Ceyhun Mirzəyevin xatirəsi anılıb

Apr 9, 2026 - 18:23
 0  7
Ceyhun Mirzəyevin xatirəsi anılıb

Aprelin 9-da Azərbaycan Dövlət Film Fondunda görkəmli aktyor və kinorejissor Ceyhun Mirzəyevin anadan olmasının 80 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib.

YAZİCİ.AZ xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları fondun foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.

Sonra sənətkarın rol aldığı və rejissorluq etdiyi unudulmaz filmlərdən ibarət videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Xalq artistləri Vaqif Mustafayev, Hacı İsmayılov, Xalidə Quliyeva, Şamil Süleymanov, Əməkdar artist Suğra Bağırzadə, "Ögey ana" filmində Cəmilə rolunu canlandıran Sevinc Axundova və digər tanınmış mədəniyyət xadimləri Ceyhun Mirzəyevin Azərbaycan kinosundakı əvəzsiz xidmətlərindən söz açıblar. Natiqlər sənətkarın hələ uşaq yaşlarından "Ögey ana" filmindəki İsmayıl obrazı ilə milyonların sevgisini qazandığını, sonradan isə "Fəryad" adlı ekran əsəri ilə adını kino tariximizə qızıl hərflərlə yazdırdığını vurğulayıblar. Onun həm aktyor, həm də rejissor kimi peşəkarlığı, insani keyfiyyətləri xüsusi qeyd olunub.

Qeyd edilib ki, hələ kiçik yaşlarından milyonların sevgisini qazanan Ceyhun Mirzəyev qəlblərdə iz salan kino xadimlərimizdəndir. Ömrünü kinoya həsr edən sənətkarın xatirəsi, yaratdığı səmimi obrazlar və ekranlaşdırdığı filmlər vasitəsilə hər zaman xalqımızın yaddaşında yaşayacaqdır.

Daha sonra "Balans" rəqəmsal bərpa studiyasında bərpa olunmuş, görkəmli rejissor Tofiq Tağızadənin "Matteo Falkone" qısametrajlı filmi nümayiş etdirilib. Prosper Merimenin eyniadlı novellası əsasında ekranlaşdırılan bu filmdə baş rollardan birini — uşaq obrazını (Fortunato) balaca Ceyhun Mirzəyev canlandırır.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0