Xərclədi eşqimi ayrılıqlara - Qılman İmanın şeirləri

Apr 20, 2026 - 14:17
 0  33
Xərclədi eşqimi ayrılıqlara - Qılman İmanın şeirləri

Yazıçı Ədəbiyyat Portalı Qılman İmanın şeirlərini təqdim edir.

 

***
Həyat döyüş meydanıdır,
Adamı savaş böyüdür.
Sevinci sevinən ürək,
Kədəri təlaş böyüdür.

Bürünüb bulud kürkünə,
Göylər keşik çəkir ünə.
Calayıb günləri günə
Ömrümüzü yaş böyüdür.

Qovuşub Təbriz yarına,
Kaş ki həsrətdən barına.
Hörmək üçün hasarına
Bizi Vətən daş böyüdür.

11 aprel-2026-cı il

 

 

***
Sən qoyub getdiyin kimidir hər şey,
Yenə Allahın açarı ilə açılır
Qıfıllanmış sabahlar.
Hər gün qırmızıdan keçir
İşıqforda günahlar.
Gecənin yeddi pilləli nərdivanıyla
Enib günəşin yanından axşam düşür,
Saat əqrəbi ilə döyür vaxtı.
Zaman tövşüyən adamları
Piyada ölümə tərəf qovur.
Ürəyində infarkt,
Çantasında kardiomaqnil
Boynunda özündən böyük borc
Ataya, anaya, arvad-uşağa.
Qar ancaq uçuq daxmalara,
Yağış ürəklərin dağ tərəfinə yağır.
İftarda sevinc orucunu
Xurmadan qabaq kədərlə açır.
Hər beşik bir qəbir bəsləyir,
Hər qəbir bir ölüm.
Gələcəyə gülləni ən çox
Uşaq qatilləri atır.
Yenə məscidin minarəsindən
Gündə beş vaxt
Allah bizi səsləyir
Bu karlar şəhərində.

25 fevral 2026-cı il

40 yaşıma

Gecikib çatsaydım əgər səhərə,
Üzünü öpərdi günəş ömrümün.
Göydən qar tökürmüş təbiət yerə,
Soyuq qış axşamı mən doğulan gün.

Bu yatan çovğunlu bəxtimə bir bax,
Eşitmir səsimi, Allah, sən çağır.
Dərəyə üz tutsam, üstünə torpaq,
Dağına yol alsam, dağa qar yağır.

Bəlkə, ona görə kədərim dərin,
Sevincim həmişə çox dayaz olub.
Vüsalın arası mənimlə sərin,
Həsrətin arası amma saz olub.

Bələyib qəmlərə hər bir çağımı,
Başıma dar etdi yerdə göyümü.
Aldı uşaq vaxtı uşaqlığımı,
Satdı böyüyəndə böyüklüyümü.

Gecələr yatırıb yuxumu sərsəm
Rahatlıq vermədi gözü dolusu.
Bir istək dalınca hayana getsəm,
Dayandı yolumda qənbərqulusu.

Gücüm yox, taxtından salım, devirim,
Ya da edam edim çəkdirib dara.
Sevəndə sevgimi pula çevirib
Xərclədi eşqimi ayrılıqlara.

Bir deyil, beş deyil bu dünyada dərd,
Əyri şallağıyla döyür düzləri.
Gözüm az görməyib baxışları sərt,
Donu açılmayan soyuq üzləri.

Tanrı payı olan halal ruzimin
Hər yerdə çevrilib dərd şərikinə.
Çiçəyi çırtdamır bircə arzumun,
Yaz üzün göstərmir o vaxtdan mənə.

Taleyin işinə heç bir sözüm yox,
Həyat dərsləriylə verdi öyüdü.
Atam ölən gündən təkcə özüm yox,
Həm də arzularım yetim böyüdü.

Dərdimi, qəmimi yeyib irildim
Sevincim köksünə məni sıxınca.
Bir gündə qırx dəfə öldüm, dirildim,
İlahi, bu ömrün "qırxı" çıxınca.

19 yanvar 2026

 

 

***
İlahi sirləri eyləyir bəyan,
Şeir- ruhun səsi, can əsəridir.
Şair doğulanlar maaş almayan,
Allahın yerdəki mirzələridi.

Haçan çiliklənsə könül şüşəsi,
Dostu zülmət gecə, bir dar otaqdı.
Varaqlar üstündə işi-peşəsi
Sözə ağlamaqdan gün ağlamaqdı.

Qüssələr əlində sıxılan canı,
Xəyalən nə qədər yollar yorubdu.
Yeri Nəsiminin tökülən qanı,
Göyü Füzulinin ahı tutubdu.

Qismətinə çıxan zil qaradı baxt,
Günlərin üzü boz, dadı da acı.
"Mükafat" verilir şairə çox vaxt,
Ya zindan, ya sürgün, ya dar ağacı.

Sehrli cəlladdır canında, gerçək
Gözə görünməyən ilham pərisi.
Edam kürsüsündə acı soğantək,
Soyulmaq üçündü şair dərisi.

Rəssam ol, qəlbinin əzabını çək,
İçində tufanlar oynayan anda.
Hardasa bir şair kövrəlib demək,
Bulud leysan töküb, göy qaralanda.

Ən gözəl misradı ləziz loxması,
Qələmi durnalar salan lələkdi.
Həyatda nə qədər dostu-doğması
Olsa da, qəlbində həmişə təkdi.

Nanə yarpağıtək ürəyi əsir, 
Bir tutqun baxışa, bir titrək səsə.
Ruhu göy üzündə cismini gəzir,
Kimsə qınamasın salam verməsə.

Yanıb siqarında tüstülənir qəm,
Göyün dərdlərini yerdə əyləyir.
Bu zalım dünyayla vuruşub hər dəm,
Özünü özündən "xilas" eyləyir.

Hər sözü əyirib şeir toxuyur,
İlməsi qəlb işi, könül işidir.
Şairin sözünü bəndə oxuyur,
Şairin səsini Allah eşidir.

2017 ci il

 

 

***
Bu dünya yiyəsiz deyil,
Hər yerdə yüz adamı var.
Əyrini döyüb düzəldən
Gör neçə düz adamı var.

Ahı fələkdən keçməyən,
Dəni küləkdən keçməyən,
Sözü ələkdən keçməyən
Nə qədər söz adamı var.

Füzulidi söz Allahı,
Vicdan - qəlbin düz Allahı,
Adamların öz Allahı
Allahın öz adamı var.

2010

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 1
Vay Vay 0