, estetikası və kamilliyi rus  ictimai  həyatını  tam əks etdirir.

Kitab Fyodor Tütçevin  şeirləri ilə açılır.

Tütçev  XIX əsr rus poeziyasında qabarıq şəkildə nəzərə çarpan bir “aclığı” doldurdu. Rus şeirində fəlsəfi lirikanın, xüsusən, təbiətlə  vəhdətdə ehtiva  olunan fəlsəfi  düşüncənin təvəllüd tarixi Tütçev  yaradıcılığı ilə  bağlıdır.

Doğrudur, Puşkin də Tütçevin əsrdaşıdır.  Lakin  eyni tarixi  və ədəbi  dövrdə yaşayan bu iki klassikin poeziyadakı estetik baxışları və  ölçüləri  arasında müəyyən  oxşarlıqlar olsa da, üslubları arasında fərqlər çoxdur. Puşkin də, Tütçev də XIX əsr rus ictimai  mühitinin , epoxanın diqtəsi ilə  ədəbiyyata gələn nəhənglərdir. Puşkində daha çox xalq-tarix-mühit, Tütçevdə isə təbiət-fəlsəfə-tale aspektinə meyl  daha güclüdür.

Puşkində  lirik fəlsəfi kontekst onun yaradıcılığının koloritində aparıcı deyil. Tütçevdə  isə adı çəkilən  kateqoriya onun yaradıcılığının  leymotivi kimi  anlaşılır. Bu mənada Tütçevdən sonra yetişən şairləri onun ədəbi sələfləri kimi  tanımağa imkan verir.

Tütçevin şeirlərində fəlsəfi kateqoriyalar, fəlsəfi ifadələr yox səviyyəsindədir. Lakin  fəlsəfi düşüncələr bu poeziyanın  ruhunda kifayət qədərdir. Bu düşüncələr şeirə çevrilərkən  poetikləşir. Deməli, həyat hadisəsini  və faktı  dialektik hərəkətdə görmək və onu bədii  mətndə  ümumiləşdirmək üçün şair  təsvir vasitələrinə müraciət edir. Daha doğrusu , onların  gücünü  işə salır.

Tutçevin  “Birdən  peyda olub nəmli havada ....”  misrası  ilə başlayan  şeiri  bir təbiət lövhəsinə -  göyqurşağına həsr olunmuş  kiçik həcmli şeirdir.

Şeirin fəlsəfi  tutumundan  əvvəl şeiriyyətinə diqqət edək:

 

Birdən  peyda olub nəmli havada,

Parlaya-parlaya bir göyqurşağı.

Dünyanın hüsnünə  rəng qata-qata,

Nazlana-nazlana endi aşağı.

 

Başdan ayağa təravət qoxusu verən bu parça hisslərimizi oxşayır, oxucunun  düşüncəsini qidalandırır. Şair təbiətin cazibəli  bir lövhəsini  canlandırır. Ruhumuzu sığallaayan bu əsərdə şair təbiətin  ecazkar bir mənzərəsini  şəxsləndirib.

Bu parçada tərcüməçi şeirdən alınan  emosional estetik həzzi sözlərin, iafdələrin içinə, bətninə hopdurmaqla doğma dilə olan  hassas, qayğıkeş münasibətini göstərə bilib.

Şeirdə göyqurşağının  üç hərəkət - əlaməti göstərilib;  Parlaya-parlaya, rəng qata-qata, nazlana-nazlana.

İlk iki əlamət – “parlaya-parlaya” və  “rəng qata-qata” cansız təbiətə, yəni müstəqim mənada göyqurşağına  şamil  edilib. “Nazlana-nazlana” əlaməti isə  insana aid olan hərəkətdir və  təbiətin  üzərinə köçürülüb. Misranın  real qatı: doğrudan da göyqurşağı yoxa çıxarkən sanki nazlanır. Şair belə  bir poetik sərgi ilə insanın duyğularında canlı  təbiət assosiyası yaradır. Ekspressivliyin  sözlə  ifadəsinə gəlincə, bu bir tərəfdən   dilimizin  cazibədarlığı, digər tərəfdən  tərcüməçinin doğma dilə bələdliyi ilə  bağlıdır.

Həmin şeirin  növbəti  misralarında maraqlı bir məqamla qarşılaşırıq. Adi bir təbiət mənzərəsinin  təsviri  fonunda fəlsəfi  düşüncələr təqdim olunur. Ulu babalarımız sevinclərini, xoşbəxt anlarını çox vaxt  təbiətlə təmasda tapıblar.

