Gül balam, öyrətmə gülə könlümü - Xəqani Həbiboğlunun şeirləri

Apr 15, 2026 - 12:28
Apr 15, 2026 - 12:32
 0  23
Gül balam, öyrətmə gülə könlümü - Xəqani Həbiboğlunun şeirləri

Yazıçı Ədəbiyyat Portalı Xəqani Həbiboğlunun şeirlərini təqdim edir.

BƏNÖVŞƏ

Ay utancaq gözəl, həyalı gözəl,
Nə tez soldun, gözüm doldu, bənövşə!
Taleyi kəmlərin, gözü nəmlərin,
Kədəri, möhnəti boldu, bənövşə!

De, danış dərdini duyaram səni,
Solsan qanım ilə boyaram səni,
Qıysam bir o qıza qıyaram səni,
O eşq də vədəsiz soldu, bənövşə!

Ürəyim ağrıdan aram olmadı,
Mənim heç sağalan yaram olmadı,
Dikbaş gözəllərlə aram olmadı,
Xəqani qanana quldu, bənövşə!

KÖNLÜMÜ

Sanırsan ki, gözəllikdən küsübdü...
Gül ilə tutursan dilə könlümü.
Kərəm Ərzurumda borana saldı,
Sara Arpaçayda selə könlümü.

Sərtlikdə zəriflik-fikrin yarğanı!
Bu yarğanda neçə arzu doğranır...
Bənövşə-yastığı,nərgiz-yorğanı,
Lalənin ovcunda bələ könlümü!

Qismətim olmadı ağacdan çətir,
Şeiri yazıram,kül olur sətir.
Buzdan kar aşmadı,bir sal duz gətir!
Ərit göz yaşında,çilə könlümə!

Hansı bənövşəni şoran gözləyir...
Sanma Xaqanini aran gözləyir!
Dəlidağda dəli boran gözləyir,
Gül balam, öyrətmə gülə könlümü!

DAĞLARI

Solur dolu vurmuş çiçək dənizi,
Gəl ömrüm, gəl gülüm, bəzə dağları!
Demişəm qoynuna gələcək o qız ,
Aldadıb gəlmişəm təzə dağları!

Bulaqlar buzunu qıranda gəlmə,
İldırım palıdı yaranda gəlmə,
Lalələr donunu cıranda gəlmə,
Bədnəzər gətirər gözə dağları!

Nə qədər sən varsan, nə qədər dağ var,
İlhamım çağlardı, dodaqlarım tar!
Dağların vurğunu a sevdiyim yar,
Gəl bizə, köçürüm bizə dağları!

AYRILIQLAR

Mənə lələk verin, köçür durnalar,
Qələm yaza bilmir ayrılıqları.
Aləmin taleyin ayrılıq yazır,
Aləm yaza bilmir ayrılıqları.

Durnalar səmada hələ də azır,
Bu nazın tarixi bir yazdı azı,
Hər payız lələklər həsrətdən yazır,
Hələ yaza bilmir ayrılıqları.

Nə durnalar kürdü,nə duman dəli,
Xəqani, bu ülfət mələk əməli,
Sındırram qələmi, qırram bu əli,
Biləm yaza bilmir ayrılıqları.

KÜSMƏRƏM

Gözəl, gözəllərdən gözəl küsməyi,
Gözəl bilirsənsə öyrət, küsmərəm.
Axı, küsdürməkdi mənim adətim,
Sənət sağlığına qismət, küsmərəm.

Bulud gəldi yenə göylər qarışdı,
Susuz qalan güllər səni soruşdu,
Elə aşkar küsüb xəlvət barışdıq,
Xəlvət barışarıq, xəlvət küsmərəm.

Ürəyim dağ mehi, nə əsər indi,
Küsmək sənin yarağın, kəsərindi,
Sən dahisən, küsmək şah əsərindi,
Qoy yaşasın incəsənət, küsmərəm.

Dilinə düzülüb qaratikanlar,
Ara gözün sancır, ara-tikanlar,
Ətrafında durub sıra tikanlar,
Azacıq onları seyrəlt, küsmərəm.

Zərif əllər necə usta yay tutur,
Hər gələn ox dincliyimə vay tutur,
Toyqabağı əsəblərə toy tutur,
Xəqanidən toya xələt:- küsmərəm.

AĞRILAR-KÖPƏK BALIQ

Yol doğanaq, yol çatı,
Var xalısı,var çatı,
Yol hamını atıb-tutur,
Atsa da tutmur məni.

Sözüm yoxdur sırğalıq,
Atım da yox yorğalıq,
Ağrılar köpək balıq,
Çeynəyir udmur məni.

Bu dərd qəlbimi oyar,
Salamat ürək qoyar,
Həsrət-it, sahibi yar,
Yanında tutmur məni.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0