Əbülfət Mədətoğlundan yeni kitab - Foto
Tanınmış şair, publisist Əbülfət Mədətoğlunun yeni şeirlər kitabı nəşr olunub. "Tənhalığın rəngi" adlı kitab Adiloğlu nəşriyyatında çap olunub.
Yazici.az xəbər verir ki, 500 nüsxəylə nəşr olunan kitabın redaktoru Fəridə Rəhimlidir. Kitabda toplanan şeirlər müəllifin son dövr yaradıcılığının məhsuludur. Əsasən vətən, sevgi və təbii ki, insani duyğuların ifadəsidir. Oxucuların yolunu gözləyən bu kitabı tezliklə kitab satış məntəqələrindən ala bilərlər.
Qeyd edək ki, Əbülfət Mədətoğlu Respublikanın əməkdar jurnalistidir. Şeir və kitabları Türkiyədə, İranda, Rusiyada çap olunub.(adalet.az)
Kitabdan bir şeiri oxuculara təqdim edirik.
TƏNHALIĞIMIN ŞEİRİ
Köklənmişəm xatirələr üstündə ,
Yenə köhnə havamızı çalıram...
Çox şükür ki, itməyibdi yaddaşım-
Nə yaxşı ki, bu havada qalıram!
Gör nə qədər zaman keçib aradan -
Seçməmişik hələ ağı- qaradan!
Bu ömrü də bizə verib Yaradan -
Onu da ki, bərkə- boşa salıram!
Büdrəsə də gah ayağım, gah əlim,
Təki sən de, qaya çapım, dağ dəlim!
Gözlədiyim bir Ümiddi, bir Ölüm -
Arada da xəyallara dalıram!
Hər kəsdə var Yaradana bir Xitab
Dil deməsə , qalacaqdı sirr xitab!
Tənhalığım - özü qalın bir kitab -
Mən ləzəti tənhalıqdan alıram!
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0