 

Budur, yavaş-yavaş əriyir, itir,

Sönür yavaş-yavaş yeddirəngli nur.

Di əldən buraxma bu səadəti,

Tez elə, sən də gəl, tamaşaya dur!

 

Demə,  insan səadəti və xoşbəxtliyi bir göyqurşağının ömrü qədərmiş. Eləcə də, insan təbiətin bir parçası olduğu üçün  təbiətlə vəhdətdə səadət tapa bilər. Sözün nə qədər  gücü varsa,  bədii mətndə  açılır. Üçüncü misradakı  “di” ədatı ilə  dördüncü misradakı “tez elə” ifadəsi  bir-biri ilə elə vəhdət yaradıb ki, yüyürək bir məzmunla insanı  səadətə, xoşbəxtliyə qovuşdurmağa tələsdirir. Burada emosionallığı  yaradan bədii dil faktıdır və tərcüməçinin ustalığının göstəricisidir.

Tütçev yaradıcılığı ilə  Afanasi Fetin  poeziyası arasında ruhi - mənəvi  yaxınlıq vardır. Eyni fiziki və ədəbi dövrü bölüşən bu iki klassik bir sənət cığırı ilə  gedən iki  lirik şair təsiri  oyatsa da,   onların hər birinin  öz üslubu, öz nəfəsi var.

Məlumdur  ki, yazıçının dili onun yaşadığı mühitin  dilidir. Hər iki şairin  yaradıcılığında XIX əsr şeir dilinin  söz-ifadələri də, şeirlərindəki  rus  təbiətinin  flora və faunasının fəallığı da onların  ruhi-mənəvi yaxınlığından  xəbər verir.

Afanasi Fet  iki xalqın-alman və rus təfəkkürünün daşıyıcısıdır.  Qeyd etmək yerinə düşər ki,  Fet  daha çox təzadlar şairidir.

Məhəbbət mövzulu şeirlərindən birində:

Dayan! Bura yaxşıdır! Nə səs var, nə də səmir,

Qarşı yatan dağlar da lal sükuta dalıbdı. – deyə  sevən aşiq məhəbbət anlarını sükutun  qoynunda yaşamaq  istəyir. Səssizlikdən  zövq alır. “Dünyanın ulduzlardan nur əmdiyi” sakit bir məqamda sevgi anları yaşayır. Hətta sevgilisinin “dəniz sahilinə gedək” təklifinə:

Başım çıxmır, dalğalar orda nədən söz açır,

Axı orda nə var ki, boş hay-küydən  savayı ...

deyə dalğaların səsini də “boş hay-küy” adlandırır. Şeirdə “hay-küy” sözünün mənfi çalarda verilməsi  ilə oxucu razılaşır. Çünki  aşiqin  daxili  orbiti təbiətin  sükutu ilə eyni  harmoniyaya  köklənib.

Başqa bir şeirində  Fetin qəhrəmanı sükutdan qaçır:

Kədər gətirir, kədər,

Sükut yenə atında!

Di dur gəzək  bir qədər,

Ay işığı altında.

Məsələ burasındadır ki, şeirlərin  ikisi də  məhəbbət mövzusundadır və  sükuta can atan da, sükutdan  qaçan da  sevən insandır. Lakin  eyni  predmetə  (sükuta) müxtəlif poetik  baxış  daxli-mənəvi  yaşantıdan gəlir. Beləliklə, təzaddan  anlaşılır ki, məhəbbət anında insan  müxtəlif ovqatda ola bilər və hər hansı  predmet və hadisəyə dürlü baxış sərgiləyə bilər.

Afanasi  Fetin poeziyası rus xalq  həyatının bədii  inikasıdır. 

Qoca Xalidin  Serget Yesenindən  dilimizə çevirdiyi şeirlər şairin potik dünyası üçün  ən önəmli nümunələrdir.

Sergey Yesenin qığılcım kimi tez parlayıb-sönən ömründə lirik poeziyanın  ən lirik nümunələrini yaratdı. O, Puşkinin XIX yüzilliyin  birinci  yarısındakı poetik missiyasını yüz il sonra bədii dil və  estetik cəhətdən  daha da zənginləşdirdi. Yeseninin  bədii təfəkkürü və təxəyyülü, ifadə vasitələri və üslubu iliyinə, sümüyünə qədər yenidir.

Tərcüməçi kitaba Yeseninin “Dayça” adlı  şeirinin  tərcüməsini də daxil etmişdir. Şeir mövzusuna, ideyasına və bədiiliyinə görə diqqət çəkən əsərlərdən biridir. 

