İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
İstanbulda azərbaycanlı rəssam, Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin sənət, dizayn və memarlıq fakültəsinin rəngkarlıq bölməsinin müəllimi Elçin Mustafayevin “Şəhərin yaddaşı” mövzusunda fərdi sərgisi açılıb.
YAZİCİ.AZ xəbər verir ki, İstanbulun Hasan Sarıtaş Qalereyasında baş tutan açılış mərasimində Azərbaycanın Əməkdar rəssamları Teymur Rzayev, Yaşar Zeynalov, Azərbaycanın Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov, Əməkdar artist İslam Manafov kimi Türkiyədə fəaliyyət göstərən bir çox görkəmli sənətkarlarımız, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə və bir çox ictimaiyyət nümayəndələri iştirak ediblər.
İstanbul gecələrinə həsr edilən sərgi şəhərin yalnız fiziki bir quruluş deyil, eyni zamanda, kollektiv yaddaşın çoxqatlı daşıyıcısı olması ideyası üzərində qurulub.
E. Mustafayevin rəsmlərində diqqət çəkən əsas xüsusiyyət, işığın sadəcə təsviri vasitə olmaqdan çıxaraq yaddaş daşıyıcısına çevrilməsidir. Gecə mənzərəsində parlayan şəhər silueti fərdi və kollektiv təcrübələrin izlərini daşıyır. Bu baxımdan rəssam şəhər mənzərəsini təsvirdən daha çox bir “qavrayış sahəsi” kimi təqdim edir.
Əsərlərdəki memarlıq elementləri divarlar, qüllələr və sahil xətti ilə tarixi davamlılığı göstərir, onları əhatə edən müasir şəhər mühiti ilə keçmiş arasındakı keçirici sərhədləri vurğulayır.
Qeyd edək ki, sərgi mayın 11-dək davam edəcək.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0