Yol - Nüşabə Əsəd Məmmədlinin yeni hekayəsi
Yazıçı Ədəbiyyat Portalı tanınmış yazıçı, dramaturq Nüşabə Əsəd Məmmədlinin "Yol" adlı yeni hekayəsini təqdim edir.
Kamal maşını sürətlə sürürdü ki, Gəncəyə tez çatsın.
Maşını dəmir-beton işıq dirəyinə çırpılandan sonra sevdiyi "Ferrari" əzik-üzük günə düşdü. Qabaq bamperi darmadağın oldu, maşının şüşələri çilik-çilik oldu. Nə yaxşı ki, anasının əlindən qopub maşın yoluna qaçan uşağın üstündən keçmədi Kamal.
Kamal dərhal maşını döndərib yoğun dəmir-betona, dirəyə çırpdı, uşaq salamat qaldı. Əgər təhlükəsizlik balıncı açılmasaydı, yəqin ki, özü artıq ölmüşdü. Kamal maşından düşəndə, DAM – Dövlət avtomobil müfəttişliyinin işçiləri onu dövrəyə aldılar. Protokol tərtib etdilər. Kamal geyindiyi qara dəri gödəkçəsinin cibində nə qədər pul var idisə hamısını yol müfəttişlərinə payladı. Cibində hər ehtimala qarşı 200 manat pul saxladı. Birdən yolda lazım olar. O, həyəcan içində Dəmir yol vağzalına zəng etdi. Dedilər ki, Gəncəyə gedən axırıncı qatar artıq yola çıxıb.
Yol müfəttişlərindən biri onu avtovağzala aparmağı təklif etdi. Kamal onun təklifini qəbul etdi. Müfəttişin maşınındakı güzgüdə öz sifətini görəndə, anladı ki, heç bir taksi, ya özəl maşın sürücüsü onu Gəncəyə aparmaq istəməz. "Ferrari"nin qırıq-qırıq olmuş şüşələri onun ara-sıra zolaq-zolaq onun ağ köynəyini qırmızı rəngə boyamışdı. Onun üzündə də köynəyindəki kimi qara-qırmızı ləkələr var idi. Üzünü cibindəki dəsmalla silmək istədi, bacarmadı. Ağrı bütün vücudunu bürüdü.
Müfəttiş Kamalı avtobus dayanacağına yaxın yerdə maşından düşürdü. "Ferrari"ni evakuator DAM-a apardı.
– Narahat olma qardaş, yaxşı usta tanıyıram, qayıt gəl, lap mən də səninlə gedərəm ustanın yanına. Xarici maşınlar üzrə əla mütəxəssisdir.
– Oldu. Gəncədən qayıdandan sonra görüşərik.
DAM işçisi öz vizit kartını Kamala uzatdı. Kamal da öz kartını ona verdi. Müfəttiş heç baxmadan sənədi cibinə qoydu.
Bu gün Kamalın ömründə ən əlamətdar gün oldu – onu işlədiyi böyük xarici şirkətə vitse-prezident təyin etdilər.
Düşündü ki, o bir körpəni ölməyə qoymadı. Bu gün aldığı on min manat civarında olan maaşını Gəncəyə, atasına göndərdi. Kamal ümumiyyətlə nə üstündə, nə də evində pul saxlamırdı. Aldığı əmək haqqının üstündən üç min götürüb, qalanını atasına göndərirdi.
Ancaq indi aldığı pulun hamısını göndərdi. Üstündə həmişə ehtiyat üçün saxladığı bir min manatın səkkiz yüz manatını müfəttişlərə, evakuator sürücüsünə verdi. Qalan iki yüz manatı gödəkçəsinin cibinə qoydu.
İndi Gəncəyə tez çatmaq istəyirdi. İndi Nərmini xəstəxanaya aparıblar. Nərmin beş ay öncə Kamaldan küsüb, Gəncəyə getdi. Novxanıya, əziz valideynlərinin yanına yox, Gəncəyə, Kamalın atasının və bibisi Səmayə xanımın yanına, Kamalın doğulub böyüdüyü ocağa pənah apardı.
