Gecəyarı qapıları döyməyin - Zülfüqar Rüfətoğlunun şeirləri
Yazici.az ədəbiyyat portalı Zülfüqar Rüfətoğlunun şeirlərini təqdim edir:
Gecəyarı qapıları döyməyin
Gecəyarı qapıları döyməyin,
Ürək var ki, tıqqıltıya dayanar.
Gecəyarı qapıları döyməyin,
Yetim var ki, möcüzəyə inanar.
Gecəyarı qapıları döyməyin,
Ata var ki, yuxu bilməz həsrəti
Ana var ki, namaz üstə yaşayır
Oğul var ki, başa çatıb xidməti.
Gecəyarı qapıları döyməyin,
Bir möcüzə saxlayıbsa sizi sağ,
Bu dünyadır, vallah- billah bilinməz
Qapı açıb, kim qarşıya çıxacaq?
Gecəyarı qapıları döyməyin,
Haradasa “Ev yiyəsi!”- deyən var,
Gecəyarı evinizə tələsin,
- Bəlkə sizin qapını da döyən var.
Pəncərə
Neçə dəfə boylanmışdı həyətə,
Bu pəncərə ona çoxdan tanışdı,
Neçə dəfə burda salıb xəlvətə,
Nə vardısa pəncərəyə danışdı.
Dostların da, taleyin də küsəndə,
Ağlamağa bir pəncərə tapılar,
Təsəlliyə qapı olar pəncərə,
Hər tərəfdən bağlananda qapılar.
Pəncərəyə bəzən quşlar qonardı,
Azadlıqda quşlara kim çatar ki,
Ən çətini pəncərəyə qonmaqdı
Ondan sonra quş olmağa nə var ki?
Və o qondu... Aşağıya baxmadı,
Vahimədən gözlərini qırpdı qız,
Bir addımdı cəhənnəmdən cənnətə,
Və son dəfə qanadını çırpdı qız...
Getsin
Nə var dayanmışıq yenə göz-gözə?
Nə ağır yük olub bu sevgi bizə?
Şərikli veriblər hər ikimizə -
Yapış bir ucundan daşıyaq getsin.
Səndə bu davayçün qaşınmaq nədi?
Verim pencəyimi, üşünmək nədi?
Camaat nə deyər, boşanmaq nədi?
Bu axmaq sözləri boşayaq getsin...
Söz gəzmə bağrımı közləmək üçün
Sevirsən, axtarma söz demək üçün
Ömür çox qısadır gözləmək üçün,
Gəl onu tezbazar yaşayaq getsin...
Hirslənmə, lap uzun yaşayaq getsin,
Qalmasın bir arzun yaşayaq getsin,
Qoy olsun bu şeir başayaq getsin,
Amma ortadır o şərikli yük,
Yapış bir ucundan, daşıyaq getsin!...
Qayıtmayan
Qayıtmayan şeylər vardır -
Göz yaşı gözə qayıtmır,
Çox “hələlik” deyən dostlar,
Gedir və bizə qayıtmır.
Uşaqkən sevdiyin qadın,
Bu gün olubdur arvadın,
Nə dərdin var? Gözün aydın!
Gözüm aydın... amma qadın...
Qadın o qıza qayıtmır...
Əvvəlcə söz ölüb derlər
Söz-söz düzəlir cümlələr,
Gah öldürər, gah dirildər -
Peşman olsan da nə qədər,
Cümlələr sözə qayıtmır.
Başımıza tökəndə qar
Qızındıran təsəlli var,
Təkrar-təkrar gəlir bahar!
Gəlir, gəlir, gəlir...Amma
İnsan O yaza qayıtmır...
Qayıtmayan şeylər vardır,
Göz yaşı gözə qayıtmır,
Çox “hələlik” deyən dostlar
Gedir və bizə qayıtmır...
***
Daha zəng eləmirlər,
Darıxmıram heç mən də.
Əvvəlki tək dərd olmur
Qəfil yada düşəndə.
Günəş mənsiz çıxırsa,
Günəş mənsiz batırsa,
Nə mənası, xatirəm
Kölgəlikdə yatırsa..
Pislərdən yaxşı olmur,
Yaxşılardan pis çıxmaz.
İnsanlar olan yerdə ortaya iblis çıxmaz.
Bir zərrə fəhmim varsa
Demək, heç sevməyiblər
Əgər unudublarsa…
Tural Adışirinin təqdimatında
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0