Hərbi gödəkcə nağılı - Süleyman Abdullanın şeiri
Yazici.az ədəbiyyat portalı Süleyman Abdullanın "Hərbi gödəkcə nağılı" şeirini təqdim edir.
O vaxt adamların çoxu mərd idi,
Sevməyə dost-doğma bir vətən vardı.
Kim idi ölümdən çəkinən,qorxan,
Çoxunun içində ulu Mən vardı.
Yaş olan payızda quruydu barıt,
Düşmənə atılan güllə şən idi.
O vaxt qiymətliydi söz də, əməl də,
Hər kəs dəyərinə yetişən idi.
Həkəri sahili şad idi onda,
Sopsoyuq suları qızartmırdı üz.
Güllə yağışına düşsə də tez-tez,
Axardı arxayın...Gecə və gündüz...
Geri qayıdırdı yollar bir axşam,
Boynuma sarılan xəbər gözəlmiş...
O vaxt çox gərəkdi Vətənə əsgər,
Sevindim...igidim dünyaya gəlmiş!
O gün havalar da xeyli soyuqdu,
Göydən narın-narın tökülürdü nəm.
Yolu yüyrək idi doğum evinin,
Barıt qoxuyurdu hərbi gödəkcəm.
Yorğun gözlərimdən sevinc yağırdı,
İlahi, boz çiskə çevrildi qara.
Qollarım yollandı dümağ qundağa,
Ciblərim yol oldu muştuluqlara.
Bakıya dönürdü səadət köçüm,
Qardan qorğanırdı özünü hamı.
Nə pulum qalmışdı, nə maşın vardı,
Hərbi gödəkcəmə bükdüm balamı.
Piyada yürüdük vağzala qədər,
Hərbi iş dediyin belə işdi dəə...
Təlaşla qundağı açıb yoxladıq,
Körpə puçur-puçur tərləmişdi də...
...Sonra illər keçdi o qarlı gündən,
O körpə böyüdü bir ərən oldu.
Böyüdü, boy atdı elə o ruhda,
Hərbi gödəkcəmlə boyu tən oldu.
Bağçası, məktəbi formada keçdi,
Ali məktəbi də bir parad kimi...
Ona çox yaraşdı əsgər paltarı,
Boyuna biçildi hərbi geyimi...
Hər səhər oyanıb işə gedəndə,
Canımda duyuram o qarı, sisi.
Hərbi geyiminə baxıb görürəm,
Gödəkcəm doludur Vətən sevgisi.
Sığmaz çantasına son xəritələr,
Bilir ki, bu sərhəd Vətənə dardır.
Gözaltı baxıram, gənc zabitimdə,
Köhnə kişilərin qüruru vardır.
Biz edə bilmədik torpağı Vətən,
Nə vaxtsa fələyin dönər təkəri.
Mənəm...gödəkcədi...xatirələrdi,
Arada yuxuma girir Həkəri.
Üz tutub gedirəm işığa sarı,
O vaxt ki, inamım pəjmürdə haldı.
Məni xatırlamaz hərbi gödəkcəm,
Daha ümidlərim oğluma qaldı.
Burda sona çatdı mənim nağılım,
Göydən alma deyil, ulduz düşür, - bax...
Çoxdan çıxarsam o gödəkcəni,
Mənim gödəkcəmdən çıxmaz o uşaq.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0