Şeirdə  bir dayçanın qan-tərə bata-bata qatarın arxasınca qaçması təsvir olunur. Dayça qatarın dalınca elə “iştahla” qaçır ki, elə bil bayram günündə qatarla cıdıra çıxıb. Bu poetik  mənzərəyə şairin   münasibəti də emosional bir şəkildə verilir:

Hara qaçır, görəsən, o gülməli yelbeyin?

Görəsən, bu yarışda nəyə gümanı gəlib?

Onu tutub saxlayın, başa salın, bir deyin,

Daha dəmir ürəkli atın zamanı gəlib.

 

Dayçanın  inadı,  hirsi, hikkəsi, müasir texniki  tərəqqiyə etirazı, əslində, ilkinliklə, təbiiliklə süniliyin qarşılaşdırılmasıdır. Qatar cismani sonluğun, dayça ruhsal  başlanğıcın  rəmzidir. İnsanlığın bütün tarixi dövrlərində  köhnəliklə yeniliyin  qarşılaşması ağırılı keçən bir proses olub. “Dayça” şeirində  poetik mənzərənin  ümumiləşdirilməsi şeirin  adında açar söz rolu oynayır: “Dayça” qatarın dalınca qaçan dayçadır, hələ at deyil. Atın həyat təcrübəsi var, o qatarın dalınca qaçmaz. Dayça isə dünyaya təzə gəlib. Hələ dünya ilə  tanış deyil. Şair dayçaya qəribə bir epitet tapıb: yelbeyin. Doğrudan  da gücünü hədər yerə sərf edənə yelbeyin deyirlər. Əsərdə obrazlaşmış dayça – yelbeyin surəti  lirik  komizm yaradır. Bütün gücünü nazik  qıçına yığıb hikkə  ilə  qatarın dalınca qaçan dayçanın düşdüyü vəziyyət gülməlidir.  Lakin bu gülüş lirizmlə vəhdət təşkil edən komizmdir.  Çünki  obrazın vəziyyəti gülməli olduğu qədər də acınacaqlıdır, tragikdir.

Şair ənənə ilə  sivilizasiyanın  qarşılaşmasını dünyanın tarixi təkamülü  kimi ümumiləşdirmişdir.

Yesenin “Dayça” şeirindəki bədii-fəlsəfi düşnücə onun “Babama məktub” şeirində bir qədər fərqli aspektdə ifadə olunmuşdur. Hər ikisində obrazın mənəvi böhranı  daxili gərginlik və təbəddülat halında üzə çıxır. “Dayça” şeirində dayça-uşaq formasında “Babama məktub”da qoca baba poetik formasında ilkinliyin böhranına etiraz səslənir:

 

Bilirəm ki, vaxt ötüb,

                  yaraları közəyər.

Qatarla yol gələndə

                  başa düşərsən hələ 

Ki, ən yaxşı atı da

                 qoşsan belə xizəyə ,

Bu diyara çatınca

                 sümüyün gələr ələ.

 

Göründüyü kimi birinci şeirdə  dayçaya “gülməli yelbeyin” deyən şair, ikinci şeirdə qatarla barışmayan babanı dilə tutur,  onun qılığına girir. Daha doğrusu, baba ilə qatar arasında barışdırıcılıq missiyasını yerinə yetirir. Beləliklə,  lirik qəhrəmanın iki eyni situasiyaya  fərqli münasibətinin şahidi oluruq.  Babaya münasibətdə  əxlaqın gözlənilməsi oxucuda intellektuallıq təəssüratı yaradır. Çünki poeziya həmişə  tərbiyə və əxlaq məqsədi izləmişdir və  intellektuallıq poeziyada daha çox  mövcudluğunu tapır. 

Qoca Xalidin  tərcüməsində Sergey Yeseninin  “Fars motivləri” şeirlər silsiləsi tərcümə ədəbiyyatımızın  şedevr nümunələri sayıla bilər.

Kitabda Niklolay  Rutsovun  yaradıcılığına xüsusi yer ayrılıb. 

İstər  nəsrdə, istərsə də poeziyada tərcümə əsərləri  oriojinal  mətndən seçilir. Ən yüksək səviyyəli,  professional tərcümə olsa belə, əsərin  ruhu, tonu, intonasiyası onun tərcümə əsəri olduğuna  əsas verir.

