Tarixlə kəsişən məqamlar və ya "Nöqtələr şəklindəki naxışlar"

May 1, 2026 - 19:37
May 1, 2026 - 19:40
 0  25
Tarixlə kəsişən məqamlar və ya "Nöqtələr şəklindəki naxışlar"

Lütviyyə Əsgərzadə

Filologiya elmləri doktoru

(Arzu Nehrəmli: göz yaşları içində gözəl təbəssümü ilə gülən şair)

"Şairlər özünü yazır", - ifadəsi ədəbiyyatda ən geniş yayılmış fikirdir.Təbii ki bu fikri qəbul edənlərlə, yanaşı etməyənlər də var.  Şairlərin şeirləri onların daxili dünyalarının əksidir. Duyğuları, düşüncələri, sevinci, kədəridir. Yəni hər şair bir az özünü yazır. Arzuxanım Nehrəmli isə təkcə özünü yazmır, Züleyxanı yazır, qəhrəmanını, Züleyxanın atası Yusifi yazır, Vətən uğrunda döyüşlərdə şəhid olan hərbi təyyarəçi həyat yoldaşını yazır. Arzu Nehrəmlinin yaradıcılığında "özünü yazmaq" anlayışı ən gənc yaşında birbaşa həyatının ən ağır sınağı ilə 1992-ci ildə həyat yoldaşı, hərbi təyyarəçi Yusif Vəliyevin şəhadəti ilə bağlıdır. 

 Arzu Nehrəmlinin yaradıcılığındakı dərin kədərin kökündə dayanır. 22 yaşında dul qalan şairə bu ağır və bir o qədər də şərəfli itkini, Yusifsiz davam etdiyi həyatını, həyat mübarizəsini misralarında inikas etdirir. Ruhunda yaşatdığı şəhid Yusif Vəliyevin əzəmətli rəsmini çəkir, misralarında onunla həmsöhbət olur. Hər anında onunla olan şairə poeziyası “nöqtələr şəklində naxışları, eskizi xatırlatmaqla” oxucuda Yusif Vəliyev adlı qəhrəmanın obrazını yaradır. Və bu “nöqtələr şəklindəki naxışlar”, “eskizi xatırlatmalar” arasında bu nakam sevginin ən şirin payı, onu həyata bağlayan Züleyxası yer alır.

Fransız simvolizminin ustadı Pol Verlenin ən məşhur şeirlərindən birini, "Qəlbimdə göz yaşları" (Il pleure dans mon cœur) xatırlayıram,  Heç ağladığını görmədiyim Arzunun qəlbinin göz yaşları, daxili iztirabı, şəhid həyat yoldaşının həsrəti misralarına tökülür. 

Sirr deyil ki, Arzu Nehrəmlinin adı müasir Azərbaycan ədəbiyyatında daha çox öz nakam taleyini, şəxsi ağrı və itkilərini səmimi poetik dilə çevirən müəllif kimi keçir. “O, ədəbiyyata öz bioqrafiyasından, yaşadıqları ömrün bu bioqrafiyaya sığmayan gerçək duyğularından gəlib. Onun şeirlərindəki Dərd, Ağrı və Kədər motivləri təsadüfi deyil, yaşanılmış hisslərin məhsuludur” (Vaqif Yusifli). Taleyinin izləri, onun kitablarına verdiyi adlarda da əks olunur: “Əbədi sevgi”, “Tənha qu nəğməsi” və “Unutmağı öyrənirəm”. 

