İlıq təbəssümlərin acı aldanış kimi - Nadir Məmmədlinin şeirləri
Yazıçı Ədəbiyyat Portalı Nadir Məmmədlinin şeirlərini təqdim edir.
* * *
Hey ötdüm yanından yadlar sayağı-
Nə intiqam zənn et,heyrətlən nə də.
Sənin xatirinə , sənə baxmağı
Mən yasaq elədim gözlərimə də.
Dərdimi söylədim əsən rüzgara,
Səni yerdə sanmaq böyük günahım.
Pərəstiş edirəm əlçatmazlara-
Əlçatmaz bir sənsən, bir də allahım.
Mələk ram eləyən bir iblis kimi
Daim xəyalınla bağladım ülfət.
Xəyala dəyişdim hər niyyətimi...
Vallah, taleyimdən razıyam, fəqət,
Hər gün qürub çağı ,niyə gizliyim,
Qiyamət qoparar köksümdə ürək!-
Sənin taleyindən xəbərsizliyim
İzlər kabus kimi məni qəbrədək...
* * *
Gizlət o əfsunkar baxışlarını-
Yenə dalğalanır könül dənizim.
Ruhuma bu sevgi yağışlarını
Ələdin, sonunda oldun əzizim...
Vaxtın acımasız yelləri əsmiş-
Yorulub, qırılıb qolum-qanadım.
Ehkamlar div kimi yolları kəsmiş-
Sənə yetişməyə yetməz inadım...
Qoy qalım hicranın əndişəsində,
Nə özünə sitəm,nə mənə rəhm et.
Yaddaşının uzaq bir köşəsində
Gizlə xatirəmi,könlünə dəfn et...
Bir gün də küləklər verər bəd xəbər -
Pıçılda adımı son gəz bir dəfə...
Qəlbindən keçəni qəbrimə göndər-
İstər göz yaşları, istər qəhqəhə...
* * *
Məni belə ağrıtmadı səndən qeyrisi.
Üz çevirdin bir gün olduq iman ayrısı.
Yanımdasan, gözlərimdən olsan da kənar,
Yadımdasan, unutmağa versəm də qərar.
Sənin ömür karvanında yol yoldaşıyam,
Külə dönmüş sevgimizin məzar daşıyam.
Yollarımız ayrılandan bərini heç san,
Bir sevginin qəbri üstə, dəyər, ağlasan...
* * *
Mən bir xəyalpərəst, sən də utancaq,
Əsir ürəyimdən bir qəm rüzgarı.
Min il də beləcə gözlərdim, ancaq
Həyat bağışlamır utancaqları.
Günlər qanad açıb uçur bir, iki
Çox da aldatmasın bizi xoş güman.
Bir gün də ayılıb görəcəyik ki,
Ayrılıq nəğməsi oxuyur zaman.
Sükut qaranlıqdır, zülmət nəğməsi,
Susdurub qəlbini durma, danış, din.
Təbəssüm məhəbbət müqəddiməsi
Səpilsin yoluma təbəssümlərin.
* * *
Sən necə keçib gəldin lənətli qapıları?!
Qırxıncı otağın da tilsimləri çözülmüş.
Baxışlarına təslim inadımın açarı--
Durub gülümsəyirsən.Yenilmək də gözəlmiş...
Mən torana erişdim, gerisi ahü zarlıq,
Sən sevgilər selində süslənən bir səhərsən,
Mən bayquşları köçmüş qocaman bir məzarlıq,
Sən sümüklərim üstə yüksələn bir şəhərsən !
Qaranlıq gecələrdə çinarlarla danışar
Küləklərin dilində,eşit bu çağrıları.
Ürəyimdir, bəzən də vulkan -vulkan alışar--
Mən bir ağrı dağıyam, oyatdın ağrıları ...
İndi çıxıb gedirsən - heç nə olmamış kimi.
Məramının sonunda axı könül ahı var...
İlıq təbəssümlərin acı aldanış kimi...
Hər şey gəldigedərsə kimin nə günahı var?
Noldu o iltifatlar, noldu o ehtişamlar?...
Qeybə çəkildi, heyhat, izi yox, sorağı yox.
Səndən mənə qalan şey hüzün dolu axşamlar
Və həsrət ki, ölümdən başqa bir durağı yox...
Tural Adışirinin təqdimatında...
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0