Qoca Xalidin  Rubtsovdan elədiyi tərcümələrdə isə tərcümə qoxusu yoxdur.  Sanki Rubtsov Qoca xalidləşib. Bir-birindən  çox uzaqda doğulan bu iki şairin  ruhi-mənəvi yaxınlığı, poetik duyğuları bir-birinə yaxın nota köklənib.

Nikolay Rubtsov rus ədəbiyyatında “sakit poeziya”nın nümayəndəsidir. Rubtsov poeziyasının  dil-üslub tonu, şair ruhunun bakirə kənd idilliyası ilə uzlaşması, ilhamının təbiət paklığına  köklənməsi onun sakit poeziya anlayışını şərtləndirir. Əslində, sakit poeziya deyiləndə, insanın  yadına ürəklərə  günəş  işığı, əsəblərə bulaq sərinliyi aşılayan misralar düşür. Şəhərin  səs-küylü həyatından, urbanizasiyadan uzaq bir kənd təbiiliyini ilhamının predmetinə kökləmək də sakit poeziya atributudur. Həm də bu poeziyada  lirikanın əsas mayası sayılan  tərənnüm daha güclü olur.

Rubtsovun  “Kənd axşamları” şeirini oxuyan  hər kəs onun tərcümə əsəri olduğuna inanmaz.

Qızılyallı kəhəri 

                    bircə anda taparam,

Haram qatıb otların

                   gözündəki yuxuya.

Çəmənlərin içiylə

                  qonşu kəndə çaparam,

 

Qoy əzilsin çiçəklər

                   atın ayağı altda.

Diksinən söyüdlərin

                  qəddini əysin kədər,

Belə anda gözümdə

                 şirinləşir həyat da –

Bir qızla görüşümdən

                 duyduğum sevinc qədər

Şeirin dili təbiətin özü qədər cazibədardır. Bu parçada təbiətin  zərif bir lövhəsi bütün emosionallığı ilə  misralara hopdurulub. İnsafla söyləsək,  bu “ana dilimizdə diri doğulub yaşamaq haqqı qazanan” (Ramiz Rövşən) tərcümədir.

Rubtsovun  şeirlərindən biri “Naməlum adam” adlanır. Şeirdə xəstə, yorğun və ac bir yolçudan danışılır. Qaranlıq düşür, hər tərəf qarla örtülür. Taqətdən düşən yolçu qarşısına çıxan ilk  kənddə gecələmək istəyir. Çünki başqa çarəsi yoxdur.  Bizim  nağıllarda olduğu kimi  işıqgələn son ümid yeridir.  Ancaq kənddə küt  bir qadın deyir: bu adam ya oğrudur, ya səfil. Yolçunun  son ümidi də üzülür və yoluna davam edir:

Hər yan qardı, nə yol vardı, nə də iz, 

Çaya çatıb-axı hardan biləcək?

Suya batıb  öldü səssiz-səmirsiz,

O bilirdi,  ölsə, yolda öləcək.

 

Ölüb getdi, qar itirdi izini,

Səhər  xəbər yayılanda beyqafıl,

Eşidənlər çəkdilər ki, özünü,

Eh,  o adam ya oğrudu, ya səfil.

Şeirdə kövrək  bir epiklik duyulsa da, lirik ovqat üstünlük təşkil edir. Bu kiçik şeirdə fərdlə cəmiyyət qarşılaşdırılıb. Yolçu fərddir. Onun dərdi var, ac və xəstədir. Cəmiyyətin – kəndin dərdi isə daha ağırdır.  Kütlük, biganəlik, laqeydlik cəmiyyətin dərdidir. Cəmiyyət öz fərdinin taleyinə laqeyd yanaşırsa, fərdinə sahib dura bilmirsə, deməli, cəmiyyət xəstədir. Şeirin ideyası: cəmiyyət simasızlaşır və əlac tapılmasa, gec-tez məhvə məhkumdur. Əsərdə küt qadın saxta sovet adamının  ümumiləşdirilmiş obrazıdır.

Şeirdə  Rubtsov maraqlı bir qarşılaşdırma da yaradıb.  Qəm-dərd qarşılaşması. Qeyd edək ki,  qəm dərd deyil, dərd də qəm deyil. Qəm anlıqdır, qəmin ömrü qısadır.  Dərd isə  boyuna görə daha böyükdür. Şeirdə  kimsəsiz yolçunun  ölümü qəmdir, kəndin, yəni cəmiyyətin  deformasiyası isə dərddir. Şeirin  tərcüməsi isə göz qabağındadır.  Olduqca səliqəli və ölçülü-biçili bir dil. Bu tərcümələrdə Azərbaycan dilinin potensialı  bütün  gücü ilə görünür.

