Xəzər Hikmətoğlu şeirlərində həyat fraqmentləri..

Apr 15, 2026 - 14:56
Apr 15, 2026 - 15:02
 0  25
Xəzər Hikmətoğlu şeirlərində həyat fraqmentləri..

Yazıçı Ədəbiyyat Portalı filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin "Xəzər Hikmətoğu şeirlərində həyat fraqmentləri" yazısını təqdim edir.

Söz bəşəriyyətin yaşıdı, dünyanın sirrini açan ən qədim və ən təsirli vasitədir. Yalnız kainatın sirlərini deyil, həm də ruhun və ürəyin ifadəsi üçün lazım olan ən vacib vasitədir. Söz şeirdən daha qədimdir və insanlığın duyğu və düşüncələrini yazıya köçürdüyü mətnlər üçün xammalıdır.

Dünyanın ən qədim şeiri kimi tanınan mətnin yaşı 4000 ildir.  Bu “təxminən b.e.ə. VI əsrə (4000 il əvvəl) aid edilən və Şumer kralı Şu-Suna həsr olunmuş sevgi şeiridir. Hazırda İstanbul Arxeologiya Muzeyində saxlanılan, 1889-cu ildə Nippurda (İraq) tapılan bu mixi yazı lövhəsi, Şumer inancına görə, kralın bərəkət ilahəsi rahibə ilə izdivacını tərənnüm edir.  Həmçinin Misir mədəniyyətində də təxminən 4000 illik tarixə malik, o dövrün sosial-ictimai vəziyyətini əks etdirən şeir nümunələri mövcuddur və şeirlər insanlığın duyğu və düşüncələrini yazıya köçürdüyü ilk bədii nümunələr hesab olunur”.  Ən qədim şeir mətnindən də göründüyü kimi, şeir insanın mənəvi dünyasının əksi,  hisslərinin pıçıltısı, həyat fraqmentləridir.

Xəzər Hikmətoğlunun yaxınlarda təqdimatı keçirilən “Özümdən küsmüşəm” adlı şeirlər kitabındakı şeirləri də onun həyat fraqmentləri ("sınıq parçalar"), yaşam yolunun, xatirələrinin, duyğularının və ya müəyyən hadisələrin epizodik təsviri adlandırmaq olar. 

Xəzər Hikmətoğlunun yazdığı şeirlər tərcümeyi-halının və həyatının ayrı-ayrı fraqmentləri, uşaqlıqdan gəncliyə və ya həyatın müəyyən mərhələlərinə dair yaşadıqlarının əksidir. Şeirlərinin hər biri  müəyyən məzmuna sahibdir. Doğru deyirlər ki, şeir, şairin dünyagörüşünü, təbiətə və hadisələrə yanaşmasını ifadə etməyin estetik formasıdır. Bunu Xəzər Hikmətoğlunun şeirlərinə də aid etmək olar. Onun şeirləri həyatda gördüyü hadisələrin, yaşadığı problemlərin, bütövlükdə reallığın əksi,  daxili dünyasındakı hisslərin poetik ifadəsidir

Xəzər Hikmətoğlunun şeirlərini oxuduqca düşünürəm: həyat poetikdir, ya poeziya həyatın özündən də həyatidir?

Düşünürəm ki, ikisi də doğrudur. Həyat poetikdir, çünki o sadəcə bioloji proses deyil, eyni zamanda hiss, duyğu və incəsənətlə doludur. Həyata hiss, duyğu və incəsənətlə dolu bir varlıq kimi baxıldığı zaman insan ömrün anlarını bir şeir kimi yaşamağı həyat tərzi hesab edir. Həyatın poetikliyi gözlə görünəndən daha çox, ürəklə duyulan təbiətin sehrindədir. Varlığın özü o qədər şairanədir ki, yaradıcı insanlar üçün həyatı əlavə poetikləşdirməyə ehtiyac yoxdur.

Həyatın bu poetik tərəfini görmək dünyanı daha dərindən dərk etməyə imkan verir. Yəni “həyatın özündən də həyati olan poeziya həyatın şairlər tərəfindən sözlə çəkilmiş şəklidir”. Gənc şair Xəzər Hikmətoğlunun "Özümdən küsmüşəm" adlı kitabındakı şeirlərindəki real hadisələr həyatın sözlə çəkilmiş şəklidir. Şair Nazim Hikmətin “Yaşama dair” şeirindəki bu sözləri xatırlayıram, “Yaşamak şakaya gelmez”. Bəzən bizi sınaqlara çəkən, bəzən bizə saysız-hesabsız əzablar bəxş edən, bəzən güldürüb, bəzən ağladan həyat, həqiqətən də, “şaka”ya gəlməz.

