Həyat da bax beləydi, ovucdakı qum kimi - Mətləb Ağanın şeirləri

Apr 9, 2026 - 15:45
Apr 9, 2026 - 17:16
 0  34
Həyat da bax beləydi, ovucdakı qum kimi - Mətləb Ağanın şeirləri

Yazıçı Ədəbiyyat Portalı Mətləb Ağanın şeirlərini təqdim edir.

***

İndi nə xatırladır,
uzaqda qalmış yayı?
...qoca şam ağacları
payızla vals oynayır...

Piyada keçidində
sürünən sarı yarpaq,
bilirmi, pəncərəndən
bir daha baxmayacaq?!

Nə şeir, nə hekayə,
nə romandı-bilirsən!
ömür yüz il-filan yox,
bircə andı-bilirsən!

Barı, yağış da yağmır,
islansın yanaqların...
qarışdırsın saçında
qaraları, ağları...

...Əllərimdən tutarsan:
“...niyə üzün qırışdı?...
...nə üçün oyatmadın?!
...nə vaxt yuxulamışdım?...”

***
Yarpaqlar xışıldayır
yenə yarıyuxulu...
küçədəki o mahnı
ürəyimə toxunur...

indi sənə deməyə
sözüm - filan da yoxdu,
məndə doğru da bitdi,
ancaq yalan da yoxdu...

heç vaxt eşitmədiyin
bir söz deyəcəm sənə,
bilirsən, arxayınam
yerdən göyəcən sənə...

olanın - olmayanın,
nəyin varsa, yığışdır...
leysanda islanmışa,
nə fərqi var, yağışdı...

...Sonra bir göyqurşağı,
baxıb, lap ölmək olar...
...Qoy bir o mahnı qalsın,
qalsın, nə bilmək olar...

***
Günəş batdı...su sakit...
...öldü quşların səsi...
çatlaq dodaqlarında
susuzluğun nəğməsi...

...o susqun ağacların
yaşıl xatirələri...
hərdən suya qoşulub
daşır xatirələri...

...bir şəklim var o üzdə,
canında qış qorxusu...
sənə nə lazımdı ki?
bir səssizlik, bir də su...

...qucaqlayıb indicə
islandığın leysanı,
gülərsən: 
“bu həyat da
özünü bir şey sanır...”
        
        11.07.2022

+++

Mayın da sonu çatdı,
iyundu növbədəki...
Güzgüdəki mənəmmi,
bu ADAMDI, ya ŞƏKİL?

Fərli ümid də yoxdur,
dörd əlli yapışasan.
Nəyə baxsan, ağ-qara,
bundan sonra, yaşasan...

Dünyada nə soyuq var,
gəlib canından keçər...
Baharın bir adıymış,
yay da yanından keçər...

...Hərdən ölümdən danış,
üzün-gözün alışsın...
...Bu şeri sənə yazdım,
ŞƏKLİM, başın qarışsın...

            20.05.2021

***
Hər gün payız səhəri,
açılar sillə kimi.
Yenə xatırlayarsan,
və nələri, və kimi...

Yenə köhnə yuxular
bitməyən, uzun-uzun...
Eşidərsən səsini,
o sarı avtobusun...

Min yol fikrindən keçər,
səni o yolda görməz...
Bir də səni aparmaz,
bir də səni gətirməz.

...Daha bütün fəsillər
payız notuyla başlar...
...Əllərində xəzəllər,
gözlərində yağışlar...

...sonra dodaqlarının
qəfil əriyər buzu:
"Harda görə bilərəm
o sarı avtobusu?..

***

Necə  akvariumda
yaşayan tənha balıq,
ancaq bircə şey bilir,
nə deməkdi  tənhalıq...

Necə köhnə albomun
saralmış şəkilləri,
elə bilir, dönəcək 
ömrünün ağ illəri...

Necə o dibçəkdəki
o çiçək susur, susur;
sən bilirsən dərdini;
unudulmaq qorxusu...

Necə uzaq üfüqlər
çəkilər ilğım kimi,
həyat da bax beləydi;
ovucdakı  qum kimi...

...Sonra bir isti səhra
göyə sovrulan qumu:
“ mənə o dibçəyi ver,
bir də akvariumu...”

***

Bu soyuq aprel günü,
Küçələr boş və səssiz.
Demək, yaşamaq olur,
İstəyəndə həvəssiz...

Bəlkə bir şəkil çəkək
Bu bezmiş telefonla.
Görək, necə düşürük
Havadakı bu fonla...

O üzbəüz binadan
Baxır, gəl sən də tanı.
İndi oxuduğumuz
Kitabın qəhrəmanı...

Durub çıxım həyətə
Geciksəm, zəng vuraram.
Ağaclara bir sözün
Varsa, de, çatdıraram...