Ümumiyyətlə, Rubtsovun  hər bir şeirində təbiətin  cazibəli bir lövhəsinin  canlandırılmasının  şahidi oluruq. Onun şeirlərinin  informasiyası da, emosionallığı da, hətta dramatizmi də doğma təbiətin  assosiasiyası ilə  yaradılır.

Tərcüməçi  kitaba rus poeziyasının  sonuncu  mogikanı Yuri Kuznetsovun  xeyli şeirini daxil etmişdir.

Moskva Ali Ədəbiyyat  Kurslarının  mənəvi  atası Yuri Kuznetsov. Elə şair-tərcüməçi Qoca Xalidi ədəbiyyat kurslarına dəvət edən də Kuznetsov olub. 

Sözün doğrusu, tərcümələrin  içində Kuznetsovun “Nizaminin kölgəsi” şeiri  məni daha çox cəlb etdi. Təbii  ki,  bu hər şeydən əvvəl  başqalarının  bizim haqqımızda nə dediyini öyrənmək marağı ilə bağlıdır. Qəzetlərin  manşetinə  və sosial şəbəkələrin xəbər başlıqlarına oğrun-oğrun, həyəcanla baxırıq ki, görəsən, ölkəmizə, mədəniyyətimizə başqalarının münasibəti necədir?

“Nizaminin kölgəsi” şeiri  ulu Nizaminin  möhtəşəm yubileyi günlərində yazılıb. Yeddi bəndlik şeirin bütün misralarında (bəndlərində yox, misralarında) bu rus oğlunun  türk dahisinə məftunluğundan  doğan  heyrəti ifadə olunub. Hiss edirsən ki, şairin  Nizamiyə sevgisindən  məftunluq, məftunluğundan heyrət doğulub.

Ucalıb göylərin  yeddi qatına,

Möhtəşəm heykəli göyləri dəlib.

Ulu Nizaminin ziyaratına

Bütün yer üzündən şairlər gəlib.

Məlumdur ki, “ziyarət” sözü müqəddəslər haqqında işlədilir. Müəllifə görə dünyanın  hər yerindən  gələn nəhəng söz ustaları yubileyə deyil, ziyarətə gəliblər. Əminliklə demək olar ki, orijinalda da bu söz “ziyarətinə” şəklindədir.

Baxdıqca od tutub alışan yerə,

Qəlbimə qorxunun  ləkəsi düşür.

Şairlər istidən alışan yerə,

Birdən Nizaminin kölgəsi düşür.

 

Bu boyda kölgəyə dünya yerləşər,

Cılız kölgəmizdən sarsılırıq biz.

Nizami qəlbini açır günəşə,

Onun kölgəsinə qısılırıq biz.

Əsərdə Kuznetsov qeyri-adi bənzətmələr işlədir, mübaliğələrin miqyasını qat-qat artırır. Nizamini günəşə bənzətməklə  onun bəşər mədəniyyətindəki yerini dürüst ifadə edir:

Nizami günəşlə  yanaşı durub,

Hamını gizləyir öz kölgəsində.

Şeirdə müəllif rus ədəbi  ictimaiyyətinin bədii  düşüncəsinə  çat salan və ölkəsinin mənfi  imicinə yönəlik  bir fikir də səsləndirir.

Haçan Nizamini öysə qələmim,

Çoxları hirslənib dizinə döyüb.

Moskva dalımca deyinib mənim,

Rusiya elə hey dalımca söyüb.

Qeyd edək ki,  Kuznetsov kimi bir şairdən  qeyri-səmimi nəsə eşitmək inandırıcı deyil. O, gördüyünü, duyduğunu, real yaşantılarını yazan sənətkardır.  Lirik  ovqata köklənən bir şeirdə mənfi emosiya sərgiləyən bir bənd onsuz da əsərə əlavə kimi  görünür və həmin  bənd şeirdən çıxarılsa, əsərin ümumi ruhuna heç bir xələl gəlməz. İstər müəllif, istər tərcüməçi həmin bəndi şeirdən çıxara  bilərdi.  Lakin  dünya tarixi təcrübəsi göstərir  ki, ümumbəşəri meyarlar həyat həqiqətinə əsaslanır və bu məqamda gerçəkliyin   təhrif edilməsi yolverilməzdir. Hüqo bütün dünya üçün  Hüqodur, Tolstoy elə Tolstoydur, Nizami də Nizamidir.