Səmayə xanım Kamalın tək bibisi idi. I Qarabağ müharibəsində nişanlısı itkin düşdü. Səmayə bibisi onun qayıdışını gözləyirdi. Onlara gələn elçiləri geri qaytarırdı. Mən öz nişanlımı gözləyirəm. O, mütləq gələcək. Ancaq onun qara saçlarına yavaş-yavaş dən düşürdü. Evlərinin yanındakı kitabxanada işləyirdi. Universitetin kitabxanaçılıq fakültəsini bitirmişdi. Bütün mehrini Kamala, bir də qardaşına – Kamalın atasına salmışdı. Ancaq hər dəfə itkin düşənlər haqqında, naməlum şəhidlər barədə televizorda verilişlər gedəndə, rəngi avazıyırdı, əlindəki oxuduğu kitabı, ya gördüyü işi kənara qoyub, ekrana baxırdı. Kamal uşaqlıqdan bibisinin bu halını görürdü, məyus olurdu.
Beş ay qabaq Nərmin Kamaldan küsüb Gəncəyə getdi. Uşaq üstündə incidi.
– Bizim övladımız olacaq, – dedi Nərmin.
– Sən sayıqlayırsan? Hansı dünyaya gətirəcəyik bu uşağı? Sən görmürsən aləmdə nə baş verir? Bütün planet müharibə ocağına çevrilib – Rusiya-Ukrayna, Əfqanıstan-Pakistan...
Biz Qarabağ müharibəsindən təzə çıxmışıq. Çox şükür ki, qələbəylə qurtardıq bu müharibəni. I Qarabağ müharibəsində əlil olan atamın ayaqları soyuqlar düşəndə zoqquldayır. Gecələr qış vaxtlarında mən onun iniltisini eşilirəm, istəyirəm atam unutsun bu müharibəni, ağrısız yaşasın atam. İndi sən istəyirsən körpə balam yeni müharibələr alovunda yansın?
– O böyüyənə kimi müharibələr səngiyəcək, – boğula-boğula dedi Nərmin.
– Bəs cəmiyyətin bu gününü görmürsən? Televiziyaya çıxan əksər müğənniləri görmürsən? Onları bir-birlərindən ayıra bilirsən? Mən qorxuram qızım olsa, o da onlara oxşayar.
– Bəs birdən oğlumuz oldu? – soruşdu Nərmin.
– O da böyüyəndə, bir vəzifə sahibi olsa, çıxıb tribunadan deyəcək ki, gəlin ana dilimizi zənginləşdirək, bunun üçün dilimizə "uje", "voobşe" sözlərini rəsmən daxil edək danışığımıza, – əsəbi dilləndi Kamal.
– Sənin sözündən elə çıxır ki, biz bu dünyadan iz qoymamış köçək?
Həyatda iz qoymaq, yaxşı, təmiz ad qoymaqdır, ehtiyacı olanlara kömək etməkdir, ağıllı, istedadlı insanlara həm mənəvi, həm də maddi yardım etməkdir. Onsuz da ömür qısadır. İstər 100 yaşa, yenə də bu yer üzündən bir gün yox olacaqsan.
Mən uşağımın taleyi ilə bağlı həyəcan, əzab çəkmək iqtidarında deyiləm. O xəstələnəndə sarsılmaq istəmirəm.
Mən istəyirəm özümüz üçün yaşayaq, dünyanı əyani görək, dünya muzeylərini də görək. Valideynlərimizi gördükləri əzab-əziyyət müqabilində kurortlara, istirahət evlərinə göndərək. Ürəkləri istədiklərini onlara alaq, – Kamal siqaret yandırdı.
– Mən fikrimdə qətiyəm. Mən ana olmaq istəyirəm. Hesab edirəm ki, qadının ən böyük missiyası ana olmaqdır, layiqli ana. Mən layiqli ana olacam, – Nərmin masanın üstündəki dolabdan fincana su töküb içdi.
– Mən istəmirəm ağır atalıq yükünü öz üzərimə götürüm. Sərtliklə – sən özün bilərsən, – dedi Nərmin.
Kamal mətbəxə keçib özünə qəhvə bişirdi, yarımçıq qalmış "Napoleon" konyakını mətbəx masasının üstünə qoydu, şkafdan qədəh götürdü.
Gecə yataq otağına keçmədi, eləcə qonaq otağındakı divanda uzandı.
