Əlini tutsa sevgidir, buraxmasa taleyin - Aqşin Evrənin şeirləri

Apr 12, 2026 - 12:52
 0  10
Əlini tutsa sevgidir, buraxmasa taleyin - Aqşin Evrənin şeirləri

Yazıçı Ədəbiyyat Portalı Aqşin Evrənin şeirlərini təqdim edir.

Unutmağın resepti

Hərdən onun toxunduğu yerlər qopar bədənindən
hissə-hissə yoxa çıxarsan hərdən
Hərdən “qayıt, ölürəm” kimi oxunar
ona yazdığın bircə “Salam. Necəsən?”

Sıxılarsan...
Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı
Görərsən saçların onun çiyni üçün darıxır

Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım...
Bunu da öyrənmişdin uşaqlıq paltarından
Gör ayrılığın üstündən neçə payız keçib e,
onun qoxusu hələ də çəkilmir paltarından

Hərdən ovulub gedərsən...
Burnunun ucu göynəyər tanış qoxudan ötrü
Yağış yağar, görərsən ki,
altında bir boş yer qalıb əlindəki çətirin

Hərdən boynunu üşüdər onun aldığı şərf də
barmaqların əllərindən sırsıra tək sallanar.
Boş küçədə öskürər xatirələr astaca
Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”

Hərdən heç nə dəyişməz...
Bir görüş yeri boyda boşluq qalar içində
Hərdən büdrəyərsən... yıxılarsan
xatirələrin yanından keçəndə...

Yaş köynəyin fotosu

İndi bütün gözləməklər qapında ölüb
Day o gəlmir deyə, pəncərən kor qalıb,
qapın da ölüb...

Elə bil saçın da onu tapmaqçün
uzanır harasa... harasa gedir
Sənin bədəninin yarsı evdədir,
geyinib yarısı harasa gedir

Köynəyin ütüləyirsən əlin üşüyür
Atıb getmək istəyirsən ağrıyır ayaqqabın
Bilirsən, ömürdən doğma biri gedəndə
Üşüyüb tez evə girər çöl qapın...

Hə, asandı qab yumaq... yemək bişirmək
Bircə həmişə oturduğunuz skamya indi bir az soyuq,
indi bir az kirlidi
İndi xatirələrə toxunmaq onun yaş köynəyini
elektrik xəttindən asmaq kimidi.

Tanışlıq tarixi

Yastığımda başının yeri qalıb
İndi ömrü yaşamaq o boşluğa yıxılmaqdı hər axşam
Belə soyuq tənhalıqla yatmaq da
çarpayıya uzanmaq yox, dağılmaqdı hər axşam

Mən hər gecə üstünü örtməyimi
saçını qurulamağımı görürəm yuxuda
Sənsə o qədər yoxsan ki:
quruyub mətbəxə dağıtdığın su da.

Bircə əl-üz dəsmalımda dodaq izin qalmışdı
Asmışdım gülüşünün şəkli kimi divardan.
Daha o da silinib... deyən daha gülmürsən
Sığınırsan yorğun axşam bircə qucaq sözünə.

Tanışlıq tarixi, görüş saatı
telefon nömrəsi, köynək ölçüsü
- hamısı unudulur, hamısı itir
Rəqəmlərlə yaşayıb böyüyən sevgilər
sonda bir sözlə bitir.

Unudulur hər şey, cizgilərin də
Şərab içməyin, yemək yeməyin də
Bir söz deyim: əgər qalsaydın,
mən səni tanıyardım getməməyindən.

Sevginin ölçü cihazı

Bu soyuq havalarda evdə olan hər kəsin
hansısa küçələrdə üşüyən tərəfi var.
Bu tutqun axşamçağıda hamının ürəyinin
hələ oxunulmamış gizli sevgi rəfi var.

Sevməyin ölçü cihazı bu sadə cümlədəydi:
“Əlini tutsa sevgidir, nəbzini tutsa taleyin”.
Nə etməli... belə oldu... İndi ki üşüyürsən,
Götür eşqdən ürəyində qalan o odu geyin.

Yeni çəhrayı palto al, təzə soyadı geyin.
Darıxmağa tutul getsin – vəhşi cəlladı geyin.

Külək əssin...
Onun əlin süzən meh gəlib saçında gəzsin.
Həsrət asta girsin evə, barmaq ucunda gəzsin
Oyatmasın beşiyində uyuyan xatirəni.

Soruşursan, necə idi sevgi olan illərin?
- “Rənglər vardı”... gözəl idi rənglərin olduğu vaxt.
Ayrılığın qoşunları hücuma keçən gündən
Xatirələrin işğalı altında qalıb paytaxt.

Şaxta düşdü, isitmədi səni çəhrayı palto,
Heç utanma, ürəyində qalan o odu geyin.
Sevməyin ölçü cihazı əslində beləcəydi:
“Əlini tutsa sevgidir... buraxmasa taleyin”.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0