Beləliklə, “qələmim Nizamini öyəndə Rusiya dalımca söyüb” fikrinin bədii təqdimi hər  iki  sənətkarın – müəllifin və tərcüməçinin şair şəxsiyyətinin göstəricisidir.

Çağdaş dövrdə bəşərin ən böyük nisgili dünyada ekoloji  tarazlığın  pozulmasıdır.  İnsanın gözü qabağında ekoloji özlüyün  - bəşər övladının  əzəli və əbədi mayasının  itməsi uşaqdan böyüyə, fəhlədən alimə hər kəsi təşvişə salan qlobal vahimədir.  Bəşərin dərdi haqqında haray çəkmək,  həyəcan təbili çalmaq həmişə ədəbiyyatın, xüsusən, onun şeir qolunun missiyası olub. Azərbaycan, rus və dünya ədəbiyyatında bu problemə yetərincə əsərlər yazıb.

Vasili  Kazantsevin “Heyran qaldım həmişə ...” şeirində isə diqqət ekoloji problemə yönəlsə də, bədii  predmetə fərqli  baxış  nümayiş  olunur.

Şeirin süjeti  səmimi və inandırıcı qurulub.  Hər yan gözəldir,  könülaçandır.  Meşə, çöl, döşdəki  güllər, çiçəklər könül oxşayır.  Ancaq  zümrüd göl quruyur. Təbiətin  canından  keçən bu ağrı  bir anda şairin hisslərində, həyəcanlarında əks olunur. Lirik  qəhrəman  selləri, suları imdada çağırır. Meşəyə, küləyə, buluda yalvarır: “Gölü qurumağa qoymayın!”

Şeirdə bütün təbiət şəxləndirilib. Hamı eyni cavabı verir:

Biz də bilirik bunu,

Əlimizdən nə gəlir?

Bütün iqlimləri dolaşıb fəlakəti aləmə car çəkən şair şeirin  finalında yorulub Tanrıya əl açır:

Dərə keçdim, dağ aşdım,

Lap axırda yorulub

Yaradana əl açdım:

 

-Səninkidi bu aləm,

Qurtar gölü ölümdən!

-Bunu mən də bilirəm,

Eh, nə gəlir əlimdən ...

Şeirin   ideyası: hər dərdin əlacı olan təbiət öz dərdinə əlac tapa bilmir. İnsan təbiətin  harmoniyasını elə pozub ki, düzəltməyə Allahın da gücü çatmır.

Şeirin son  bəndi  insana mesajdır.  Yəni dünyanın  gələcək  taleyi  insanın  əlindədir.

Şeirdə  güclü təzad yaradılmışdır. Təbiətin al-əlvan naxışları fonunda zümrüd  gölün quruması təzaddır.

Tərcüməçi ikinci bənddə  “dilə tutmaq” frazeologizmini düz yerində işlədib:

Dilə tutdum sel – suyu,

-Yavaş qaçın, bir yavaş.

Gölün suyu quruyur,

Əlac tapın, ey, əlac!     

Doğrudan da, insan özünə tabe olan  qüvvələrə əmr edə bilər. Selə əmr etmək olmaz. Seli ancaq dilə tutmaq olar, ona  yalvarmaq olar.  Selin  cavabı da təbii tarazlığın pozulmasından yaranan narahatlığı ifadə edir:

-Əngəl olub təpə, dik,

Yolumuzda dikəlir,

Bunu biz də bilirik,

Əlimizdən nə gəlir?

Sel suları təbii əngəllərdən  - dağdan, qayadan giley-güzar eləməz. Çünki ilkin yaradılış tarazlıqdadır. Selin-suyun  yolunda əngəl olan  insanın yaratdığı maneələrdir. Plansız, nizamsız salınan  şəhərlər, təbiətə yersiz müdaxilələr, təsərrüfatsızlıq insanı təbiətlə üzbəüz qoydu. Hətta sovetlər dövründə “təbiət qüvvələri ilə mübarizə” adlı yanlış bir şüar da ortaya atılmışdır.  Şair insanın  özünə  yaratdığı bəlaları bədii təqdimat halında çatdırmışdır.

Şeirdə təbiət obrazları siyasi-ictimai mətləbin ifadəsinə xidmət edir. 

Vladimir Vısotski sovet quruluşunun heç vaxt boynuna almadığı   olduqca dərin təzadların  şairi idi. Vısotski mövzu seçmirdi.  Onun şeirlərinin mövzusu quruluşun,  yaşadığı zamanın  axarından, epoxanın paradoksal dramatizmindən yaranırdı.  Şeirlərindəki hadisə də, mahiyyət də adi halında, həyatın içində hazır idi.