Ertəsi gün işdən qayıdanda mətbəx masasının üstündə bir cümlə yazılmış vərəq gördü.
– Mən ana olmaq istəyirəm, Nərmin.
Nərmin paltarlarını yığıb getmişdi. Günorta atası zəng elədi.
– Oğul, nə baş verib? Nərmin sənsiz gəlib. Qanı yaman qaradır.
– Ata, hələ danışa bilmirəm. Axşam sənə zəng edərəm. Bibim necədir?
– Yaxşıdır, sağ ol. Səmayə də çox pərt olub, Nərminin bu cür qayıdışına.
– Oldu, atam. Axşam danışarıq.
* * *
Bir gün atası zəng edib həyəcanla bildirdi ki, Nərmini təcili yardım maşınıyla Abbas Səhhət xəstəxanasının doğum şöbəsinə aparıb. Tanınmış doktor Təranə Həsənovanın yanına. Həkim bibinə deyib ki, bu vaxtından əvvəl olan doğuşdur.
– Əlimizdən gələni edəcəyik, narahat olmayın. Son vaxtlar belə hallar tez-tez baş verir. Qeysər əməliyyatı edəcəyik.
Bu sözlərdən Kamalın bütün vücudunu soyuq tər bürüdü. Dərhal maşınını işə salıb yol aldı Gəncəyə. Xoşbəxtlikdən sabah, o biri gün iş günü deyildi. Qarşıdan şənbə və bazar günləri gəlirdi.
İndi qəzadan sonra avtobus dayanacağına qaçan Kamal yadına saldı ki, səhərdən yemək yeməyib. Gün ərzində bir fincan qəhvə içib, vəssalam.
Dönərxana dəydi gözlərinə. Tez oraya yaxınlaşıb, dönər aldı. Satıcıya on manat verdi, pulun qalığını almadan qaçmağına davam etdi. Elə qaça-qaça da dönəri yeməyə başladı. Dayanacağa çatanda ürəyi bulandı, sarışın saçlı qız oturmuş oturacaqda əyləşdi. Bütün bədənini yenidən tər bürüdü. Dəri gödəkçəni çıxarıb yanına qoydu.
– Sizə nə oldu? – qız soruşdu.
– Heç nə, ürəyim bulanır, – Kamal bir də qıza baxdı. Ay aman, bu nə zülmdür?! Qız necə də Əfşana oxşayır. Onun taleyini tar-mar edən o qıza. Yox, yox... bu Əfşan deyildi. Bu qız ona çox oxşayırdı, ancaq Əfşan deyildi. Səsi Əfşanın səsinə oxşamırdı. Həyəcandamı, əsəbdənmi, ancaq Kamal hiss etdi ki, yediyi dönər boğazında qalır. Dərhal ayağa qalxıb, qənşərində olan tualetə qaçdı. Özünü ora zorla çatdırdı. Nə yemişdi, unitaza qaytardı. Bir az rahat oldu. Əllərini, ağzını ora qoyulmuş duru sabunla yudu, tualetdən çıxdı.
Bu qız kim idi, qabağıma çıxdı? Necə də oxşayır Əfşana. Elə bil bir almadırlar, ikiyə bölünüblər.
Kamalın bütün vücudu əsdi. Qız necə oxşayırdı Əfşana?!
"Kaş onu gördüyüm gün heç olmayaydı. Onda mən onunla görüşəndə özümü dünyanın ən bəxtəvər adamı sanırdım. Əfşan çox ağıllı, həm də gözəl qız idi. İsrar edirdi ki, dünyada üç nəfəri həyatından artıq istəyir – atasını, anasını və məni.
Mən də onu anamı, atamı çox istədiyim qədər sevirdim. Mən onunla sənət sərgilərinə, film festivallarına, teatr tamaşalarına baxmağa gedirdim. Kino-teatrda ən arxa yerdə əyləşirdik. Mən onu öpürdüm, onun "Tom ford" ətirli saçlarını qoxulayırdım və toyumuzun tezliklə olacağını düşünürdüm, gözləyirdim. Görüşlərimizin birində Əfşan mənə – anana zəng elə, de ki, artıq bizə nişan qoymağa gələrlər. Ancaq qoy əcnəbi şirniyyat almasınlar. Bütün şirniyyatları Şəkidən alsınlar. Oranın şirniyyatı çox gözəl olur.
