Xoruzlu kəndinin açılmayan səhəri - HEKAYƏ
Yazıçı Ədəbiyyat Portalı Namiq Zamanın "Xoruzlu kəndinin açılmayan səhəri" hekayəsini təqdim edir.
O, evə tələsirdi. Kənardan baxan olsaydı, onun yeridiyini yox, quş kimi uçduğunu zənn edərdi. Özünə də elə gəlirdi ki, o, yerimir, havada süzür. Amma getdiyi yol sanki ayaqlarından tutub onu geriyə çəkirdi. Elə bil, yol da uzanmışdı...
Varlığını özünə tabe edən fikirlərin burulğanında evə necə çatdığını, yeməyini necə yediyini hiss etməmişdi. Bircə qaynar çayının ağzını yandırdığını duysa da, bunun fərqinə varmadan, özünü yataq otağına saldı. Evdəkilər də xasiyyətini bildikləri üçün heç nə soruşmadılar. Soruşub nə edəsi idilər ki? Onsuz da cavab ala bilməyəcəkdilər. Üstəlik bir az da vəziyyəti gərginləşdirə bilərdilər. Odur ki, yaranmış sükutu heç kəs pozmadı. O, həmişəki kimi, sakitcə çarpayısına uzanıb, bir az əvvəl eşitdiklərini xatırlamağa başladı...
Nədənsə, müdirinin bu dəfə istehzalı, bir qədər ciddi və ötkəm şəkildə danışmağı onu tamamilə çıxılmaz vəziyyətə salmışdı. Əvvəllər də əsəbləri gərilmişdi, özü də dəfələrlə. Hər dəfə də “lənət şeytana” deyib, özünü ələ almışdı. Həm də müalicədən yenicə qayıtdığı üçün nə olursa-olsun özünü qoruyacağına, əsəbiləşməyəcəyinə söz vermişdi. Di gəl ki, bugünkü rüsvayçılıq onu dəli olmaq həddinə çatdırmışdı.
Müdir bütün işçilərin vacib məsələ ilə bağlı toplaşmaqlarını tapşırmışdı. Xəbəri eşidən kimi, ürəyi çırpınmış, yenə də hansısa mənasız, amma əsəbləri tarıma çəkə biləcək bir hadisənin baş verəcəyini güman etmişdi. Allaha dua etmişdi ki, bu dəfə də ona səbir versin.
“İclas” uzun sürmədi. Müdir birbaşa əsas məsələyə keçdi. Bunun da səbəbi var idi: tapşırıq bu gün icra olunub, “yuxarılara” – “əmriniz yerinə yetirildi” – məlumatı verilməliydi.
Məsələ belə idi: kənddəki hər bir ev – hər bir ailə başçısı bir xoruz (guya Avropadan gətirilmiş, xüsusi olaraq yetişdirilmiş cins xoruz ) almalı, səhərlər həmin xoruzların banına yuxudan ayılmalı idilər. İlk baxışdan çoxlarına qəribə görünən bu təklif ona adi gəlirdi. Çünki çoxdan bilirdi ki, buna bənzər hadisələr olacaq. Səbəb də o idi ki, “yuxarılardan” edilən bütün təkliflərə hamı can-başla əməl etmişdi. Heç kəs, lap özünə zərərli olsa belə, heç nəyə etiraz etməmişdi. İndi də hamı susub dinləməyə üstünlük vermişdi. Bu dəfəki “iclasın” bir fərqi də o idi ki, sonda heç kəs əl çalmadı. Daha doğrusu, əl çala bilmədilər. Hamı şoka düşmüşdü. Bir azdan kəndə “bir maşın” xoruz gələcəkdi. Hamı öz “yerli” xoruzunu məhv etməli, kənddə yalnız bu məşhur əcnəbi xoruzlar “meydan oxumalıydı”. Tərs kimi, ayın ortası idi. İşçilər hələ əməkhaqqı, “təqaüdçü”lər “təqaüd” almamışdılar. Pullar isə elə bu gün nağd ödənməli idi. Qiymət də ki, bazar qiymətindən iki dəfə baha. Axı bu, xüsusi, “cinsləşdirilmiş xoruz” idi...
Müdirin: – Di durun, xoruzları qarşılamağa hazırlaşın! – deməyi sanki hamını yuxudan oyatdı. İşçilər don vurmuş balqabaq kimi, “yumalana-yumalana” dağılışmağa başladılar.