Vısotskinin dövründə  bütün imperiya nəğmə oxuyurdu. Məddah  məğmələri. Bu nəğmələrə çəpiklər çalınırdı.

Vısotski isə zamanın gerçək nəğmələrini oxuyurdu və qazandığı alqışlar da milyonların qəlbindən qopan sevgi  alqışları idi.

Şair ironik düşüncə və  bu düşüncədən doğan ifadə tərzi ilə  hadisələrin  mahiyyətini sonsuz bir həvəslə, çılğın bir ehtirasla təqdim edirdi.

Vısotski satirik şair deyil. Şeirlərində tipi açıq ifşa üsulu, şiddətli satirik qəhqəhə doğuran məqamlar da yoxdur. Onun gülüşü çox zaman öz lirik səmimiyyəti  ilə  seçilir və  oxucuda lirik-komik gülüş yaradır. Beləliklə, şair acını şəkərə, zəhəri bala bürüyüb təqdim etməklə öz bənzərsiz üslubunu yaradırdı.

Vısotskinin mövzu və  ideyaca bir-biri ilə səsləşən, bir digərini tamamlayan iki şeiri onun yaradıcılığının  leytmotivi təsirini yaradan gözəl  nümunələrdir.

Birinci şeir “Kənd təsərrüfatı sərgisinə yazılmış məktub”, ikinci şeir “Kənd təsərrüfatı sərgisindən gələn məktub” adlanır.

Birinci şeir qadının dilindən ərinə yazılmış məktubdur. Şeirdən  məlum  olur  ki, bu qadının əri Kolya bəslədikləri öküzü  kənd təsərrüfatı sərgisinə aparıb. Öküz sərgidə qızıl medal qazanıb. Bu şeirdəki hadisədir. Bədii mətləb isə başqadır. Öküzün sərgidə qızıl medal alması əri və arvadı qətiyyən  maraqlandırmır.

Qadının dilindən ərinə  yazdığı “öküzə çox  baş qoşma”, ərin dilindən verilən “öküzümüz arxayınca uzanıb quyruğunu yellədir” kimi məlumatlarla şair hadisənin əhəmiyyətini  kiçildir, oxucunun  nəzərini hadisədən yayındırır. Əvəzində isə ömrünü-gününü ağır zəhmətdə  keçirən sadə rus kəndlisinin tərtəmiz  təbii məhəbbəti önə çəkilir. “Daha səni düşünməkdən yarı canım qalıbdır”, “sənin kəsik dırnağını heç kimə dəyişmərəm”, “aqronoma zada bir quş, gözləyirəm yolunu” deyən qadın öz ərini hərarətlə sevdiyini bəyan edir. Ərin də cavab məktubunda qadınına sonsuz sevgisi ifadə edilir: “Səni düşündükcə damarda donur qanım”.

Ancaq bu şeirlərə sevgi şeirləri demək olmaz. Çünki bu sevginin fonunda rejimin  eybəcər siması da açılır.

Bir tərəfdə  sovet sisteminin  düzəltdiyi  yalan təbliğatlar,  öküzə verilən qızıl  medallar, alqışlar, çəpiklər, süni  təriflər, digər tərəfdə əziyyət içində  boğulan kəndlinin  məişət problemləri, tükənməz qayğıları qarşı-qarşıya qoyulur. Dövlət üçün qızıl medala layiq öküz bəsləyən kədlinin cibi boşdur, qarnı ac. “Qıyıb  sup da yemirəm” – deyə gileyini bildirir.

Şəhərlə kənd arasında qəsdən yaradılmış  antoqonist ziddiyyət bütün çılpaqlığı ilə ifadə olunmuşdur. Kəndli  şəhərliyə öz “istehsalını” – öküzü təqdim edir. Şəhərlilər  çox heyranlıqla tamaşa edirlər. Şəhərlilər də öz “istehsalını” – baleti kəndliyə göstərir. Kəndlinin baletdən aldığı təəssürat isə Vısotski qələmi ilə Qoca Xalidin  tərcüməsində ecazkar səslənir:

Dünən baletə baxdım – balet budurmu  əşşi?!

İçəri girən kimi qurudu matım-qutum.

Utanıb eləmədən  səhnədə dörd-beş kişi

Mamlı-matan qızları top kimi atıb-tutur.

