Bilirəm ayrılıq izləyir bizi - Adil Mirseyidin şeirləri

Apr 12, 2026 - 11:02
Apr 12, 2026 - 11:10
 0  12
Bilirəm ayrılıq izləyir bizi - Adil Mirseyidin şeirləri

Yazıçı Ədəbiyyat Portalı Adil Mirseyidin şeirlərini təqdim edir.

***
Bir dəli şeytan deyir,
Sən də at şeirin daşını.
Çıx get qara Afrikaya,
Rembo kimi qat başını.

Öpülməmiş bir qız tap,
Bir də köndələn daxma.
Heç kimə məktub yazma,
Güzgülərə də baxma.

Nə din, nə dil, nə də Vətən,
Hamısı çıxsın yadından.
Amma bir gün uçan yerdə,
Vursunlar qanadından.

***
Bəzən vağzallarda qatar gecikir
hardasa dağlarda bahar gecikir
gecikmiş məhəbbət romanları var
aynada xatirə dumanları var

mən şeir yazıram gecə yarısı
sancır ürəyimi bir bal arısı
ağlama gözünün yaşlarını sil
gecəyə qar yağır umrumda deyil

hanı rahatlığım dincliyim hanı
o qafası sərxoş gəncliyim hanı
mən sənin ömründən çıxıb gedərəm
alnıma bir güllə sıxıb gedərəm

pəncərə önündən bir kölgə keçir
mənim gümanımdan bir bəlkə keçir
çox uzun bir gecə dekabr ayı
sanki gülümsəyir oyuncaq ayı

gəl otur yanımda səssiz sədasız
ayrılaq bu gecə qansız qadasız
son dəfə bir şeir oxuyum sənə
hər şeyi təzədən başlayaq yenə.

gözləri nəmli nəğmə

gecənin bir vaxtında telefonun zəngi çalar
gecənin bir vaxtında yuxudan oyanarsan
və bir gözün gördüyün şirin röyada qalar
röyadakı hilalın nuruna boyanarsan

ağlına nə gələcək o anda bilməm ki mən
bəlkə bir əski dua bəlkə bir qəmli nəğmə
abdal könül havalı dünya şairə düşmən
pəncərədən baxan ay gözləri nəmli nəğmə

göyüzündə bəyaz ay xəfif duman içində
bəlkə çin rahibitək dağlara çəkilim mən
bəlkə bir ağac əkim bir dörd yol ayrıcında
bəlkə bu məmləkəti tərk edib gedim həmən

allahım bəllidi bu dünyada hər halım
uzaqlardan səsləyir məni qarlı himalay
boş ver məni qardaşım dağınıqdı xəyalım
bilmirəm nədən belə hüznlüdü göydə ay

qızım Ayan üçün nar çiçəkləri

mayın ortasında nar çiçəkləyir
içimdə dekabr qar çiçəkləyir
gözlərimdə hüzn üzümdə kölgə
belə bir axşamda öləcəm bəlkə

ağrıdan qıvrılır ürəkdə umud
bir nar çiçəyi ver bir əlçim bulud
yaramı sarıdım bir şeir yazdım
gördüyüm yuxunu xeyirə yozdum

al məni qoynuna dəniz küləyi
bir nar çiçəyidi şair ürəyi
mən başı bəlalı türk şairiyəm
hələ həyatdayam hələ diriyəm

mən hələ nəğməmi bitirməmişəm
hələ cənnətimi itirməmişəm
göy qübbəsində bir mələk uçur
qürbət mövsümündə nar çiçək açır

eşq günahı

sənin gözlərində eşq günahı var
bilirəm ayrılıq izləyir bizi
haralardan əsdi bu qara rüzgar
sanki bir fəlakət gözləyir bizi

bir yol ayrıcında üz üzə durduq
qarşıda uçurum arxada boşluq
biz gül yarpağında bir yuva qurduq
sevda dediyimiz gözəl sərxoşluq

nə durmusan bir hava çal çal aşıq
ürəyimiz parçalanır axşamlar
olum ölüm arasında qalmışıq
səsimizə hay vermədi adamlar

bu nə dərddi umud yoxdu sabaha
yandırdılar mənim isti yuvamı
dur bir ruhani çal ölürəm daha
qiyamətə saxlamışam davamı

alnımda tanrının bir qəmli şeiri

nə günahın sahibiydim belə uzun yaşadım
otuz yaş da qocalıqdı mənimçün
gicgahımda bir ağrı var
qəfil sancır gicgahımda bir damar
güllə yeridi bəlkə

bir nar çiçəyi açıb
könlümün budağında
güllə yeridi bəlkə

gözlərimdə bir qürbət qaranlığı
aydınlanan yerdəcə
içimə qorxu salan nədir birdən birə
mən səhrada tənha atlı

alnımda tanrının bir qəmli şeiri
alnımda bir öpüş yeri
güllə yeridi bəlkə

gecə yağışı

bir gecə oyandım yağış səsinə
bilmədim hardayam kiməm nəçiyəm
göylərdən qovulmuş mələyəm bəlkə
bəlkə də bir sərxoş meyxanəçiyəm

necə inanırdım bəxt ulduzuma
mən sözün sehrinə bel bağlayırdım
gecələr yuxuma girərdi allah
mən ona sirr verib sirr saxlayardım

nə tüfəng asılıb divardan nə saz
bəlkə öz ömrümü uydurmuşam mən
bəlkə yüz il əvvəl oynamalıydım
bəlkə bu yuxudan gec durmuşam mən

nə bir at kişnəyir nə köpək hürür
divar saatı da susub qorxuda
yüz il öncə yağan yağışın səsi
bu gecə oyadıb məni yuxudan

göylərdən qovulmuş mələyəm bəlkə
bəlkə də bir sərxoş meyxanəçiyəm
bir gecə oyandım yağış səsinə
bilmədim hardayam kiməm nəçiyəm



***
quşları yemləyirdim
daş oldu ovcumda dən
mən bir kor şairinəm
ilahi tut əlimdən

dua oxuyacaqdım
söz çıxmadı dilimdən
mən bir lal şairinəm
ilahi tut əlimdən

qərib könlüm neyləsin
ayrı düşüb elindən
qürbətdə boğuluram
ilahi tut əlimdən

gecə qatar uzaq yol

şəhərin son evləri
uzaqda qalıb indi
qatarın fit səsindən
yaz gecəsi diksindi

boylanıb aya baxdım
qatar pəncərəsindən
amma işıq gəlmirdi
göydən ay hücrəsindən

hardasa çay axırdı
hardasa it hürürdü
gözlərim oyaq idi
ruhum yuxu görürdü

könül boşla oyunu
get ölümə hazır ol
mən fatalist adamam
gecə qatar uzaq yol

Qar eskizi

Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır

...Qara çörək
Bəyaz pendir
Qırmızı çaxır

Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır




***
gecələr ay işığında sevdalı ay işığında
sanki gülümsəyir dənizin üzü
gecələr dəniz və ay zamansız
bir dünyaya çəki aparır bizi
kim bilir bəlkə biz şairlər
cənnət cocuqlarıyıq belə deyirlər
uzun illərin yorğunluğunu çırpdım üstümdən
infantil bir adil var mənim içimdə bu gün
dünya fırlanan bir karuseldi onun üçün
ayın dənizdə çimdiyi yerdə
suyun üstündə mələklərin
izini apaydınca görür o
içimdən hopbanıb birdən dənizə sarı yürür
dənizə ay işığına qarışıb qeyb olur bir an
mən zamana qarşı gedirəm
mənə qarşı gedir zaman.

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0