Şairin şeirlərində “şaka”ya gəlməyən həyat bütün yönləri ilə əks olunur, hadisələrə münasibət bildirilir, dünyanın sevinci-kədəri, insanın sosial, psixoloji, vəziyyəti poetik şəkildə ifadə olunur:

 

Elə bil ki, tək qalmışam həyatda

Səsləyirəm, kimsə dada çatmayır.

Sanki ürək bir ağlayan uşaqdı,

Gecə-gündüz hey ağlayır, yatmayır.

 

Şeirlərində bəzən, hətta çox zaman dövranın ədalətsizliyindən gileylənən  şairin misraları M.P.Vaqifin “Görmədim“ müxəmməsini xatırladır:

Allaha bir duam vardı ki, dərin,

Yaxşıdan çəkməsin bir an nəzərin.

Haqsızlıq halına yanan Xəzərin

Ürəyi qalıbdır al-qan içində,

Ədalət görmədim dövran içində.

 

Dünyaya, dünyanın ədalətsizliyinə çox şeirlər yazılıb. Xəzər Hikmətoğlu da bir neçə şeirində eyni problemlərə toxunur. “Dünya” şeirində şair dünyaya müraciətlə onu narahat edən məsələləri ifadə edir:

 

Durna zibillikdə, qarğalar göldə,

Alimlər zindanda, oğrular çöldə,

Bircə o çatmır ki, desinlər “öl də”,

Nə üçün susursan, sən axı dünya?

 

Dünyanı dəyərləndirənlər də, dəyərsizləşdirənlər də dünyanın sakinləridir, yəni insanlar. Amma hər kəs dünyanı gözəlləşdirməyə, ədalət tərəzisini düz saxlamağa xidmət etmir. Dünyanın yaxşılarla yanaşı, “meşəyə yol salıb, çayları”, “yetimin əlindən payları alanları”, “tamahı baş yaran acgözləri”, “zamana göz dikib, ayları alanlar”ı da var:

 

Meşəyə yol saldı, çayları aldı,

Zamana göz dikdi, ayları aldı,

Yetimin əlindən payları aldı,

Acgözün baş yarır tamahı, dünya!

 

Hər günü bir az dəyişir dünyanın rəngi, hər gün bir az dəyişir insanın halı. “Hər günü bir az dəyişir insanın, / sabahı heç yaxşı görünməyən, dünyanın halını” düşünən şair dünyaya müraciət edir: “Xəzərəm, sualım sənədir mənim, / De, kimdə axtarım günahı, dünya?

         Onu üzən təkcə dünyanın dərdləri deyil, insanların vəfasızlığıdır, maddiyyat uğruna mənəviyyatlarını satmasıdır.  Düşüncələrini “Məndə yox, pulumda maraq görürlər” şeirində fadə edən şair yazır:

 

Gənc yaşda saçıma saldılar dəni

Çoxunun daxili belədir, yəni.

Şad gündə yadına salmırlar məni,

Dar gündə özünə dayaq görürlər,

Məndə yox, pulumda maraq görürlər.

 

Vaxtı ilə əl tutduğu insanların əlləri imkana, pula çatandan sonra dəyişməsi, pula qul olmaları X.Hikmətoğlunun həssas qəlbini məyus edir.

 

Pul üçün yaxını bilənlər məni,

Qapımı hər günü döyənlər məni,

“Evimi, evin bil”, - deyənlər məni

İndi evlərində qonaq görürlər,

Məndə yox, pulumda maraq görürlər.

 

Ümumiyyətlə, Hikmətoğlunun şeirlərində dünya və insan haqqında düşüncələri, dünyanın kədəri, dərdi geniş şəkildə inikas edir. Şairin dünyanın “sevincli, dərdli” olduğunu eşidən, yaxşı günə həsrət qalan  “lirik mən”i yaşadıqca dünyanın ədalətsizliyi ilə yanaşı, “dərdini də görür, kədəri ilə də tanış olur.

 

Dərdin gördüm, yaxşı günün görmürəm.

Gündüzlər də mənim üçün gecədir,

Dərdi olan kədərindən kor olar,

Mən bilmirəm, gündüz nədir, necədir...