Ərin dilindən yazılan  məktubda Vısotski ölkədəki zahiri bər-bəzəklə  kommunist əxlaqını  və mənəviyyatını qarşılaşdırır.  Kəndli Kolya şəhərdə son dərəcə  gözəl bir bağa tamaşa edir. Bağ əslində dövlətin simvolu kimi  verilmişdir. Həmin bağın içində zibil qabları  da qoyulub. Kəndli zibil qablarında elə şeylər görür ki, ancaq tüpürməyə layiqdir. Zibil qabları  şeirdə əxlaq və mənəviyyatın rəmzi kimi ümumiləşdirilmişdir.

 

Yanımızda bağ da var, bu həm bağdır, həm meşə,

İçində suyu-seli görməsən inanmazsan.

Orda zibil qabına tüpürürəm həmişə,

Amma belə şeyləri sən heç zaman qanmazsan.

Qadının  ərinə  məktubunda sovet adamının  düşüncəsinə hakim kəsilmiş bir fikir səslənir:

Qorxuram ki, qayıdanda vəzifəyə keçəsən,

Heç məni də qoymayasan daha adam yerinə.

Göründüyü kimi, bunu deyən qadın tipik kənd qadınıdır. Həmin fikir şeirdə elə ümumiləşdirilmişdir ki, sevən qadının  ərinə naz-qəmzəsi kimi yox, cəmiyyət insanının klassik düşüncəsində yer alan gerçəklik kimi qəbul olunur.

Vısotski şeirlərinin ikisində də hər şeydən əvvəl, qadınların təbii, həyati zövq və marağını oxşayan bir nüansı diqqətə çatdırmışdır. Bu qadınların  harada nə satıldığını öyrənmək arzusudur.

Şair bu məqamı qadınların həyat idealı kimi deyil, sadəcə qadın marağı kimi ifadə etdiyinə görə ironiya yumşalır, əvəzinə şirin və ürəyəyatan bədiilik təmin olunur.

Qadının  ərinə yazdığı məktubun finalında:

“Bir də mənə bir yaz, görüm,  - orada nə satılır?! ”arzusuna, ərin həssaslıqla  yazdığı: “Sənə paltar almağa saxlayıram pulumu” – cavabı bu  cütlüyün  ən gözəl duyğularının real bədii əks-sədası kimi görünür. Dərk olunur ki, ömür-gününü zəhmətə bağlamış  bu qadının mağaza marağı onun  halal-hümmət haqqıdır.

Maraqlısı bir də odur ki, şair insanda könül sığallayıb, xoş təəssürat oyadan  həmin lövhənin  ifadəsinə cəmi bir cümlə sərf etmişdir:  “Mənə  bir yaz görüm” – orada nə satılır?!”

Bu yığcamlıq və lakoniklik bir tərəfdən şairin  daha çox fərdi-üslubi sənətkarlığı ilə bağlıdırsa, digər tərəfdən  tərcüməçinin  orijinala həssaslıqla yanaşması və poetik  göstəricilərin hamısından  bacarıqla, böyük  istedadla istifadə etməsi ilə bağlıdır.

Tərcüməçi tərcümə prosesində  Vısotski poeziyasının üslubunu və intonasiyasını saxlamış, canlı xalq danışıq dilimizin şəhd-şirəli idiomları ilə orijinalın ruhunu çatdıra bilmişdir.

 

Beləliklə, iki ilhamın –orijinalla  tərcümənin sintezindən  ərsəyə gələn  bu poetik nümunələr Azərbaycan oxucusunun  Vısotski ilə daha yaxın tanışlığının təminatçısı olacaqdır.

Akademik Y.E.Bertels Nizaminin  ruscaya tərcüməsindən danışarkən demişdir ki, bu tərcümələr əzəmətli simfonik orkestr üçün yazılmış simfonik  poemanın fortepianoda ifa olunmasına bənzəyir. Bu ifa orijinal haqqında müəyyən təsəvvür yarada bilər, lakin çətin ki, orijinal tək  sarsıtmağa, həyəcanlandırmağa qadir olar.

Akademikin bu fikri konkret bir şairin konkret bir dilə  tərcüməsi haqqındadır.  Ədəbiyyatımızda isə orijinala maksimum yaxın və ya eyniyyət təşkil edən yetərincə bədii tərcümə əsərləri vardır.

Rus poeziyası orijinalda rus oxucusunu fikir və emosiya dünyasına çəkdiyi qədər Qoca Xalidin tərcümələri də Azərbaycan oxucusunu duyğulandırmağa qadirdir.  Çünki bu tərcümələr adi tərcümə deyil. Dadı-duzu və bütün bədii rəngləri yerində olan  sənət nümunələridir.                

  

Yəhya Abbasov

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0