Onu əsəbiləşdirən məsələnin başqa tərəfi idi. Düşünürdü ki, söhbət heç də səhərlər yuxudan durmaqdan getmir. Kəndə xoruzların göndərilməsi bir növ camaatı təhqir etmək deməkdir. Belə çıxır ki, yeri gəlsə, kəndin kişilərini də başqa kişilərlə əvəz edə bilərlər. Bax, bu məntiq onu rahat buraxmırdı. Bir də ki, burada sanki bir namərd, bir xain əli də var idi. Axı bu kəndi dədə-babadan Xoruzlu adlandıran kişilər yəqin ki, kəndin vaxtilə öz məşhur xoruzları ilə tanındığına, kim bilir, bəlkə də elə kəndin kişilərinin ötkəmliyinə, kişiliyinə görə onu belə adlandırmışdılar (Hər halda, ağsaqqallar belə danışırdılar). İndi isə bu söhbət nəinki kənddəki xoruzlara, həm də həmin kişilərin ruhuna edilən amansız xəyanətdən, misilsiz bir qəsddən xəbər verirdi. Fikirlər onu elə çulğalamışdı ki, barmağını kəssən, xəbəri olmazdı...
***
Xoruzları kəsəndən sonra bıçağı və əllərini yudu. Çiyinlərinə çökmüş ağır yükün altından çıxa bilməyəcəyini, bu gün ən dəhşətli bir cinayət törətdiyini düşünürdü. Sinəsinin altından başlayan soyuq sızıltı yavaş-yavaş bütün bədəninə yayılırdı. Özünü saxlaya bilmədi. Yavaşca divardan tutaraq, aşağı çökdü. Əlini arxa uzatdı, suya saldı, amma su götürə bilmədi. Yaş əlini sinəsinə sürtdü. Gözləri qapanırdı. Zorla özünü ələ almağa çalışırdı. Başını divara söykədi. Dərindən nəfəs almağa başladı. Xeyli vaxtdan sonra özünə gələ bildi.
Ayağa qalxdı. Bir az da bu vəziyyətdə dayandı. Sonra arxa yaxınlaşıb dizlərini yerə qoydu. Ehtiyatla dodaqlarını suya yaxınlaşdırıb, sümürməyə başladı. Gözlərinin işığı yenidən özünə qayıtdı. Ayağa qalxıb bir daha dərindən nəfəs aldı. Bəlkə də ilk dəfə yaşamağın çətinliyini dərk edirdi. Xəyalına başqa heç nə gəlmirdi. Ağlaya da bilmirdi ki, ürəyi boşalsın. Bütün bədəni cızıldayırdı. Həyətdə var-gəl eləməyə başladı. Öz-özünə pıçıldadı: nə olursa-olsun, yaşamaq, övladları böyütmək, onların əlini çörəyə çatdırmaq lazımdır...
Qapının qəfil döyülməsi onu fikirdən ayırdı. Qəzəbli vəziyyətdə qapını açdı. Müdirini və əlində xoruz olan adamı görəndə bir daha gözlərinə qaranlıq çökdü. Sakitcə xoruzu onun əlindən alıb qapını çırpdı. Xoruzu gətirib hinə atdı. Ani sükutdan sonra hində sanki bomba partladı. Toyuqların vay-növsəsi həyəti başına götürdü. Bunu görüb, tez evə qalxdı. Heç nə düşünmək, heç nə eşitmək, heç nə görmək istəmirdi. Bir də axşam süfrəsində əyləşəndə uşaqları ilə ağızucu nəsə danışmaq istədi. Əslində məqsədi danışmaq yox, uşaqların verəcəyi suallara cavab verməkdən yayınmaq idi. Heç özü də bilmirdi ki, nə danışır, nədən danışır. Adəti üzrə şam yeməyini bitirib həyətdə bir az gəzəndən sonra yataq otağına keçdi. Qəzeti götürüb oxumağa başladı. Ha çalışdı, nə oxuduğunu anlaya bilmədi. Yatağına uzandı. Çəkdiyi əzaba tab gətirə bilməyən göz qapaqları illərin yuxusuzu kimi qapanmağa başladı. Ürəyinə bir sərinlik çökdü. Daha doğrusu, halsızlıq yuxusu onu öz dərin qatlarına çəkdi. Daş kimi, sakitcə yatdı. Gecənin bir aləmi ayıldı. Saata baxdı. “Xoruz banı”na az qalırdı. Gecənin sakitliyi onu sıxdı. Nədənsə səhərin tez açılmağını istədi.
Durub həyətə düşdü. Dan yeri sökülməyə başlayırdı. Həmişə xoşlandığı, vaxtaşırı durub zövqlə, ləzzətlə tamaşa etməkdən doymadığı bu mənzərə də ona yorucu göründü. Bir anda səhərin açılmasını, Günəşin öz parlaq, isti şəfəqlərini yaymağını istədi. Ona elə gəldi ki, xoruz banlamayacaq və bir daha səhər açılmayacaq.
