Ömrümüz nişangah, ölüm güllədir - İsmayıl İmanzadənin şeirləri

İyn 21, 2026 - 15:33
İyn 21, 2026 - 15:38
 0  18
Ömrümüz nişangah, ölüm güllədir - İsmayıl İmanzadənin şeirləri

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialının sədri İsmayıl İmanzadə vəfat edib.

Yazıçı Ədəbiyyat Portalı tanınmış şairə Allahdan rəhmət diləyir, şeirlərini oxuculara təqdim edir.

Buludtək dolmasam, şeir yazmıram!

Sızlaya-sızlaya ömrün qışında,
Öyrəndim “dilini” soyuq daşın da.
Hərdən zümzüməli bulaq başında
Xəyala dalmasam, şeir yazmıram!

Çoxuna bələdçi oldum izimlə,
Bilmədim qızınan varmı közümlə?
Xəlvətə çəkilib hərdən özümlə,
Üz-üzə qalmasam, şeir yazmıram!

Söykədim üzümü Tanrı nuruna,
Aludə olmadım dünya varına.
Dözməyib bir eşqin intizarına
Saralıb-solmasam, şeir yazmıram!

Döndüm naləsinə ocaq yerimin,
Üstünə qar yağdı diləklərimin...
İşvəli-qəmzəli ilham pərimin
Sorağın almasam, şeir yazmıram!

Sözüm qözüqıpıq bir yetim deyil,
Kiməsə yarınmaq xislətim deyil.
Yersiz əsib-coşmaq adətim deyil,
Buludtək dolmasam, şeir yazmıram!

Söz

Avazıdır ötüb keçәn hәr anın,
Heç vaxt gizli saxlamayıb ünvanın.
Qobustanda daş köynәkli dastanın
Mürgülәyәn yaddaşında sirdi söz.

Sәdasıymış torpağın da, daşın da,
Şәhiddi, qazidi yurd savaşında...
Saxlamışam ürәyimin başında,
Dәyәrlidir sәrraf olan yerdә söz.

Hәr şah beyti çiçәk kimi tәzә-tәr,
“Bәslәsәn”, sal daşın üstә dә bitәr...
Öz qınına tez çәkilәr qәm-kәdәr,
Mәlhәm kimi yaxılanda dәrdә söz.

Halallığı açıq alnım, ağ üzüm,
Hәr misrası göz oxşayan bir düzüm...
Nә yaxşı ki yaddaşında var izim,
Hәmdәmimdi qәlәm-kağız, bir dә söz...

Gedirik

Puç olmuş ümidlər zülmət dərədi,
Dönük bəxt keçilməz səddi-bərədi.
Dünya sınıq-salxaq bir pəncərədi,
Bircə yol gözucu baxıb gedirik.

Nə torpaq, daş-kəsək, nə dağ deyilik,
Sevincdən, qüssədən uzaq deyilik.
Üzü-üzlər görmüş qonaq deyilik,
Əcəl “get”- deyəndə çıxıb gedirik.

İmdad diləsək də arzu-diləkdən,
Hər ötən günümüz keçir ələkdən...
Kəfənə bələdik elə bələkdən,
Bəlkə kölgəmizdən qorxub gedirik?

Gizli oyunsa da, çox qəribədir...
Bilmirik həyatın mənası nədir.
Ömrümüz nişangah, ölüm güllədir,
Tətiyi özümüz çaxıb gedirik.

Mәn şәhәr adamı ola bilmәdim...

Arabir fikrimi cәzb elәsә dә,
Mәn şәhәr adamı ola bilmәdim...
Bircә yol ürәkdәn gülә bilmәdim.
Döşümә yatmadı tozlu küçәlәr.
İtirdim özümü sәsdә-sәmirdә,
Gәlib tapdı mәni yuxularımda,
Hәsrәtin çәkdiyim aylı gecәlәr...

Gördüm qaşqabaqlı adamlarını,
Gördüm qana hәris harınlarını.
Mәnә gözlәrinin ucuyla belә
Baxmayıb, yanımdan ötüb getdilәr.
Beşinә-üçünә salam versәm dә,
Tәbәssüm qonmadı dodaqlarına,
Gözüm görә-görә itib getdilәr.

Hey zara gәlsәm dә fikrin әlindәn,
Baş aça bilmәdim insan “selindәn”!
Döngәlәr qarşımda bir sәddә döndü,
Kәc baxdı üzümә dalanlar mәnim.
Arabir rastıma çıxdı “dost-tanış”,
Gah ütülü sözlә, gah şirin dillә
Üstümә şığıdı yalanlar mәnim...
Qarşımda dağ kimi dikәldi yollar,
Gündәlik “әlmuzdum” yağlı “sağol”lar!
Anladım özgәymiş şәhәrin tәrzi.
Burda işә keçmir mizan-tәrәzi...
Burda baş girlәmәk deyilmiş asan,
Kimәsә müftәcә yem olmamaqçün,
Gәrәk bir az fәndgir, ayıq olasan!

Gördüm bu tövr ilә, belә gedişlә,
Qulpundan tutduğum halal bir işlә,
Çoxları gәrәksiz sayacaq mәni,
Saflığım kәnarda qoyacaq mәni.
Adım düşәcәkdir “qara dәftәrә”,
Zalımın üzünü güldürәcәyәm,
Tapdayıb keçәndә “qırmızı xәtti”,
Külfәti acından öldürәcәyәm!..

Meşin qapılara düşmәz açarım,
Kimdәnsә mәrhәmәt ummağım әbәs,
Hara çatasıdır boğulmuş bu sәs?!
Gümanım bir qalaq quru tәsәlli,
Dönük taleyimdәn tutdum beşәlli!..
Nә ev-eşik umdum, nә gün-güzәran,
Onları verәn dә, alan da bәlli!..

Yamanlıq “suyumu” kәsdi dәhnәdәn,
İllәrlә artmadı “boyum” bir qarış!
Dedilәr ya çıx get gәldiyin yerә,
Ya da taleyinә boyun әy, – barış!
Burda haqsızlıqdır sahib, haqlara,
Heç demә kimdәnsә әnam alanda
Yaltaqlıq, mәddahlıq gәlirmiş kara!..

Әzilib-büzülüb xırdalanmadım,
Allahsız birini “tanrı” sanmadım!
Burda “akulalar”, “qurdlar” ayaqda,
Burda güclülәrә girovdur Haqq da...
Yaxşı ki uzunmuş dilim-dilçәyim,
Yaxşı ki yalmana, yaltağa yadam!
Mәn şәhәr adamı ola bilmәdim....
Yolların “qıfılın” açın, gedirәm,
Mәn burda yaşaya bilmәrәm, atam!

Qız

Gözlərimdən damla-damla töküldü,
Kölgə kimi harayasa çəkildi.
Rəngi solmuş xatirədi, şəkildi-
Həsrətimdə göyərən qız, bitən qız.

Ocaq idim, isinmədi közümə,
Ha səslədim, bənd olmadı sözümə.
Xəyalımda gülümsəyib üzümə-
Gözlərimin qabağından ötən qız...

Mən bir yorğun yolçu idim, sən çapar
Çıxıb getdin... saçlarıma yağdı qar.
Ürəyimdə közün qalıb gəl apar-
Ay illərin zülmətində itən qız.

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 1
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0