– Baş üstə, – dedim və həmin gün anama zəng etdim.
– Ana, sənin arzun nəhayət reallaşır. Əfşanla danışdım. Bir həftədən sonra bizim tətilimiz başlayır. Qayıdırıq Gəncəyə. Sən artıq nişan tədarükünü başlaya bilərsən. Ana qurban olum, şirniyyatı ancaq Şəkidən alarsan. Bu gələcək gəlininin arzusudur.
– Sənə də qurban olum, gəlinimə də, onun arzusuna da. Elə günü sabah çıxaram Şəkiyə. İndi atanı sevindirəcəyəm. Nəhayət, bizə də oğul toyu qismət olacaq.
– İnşallah ana.
Mən Bakı Dövlət universitetinin iqtisad fakültəsinə əsgərlikdən sonra qəbul olunmuşdum. İki il Naxçıvanın Qıvraq kəndindəki hərbi hissədə qulluq etmişdim. Əfşanla qonşu olmağımıza baxmayaraq universitetdə oxuyanda onu tanıdım. Biz bir qrupda oxuyurduq. Məndən 3 yaş kiçik idi. Ancaq çox qabiliyyətli idi. Bütün imtahanlardan əla qiymət alırdı. O auditoriyaya girəndə, bütün oğlanlar başını qaldırıb ona baxırdı. Ancaq onlar bizim münasibətləri bilib, heç vaxt ona yaxınlaşmırdılar. Biz artıq universitetin axırıncı kursunda oxuyurduq. Bir həftədən sonra tələbəlik illərimizin son tətilinə çıxmalıydıq, nişanlanmalıydıq, sonra da yayda toyumuz olacaqdı.
Mənim telefon zəngimdən sonra atam anama Şəki avtobusuna bilet aldı. Atama işlədiyi Kənd Təsərrüfatı Universitetində imtahan vaxtı getməyə dekan icazə vermədi.
Keşkə, atam anama o avtobusa bilet almayaydı. Keşkə, mənim dilim quruyardı, anama dünyada ən əziz insana deməyəydim ki, Əfşan Şəki şirniyyatı istəyir. Keşkə, mən ömürlük əlil qalaydım, ancaq anamın avtobusla, bütün sərnişinlərlə birgə yandığını görməyəydim. Avtobus heç Şəkiyə çatmamışdı. Zavallı anam elə yanmışdı ki, onu ancaq qolundakı gümüş bilərzikdən tanıdıq. Bütün həyatım tar-mar oldu. Sanki həyatım iki hissəyə bölündü – Anama qədər ki və sonrakı.
Sonra, sonra Əfşandan mənim telefonuma mesaj, yəni ismarış gəldi.
– Məni bağışla. Sizə gələ bilmədim. Ancaq valideynlərim sənin üçün çox ağır məqamda evinizə gəlirdilər. Mən Bakıda qalıram. Ancaq sən məni unut. Məni bağışla. Bizim toyumuz heç vaxt olmayacaq. Mən ayrı adamı sevirəm. Biz evlənirik. Anamın 40 günü dünən olmuşdu. Bu gün Əfşan mənə ismarış yolladı.
Demək ərə getdiyi kişini cəmi bir aydır tanıyır, bəlkə də elə 40 gündür tanıyır.
Mən cavab vermədim. Qəlbimdə ancaq anamın ağrısı var idi. Gecələr yuxum ərşə çəkilirdi. Bu yuxusuz gecələrimdə anamın səsini eşidirdim. Nədənsə uşaqlıqda eşitdiyim sözləri gəlirdi qulağıma.
– Mənim oğul balam, noğul balam, qabağında ölüm. Meyitim çiynində getsin, ağıllı, kamallı balam.
Bu sözləri anam mən xəstələnəndə deyirdi, ayaqlarımdan, əllərimdən, üzümdən öpürdü.
Mən də sağalırdım. Anam ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimi idi. Ancaq mən doğulandan sonra atamın xahişi, ya tələbi ilə işdən çıxdı və bütün ömrünü mənə həsr elədi.
