Büdrəsəm əlimdən tutan şeirim - Əlirza Həsrətin şeirləri
Yazıçı Ədəbiyyat Portalı Əlirza Həsrətin yeni şeirlərini təqdim edir.
AĞLAYA BİLMƏDİM, YAŞ GÖZDƏN DÜŞDÜ
Çiləsi uzanan çovğunlu qışdım,
Üşüyən quşlara mehr salmışdım.
İlahi,haçandı dolub qalmışdım,
Ağlaya bilmədim, yaş gözdən düşdü.
Dağlar gəl-gəl deyir dumana,çənə,
Düzdə könül açıb çiçək çəmənə.
Qorxdum ki ağırılıq eləyər mənə,
Çiynimə qoyduğum baş gözdən düşdü.
Bir qərib ah çəkdi,bu nə qübardı,
Elə ayrılıq var eşqə nübardı.
Hər yaz ürəyimdə yuva qurardı,
O küsüb gəlməyən quş, gözdən düşdü...
SƏSSİZ UŞAQLIĞIN SÜKUT NƏĞMƏSİ
Bir quşa ruzudur saçımda hər dən,
Dən görüb, xış çəkdin ürəyimə sən.
Məcnunun ahına qoşulub gedən,
Kimin harayıdır bu ud nəğməsi?
Şəklini kim çəkdi bu yorğun selə?
Nə gözəl açıbsan yaxanı yelə.
Çətirsiz girdiyim yağışdır elə,
Oduna yandığım bulud nəğməsi.
...Lalənin bağrına yenə qan düşüb,
Dağlara gecikmiş çən, duman düşüb.
Mənim də könlümə eh, yaman düşüb,-
Səssiz uşaqlığın sükut nəğməsi.
BÜDRƏSƏM, ƏLİMDƏN TUTAN ŞEİRİM
Qələmim su içib qaynar təbimdən,
Heç vədə götürməz böhtan, şeirim.
Enməyən bayraqdır başımın üstə,
Büdrəsəm, əlimdən tutan şeirim.
Ayaq izlərimə yol çarpayıdır,
Harda gedən görsən, demək qayıdır.
Bir qız dodağında nəğmə payıdır,
Sevən ürəklərə yatan şeirim.
Sinəmə çəkilən dağ qara batdı,
Bu necə oyundu, nə zarafatdı?
Vallah, hər misrası bir salavatdı,
Tanrı duasıdır butam şeirim.
DÜNYA NİYƏ BU GÜNDƏDİR
Əriyib mum olub dəmir adamlar,
Sürə bilmir daha ömür, adamlar.
Yapdığını özü yemir adamlar,
Bu nə təndir, nə kündədir, İlahi?
Əsir alıb dünyanı raket, PUA,
Dilə yatmır nə salavat, nə dua.
Təşvişdədir, hamı düşüb qorxuya,
Sanki hamı sürgündədir, İlahi.
Torpaq, hava, bu od, bu da su dünya,
Gözümüzün qaçan yuxusu dünya.
Yaratdığın dünyadırsa bu dünya,
Dünya niyə bu gündədir, İlahi?
ANA
(Elegiya)
Ürəyimdə qövr eləyən,
Ayrılıq,qübarsan, Ana.
Varlığım özünsən elə,
Məndə nə taparsan, Ana?
Nazın çəkib son yarpağın,
Bülbülüm tərk etdi bağın.
Qoynunda qara torpağın,-
Əcəb bəxtiyarsan Ana.
Sinəm başdan-başa dağdı,
Duman gecikdi, qar yağdı.
Ruhum sınan qol-budaqdı,
Sən tökülən barsan, Ana.
İçimdə dinən dərdimə,
Qibləsi dönən dərdimə,
Sən bu güllənən dərdimə,-
Həmişə baharsan Ana.
Qapın da yox, çöldən döyəm,
Özümü yalandan öyəm.
...Nola, bir gün gələ...Deyəm-
Nə yaxşı ki varsan Ana!!!...
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0