İztirablarına, ağrılarına, dərdinə rəğmən, o, şeirlərində sarsılmaz, tükənməz bir iradə nümayiş etdirir. “Sındın, əyilmədin, məğrur ürəyim”, - misraları onun həm bir qadın, həm də sənətkar kimi taleyinə olan münasibətini, “məğrur ürəyinə” əyilmədiyi üçün minnətdarlığını əks etdirir. Arzunun şeirləri özünün özü ilə və Yusifi ilə olan söhbətidir. Şeirləri ilə söhbət edir, onunla dərdləşir. Bütövlükdə, Arzunun poeziyası Yusifsiz günlərinin nisgilidir, acımasız ölümə üsyanıdır (eyni zamanda qürurudur). Yaxınlarda Arzu Nehrəmlinin “Ruh və kölgə” ədəbi məclisinin qrupunda paylaşılan və 3 dəqiqədə yazılan bir şeirini oxudum. Dilimizdə belə bir söz var, “Damarımda qanım dondu”. Söhbət fiziki qan donmasından deyil, ruhsal və emosional donmaqdan gedir. Müasir gənclər bu hissi “şok oldum” deyə ifadə edir. Mənsə, donub qalma halı keçirdim. “İçini ah saran”, “qəhərdən üşünən” bir qadın nələrə sinə gərir, hansı əzabları yaşayır, qəlbindən gündə min dəfə nələr keçirir, nələr.... Qısacası Arzunun şeirləri necə yaranır? Üç dəqiqəyə yazdığı şeirdir, yoxsa şeirin misralarına pıçıldadıqları hər gün Arzunun öz-özü ilə, “Üşüyürəm, Allahım, /Şeirlə ört üstümü”, - deyə “Üz tutduğu Allahla” olan  həsbi-halıdır?

İçimi sarıb ahım

Qəhərdimi, tüstümü.

Üşüyürəm, Allahım,

Şeirlə ört üstümü.

Yusifsiz həyat “köksünü dərd dağıdan” Arzu üçün həyat deyil, iztirabdır, ağrıdır. O, nə evə sığmır, nə eşiyə:

Nə evəm, nə eşiyəm,

Ayrılıq günəşiyəm.

Qəmə ilk sonbeşiyəm,

Dərd dağıdır köksümü.

Özünü “ayrılıq günəşi” adlandırması nə qədər  həqiqətə yaxın olsa da,  adam bu fikri qəbul etmək istəmir. Gənc, gözəl, istedalı bir xanımı “Ağrıdıb, incəldib, Natəvan edən” onun taledən çəkdikləri, həyatın ona acımasızcasına cızdığı yol, qəmdən-kədərdən biçdiyi dondur. Arzunun   aşağıdakı misraları onun səssiz ahıdır, harayıdır, fəryadıdır: “Viranam göy üzündə”. Viran sözünün mənasını açmaq, incələmək istəmirəm. Bu sözün mənasını açmaq mənə çox ağır gəlir:

Viranam göyüzündə,

Gecədir, gündüzüm də,

Tapmazsız mən dözümdə,

Ucaldın eeey, büstümü.

Gündüzü gecə olan şairənin çəkdiklərini bir özü bilir, bir də ”Üşüyürəm, Allahım, /Şeirlə ört üstümü”, - deyə əl açdığı, üz tutduğu Allahı. Özünün də vurğuladığı kimi, Arzu Nehrəmli “büstü ucaldılacaq” qadındır. Onun adı artıq vəfa, sədaqət, dözüm rəmzinə çevrilib.

Rus filosofu, şair, tarixçi Lev Karsavin yazır ki,  “Şair uşaqdır, o dünyanın ən gözəl təbəssümüylə - göz yaşları içində təbəssümü ilə gülür”. Arzunun poeziyası da “göz yaşları içində dünyanın ən gözəl təbəssümü ilə gülən” bir qadının daxili yanlızlığının, sevdiyinə həsrətinin, Şəhidinə sevgisinin, sədaqətinin, Züleyxasına sevgisinin pıçıltılarıdır.