 

Şair gah yaşadığı, gah da  şahidi olduğu hadisələrdən təsirlənir. Dərdlə tanış olan şairin gündüzləri də geçəyə bənzəyir. “Lirik mən”i  yaşadığı, “gündüzləri də onun üçün gecə” edən hadisələrin ağrı-acılarını, keçirdiyi psixoloji halları misralarında əks etdirir. Şairin “Mən bu ömrü elə belə yaşadım” şeirində məhz duyğular hakimdir. O, diləkləri “arzularını vermədiyi”, “qış ömrünə qış gətirən”, “ona bircə rübdə əsrlər yaşadan”  həyatın ona verdikləri ilə tərs mütənasibdir:

 

Mən arzular diləmişdim, həyatsa, 

Birin aldı, beş verməyi unutdu.

Ağlamağa qoymadı ki, doyunca,

Yalan vədlə gözlərimi ovutdu.

Doğulandan ağlamışam, gülmədim,

Bir rüb içrə yaşamışam, əsrlər.

Mən Baharın duymadım ki, ətrini, 

Qış ömrümə qış gətirdi fəsillər.

 

Onun həyatdan umduqları ilə həyatın ona verdikləri arasında dəryalar qədər, ölçüyəgəlməz fərq var. Yaşadığı həyat ona eşidiyini, “insanın 70-ində qocaldığının”  əksini verib. Həyatın ona verdiklərini,  daha gənc yaşından dərdlə tanış ediyini, çəkdiyi dərdlərə ruhu dözsə də, cisminin dözmədiyini, “dərdlərin onun belini bükdüyünü”, “saçlarının intihar etdiyini” vurğulayaayan “lirik mən” yaşadıqlarını uğursuz evliliklə müqaisə edir. Sanki dünyaya gələrkən dərdlərlə evlənib”, “xoşbəxtliyi həyatından boşayıb.  “Dərd içində ötdü-keçdi gəncliyim,/Mən bu ömrü elə-belə yaşadım”, - deyə yaşadıqlarını misralarında əks etdirən şair yazır:

 

Gənc yaşımda tükənmişəm, bitmişəm,

İnsan axı yetmiş ilə qocalar.

Dərdə ruhum dözdü, cismim dözmədi,

Bel büküldü, saçlar etdi intihar.

Doğularkən dərdlər ilə evlənib,

Xoşbəxtliyi həyatımdan boşadım.

Dərd içində ötdü-keçdi gəncliyim,

Mən bu ömrü elə-belə yaşadım.

 

 

Şairin lirik qəhrəmanı taledən, bəxtdən  gileylidir. İnsanın taleyi, qisməti, şansı mənasını verən  bəxt sözü şeirlərin adlarında “Yaralı bəxtim” kimi keçir. Əsasən, insanlar hər şeydə günahkar bəxti görür, bəxti günahlandırlar. “Qızıl bəxt”, “qara bəxt”, “yaralı bəxt” sözləri insanların bəxtə olan münasibətindən yaranıb və hər kəsin bəxtdən çəkdiyinə işarədir. Atalar sözümüzdə bəxt sözünə bildirilən münasibət, “Qızıl taxtın olunca, qızıl bəxtin olsun”, sözləri bəxtdən yarımayanların təəssüfqarışıq gileyindən yaranıb. “Lirik qəhrəmanın” “Taleyi rəngsiz”, “bəxti qaradır“ (Yaradır bəxtim).

 

Mən elə bədbəxtəm, bədbəxtlər içrə,

Taleyi rəngsizəm, qaradır bəxtim.

Xoşbəxtlik mənimçün vəsf olunmayıb,

Yoxdur bir çarəsi, yaradır bəxtim.

 

Adətən, “bəxtim qaradır”, - deyirlər, şairin “lirik mən”inin bəxti həm də yaradır, “sanki bəxti təməli dərdlərdən,  kədərdən qurulan qaladır”. Bu “kədərdən qurulan qaladan” sıxılan lirik qəhrəman xoşbəxliyin ünvanını soraqlayır: “Nə olar, dilə gəl, söylə mənimçün / Xoşbəxtlik ünvanı haradır, bəxtim?

 

 

Nə üçün qaralar geyinmisən sən?

Sevincim fürsəti yaradır, bəxtim.

Xoşbəxtlik adımı çəkib səslənir,

Dur, gedək, mənimçün sıradır, bəxtim.

 

“Xoşbəxtlik qalası”na yetə bilməyən, fatalistcəsinə “Xoşbəxtlik qalasının Tanrının ucaltdığını” ifadə edən “lirik mən” ümidsizcəsinə bəxtinə səslənir: “Gəl, gedək, yerimiz qaradır, bəxtim”.

