Yurdum, sənin sağlığına - Xəlil Rza Ulutürkün şeiri

İyn 22, 2026 - 19:01
İyn 22, 2026 - 19:03
 0  15
Yurdum, sənin sağlığına - Xəlil Rza Ulutürkün şeiri

Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anım günüdür.

Yazıçı Ədəbiyyat Portalı onun "Yurdum, sənin sağlığına" şeirini təqdim edir.

Bir məclisdə unuduldum,
Mey içdilər hər gələnin sağlığına
Hər gedənin sağlığına.
Yaxasına qonduğumuz mavi gölün sağlığına,
Mey gətirən şux gözəlin sağlığına.
Güldandakı qızıl gülün sağlığına,
Xoş qədəmli ayın, ilin sağlığına

Unuduldum. Nə tutuldum, nə pərt oldum
Pıçıldadım öz-özümə - Xəlil sənin sağlığına!
Dörd ümmanı qucaqlayan ürəyinin sağlığına!
Qoşqar, Savalan dayağı kürəyinin sağlığına!
Qibtə etsin qoy dan yeri saçlarının təkəm-seyrək ağlığına,
Ey dost sənin sağlığına!

Otuz illik döyüşündə bir əsrlik yol keçdin sən,
Basılmadın.Sarsılmadın.
Heç bir zaman qoltuqlara qısılmadın.
Şax yeridin öz yolunla, düz yolunla!
Mən heyranam sənin qaya dözümünə, dağlığına.
Dodağıma sıxa-sıxa piyaləni,
İçirəm bu şəlaləni, könlüm sənin sağlığına!

Dost, ya düşmən görüşünə bircə an da gecikməyən,
Heç bir zaman xəstələnməz,
Ruhu enməz, əhdə sadiq, beyni yanar, qəlbi qaynar
Bir oğul var—Xəlil sənin sağlığına!

Sən elə bir qartalsan ki, qalxmağın var, enməyin yox.
Sən elə bir ocaqsan ki, yanmağın var, sönməyin yox.
Sən elə bir yolçusan ki , məsləkindən dönməyin yox,
Tərif, çələng paylananda susmağın var, dinməyin yox.

Ayağın Yer kürəsində, əlin çatır Aya, Marsa,
Cahanda beş oğul varsa, sənsən biri, Xəlil Rza!
Şeirimizin xoş taleyi, ağ baxtısan,
Döyüşkənmi deyim sənə, sən döyüşlər paytaxtısan!

Heç bilmirəm əfv elərmi dostlar məni?
Mən ötdüm bu təranəni, bürüyərkən vüqar məni.
Elim-günüm, səsim-ünüm,
Bu qənd-şəkər piyaləni vurdum sənin sağlığına,
Öz sağlığım bəhanədir, yurdum sənin sağlığına

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0