Havalanmış kimi, hinə yaxınlaşdı, qapısını açdı. Gözləri axşam hinə atdığı o “sarışın” xoruzu axtardı. Sanki “təzə gəlmiş qonaq” da bunu anlamışdı. Qapıda adam görünən kimi, ona tərəf gəldi. Titrəyən əllərinin arasına girdi. O, xoruzu hinin qabağındakı tarın üstünə qoyub, – hə, di banla, səhər açılsın – dedi. Xoruz sakitcə dayanmışdı. Elə bil, onun burada yeri olmadığını, bunun üçün də soyuq qarşılandığını, duymuşdu. Səsini çıxarmaq fikri yox idi. Ümidlə xoruza dikilən gözlərindən axan yaşın istisi yanaqlarını yandırdı. Xoruzun boğazından yapışıb, – hə banla, banla – deyə onu silkələməyə başladı. Səhərin bir daha açılmayacağı xofu onu bürümüşdü. Hönkürərək, xoruzun qarşısında diz çökdü. Onu yenə də silkələyərək, – banla, nə olar, banla – deyə ağlaya-ağlaya yalvarmağa başladı. Xoruz xırıldayırdı, ağzından köpük axırdı. O, daha çox yalvarmağa başladı. Möhkəm hönkürdü, sonra yenə zarıyaraq, yalvardı. Birdən xoruz var gücünü toplayıb, lap ucadan banladı. Bir anda ətraf işıqlandı...
Gözlərini açanda qan-tərə batdığını hiss etdi, yuxu gördüyünü anladı. Uzandığı çarpayıdan dəli kimi hoppanıb ayağa qalxdı. Həyətə düşdü. Günortadan xeyli keçmışdı. Hava sərin olsa da, istidən alışan sifətinə su vurmaq üçün hovuza yaxınlaşdı. Ovcunu sərin su ilə doldurub, bir neçə dəfə üzünə çırpdı. Başını əyib hovuza saldı. Tamamilə ayılmaq, baş verənləri “dərk etmək” istəyirdi. Böyük kötüyün ətrafına səliqə ilə düzdüyü balaca kötüklərdən birinin üstündə oturub, keyimiş sifətini əlləri ilə ovuşdurmağa başladı. Allahın haqsızlıqlara qarşı insanlara qəzəbləndiyi qənaətinə gəldi. Günahsızlığını düşünüb, baş verənləri qəbul etmək istəmədi. Axı o, həmişə haqqın tərəfində idi. Heç vaxt bircə qarışqanı belə ayaqlamamışdı, yalan danışmamışdı, kimisə pis istəməmişdi, kiminsə haqqını tapdamamış, onun həyatı üzərində özünə həyat qurmağı düşünməmişdi. Ömrü boyu halallıq haqqında danışıb, halallıq üzərində bərqərar olan cəmiyyət arzulamışdı. Həyatda istəyinə nail olmamış, əməlli-başlı bir gün də görməmişdi. İndi kimlərinsə günahlarının hesabını verməli idi. Bir anlığa körpə balalarını fikirləşdi:
– Bəs onlar, onların günahı nədir? Aman allah, bu nə müsibətdir, bu nə gündür payımıza düşüb?!.
Qəfil şaqqıltıdan evinin uçduğunu zənn etdi, ürəyi əsdi. Dönüb baxanda al-əlvan boyalı xoruzun qanadlarını çırpdığını gördü. Xoruz elə banladı ki, sanki “qu nəğməsi” oxuyurdu. Səs onu özünə çəkdi, diqqətini xoruzdan ayıra bilmədi: ilahi, o necə də gözəlləşmişdi. Gözlərindən məsumluq yağırdı, tükləri göy qurşağını xatırladırdı... Xoruz düz onun yanında dayanmışdı. Dumduru, alışıb-yanan gözləri ilə onun üzünə baxırdı. Bu mərd baxışlarıyla o, sanki: bizim də yaşamağa haqqımız var, biz də sənin kimi ədalətin tərəfindəyik, bizə qarşı amansız olma, şeytanın göstərişi ilə bizi məhv etmə – demək istəyirdi. Üzünü yana çevirdi. O tərəfdə də qar kimi ağappaq xoruzun dayanıb uzaqlara boylandığını gördü. Ağ xoruz duruşundan arxayın görünürdü. Hər gün onu bəsləyib boyunu sevən bir insanın bir azdan onun qatilinə çevriləcəyini ağlına da gətirmirdi. Ya da qəsdən belə dayanıb, öz məğrurluğunu heç vaxt, ölüm ayağında belə itirməyəcəyini göstərmək istəyirdi...