“Lirik mən”in xoşbəxtlik haqqındakı düşüncələri bir başqa şeirində (“Adsız şeirlər”) də davam edir: ”Xoşbəxtlik necə də yaraşır mənə, /Heyif ki, əynimə yaman dar gəlir“. “Xoşbəxtliklərə uzaqdan baxaraq, qırılmış saat kimi səssiz duran”, “İçdən parçalanan” lirik mən”in daxili təlatümləri ilə zahiri görünüşü təzad yaradır:

 

Uzaqdan baxaraq xoşbəxtliklərə, 

Qırılmış saat tək səssiz durmuşam.

Xaricdən görünüşüm aldadır sizi,

Daxildən qırılıb-parçalanmışam.

 

Həyatın hər üzünü görən, gənc yaşında ikən tükənib-bitən, daxilən qırılıb-parçalanan “lirik mən”in həyat haqqındakı fikirləri düşündürücüdür. Oxucu düşünür, nədən şairin “lirik mən”i bu qədər pessimisdir? Bu sualın cavabı çoxvariantlıdır. Çünki həyat hər kəsə ədalətli deyil. Birinə hər şey verir, birindən hər şeyi alır, şair deməli, bəzən “birin alıb, beş verməyi” unudur. Digər tərəfdən, hər kəs həyata fərqli yanaşır və həyatdan istədikləri də fərqlidir. Kiminə görə, həyat gözəllikdir, kiminə görə iztirabdır. Kiminə görə həyat  hər kəs üçün cızılan yoldur, kiminə görə ona verilən  ömürü yaşamaqdır. Fikrimcə, həyat “lövhü-məhfuz”da ona cızılan yolu getməkdir. Və bu yolu gedərkən yazılmış qədəri dərdi-qəmi, acısı-şirini ilə yaşamaqdır.

Təbii ki, hər kəsə cızılan yol elə də hamar deyil, hətta bu yollar bəzən girişini və çıxışını tapmaqda acizlik çəkdiyimiz, dolanbac yollarla mürəkkəb quruluşlu labirintdir. Buna görə həyat həm də mübarizədir, dözümdür, oyundur, tapmacadır. Həyat bu dolanbac labirintdə çıxışa doğru yol axtaran, mübarizə aparan, oyunu qazanmaq üçün çabalayan, tapmaca dünyanın sirlərinə vaqif olmaq üçün yol gedən insanlar üçün  bir hekayədir. Hətta mən deyərdim ki, həyat labirintdə ümidlər çıxışa addımlayan insanların hekayələrindən ibarətdir. Bu hekayələr içərisində hər kəsin bir hekayəsi, hətta hekayələri var. Hər kəs bu yollardan keçsə də, öz hekayələrini yaza bilmir. Yaradıcı insanlar isə həm öz hekayələrini yazır, həm də başqalarının hekayəsini.  Bu baxımdan şair Xəzər Hikmətoğlunun yaradıcılığı həm öz hekayəsi, həm də başqalarının hekayələrinin poetik ifadəsidir.

Şairin “neçə zamandır yol  gedən”, “dərdin dənizində batan” lirik qəhrəmanı artıq yorulub. Daha həyatın ona bəxş etdiklərinə nə fiziki, nə də mənəvi cəhətdən tab gətirə bilmir. “Dərddən beli bükülən” lirik qəhrəmanın “ömründə payız mövsümü başlayıb”, “saçları yarpaq tək intihar edir”, labirintə bənzətdiyimiz həyatın döngələrindən birində durmaq, dayanmaq, “gözündən tələsik düşənləri” düşürmək istəyir: “Söylədim həyata; “döngədə saxla”.

Şairlərin sözlərlə təsvir etdikləri həyatı və həyatın insana bəxş etdiklərini, rəssamlar fırça və rənglərlə çəkir. Şair rəssamın fırça və boyalarla əsərlər çəkməsini, özünün həyatdan çəkdiyi ilə paralelləşdirir. Rəssam olmadığına heyfsilənir, lakin lirik qəhrəmanın çəkmək istədikləri rəssamın çəkdiklərindən fərqlidir:

 

Çox heyif şairəm, rəssam deyiləm,

Yoxsa hər cizgini doğru görərdim.

Əgər ki, şair yox rəssam olsaydım,

Çoxunun qəlbinə dağlar çəkərdim.

 

Leonardo da Vinçiyə görə, “rəssamlıq poeziyadır, onu görürlər. Poeziya rəssamlıqdır, onu eşidirlər”.  “Çəkmək” sözünə müxtəlif mənalar yükləyir: “Rəssam olmasam da, hər zaman, hər an/Həyatda mən itin zülmün çəkmişəm” – misralarında həyatdan yarımayan, əzab çəkən bir insanın (insanların) obrazını yaradır.