Deyirlər ki, “Poeziya Tanrının qulağa pıçıltısıdr”  (Pavel Semyonoviç Lunqin). Arzu xanımda bu bir az fərqlidir. Arzunun poeziyası öncə, onsuz günlərinin qurğuşun kimi ağır, ağrılı, boz günlərinin  Yusifinə, sonra Tanrıya pıçıltılarıdır. Bəlkə də yüz yol Tanrıya “bu nə taledir, ilahi”, - deyə müraciət etdiyi Arzu xanım  misralara nələr pıçıldayır, nələr.... “Çöl cənnət, içim ağıdır”.

Bu da bir ömür çağıdır,

Çöl cənnət, içim ağıdır,

Cənazəm kəfən dağıdır,

Ruhumsa bal dadır, gəlir.

Bəzən misralardakı qəm yükü ölçüyəgəlməzdir. Çəkilməzdir. Amma Arzu 35 ildir bu çəkilməz, dözülməz dərdə dözür. “Bəzən kəfən dağıdan cənazəsi ilə görüşdən gələn “lirik mən”in “ruhu bal dadsa da”, bəzən də “Çözümü olmayacaq dərdlər”, - şairənin “dözümünü bitirir.

 Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var. “Çözümü olmayacaq dərdlər” şairənin “dözümünü bitirir”, əlacı sözə qalan “lirik mən” özü-özünü sözlə aldatmağa çalışır:

Arzunun bitmiş dözümü

Dərdlərinin yox çözümü,

Çalışıb özü özünü

Bir sözlə aldadır, gəlir.

 

Arzu hələ də Yusifinin şəhadətə qovuşduğu gündədir, hələ də o gündən sabaha adlaya bilmir. Yaşayır, yaş üstünə yaş gəlir, ancaq Yusifini itirəndə yenicə ana olan gəlin nə o yoxluğu qəbul edə bilir, nə o gündən sabaha addımlaya bilir. Bu qədər ağır dərdlə hələ də 22 yaşındadır. O ildən uzaqlaşmaq istəmir, o dərddən silkinib çıxmaq istəmir. Hər anında Yusiflə danışır, onunla addımlayır, onun yoxluğunu qəbul etmir. Ruhunda yaşatdığı Yusifsiz bir günü yoxdur. Hələ də onun yazdığı məktubları oxuyur, Yusifin ətrini onlardan alır. Özü özünə pıçıldayır “Yaşamaqmı, nə deyim”.

Yaşamaqmı, nə bilim,

Ömrüm çiçək ömrüdü.

Hər gün ölüb dirildim,

Bu kəpənək ömrümü.

Bu nə nisgildir, ilahi!? Şairənin misraları  yadıma klassik Azərbaycan poeziyasının ruhuna uyğun olaraq, həyatın faniliyi və vaxtsız itkinin gətirdiyi kədər üzərində qurulmuş bu qəmli bayatını salır: "Bağçamızda sarı gül / Yarı qönçə, yarı gül, /Nə tez açdın, nə tez soldun, /Olmayaydın barı gül”.

“Nə tez açdın, nə tez soldun”, - ifadəsində həyatda hər şeyin (sevginin, gəncliyin və ya bir insanın) ən parlaq dövründə qəfildən bitməsi, vaxtsız ölüm vurğulayır. Arzu şəhadətə yüksələn Yusifi ilə fəxr etdiyi kimi, burada da bir üsyan yoxdur, dərin bir təəssüf var. “Olmayaydın barı gül”, - misrası kədərin ən pik nöqtəsidir. Estetik gözəlliyi və zərifliyi təmsil edən gülün tez solması insanın arzu və ümidlərinin qırılmasını, həyatın amansızlığını simvolizə edir. Adətən sevilən bir şəxsin gənc yaşda itkisi və ya çox qısa sürən bir xoşbəxtlik üçün ağı kimi deyilir. Arzu bütün bunları bir cümlə ilə ifadə edir: “Çöl cənnət, içim ağıdır”.