Ya da aç pəncərəni,
Aprel udaq bir udum...
...bir azdan axşam düşür,
Xəbərlərdə oxudum...

***
Bu il də belə keçdi,
bir yaş da düşdük geri...
...yığmağa yer də yoxdur
dadsız xatirələri...

...indi durub özünə
deməyə nə sözün var?!
...hava da boz-bulanıq,
bizdən də duru kim var?!

...hər qarışda dirənir
dekabrın şaxtası...
...orda-bir soyuq evdə
yanır dörd sətir yazı:

"...maraqsızdı, bilirəm,
bu bitir, o başlayır...
...köhnə ssenaridə,
təzə kino başlayır...”

***
Hansı ölkəydi, hansı?
bəs neçənci əsrdi?
...orda-o köhnə yolla
bir uşaq tələsirdi...

fikrindən nə keçirdi,
nə tutmuşdu əlində ?
nə vardı çiynindəki
o nimdaş zənbilində?

Tanrı hardaydı onda,
ya xeyirxah mələklər?
bilirdilərmi bir gün
Ona nə deyəcəklər?!...

...sonra güldü qəfildən,
bütün ağrısı keçdi:
...ovcundasa,
soyumuş
qəlbini gizləmişdi....

***
...sonra payız da keçdi,
fevral-filan da sonra...
gözdən düşdü fəsillər,
elə bir anda sonra ...

...və bir stansiyaydı,
qatar-filan da vardı...
üstəlik, qarşılayan,
yola salan da vardı...

...perrondaydın, vaqonda?
daha fərqi də yoxdu...
şəkil doluydu hər yer,
bir o, sərgidə yoxdu...

...qəribəydi olanlar,
amma bir az bayağı...
...baxıb gülümsəyirdin
Mona Liza sayağı...

***
... və bu sentyabr da
köçünü yığışdırır...
yenə bir külək düşüb
küçəni yığışdırır...

...parçalanıb ortadan
albomunda bir şəkil...
daha gecdi soruşmaq,
"nədi ürəyindəki?..”

...bundan sonra, dirisən,
ölüsən, eyni şeydi...
ya Janna Dark ol indi,
ya Süsən, eyni şeydi...

durub fikirləşirsən:
"bir oyundu... kim kimi...”
– pəncərədən boylanıb,
bölünmüş şəkil kimi...

***
…Nə xəbər var şəhərdə?
kim piyada, kim atlı...
...fevralın boz soyuğu
hələ ki, salamatdı...

...hərdən sular kəsilir
ya da işıqlar sönür...
...bu pişikdən savayı
kim xatırlayar səni?!

...yox, heç pis-filan deyil,
bu nisgilli təkliyim...
...cırıb atdım fotonu,
sərçələr dimdikləyir...

...sonra qaranlıq çökür,
dayanmadan yağır qar...
...və eyni o əhvalat:
"... qoca Arxip... Lyonka..


***
...dəyişən heç nə yoxdu,
döngədə on qarış yer;
qaraqabaq fotoqraf,
köhnə foto atelye...

...mənəmmi o fotoda;
hərdən məətəl qalıram...
...adı nədi bu ömrün,
komediya, ya dram?..

...indi o şəkillərin
üzünə baxmaq olmur...
...vaxt da elə gödəlib,
durub darıxmaq olmur...

”... nədi orda qaralan,
bayaqdan təkdi orda...
yol üstündə qalmasın;
götür o şəkli ordan...”


***
..İslandı bütün şəhər,
böyükdən kiçiyəcən...
...bir ağacın dibində
büzüşmüş küçüyəcən...

...köhnə tramvayların
susduğu parka kimi...
...ağ kağız qayıqların
üzdüyü arxa kimi...

...ən hündür binayacan,
lap uzaq küçəyəcən...
...deyindi qonşu qarı
sabahdan gecəyəcən...

...sonra keçdi buludlar,
sonra kiridi qarı...
...bir uşaq hönkür-hönkür
ağladı qayıqları...


***
Ya yazın son ayıydı,
ya iyulun əvvəli...
...ya axrıydı hər şeyin,
ya da yolun əvvəli...

gecələr yuxusunu
qarışdırırdı sıx-sıx;
Görürdü-bir şəkildi,
boz-bulanıq, yarımçıq...

dəyişirdi sifəti,
güzgülərə baxanda.
nəsə gülümsəyirdi,
özgələrə baxanda...

...o axşam ayrı cürdü;
kefi lap yuxarıydı...
...qapısıyla üzbəüz
bir ağac da varıydı...

...səhər durub özünü
bir budağından asdı;
Nəhayət ki,
o gecə
Şəkli tamamlamışdı!