Şairin istifadə etdiyi bədii təsvir vasitələri də güclü və düşündürücüdür. Gecələr yuxudan çox dərdə qonaq olan, “sanki həyatda dərdə dair” olduğunu düşünən şair hakimə müraciətlə yazır:

 

Gecələr yuxu yox, dərdə qonağam,

Gecələr şair və dəlilərinmiş,

Hakim de, dəliyəm, yoxsa şairəm? (Dəliyəm, yoxsa, şairəm).

 

Əslində, bu fikir yeni deyil. Məşhurların aforizmlərində tez-tez rast gəldiyimiz ifadədir. İngilis din xadimi, alim və yazıçı, daha çox depressiya və insan psixologiyasının ensiklopedik tədqiqatı olan və tibbi təhlilllə yanaşı,  ədəbiyyatın, fəlsəfənin və psixologiyanın dərinləşməsinə dair fikirlərin yer aldığı "Melankoliyanın Anatomiyası” (The Anatomy of Melancholy) əsərinin müəllifi  Robert Burtonun fikrincə,  “Bütün şairlər dəlidir”.  Qədim yunan filosofu Demokritə görə də “şairlik qızğınlıqdır, dəlilikdir”.

"Şair dəliliyi" anlayışı adətən yaradıcılıq prosesindəki qeyri-adilik, emosionallıq və reallıqdan qopma hallarına işarə edir. Yəni “şairlik emosiyadır, dəlilikdir, dirilikdir, dəcəllikdir, uşaqlıqdır” və bu fikir poeziyanın məntiqdən çox hissiyyata, emosiyaya, coşquya, sərbəstliyə və dünyanı uşaq saflığı ilə görməyə əsaslanır. Yəni, poeziya qaydalara sığmayan bir ruh halıdır, dəlilikdir, dəcəllikdir, yaşamaq eşqidir,  səmimiyyətdir.  Daha çox emosiyanın məhsulu olan şeir ağıldan çox, hisslərin, duyğuların  məhsuludur. Həyatın enerjisini və coşqusunu əks etdirir. Beləliklə, lirik qəhrəmanın “Hakim de, dəliyəm, yoxsa şairəm?”- sualının cavabını da vermiş olduq.

Xəzər Hikmətoğlunun şeirlərində ağla-qara, dərdlə kədər, sevinclə nisgil, bədbəxtliklə xoşbəxtlik qolboyundur.  Özünə, sözünə dəyər verən, “sözüylə dünyada iz qoyan” şair xoşbəxtdir. “Səyyahı olduğum şeiriyyət yolu”na qədəm qoyan şair “sözü ilə dünyada iz qoyub gedəcəyinə”  əmindir ( Allah uzun ömür versin!)

 

Sıradan deyildim, sıradan gedəm,

Qıraqdan gəlmədim, aradan gedəm,

Xəzərəm, istədi Yaradan gedəm,

Sözümlə dünyada iz qoyub, getdim.

 

Səyyahı olduğum şeiriyyət yolu,

Qocalıq köşkündə bitirmiş sonu.

Dünyada sizlərə xatirəm dolu,

Aranlı, Muğanlı düz qoyub, getdim .

 

Sözün, şairliyin tarixi çox qədimdir. Ta qədimdən insanların dərdi, qəmi, kədəri, sevinci, sevgisi, nisgili onların şeirlərində cəmlənib. Əsrlər boyu poeziya nümunələrində insan taleləri, dünya-insan, təbiət-insan, insanların hissləri, duyğuları inikas edib. 

Qeyd etdiyimiz kimi, şeirin yaşı dünyanın yaşı qədər qədimdir. Şeir hisslərin, düşüncələrin, insan talelərinin ağ kağıza qara qələmlə köçürülməsidir. Bəzən insanların pıçıltısı, bəzən harayı, bəzən fəryadıdır. Dünya durduqca, insan yaşayıb yandıqca şeir də olacaq. Və bu şeirlərdə həyatın fraqmentləri,   xoşbəxt anları, insan duyğuları, dostluq, insan münasibətləri, insanın həyatla dava-dalaşı, umu-küsüsü inikas edəcəkdir. Həyat yalnız yaşamaq deyil, həm də yanmaqdır. Amma hər şeyə rəğmən həyat gözəldir.

Qələminin həyatın gözəlliklərindən yazmaq diləyi ilə ilk kitabı çapdan çıxmış Xəzər Hikmətoğlunu təbrik edir, yaradıcılıq uğurları arzulayıram!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 2
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0