Anamla bağlı mənə başsağlığı verməyə gələn dostlardan biri Akif Əfşanı məşhur iş adamıyla restoranda gördüyünü dedi. Mənim içim elə bil yanmışdı. Təxminən 10 gün sonra qonşuluqda "Vağzalı" havası çalınırdı. Şəbnəm gəlin köçürdü. Atam başını həyətimizdəki tut ağacına söykəyib, hönkür-hönkür ağlayırdı. Bibim Səmayə atamı qucaqlayıb, qurban olum, Həsən, ağlama, sənə baxıb Kamal da üzüləcək.
Bibim bilmirdi ki, mənim göz yaşlarım içimə axır və mən yaşamaq istəmirəm. Ölümü yeganə xilas yolu bilirdim özümə. Ancaq ölmədim, sağ qaldım. Həmin il Vaşinqton universitetinin magistraturasına qəbul olundum. Magistraturanı bitirəndən sonra, Bakıya qayıtdım.Dünya Bankında işə düzəldim. Bir il müddətində şənbə və bazar günləri mən Azərbaycandan gələn nümayəndələri tərcüməçi qismində müşayiət edirdim. Aldığım pulun bir qismini atama göndərirdim.
Çox vaxt sinxron tərcümələr mənə həvalə edilirdi. Bir ildən sonra çox məşhur xarici şirkətdə müsabiqədən uğurla keçib işə başladım. Sinxron tərcüməçilikdən qazandığım pulla, Nizami metrosunun yanında dörd otaqlı ev aldım. Düşündüm ki, atamı da, bibimi də yanıma gətirərəm. Ancaq onlar Bakıya köçməkdən qəti surətdə imtina etdilər.
– Ananın qəbrini baxımsız qoya bilmərəm oğul, – dedi atam. Mən hər həftə, şənbə-bazar günləri Gəncəyə yol alırdım öz maşınımda. Bazar ertəsi səhər saat 5-də Gəncədən çıxıb Bakıya, birbaşa iş yerinə gəlirdim.
Bibim yoluma mütləq xoşladığım yarpaq dolması, yaxud toyuq çığırtması qoyurdu. Mən də məmnuniyyətlə bu yeməkləri Bakıya aparırdım.
Nərminlə mən təzə iş yerində tanış oldum. Çox sadə, təvazökar, suyu şirin bir qız idi. Sonralar öyrəndim ki, Nərmin İndianada magistraturanı bitirib. Bizim şirkətdə o yaxşı mütəxəssis kimi tanınırdı. Əslən Bakının Novxanı kəndindən idi. Onun iş masasının üstündə valideynlərinin və Məhəmməd Əmin Rəsulzadənin çərçivəyə salınmış şəkilləri vardı. Biz onunla Londona, Katara ezamiyyətə birgə getmişik. Mənim qəlbim yanmışdı. Anamın ölümündən, Əfşanın toyundan artıq bel il keçmişdi. Həyatımda təsadüfi qadınlar olurdu. Onlardan qısa müddətdən sonra ayrılırdım. Heç biri mənim ürəyimdə yer almırdı.
Heç Nərmin də. Ancaq onlardan fərqli olaraq Nərminin abırlı, oturuşunu, duruşunu bilən qız idi.
Bir dəfə Londonda olanda birgə Çin restoranına nahara getdik. Ofisiant bizə sifarişimizi gətirəndə Nərminə dedim ki:
– Bəlkə biz evlənək?
Nərmin güldü.
– Nə deyirəm, evlənək.
Bir aydan sonra kiçik bir restoranda Gəncədə, sonra da Bakıda ofisimizə yaxın restoranların birində 100 adamlıq toy məclisi təşkil etdik.
* * *
Həyat öz axarı ilə davam edirdi. Mən Nərminə qabaqcadan tələbimi irəli sürdüm – istəmirəm uşaqlarımız olsun. Ancaq Nərmində analıq hissi qalib gəldi, o bətnindəki uşağı qorudu. Mən ondan çox incidim. O da paltarlarını yığışdırıb Gəncəyə – atamın yanına getdi.
Səmayə bibim zəng edib məni uşağı danlayan kimi danladı.
– Ta heç nə demirəm, Allah sənə ağıl versin. Camaat həkimlərə bir ətək pul tökür ki, övlad atası olsun, sən Allah verdiyi paydan imtina edirsən. Ayıb olsun sənə.