Şairənin “Lirik mən” də bunu vurğulayır, əgər bu gözəllik (gül) bu qədər tez yox olacaqdısa, heç var olmasaydı...  Xoşbəxtliyi, Yusifli günləri bir gül ömrü kimi qısa olan şairə “ömrünü çiçək ömrünə” bənzədir. Yusifsiz günlərdə hər gün ölüb-dirilən şairə bir kəpənək ömrü yaşayır. “Kəpənəyin üçcə gün ömrü olduğunu deyirlər”. “Kəpənək ömrü” metaforası, əsasən qısa ömrü ifadə edir. Kəpənək dünyanın ən gözəl canlılarından biri sayılsa da, ömrü çox qısadır. Bu, insanın həyatındakı gözəl anların, gəncliyin və xoşbəxtliyin nə qədər tez keçib getdiyini simvolizə edir. Bu metafora ədəbiyyatda və fəlsəfədə tez-tez “Dünya bir pəncərədir, hər gələn baxar keçər”, - məntiqi ilə eyniləşdirilir.

 Hərbiçi pilot, qəhrəman Yusif bu pəncərə dünyadan baxıb keçdi, Şəhidlik zirvəsinə yüksələrək əbədilik yaşamaq haqqı qazandı… Onun 22 yaşlı gənc və gözəl sevgilisi, həyat yoldaşı, 22 yaşlı Arzusu isə “Dağdan ağır bir yüklə”, Yusifsiz yaşmağa məhkum oldu. Ölən bir dəfə ölür, yaşayan gündə min dəfə ölüb-dirilir:

         Səndən sonra ölmədim

         Ölmədim, yaşayıram.

         Sənsizliyi qəlbimdə

         Yük kimi daşıyıram.

Arzu xanım da ayrılığı, ayrılığın gətirdiyi dərdi, kədəri inləyərək, sözlərə sığınaraq anladır. Bir qadın olaraq çəkdiklərini anlasam da, ruhunun fəryadını duysam da, çəkdiklərini dərdi çəkən, “hər gün ölüb-dirilən” qəhrəman şəhid xanımının özü  bilir. Bəzən Yusifinə qovuşmaq üçün ölümü gözləyir (Allah uzun ömür versin!) Mövlananın Tanrıya qovuşmaq aktı saydığı ölüm, Arzu üçün Yusifinə qovuşmaqdır: “Çox gözləsəm də onu, /Yaxın gəlmədi ölüm”. Bu qədər dərdlə yaşamaq da “ölümü gözləmək” qədər çətindir:

         Yaşamaqmı, nə bilim,

         Ömrüm çiçək ömrüdü.

         Hər gün ölüb dirildim,

         Bu-kəpənək ömrüdü.

Yaşaya-yaşaya yanan, yana-yana yaşayan, dərdinə bürünüb heykəlləşən Arzu xanım Nehrəmli bu gün yarımçıq qalan sevgi dastanını Yusifsiz, eyni zamanda Yusiflə davam etdir. Sevir, ovudur, əzizləyir, yaşadır. Gənc yaşında ölüm xəbəri alan, kədərə bürünüb “yetim uşaq tək dərdin qoynuna sığınan” Arzu xanımın şeirlərinin ünvanı Yusifdir. Bu ünvanın qapısını döyür hər gün dərdlə, kədərlə, həsrətlə. Bu dastanın iki qəhrəmanı var: vətən üçün şəhadətə yüksələn Yusif və Yusifin özü qədər qəhrəman xanımı, əhdə sədaqətli Arzu xanım. Və bu iki qəhrəmanın qiymətlisi Züleyxa qızım (mən Arzuya da “qızım”, - deyirəm).