***
...Axşamüstü olardı...
...bir sümük-bir dəriydi...
...çoxdan ölmüşdü yəqin,
gözləri dipdiriydi!

...əllərinin istisi
adama "gəl” deyirdi...
...nəydi onu öldürən?
kimdi?
...əcəl deyildi!..

...artıq nə fərqi vardı
onunçün!
yazdı, qışdı?!
...vəssalam-evdən çıxıb,
geri qayıtmamışdı...

...çiçəklərin qoxusu
eynən Onun iyiydi...
O, nəyi bilirdisə,
Tanrının bildiyiydi...

...sonra evə dönəndə,
yazdılar baş daşına;
"...Tanrı,
Sən
bizi
Onun
gözlərinə
bağışla...”

***
Kim çəkib bu rəsmini,
harda, nə zaman çəkib?..
kirriyinin ucunda
bir damcı yaş can çəkir...

...səni hardan başlayıb
harayacan çəkiblər...
səni qızdan, qadından
qarıyacan çəkiblər...

...tək bir kəlmə söz donub
bu rəsminin dilində...
dönüb adam olardı
imkan olsa əlində...

...mən də çox gec gəlmişəm,
sən də çox gecikmisən...
...indi bildim, bu rəsmi
bir vaxt özün çəkmisən...

***
Çox üzr istəyirəm
səndən, məni bağışla...
elə bu saniyədən,
andan, məni bağışla...

yenə də bir arzu tut,
içində Mətləb olsun...
deyəcəyin beş sözün
üçündə Mətləb olsun...

mənim yerim cəhənnəm,
cənnət sənindi yəqin
min əzabla ölməsəm,
minnət sənindi yəqin.

döy əlimi dizimə,
al, gözlərimlə ağla;
əlbəttə, bir gün səni
gəzəcəyəm çıraqla...

...mənimçün fərqi yoxdur,
bu həyatdı, demirsən?!
...bağışla, istəyirsən...
...bağışla, istəmirsən...


***
Bu gün məni unutdun,
adım düşdü dilindən...
belə də olmalıydı,
elə günün birində...

ən uzaq ulduzların
necə gəlir işığı;
elə qalar yadında,
mən fağır kənd uşağı...

nə vardı aramızda,
uçurum kimi qaldı...
yazdıqların vərəqdə,
bir qurum kimi qaldı...

...günəş yenə doğacaq...
gecə yenə olacaq...
...mənim kefim pis deyil,
olan sənə olacaq...


***
Dekabr da qurtarır,
nə soyuq var, nə şaxta...
sobanı qalayarsan
uzağı, bəd ayaqda...

Şkafından tap, çıxar,
geyin ən qalın donu...
ya da otur divanda,
yaz ki, “ əllərim donur...”

Hərdən düşün özünçün
ağ-qara səhnələri;
köhnə bir filmdəki
qarı, buzu, nələri...

Lap dur apar özünü
çox üşüyürmüş kimi...
nə bahar-filan oldu,
nə qış keçdi qış kimi...

Bir də baxıb görürsən,
ömrün illəri yoxdu...
bütün xatirələrin
əslində yeri yoxdu...

...Sonra öldüyün axşam
uzanıb çarpayında,
deyərsən:
“nə soyuqdu
hava yanvar ayında?..”

***

İlğımdı, ya yuxuydu,
o üfüqdə  görünən?
əl uzatsan, çatardı,
indi burdaydı dünən...
     
Bir cümləydi, ya şəkil -
qaysağı qopmuş yara.
Gedib çatan olubmu,
o ilğım uzaqlara?

Xatirələr - qum gölü,
batarsan  yeridikcə... 
Onsuz da son nəfəsə,
qalan ümiddi təkcə...

...İstər bir nəğmə olsun,
istər bir ağız dua,
hərdən durub gülümsə
canındakı qorxuya...

...sonra  ilğım çəkildi,
Günəş son dəfə batdı,
üçcə kəlmə yazıydı;
“nə vardı, zarafatdı...”

***

Axşamların şaxtası,
sabahların soyuğu...
yatırsan ki, qar yağar,
durursan ki, Gün doğur...

Dekabrın ən uzun
nəğməsi olsun gərək:
donuq pəncərələrdə
hey çiliklənən külək...

Qarı kimidir ömrün:
gümanları tükənmiş...
necə olur məzarlar?
sanki bələkdəsənmiş!

Qalan beş-altı sözdür:
yalan-doğru, fərqi yox...
çəksən belə, o rəsmi,
qoymağa bir sərgi yox...

... Heç lap üşüməsən də,
qapını ört, astaca...
... sonra, soruş özündən:
“nəyə gülürsən, Qoca?”

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0