Bibim bu sözləri deyən kimi telefonu söndürdü. Atam mənə ancaq bu gün zəng elədi.
– Nərmini xəstəxanaya, doğum evinə aparmışıq, gəl. Uşaq vaxtından əvvəl gəlir dünyaya. Vəziyyət gərgindir.
Nərminin valideynləri də Gəncəyə gəlirdilər. Türkiyədə istirahətdə idilər. Eşidən kimi Gəncəyə uçan təyyarəyə bilet alıblar. Qadan alım, əsas sənin gəlməyindir, tez gəl.
Dərhal 1-2 saat öncə Səidə Bəkirqızının televiziyada həyəcanla dediyi xəbəri yada saldım. Səidə Bəkirqızının həyəcanla dolu səsi gəlir qulaqlarıma. İsrail, Amerika İrana hücuma keçib. İranda qız məktəbi vurulub, ölən və yaralananlar var. İsrailin şəhərləri dron hücumuna məruz qalıb, ölənlər və yaralılar var.
Bu qanlı-qadalı dünyayamı gəlir mənim uşağım? Mən onu qoruya biləcəyəmmi bu odun-alovun içində, insani dəyərlərin yoxluğa yuvarlandığı bir zamanda?
Mən Gəncəyə gedirəm".
* * *
Kamal yerinə qayıdanda qız artıq yox idi. O getmişdi. Kamal yan-yörəsinə baxdı. Gödəkçəsi də yoxa çıxmışdı, içində 200 manat pul, kartı, telefonu, evin açarları.
Kamal nə qərar verəcəyini düşündü. İlk növbədə axırıncı avtobusun sürücüsünə yaxınlaşdı.
– Qardaş, məni Gəncəyə apararsanmı? Pulumu oğurlayıblar.
Sürücü Kamalı başdan-ayağa süzdü.
– Bilirsən, lələ, gündə nə qədər sənin kimi qaqaşlar gəlib müftə sərnişin olmaq istəyir? Əslində, heç yerim də yoxdur.
– Mən ayaqüstə gedərəm.
– Mənim çörəyimə bais olmaq istəyirsən? Maşınımı saxlayıb, cərimə etsinlər? Yox, risk edə bilmərəm.
Kamal daha sonra bir neçə şəxsi maşın sürücüsünə, taksilərə yaxınlaşdı. Heç kəs onu pulsuz aparmaq istəmədi Gəncəyə. Əgər Gəncəyə səhərə kimi piyada çatmaq olsaydı, elə pay-piyada yol alardı ora.
Artıq şər qarışırdı. Birdən Kamalın gözləri yaxındakı zeytun ağacının altında əyləşən dilənçi qadına sataşdı. Qadının yəqin 60-65 yaşı olardı. Dinməz-söyləməz oturub kiminsə onun qabağına qəpik-quruş atacağını gözləyirdi. Bölgələrə yönələn avtobuslara tələsən adamlar, başı örtülü dilənçinin qabına pul qoyub, keçirdilər. Kimi xırda pul, kimi manatlıq.
Kamal özünü toparlayıb, dilənçiyə yaxınlaşdı.
– Salam, xala. Mənə kömək elə. Təcili Gəncəyə getməliyəm, ancaq pulumu oğurlayıblar. Pullarım gödəkcənin cibində idi. Gödəkcəmi aparıblar.
– Bəs üstün-başın niyə qandır?
– Maşınım qəzaya uğradı.
– Şükür ki, özünə bir şey olmadı.
– Sən mənə yol pulu versən, sabah artıqlaması ilə qaytaracam.
– İnanmıram ki, qaytaracaqsan. Amma indi axırıncı mikroavtobus gələcək.
Dilənçi qadın yanına qoyduğu köhnə, dərisi qopmuş çantadan 20 manat uzatdı Kamala.
– Sahə müvəkkilinin haqqıdır, sənə verirəm. Burda mənim kimi olanların hər biri müvəkkilə haqq ödəyir. Bu ərazidə beş nəfərik, hər həftə sahə müvəkkilinə hərəmiz 30 manat diləndiyimiz puldan veririk.
Allah heç kəsi mənim günümə salmasın. Bəlkə də o qadınlar da mənim kimi əlacsız qalıb, dilənirlər.
