Ömrüm başdan-başa yoldur - Arif Fərzəlinin şeirləri
Yazıçı Ədəbiyyat Portalı tanınmış şair Arif Fərzəlinin 70 illik yubileyi münasibətilə şeirlərini təqdim edir.
QOŞA YOL
İlmə-ilmə, naxış-naxış
Ömrüm başdan-başa yoldur.
Yaşandıqca səf bağlamış
Günlər yaşdan-yaşa yoldur.
Yol ardınca bir daha yol,
Yaxına yol, uzağa yol.
Köz düşdükcə ocağa-yol,
İz düşdükcə daşa – yoldur.
Harda təbim, orda sevgim,
Məni qoymaz darda sevgim.
Xalqa sevgim, yurda sevgim
Taleyimdə qoşa yoldur.
Arif, dərdə olma yedək,
O səni yox, sən onu çək.
Şairlik də şəhidlik tək
Tarixə birbaşa yoldur...
GÜLLƏ
İlk hecası – gül,
amma şakəri
güldürməkdən tamam uzaq –
insanı öldürüb,
insan ağlatmaq...
İlk hecası – gül,
amma nəfəsində
gül yox,
barıt qoxusu var...
Torpaq yerinə,
dibçək əvəzinə,
sinələrdə
qırmızı “gül”lər açdırar...
BAĞIŞLA
Bağışla nəvəni, Füzuli baba,
Yanında qaradır üzü, bağışla.
Saldıq zarafata, saldıq kitaba,
Saldıq mərtəbədən "Söz"ü, bağışla.
Tanrını öyməyə söz qalmadı ki!
Şeytanı söyməyə söz qalmadı ki!
Əyrilər əyməyə söz qalmadı ki!..
Susmaqdan lallaşan düzü bağışla.
Ağızlar taybatay, bağlayanı yox,
Yalanı yolundan saxlayanı yox,
Qalıb ortalıqda, ağlayanı yox,
Sözü öldürüblər, sözü bağışla.
Tək çəpik deyildi bu əlin işi,
Tək qarğış deyildi bu dilin işi.
Sən deyən olmadı, Füzuli kişi,
Sən deyən olmadıq, bizi bağışla...
XXX
Sağım durub öz solumu qarğıyar,
Kim girdi ki, özüm girdim araya.
Bu ürəyi, bu taleyi yarıya
Böləmmədim bu sevdanın yolunda.
Oz əlimnən qayçılandım bir ömür,
Qamçıladım-qamçılandım bir ömür.
Bir buluddum, damcılandım bir ömür,
Sellənmədim bu sevdanın yolunda.
Nə üstünə çaxa bildim özümü,
Nə üstündən yığa bildim izimi.
Dədə Kərəm, külün tutsun gözümü,
Öləmmədim bu sevdanın yolunda.
ÖZÜMÜZƏ AÇIQ MƏKTUB
Sudan
quru çıxmaq üçün
uşaq başı aldadırıq
elə bil,
guya
onun intiharı günahdı,
amma
bizim biganəliyimiz
günah deyil...
Dəvə ummurdu ha,
at ummurdu ha,
ovuc - ovuc
qizil,
brilyant ummurdu ha,
xoş söz eşitmək,
xoş üz görmək istəyirdi,
balalarından ötrü
bir içim su,
bir parça çörək istəyirdi.
Sayəsində
yaşadığımız zəfər keyfinə
iynə ucuycan
qarşılıq duyursaydıq,
həyat nərdivanından
belə bərk yıxılmazdı ki,
bunca
sağa - sola səpdiklərimizdən
ona da
azacıq bir pay ayırsaydıq,
dünya dağılmazdı ki!..
Süründürduk,
bezdirdik,
illər uzunu
idarə - idarə gəzdirdik.
Halal haqqına yetsin deyə,
meşin qapıları
təkrar - təkrar döyməkdən
yoruldu,
hər dəfə
durumu barədə
eyni sözləri deməkdən
yoruldu...
Sıxmışdıq,
dirəmişdik
nəfsimizin küncünə,
qurtulmağa
yol araya bilmirdi,
tək əlnən
qırmanc - qırmanc
tənələrimizdən
döyüşçü vüqarını
qoruya bilmirdi...
Cəbhədə
əsgər yoldaşlarını
itirən kimi,
ağır -ağır
ümidini də,
inamını da,
insanlara
etibarını da itirdi,
axırda
can deyilən
yeganə varını da itirdi...
Sildik sıradan,
çıxartdıq yaddan,
əslində,
kəndiri özümüz keçirtdik
boğazına,
kətili özümüz çəkdik
ayağı altdan...
Sudan
quru çıxmaq üçün
uşaq başı aldadırıq
elə bil,
guya
onun intiharı günahdı,
amma
bizim biganəliyimiz
günah deyil...
SƏSSİZ NƏĞMƏ
Sağ olsun, təbiət unutmur bizi,
Hərdənbir gizlədir eyibimizi.
Bir bax,örtülübdü hər şeyin üzü,
Guya nə dərd qalıb,nə günah qalıb.
O yetim görəsən daxma tikdimi?
Bu sağır şum vurub,taxıl əkdimi?
Havada uçuşan kəpənəkdimi,
Bəs belə soyuqda necə sağ qalıb?..
Od oğlu,qatlanma önündə zorun,
Özün öz oduna yanmaqdan qorun,
Qoy ayağı düşsun bu ağ "fiqur"un,
Düşmən mat olmağa bircə "şah!" qalıb.
Qış rəsmi yaşılsız -göysüz çəkdisə,
Niyə fırça tutdu,rəngi təkdisə,
Nənəm də çəkərdi,bu çəkməkdisə,
Bilinmir,ağ çəkib,yoxsa ağ qalıb.
Qar yağır - bu səssiz nəğmə nə həzin!..
Allah ağ gününmü verir əvəzin?
Arif, ilhamına de ki,tələssin,
Hələ həyətdə bir ağ varaq qalıb...
ŞƏHİDLƏR XİYABANI
Bu yer
bir park da ola bilərdi,
bu məzarlarda uyuyanlar
qoynuna gəzməyə də gələ bilərdi,
övladları ilə əl -ələ,
sevgililəri ilə qol-qola...
Amma bir acı gerçəkdi,
biz onlarsız gəlib,
onları anırıq,
xatirələrə dala -dala,
ziyarət edirik
müqəddəs pir kimi...
Başdaşıları
əsgər kimi,
çiyin - çiyinə,
sıra -sıra...
Başdaşıları misra -misra -
Şəhidlər xiyabanı
bir qəmli şeir kimi...
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0