Yeni premyera: “Mesenat”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan “Mesenat” tamaşasının premyerası olub.
YAZİCİ.AZ xəbər verir ki, ikihissəli musiqili dram Azərbaycanın məşhur neft milyonçusu, ictimai xadim və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edir.
Səhnə əsərində yalnız baş qəhrəmanın çətin və keşməkeşli taleyi deyil, eyni zamanda, onun yaşadığı dövrün mürəkkəb ictimai-siyasi şəraiti, bolşeviklərin hiyləgər planları nəticəsində Bakı milyonçularına qarşı törədilən ailə faciələri də əks olunub.
“Mesenat”da Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, Çingiz Əhmədov, Nadir Xasiyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, Prezident mükafatçısı Səmədzadə Xasiyev və digər aktyorlar, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.
Tamaşanın quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Məlahət Qasımova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistenti Çimnaz Bağırovadır. Səhnə əsərinın bəstəkarı Əli Əliyevdir. Bununla yanaşı, xarici bəstəkarların – İohan Ştraus, Salvatore Markezi və Frederik Şopenin də əsərlərindən istifadə olunub.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0