Kamal qadının "uçaskovıy" yox, məhz sahə müvəkkili deməyinə təəccüb etdi.
– Siz nə təmiz danışırsınız ana dilində?
– Mən müəlliməm, oğul. Ancaq indi təqaüdə çıxmışam. 65 yaşım var. Təqaüdüm çox azdır, cəmi 300 manat. Qış da lap çətin olur, qaz sobası, işıq, su, telefon. Pulumun çox hissəsi dərmanlarıma – mən şəkər xəstəsiyəm, bir hissəsi kommunal xərclərinə gedir. Yoldaşım 15 il qabaq ölüb – xərçəng idi. Sumqayıt alüminium zavodunda mexanik işləyirdi. Oğlumun əli təzəcə çörəyə çatmışdı ki, o da zindana düşdü.
– Bəs nə əcəb repetitorluq etməmisiniz?
– Oğul, kim xəstə, qoca müəlliməyə uşağını etibar edər? Mən özümü artıq köhnə, lazımsız və atılmış bir əşya kimi hiss edirdim. Hamı çalışırdı ki, övladını cavan, enerjili və müasir biliklərə yiyələnmiş müəlliməyə etibar etsin.
Yedəyimdə 12 yaşlı oğlan nəvələrim var. Əkizdirlər. Ataları dustaqdır. Anaları da Dubayda pullulara xidmət göstərir. Oğlum bilsə ki, müəllim anası dilənçilik edir, inan başına hava gələr. Heç nəvələrim də bilmir mənim dilənçiliyimi.
– Oğlunuz nəyə görə yatır?
– Arvadını və onun sevgilisini öldürmək istədi. İkisini də oteldə görüşdükləri yerdə tutdu. Və bıçaqla ağır yaraladı. Hər ikisi xeyli xəstəxanada müalicə aldılar, sağ qaldılar. Oğluma da səkkiz il hökm oxundu. Üç ili keçib.
– Oğlunuz bir yerdə işləyirdi?
– Əlbəttə, bala. Oğlum Politexnik universitetinin memarlıq fakültəsini bitirmişdi. Maraqlı layihələrin müəllifi idi.
– Allah yolunu açsın balanızın. Eşitmişəm ki, amnistiya gözlənilir.
– Allah ağzından eşitsin, oğul.
Qadın çantasından yenə manatlıqlar çıxartdı.
– Götür bunu da. Evə getməlisən axı...
Kamal pulu götürdü.
– Çox sağ olun.
Kamal ondan adını, atasının adını, soyadını və yaşadığı ünvanı soruşdu. Qadın köhnə çantasından saralmış cib dəftərçəsini götürdü. Özü haqqında məlumatları yazıb, vərəqi dəftərdən ayırdı və Kamala uzatdı.
– Sabah atam sizə öz kartından pul köçürəcək. Poçtla əlaqə saxlayarsınız.
– Poçt elə evimizin qarşısındadır.
Qadın birdən doluxsunmuş halda, inan oğul, işdən çıxanda tanıdığım, ümid bağladığım hər kəsə müraciət etdim ki, mənə hazırlıq üçün şagird tapsınlar. Tapa bilmədilər. Artıq qocalmış, üstəlik də xəstə müəllimənin yanına, yəni mənim yanıma heç kəs gəlmədi. İnan oğlum, nəvələrim olmasaydı, intihar edərdim. Belə rəzalətdənsə ölüm əsfəldir. Uşaqlar üç öynə yemək istəyir, normal geymək istəyir. Atalarının əlləri çatmır bunlara. Anaları da 1-2 dəfə ismarış eləyib ki, pul göndərsin. Rədd elədim onun köməyini. İstəmirəm, nəvələrim əxlaqsızlıqla əldə olunan pulla böyüsünlər. Qadın birdən təşvişlə Kamala dedi:
– Oğul, mikroavtobus gəlir. Tez get ki, yer olsun. Allah amanında.
Kamal qadının əlindən öpüb, mikroavtobusa tərəf qaçmağa başladı.
* * *
Gəncəyə çatanda artıq gecə saat iki idi. Kamal dilənçidən aldığı pulun qalığı ilə taksi tutub Abbas Səhhət adına xəstəxanaya getdi. Yuxulu gözətçi Kamalı bu görkəmdə – üstü-başı qan, qara yağ ləkəsi olan köynəkdə görəndə, qorxdu.