İşgəncəyə dözə bilmədi. Əlini zərblə dizinə vurub ayağa qalxdı. Görəsən məni anlayıb, səsimə səs verən bircə nəfər tapılarmı ki, dərdimi ona danışıb bir az rahat olam, çıxış yolu axtaraq. Vallah, belə olmaz. Allah götürməz bu boyda haqsızlığı. Mən danışanda: – döz, darıxma, hamı necə, sən də elə – deyirdilər. Bax mən, bu günləri görürdüm, bunlar idi məni ağrıdan. Dəfələrlə demişdim ki, camaata qarşı edilən bu alçaqlığın sonu pis olacaq, dözülməz olacaq. Görə-görə göz yumuruq, bizim də mənliyimiz tapdanır, vicdanımız ləkələnir, Tanrı qarşısında günah qazanırıq. Gəlin, “yox!” deyək bu haqsızlıqlara, gəlin, şeytanları qovaq içimizdən. Biz cəhənnəm, övladlarımızı düşünək, vicdanımızın ləkələndirilməsinə imkan verməyək... Bu da axırı... Nə üzlə baxacağıq uşaqların üzünə, suallarına nə cavab verəcəyik?!. Yox, mən yaşaya bilmərəm, yaşamağa haqqım çatmaz, şərəfsiz ata heç öz övladlarına da gərək deyil. Qoy onların nəzərində adi bir ata kimi qalım. O qədər cavan-cavan yıxılıb ölənlər var ki... Mən də onların biri. Onsuz da bu məmləkətdə yaşamaq, bilə-bilə cəhənnəmi qazanmaq deməkdir. Allah öz sevimli bəndələrini çoxdan aparıb buralardan, istəməyib ki, onlar da günaha batsınlar...
Gözü tövlənin qarşısındakı ipə sataşdı. Bəlkə bu anda həyətdə kiminsə olmamağı da bir işarə idi ona, tanrısının sonuncu “hədiyyəsi”, sonuncu çağırışı idi, günahlarının bağışlanması üçün... Bu kəndir bir dəfə onu ölümdən qurtarmış, bu dünyada yaşamaq haqqı vermişdi ona. İndi isə o dünyada... Düşünmək istəmədi. Vaxt da az idi. Tərəddüd yeri yox idi. Qalsa, onsuz da fikirdən dəli olacaqdı... Son dəfə övladlarını görmək istədi. Yox, məqam əldən çıxar, sonra gec olar... Eh!!!..
Artıq heç nə düşünmürdü. Əlini astaca kəndirə uzatdı. Gözlənilmədən soyuq bir əl onun biləyindən tutdu. Başını qaldıranda gözlərinə inanmadı. Böyük oğlu idi. Sakitcə dayanmışdı. Gözlərindən qan axırdı... O nə zaman gəlmişdi, anlamadı...
Bu müdhış sükutu qapının taqqıltısı pozdu. O, gördüklərinin xəyal olduğunu anladı. Artıq heç nə etmək olmazdı. Səsə evdən də çıxan ola bilərdi. Qapı yenə də döyüldü. Qapının arxasında tanış səslər eşidilirdi; onlar idi... Qəzəbli halda evin yanına söykənmiş yabanı götürüb, əlini qapıya uzatdı. Bu anda ətrafı qorxunc bir uğultu bürüdü. Elə bil kimsə onu tutub möhkəm silkələyirdi. Qarşısında yaranan böyük uçurum qapını ondan uzaqlaşdırdı. Qışqırıq səsləri uğultunu daha da dəhşətli edirdi. “Zəlzələ!!!”, “zəlzələ!!!” nidaları ildırımın və şimşəyin yaratdığı tufana qarışdı. Dönüb evə tərəf qaçmaq istədi. Evi yerində yox idi. Kəndin üst tərəfindəki dağın kəndə tərəf uçub-töküldüyünü gördü. Onu qara bir boğanaq bürüdü...
Toz-duman bütün kəndi altına aldı. Kənd əbədi sakitliyə qərq oldu... Daha Günəş də başının üstündə görünmürdü. Hava da dəyişmişdi, rənglər də. Sonsuz üfüqlər qeyri-adi şəkildə görünürdü. Nəsə, qəribə bir boşluq, “rahatlıq” yaranmışdı. Bədəninin ağırlığını da hiss etmirdi. Elə bil, çiyinlərindən asılıb onu yoran yük də yox olmuşdu...
...O, çaşqın halda geriyə boylandı. Uzun, qızılı şüalarla əhatə olunmuş yol gördü. Günəş də bu yolun axırında idi. Şüaları yalnız bu uzun yola yayılmışdı. Rəngi daha da parlaq və cazibəli görünürdü. Ətraf qaranlıq idi. İşıqlı uzun yolun dərinliklərindən uzanan əl, onun əlindən tutdu. Bu, bayaqkı əl idi. Amma üzü görünmürdü. Ona qovuşmaq istədi. Günəşə doğru tələsdi...
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0