 “Taleyi milli dövlətçilik tariximizin bir parçası kimi əlamətdar olan” Arzu xanım Nehrəmli və Vətənimizin azadlığı, bütövlüyü uğrunda döyüşdə (1992) dini, milli və mənəvi baxımdan uca bir məqama - Şəhadətə yüksələn hərbi pilot, baş leytenant Yusif Yaqub oğlu Vəliyevin yadigarı Züleyxa...  Dünyanın qarışıq bir zamanında dünyaya gələn Züleyxanın dünyaya gəlişini anası filologiya üzrə fəlsəfə doktoru, yazıçı, şairə, publisist Arzu xanım Nehrəmli  “Dar gündə səslənən, çağrılan insan” adlı yazısında belə anladır: “Bir də hər insanın qəlbində yaranan, yaddaşlardan süzülüb gələn tarix var. Yaddaşın yaratdığı tarix nə qədər subyektiv, nə qədər sadəlövh olsa belə, daha səmimi olur.

Zübeydə dünyaya gələndə zaman yaman qarışmışdı. Ölkəmizdə müharibə gedirdi. Müharibənin qaldırdığı tozanaq qarşıdakı üfüqləri də görünməz etmişdi. Gələcək aydın görünmürdü. Hara getdiyimiz, sabahımızın necə olacağı bəlli deyildi.

O qarışıq günlərin, qanlı müharibənin amansız güllələrindən biri mənim ömrümə, qismətimə, taleyimə dəydi. Taleyimi parça-parça edən güllə balamın da uşaqlıq xəyallarını yaraladı.

Həyat yoldaşım, hərbi təyyarəçi Yusif Vəliyev Vətən uğrunda döyüşlərdə həlak olanda qızımız Zübeydə cəmi doqquzaylıq idi.

Dünyanın başımıza yıxıldığı, bütün təsəllilərin param-parça olmuş könüllərimizi ovutmağa aciz olduğu o ağır günlərdə…” Arzunun poeziya nümunələrini incələyəndə, nəsr əsərlərini oxuyanda bir qadın, bir ana olaraq nə qədər ağrı, acı çəkmişdimsə, Arzunun bu sözlərini oxuyanda bir o qədər sevindim, qürur duydum, sevincindən pay aldım, çünki Züleyxa təkcə Arzu ilə Yusifin deyil, böütövlükdə bu millətin, bu vətənin övladıdır!

Arzu Nehrəmli qürurla (haqqıdır!) və böyük iftixarla yazır: “Qoyun bunu da deyim. Yazının müəllifi Zübeydə indi hüquqşünasdır. İşi-gücü, ailəsi, uşaqları var... Qarabağın gəlinidir. Görünür, bu da Allahn bir möcüzəsi, bir lütfüdür ki, ilk övladı Zəfər Günümüzdə dünyaya gəlib (Qarabağ uğrunda döyüşlərdə Şəhid olan Yusifin nəvəsinin Zəfər günündə dünyaya gəlməsi məncə mistikdir). Onun uşaq təxəyyülü ilə canlandırmağa çalışdığı Heydər Əliyev obrazı isə məsum körpəliyi müharibənin güllələri ilə yaralanmış bir nəslin yaddaşında gəzdirdiyi, səmimiyyətdən yoğrulmuş bir tarixdir. Bu tarixin kitablardakı tarixlə kəsişən məqamları olduğu kimi, yalnız Zübeydəyə aid tərəfləri də var...”

Bu sözlərdə Vətənin, vətən uğrunda şəhid olan Yusifin və onun iki ciyərparasının, sevdiyi Arzusunun və qoxusuna doymadığı Züleyxasının taleyi əks olunur. Yusifin, Arzunun, Züleyxanın “tarixlə kəsişən məqamları” Arzu Nehrəmli ruhunda, poeziyasında, nəsr əsərlərində, Züleyxa Şəhid atasının nağılında, dastanında yaşadır.

Şəxsi keyfiyyətləri, daxili aləmi ilə seçilən bir insan kimi həmişə uca zirvələrdə olasan, Arzu xanım!

Qələminin həmişə Züleyxanın uğurlarından, zəfərimizlə yaşıd olan  nəvəndən, nəvələrindən, onların uğurlarından yazsın, əzizim!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0