– Qorxma, qardaş, yolda qəzaya düşmüşəm. Ona görə bu gündəyəm. Yoldaşım burda doğum şöbəsindədir.
– Adı nədir?
– Nərmin.
– Hə, hə, bildim. Həsən müəllimin gəlini.
Kamal palataya tərəf keçdi. Ayaqları əsirdi. Atasının, bibisinin səslərini eşitdi, içəri girdi. Nərmin uzandığı çarpayının yanında həkimlər var idi. Onlar da içəri daxil olan Kamala təəccüblə baxdılar.
Həsən müəllim:
– Oğlumdur, Təranə xanım, Sevda xanım, – dedi.
– Gözünüz aydın, oğlunuz olub, – həkimlər Kamalı muştuluqladılar.
Kamal çarpayıda uzanan rəngi avazımış Nərminə baxdı. Nərmin onu görcək gülümsədi. Kamal onun yanına keçdi. Dağılmış saçlarına sığal çəkdi. Nərmin danışa bilmirdi. Səssiz-səmirsiz gözlərindən yaş axırdı. Palatadakılar hamısı dəhlizə çıxdı.
"Bilirsən səni nə qədər çox istəyirəm. Özümdən artıq. İndi körpəmizi də həyatımdan artıq çox istəyirəm", – düşünürdü Nərmin.
"Bilirsən səni nə qədər çox istəyirəm, Nərmin. Həyatımdan artıq. Sən mənə Allahın bağışladığı böyük bir hədiyyəsisən", – fikirləşirdi Kamal.
Həkim Təranə Həsənova palataya bələyə bükülmüş uşaqla gəldi.
– Ancaq bir dəqiqə bax oğluna, sonra illərlə baxacaqsan, inşallah!
Kamal körpəni qucağına alanda, bütün cismi əsdi. Bütün müharibələr, çəkdiyi ağrı-acılar sanki unuduldu. Uşağı sinəsinə sıxdı. Düşündü ki, uşağa atasının adını qoyacaq. Bəlkə elə dünyaya yenicə göz açan bu körpə bəşəriyyəti pisliklərdən, müharibələrdən xilas edəcək bir insan olacaq.
Həkim uşağı Kamalın əlindən alıb boksa qoydu. Uşaq hələ bir həftə burada qalmalıdır. Nərmin də hələ burada qalacaqdı. Qeysər əməliyyatından sonra, hələ ayağa qalxmaq olmaz.
– Ata, siz gedin, mən burada qalacağam. İstəmirəm oğlum, Nərmin mənsiz qalsınlar.
– Oldu. Biz bibinlə səhər bura gələndə, sən bizimlə qayıdarsan evə.
– Yaxşı, ata, – Kamal cibindən dilənçi qadının ünvanı yazılmış kağız parçasını atasına verdi.
– Ata, sabah bu ünvana təcili bir min manat pul göndərərsən. Xalanın adı Tərlan Əhmədovadır. Qadan alım, yadından çıxmasın. Bu çox vacibdir.
– Kartı yoxdu bu xanımın?
– Onun heç nəyi yoxdur, böyük ürəyindən başqa. Poçtla göndər, ekspress postla göndər ki, pul ona tez çatsın.
– Yaxşı, qadan alım. Elə bura gəlməzdən qabaq, poçta dəyərəm.
Atası da, bibisi də palatadan çıxdılar. Kamal Nərminin çarpayısının yanında qoyulmuş kətilin üstündə əyləşdi və düşündü ki, gəldiyi bu ağır yol, – maşının çırpılması, gödəkçəsinin, telefonunun, pulunun oğurlanması, hər şey ona görəydi ki, o dilənən qoca müəlliməni görsün, ondan yol pulu alsın və sonradan bu yazıq ailənin yardımçısına çevrilsin.
İndən belə Kamal imkan verməyəcək ki, bu müəllimə dilənsin. Əlindən gələn köməyi edəcək ona, nəvələrinə.
Həyat nə gözəldir!
Həyatda təsadüfi görüşlər olmur.
Gəncə,
23 mart 2026-cı il
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0