Ey könül! Min namə yaz bir gülzarın eşqinə - Səməd Vurğunun qəzəlləri

May 13, 2026 - 22:10
 0  10
Ey könül! Min namə yaz bir gülzarın eşqinə - Səməd Vurğunun qəzəlləri

Yazıçı Ədəbiyyat Portalı Xalq şairi Səməd Vurğunun qəzəllərini təqdim edir.

🌹🌹🌹

Hər bağın, hər bağçanın bir bülbüli-şeydası var.

Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var.

Ruhu oxşar, qəlbi oxşar incə bir canan səsi,

Gah gülər, gah ağlayar, hər dəmdə bir mə'nası var.

Can alan hər nəğmənin mə'nası yalnız eşqdir,

Göz görüb əl çatmayan ulduzlu bir dünyası var.

Dərdi-hicran günləriylə ömrü odlardan keçər,

Hər könül bir karivandır ki, susuz səhrası var.

Böylə bir söz var ki, Vurğun indi bir Məcnun olub,

Şe'rü sənət adlanan nazəndə bir Leylası var.

🌹🌹🌹

Aləmin seyrinə gəl, gör nə gözəl fitrəti var,

Hər gülün, hər çiçəyin öz adı var, surəti var.

Qulaq as bülbülün avazına, sevda dəmidir, 

O çəmən güllərinin bir-birinə ülfəti var.

Sığmaz idraka bu dünya evinin sirrləri,

Varlığın hüsni-əzəldən nə böyük qüdrəti var.

Dolaşıb aləmi Loğman kimi mə'na gəzirəm,

Çünki mə'nalı keçən günlərin ülviyyəti var.

Ay da, ulduz da, günəş də yerə həsrətlə baxır,

Hər bəşər qəlbinin öz məclisi, öz söhbəti var.

Məni yelkən kimi qərq etsə də dəryada zaman,

Vurğun öldü deməyin, bir əbədi sən'əti var...

🌹🌹🌹

Meysiz, məzəsiz can ilə canan ola bilməz!

Sevda dediyin hər kəsə meydan ola bilməz!

Arifləri dindir ki, nədir şe'r ilə sənət?

Şair yaranan əmrə peşiman ola bilməz!

Könlüm evi bir gülşənə bənzər ki, əzizim,

Min badi-xəzan əssə də viran ola bilməz!

Qəlbin, ürəyin odlarına yanmasa bir söz,

Dillərdə, ağızlarda o, dastan ola bilməz!

Girdim günəşin qoynuna, min bir səhərim var,

Bülbül də mənim, gül də, zimistan ola bilməz.

Yüksəl, fəqət insanlığa pis gözlə baxanlar

Dünyada bir ad qoysa da insan ola bilməz!

Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,

Bundan da gözəl bir daha dövran ola bilməz!

🌹🌹🌹

Ey könül! Min namə yaz bir gülüzarın eşqinə, 

Can evindən seyrə çıx bir xoş güzarın eşqinə.

Hansı rəssamın əlilə canlanır dünya evi?

Hər çəmən min qönçə açmış növbaharın eşqinə!

Gəl, gəl, ey sevdalı bülbül, gəl gəzək gülşənləri,

Sən gülün eşqiylə dillən, mən də yarın eşqinə.

Məcnun öz şuriylə çox da aləmə səs salmasın,

Hansı namərd can əsirgər bir nigarın eşqinə?

Gün keçir, dövran keçir...Öz hökmünü vermiş zaman,

Ney tutulsun, badə gəlsin ruzigarın eşqinə!

İnsanoğlu can verər pərvanətək atəşlərə

Düz sözün, düz ilqarın, düz e'tibarın eşqinə!

Vurğunun öz aləmi, öz qəlbi, öz ilhamı var

Mehrü ülfətdən yaranmış bir diyarın eşqinə!

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0